“18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub

41

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub.
Komplelsin mətbuat katibi Abutalib Turabov bildirib ki, tədbirin məqsədi muzeylərin cəmiyyətin mədəni və elmi həyatındakı rolunu vurğulamaq, muzey işinin inkişaf perspektivlərini müzakirə etməkdir.
Giriş sözü ilə çıxış edən Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Dr. Rəxşəndə Bayramova Beynəlxalq Muzeylər Gününün yaranma tarixindən bəhs edib. O qeyd edib ki, bu əlamətdar gün 1977-ci ildən etibarən Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. O, muzeylərin yalnız eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda təhsil, tədqiqat və maarifləndirmə funksiyalarını yerinə yetirən mühüm mədəniyyət ocaqları olduğunu vurğulayıb.
Daha sonra çıxış edən pedaqogika üzrə fəlsəfə doktoru, professor Sabir Əmirxanov Beynəlxalq Muzeylər Gününün cəmiyyətin mədəni yaddaşının qorunması baxımından əhəmiyyətini qeyd edib. O bildirmişdir ki, muzeylər keçmişlə gələcək arasında körpü yaradan, insanlara öz tarixini daha dərindən anlamağa imkan verən mühüm qurumlardır. Muzeyşünaslıq elminin inkişafından danışan professor qeyd edib ki, bu sahə yalnız eksponatların toplanması və sərgilənməsi ilə məhdudlaşmır. O, muzeylərin tərbiyəvi və psixoloji təsirindən bəhs edərək, xüsusən gənc nəsildə tarixə və milli irsə marağın formalaşmasında muzeylərin böyük rol oynadığını vurğulayıb. Əmirxanov həmçinin ölkəmizdə muzeyşünaslıq sahəsində təhsil və elmi tədqiqatların genişləndirilməsinin zəruriliyini önə çəkib.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, muzeylərin gələcək inkişafı ilə bağlı təkliflər səsləndirilib.