Ev Blog Səhifə 3215

Fələstin İsrail və ABŞ-la imzaladığı bütün sazişlərdən çıxdı

Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib.

yasamal.tv xəbər verir ki, bu barədə “Al-Cazirə” telekanalının birbaşa yayımında Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas bildirib.

“Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bü gündən ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır”, – Abbas deyib.

Fələstin lideri bü gündən İsraili “Fələstinin işğal edilmiş ərazisindəki işğal qüvvəsi” kimi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımağa çağırıb.(virtualaz.org)

Neftçalada 35 yaşlı kişi intihar etdi

Ötən axşam Neftçala rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Neftçala şəhərinin VII məhəlləsinin sakini 35 yaşlı Teymur Nadiq oğlu Nəzirov özünü yaşadığı evin həyətində asraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Saatlıda qadın satıcı bıçaqlandı

Sabirabad rayonunda qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulub.

Rayon prokurorluğundan verilən məlumata görə, mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olmasını bildirib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Dünya Bankının Prezidentindən xəbərdarlıq

Koronavirus 60 milyon insanı həddindən artıq yoxsulluğa salacaq.

Dünya Bankının Prezidenti David Malpass bu barədə xəbərdarlıq edib.

O, qlobal miqyasda iqtisadi böyümənin bu il 5 faiz azalacağını gözlədiyini bildirib.

Onun sözlərinə görə, bu, milyonlarla insanın iş yerlərini və biznesini itirməsinə və daha yoxsul ölkələrin də bunu hiss etməsinə səbəb olub:

“Dünyadakı milyonlarla insanın dolanışığı məhv edilib və səhiyyə sistemi gərgin vəziyyətə düşüb”.

“Təxmini hesablamalarımıza görə, 60 milyona qədər insanın “həddindən artıq yoxsulluğa” məruz qalması son üç ildə yoxsulluğun azaldılması ilə bağlı bütün irəliləyişlərin silinməsidir”, – deyə, Malpass xəbərdarlıq edib.

Dünya Bankı “həddindən artıq yoxsulluğu” gündə bir nəfərə 3 manat 23 qəpikdən (1.90 dollar və ya 1.55 funt sterlinq) az vəsaitlə yaşamaq kimi müəyyənləşdirir.

Vaşinqtonda yerləşən kreditor yoxsul ölkələrə böhrandan çıxmaq üçün 160 milyard dollar qrant və aşağı faizli kreditlər təklif edir. Malpass dünya əhalisinin 70 faizinin yaşadığı 100 ölkəyə artıq təcili maliyyə yardımının verildiyini açıqlayıb:

“Dünya Bankı böyük həcmdə resurslar təqdim etsə də, bu, kifayət deyil”.

O, kreditorların kasıb ölkələrə kredit təklifləri etməsinə qarşı acıqlı olduğunu da bildirib:

“Yavaş tempdən bir qədər acıqlıyam. Kommersiya kreditorları hələ də ən kasıb ölkələrdən ödənişlər alırlar. Ümumiyyətlə, daha sürətlə hərəkət etmək lazımdır”.

Dünya Bankı Beynəlxalq Valyuta Fondu (BVF) ilə birgə kasıb ölkələrin bu ilin sonuna qədər G20 üzvlərinə borclarının qaytarılması ilə bağlı bir sxem üzərində işləyib. Bu sxem kreditlərin ödənməsi üçün borc istəməyə imkan verir.

Eyni zamanda JP Morgan bankının icraçı direktoru Cami Dimon koronavirus pandemiyasının ədalətli cəmiyyət qurmaq üçün “oyanış çağırışı” kimi xidmət etməli olduğunu deyib:

“Ümid edirəm ki, bu böhrandan daha çox insan üçün, xüsusən çox uzun müddət geridə qalanlar üçün fürsət yaradan katalizator olaraq istifadə edərik”.(BBC Azərbaycan)

UEFA prezidenti: “Virusdan qurtulduğumuz zaman hər şey əvvələ dönəcək”

“Düşünmürəm ki, koronavirus xəstəliyindən sonra köklü nəsə dəyişiklik olsun”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Qitə futbol qurumunun rəhbəri koronavirus pandemiyası səbəbindən dünya futbolunda baş verə biləcək dəyişikliklər barədə suala cavab verib. Sloveniyalı futbol funksioneri məsələyə pozitiv yanaşmağı məsləhət görüb:

