Ev Blog Səhifə 3304

Süzgəcdən keçirilmiş kofe ömrü uzadır

İsveçin Höteborq universitetinin alimlərinin apardığı araşdırma kofenin insan üçün xeyirli olduğunu təsdiq edib.

yasamal.tv xəbər verir ki, genişmiqyaslı araşdırmalardan sonra mütəxəssislər süzgəcdən keçirilmiş kofenin insanın ömrünü uzatdığını bildiriblər.

Onlar 20 il ərzində tədqiqatlarda iştirak edən könüllülərin sağlamlığını müşahidə ediblər.

Araşdırmaya 20-79 yaş arası 508 747 insan qatılıb.

Nəticələr onu göstərir ki, gündə 1-4 fincan filtrə edilmiş kofe içən insanlarda ümumi ölüm riski başqalarına nisbətən 15% aşağıdır.

Həmçinin mütəxəssislər bu qənaətə gəliblər ki, filtrə edilməmiş kofe bədəndə xolesterin səviyyəsini yüksəldir və 60 yaşdan yuxarı insanlar üçün təhlükəlidir.

Futbol üzrə Fransa çempionatı bərpa olunmayacaq

Fransa Milli Futbol çempionatı (Liq 1) koronavirus pandemiyası səbəbindən bərpa olunmayacaq.

APA-nın “France Football” jurnalına istinadən verdiyi məlumata görə, Fransanın Baş Naziri Eduard Filipp bildirib ki, 5000 nəfərdən çox insanın qatıldığı idman yarışları sentyabra qədər keçirilə bilməz. Baş Nazir bu baxımdan 2019-2020-ci il futbol mövsümünün də bərpa olunmayacağını deyib.

Qeyd edək ki, UEFA milli çempionatların avqustun 2-dək bitirilməsini tövsiyə edib.

Futbol üzrə Fransa çempionatı 28 turdan sonra dayandırılıb. Çempionatda 38 oyun keçirilməlidir.

Son məlumata görə, Fransada indiyədək 165 mindən çox insan koronavirusa (COVID-19) yoluxub, 23 mindən soç insan pandemiyanın qurbanı olub.

20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

İki və daha çox daşınmaz əmlakı olan 20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.

Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.

Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.

ADNA-da törədilən terrordan 11 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 11 il ötür.

yasamal.tv xəbər verir ki, 2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib.

Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən “Makarov” tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Türkiyədə 7428 tibb işçisi koronavirusa yoluxub

Türkiyədə koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb.

yasamal.tv bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə indiyədək 7428 tibb işçisi koronavirusa yoluxub. Ölkədə 1,1 milyondan çox tibb işçisinin olduğunu deyən nazir vurğulayıb ki, onlar arasında yoluxma sayı 6,5%-dir.

Nazir onu da bildirib ki, son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

F.Koca həmçinin daha 2 936 nəfərə koronavirus diaqnozu qoyulduğunu və bununla da infeksiya daşıyıcılarının sayının 117 589-a yüksəldiyini bildirib.

F.Koca onu da xatırladıb ki, Türkiyədə indiyədək 44 022 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Ceyhun Bayramovdan yeni – Təyinat

Yevlax rayon Təhsil şöbəsinə yeni müdir təyinatı olub.

yasamal.tv qafqazinfo-ya istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə bu vəzifəyə Namidə Abbasova gətirilib.

Yeni rəhbər bu təyinata qədər Yevlax rayon Ə.Yolçuyev adına Hacıselli kənd tam orta məktəbin direktoru vəzifəsini tutub.

Qeyd edək ki, N.Abbasovadan əvvəl Yevlax Təhsil Şöbəsinin müdiri vəzifəsini Xaləddin Niftəliyev tuturdu.

Bu qidalar immuniteti gücləndirir

Yoluxucu xəstəliklərin yayıldığı bir vaxtda virusdan qorunmaq üçün güclü immunitetin olması vacibdir.

Ona görə də qida rasionunu həm makro, həm də mikroelementlərlə zənginləşdirmək lazımdır. Karbohidrat, yağ və zülallar makro, vitamin və minerallar isə mikroelementlər hesab olunur.

Mütəxəssislər bu məqsədlə D vitamini ilə zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər.

yasamal.tv bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: “Müxtəlif balıq məhsulları, ət və ət məhsulları, o cümlədən qırmızı ət və toyuq əti ilə qidalanmaq immunitetin güclənməsində vacib rol oynayır. Fol turşusu, eləcə də A və S vitaminləri ilə zəngin göy-göyərti, yaşıl yarpaqlı tərəvəzlərdən çox istifadə edilməlidir. Həmçinin sitrus meyvələri ilə qidalanmaq da bu sahədə çox faydalı təsir göstərir”.

Həkim-diyetoloq çeşidli qidalanmağa üstünlük verməyi tövsiyə edir. Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Bədən çəkisinə uyğun olaraq gün ərzində maye qəbul edilməlidir. Onun dediyinə görə, ortaçəkili insan orqanizmi üçün gün ərzində ən azı 2 litr su içmək tövsiyə olunur, çünki su metabolizmi gücləndirir və orqanizmin vital fəaliyyətini stimullaşdırır.

Şəkər immuniteti zəiflədən qida olduğu üçün şirniyyatlardan mümkün qədər az istifadə etmək məsləhətdir. Həmçinin balanslaşdırılmış qidalanmaya riayət edilməli, axşam yeməyi yatmazdan ən azı 4 saat əvvəl yeyilməlidir.

Bakıda yeniyetmə bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 9-cu mikrorayonda evdə qeydə alınıb.

2003-cü il təvəllüdlü Rəşidli Rəfael Tofiq oğlu yaşadığı mənzildə qohumu tərəfindən bıçaqlanıb.

Yaralı qol nahiyəsinin və qarnın ön divarının kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bu gün bürcünüz nələr vəd edir? – 30 aprel

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç – yaxınlarınızla çox yaxşı yola gedəcək, rəğbət bəslədiyiniz adamların əhatəsində vaxtınızı xoş keçirəcəksiniz. Sevgi etirafı barədə qərar vermək olar – onu diqqətlə eşidəcək və bəyənəcəklər.

Buğa – işlər pis getmir. Bu gün nə ciddi problemlər, nə də aşılmaz çətinliklər gözlənilir. Yeni işlərə başlamaq olar. Onların öhdəsindən kifayət qədər tez, səhvə yol vermədən və hədər yerə güc sərf etmədən gələcəksiniz. Gün maraqlı görüşlər və xoş xəbərlər vəd edir.

Əkizlər – gün əziyyətli keçəcək. Məşğul olduğunuz iş sizə maraqlı gəlməyəcək. Amma çətin ki, bu işdən xilas ola biləsiniz. Kübar tədbirlərə yollansanız, ehtiyatlı olun – gülünc vəziyyətə düşmək təhlükəsi var.

Xərçəng – çox əlverişli və məhsuldar gündür. Əvvəlcədən qurduğunuz planlara uyğun hərəkət etməkdə sizə heç nə mane olmayacaq. Təşkilatçılıq qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq, istənilən kollektivdə yaxşı rəhbər olmaq gücündəsiniz. Siz yüksək vəzifəli şəxslərlə əla yola gedirsiniz. Bu, bir çox peşə məsələlərinin həllini asanlaşdıracaq.

Şir – yaradıcılıq qabiliyyətinizin ortaya çıxması və intuisiyanızın güclənməsi ilə yadda qalacaq. Bu saatlarda xoşagəlməz nəticələrdən ehtiyatlanmadan hisslərinizə güvənə bilərsiniz.

Qız – Bütün planları həyata keçirmək mümkün deyil. Bunu nə qədər tez anlasanız, gücünüzə bir o qədər qənaət etmiş olarsınız. Nəzərə almaq lazımdır ki, dostların, həmkarların və qohumların köməyinə bel bağlamağa dəyməz. Əgər nəyəsə nail olmaq istəyirsinizsə, təkbaşına hərəkət edin. Maliyyə mənzərəsi əlverişli deyil, bazarlıqlardan çəkinsəniz yaxşıdır.

Tərəzi – vəziyyəti yaxşılığa doğru dəyişmək olar. Bunun üçün birincisi baş verənləri sakitcə götür-qoy etmək, ikincisi tamamilə yeni fəaliyyət planı qurmaq lazımdır. Bu yerdə yaradıcılıq qabiliyyətiniz tam yerinə düşəcək. Çünki istənilən hədəfə çatmaq üçün orijinal üsullardan istifadə etmək daha yaxşıdır.

Əqrəb – təmaslarda səlis olun. Bu, tək qalmağın kim gəldi onun yanında dayanmaqdan daha yaxşı olduğu günlərdəndir. Yeri gəlmişkən, tənhalıqda yaxşı-yaxşı düşünmək olar və sizin üzərində fikirləşməyə nəyinizsə var. Hətta, beyninizə gələn ən qeyri-adi ideyalar da xüsusi diqqət və ciddi müzakirəyə layiqdir. Tamamilə yeni nəsə fikirləşmək şansı var.

Oxatan – çətin vəziyyətə düşəcəksiniz: özünüzün işgüzar maraqlarınız və dotslarınıza kömək arasında seçim etməli olacaqsınız. Yerinə yetirməyin çətin olduğu və imtina edə bilmədiyiniz xahişlərin çox olduğu şəraitdə ruhi tarazlığı qorumaq müşkül məsələdir. Köməkçiləriniz çox az, etibarlı köməkçiləriniz isə ümumiyyətlə yoxdur. Ona görə də hər şeyin yaxşı olmadığını istəyirsinizsə, təkbaşına hərəkət edin.

Oğlaq – ünsiyyətə meylli deyilminiz. Bu ətrafdakıların zövqüncə olmaya bilər. Amma diqqəti işə yönəltməyə, hansısa çətin məsələləri sakitcə həll etməyə imkan verəcək. Sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olan Oğlaqlar bu gün formallıqları qaydaya sala biləcək, lazım olan möhür və imzaları alacaqlar.

Dolça – günün əsas tendensiyası əlverişlidir. O, həyatın müxtəlif sahələrində dəyişikliklər, maraqlı ideyaların yaranması, müttəfiqlər və həmfikirlərin tapılması ilə yadda qalacaq. Siz nəsə tamamilə yeni bir şey istəyirsiniz. O da faktdır ki, bunun uğrunda zəhmət çəkmək sizi qorxutmur.

Balıqlar – bu gün bel bağlaya biləcəyiniz yeganə şey sevdiyiniz adamın anlayışıdır. Öz “yarısı”nı tapmamış Balıqlar bu gün ilk baxışdan, özü də uyğun olmayan adamlara vurulmağa meyllidirlər.(milli.Az)

Rusiyada nazir koronavirusa yoluxdu

Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erkdə COVID-19 aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tula vilayətinin hökuməti açıqlayıb.

Məlumata görə, nazirin vəziyyəti yaxşı olduğuna görə işini davam etdirəcək.

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 100 000-ə yaxınlaşıb. Ölkədə 972 nəfər pandemiyanın qurbanı olub.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?