“Yeni təcrübədir və bu qanlı virusdan qurtulduğumuz zaman hər şey əvvələ dönəcək. İkinci Dünya Müharibəsindən və ya Birinci Dünya Müharibəsindən sonra futbol dəyişməyib, virus səbəbindən də dəyişməyəcək. İnsanlar dəfələrlə deyirlər ki, dünya koronavirusdan sonra əvvəlki kimi olmayacaq. Bu, həqiqət ola bilər. Amma mənim fikrim belədir: niyə bu virusdan sonra dünyanın daha yaxşı olacağını düşünməyək? Niyə daha ağıllı olacağımızı düşünməyək və ya nə qədər kövrək, həssas olduğumuzu başa düşməyək? Beləliklə, hər zaman öyrəniləcək dərslər var”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Belarus istisna olmaqla Avropanın bütün milli çempionatları, həmçinin avrokuboklar dayandırılıb. Hələlik yalnız Almaniya Bundesliqası bərpa olunub.

Azərbaycan nefti 5%-dək ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,65 ABŞ dolları, yaxud 4,51% azalıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 34,97 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

“Washington Times” Azərbaycandakı islahatlar və Qarabağdan yazdı

ABŞ-ın nüfuzlu və geniş auditoriyaya malik mətbu orqanı “Washington Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Pandemiya Dağlıq Qarabağ regionunda həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır” (Pandemic highlights the protracted Azerbaijan-Armenia conflict in Nagorno-Karabakh region) sərlövhəli məqaləsi dərc edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, məqalədə Azərbaycanda aparılan islahatlar barədə məlumat verilib və Ermənistan xarici siyasətində baş verən çaşqınlıqlar təhlil edilib. Koronavirus pandemiyasının insanların sağlamlığına və dövlətlərin iqtisadiyyatına ziyan vurması fonunda beynəlxalq institutlar və siyasətə dair bir sıra stereotipləri sındırmasından, dünyada status-kvonun dəyişməsindən bəhs edilir.

Qeyd edilib ki, Xəzər dənizi regionunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin son dövrlərdə Macarıstanı (müşahidəçi qismində) bir araya gətirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) səmərəli əməkdaşlıq formatına çevrilib. Bu təsisat ABŞ-ın Mərkəzi Asiya strategiyasının vacib hissələrindən olan Asiya ilə Avropa arasında İpək yolu boyunca dəmir yolu daşınmalarının həcminin artırılmasında qarşılıqlı və uğurlu əməkdaşlıq edib. TDƏŞ Azərbaycanın sədrliyi altında dövlət başçıları səviyyəsində koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır.

Müəllif qeyd edir ki, Azərbaycan texnokrat və nəticələrə yönəlmiş kadrları dövlətdə əsas vəzifələrə gətirməklə struktur islahatları həyata keçirir. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin suverenliyi və müstəqilliyinə öz güclü dəstəyini ifadə edib.

Məqalədə, həmçinin pandemiya fonunda regionun üzləşdiyi çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə nəzər salınır. Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən vasitəçiliyinin nəticəsiz olduğu vurğulanır. Qeyd edilir ki, pandemiya dövründə onların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfransı baş tutub və tədbirdə birgə bəyannamə qəbul edilib.

Müəllif yazır ki, Cənubi Qafqazda gedən inkişafa baxmayaraq, Ermənistan qeyri-sabit və təhlükəli status-kvonu saxlamağa davam edir. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan 2009-cu ildə Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən təsdiqlənən və gələcək sülh razılaşması üçün əsas məqamları əks etdirən Madrid prinsiplərinə qarşı çıxıb. Z.Mnatsakanyanın təkzibinin daha sonra digər erməni rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, son iki ildə fəal şəkildə hansı mövzuda danışıqlardan söhbət getdiyi sual olunur.

Prinsiplər digər elementlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən mərhələli şəkildə çıxarılması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, iqtisadi əlaqələrin bərpa edilməsi və Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinə zəmanəti özündə ehtiva edir.

Danışıqların başqa formatının olmadığı dövrdə prinsiplərin təkzib edilməsi, ümumilikdə, sülh danışıqlarından imtina etmək anlamına gəlir. Buna görə də Azərbaycan Ermənistanın təcavüzü və etnik təmizləmə nəticəsində bir milyondan çox vətəndaşının öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, Minsk qrupu tərəfindən aparılan danışıqlar çərçivəsində münaqişənin sülh yolu ilə həllinə sadiqliyini davam etdirir və ümumi prinsipləri şərti şəkildə danışıqlar üçün əsas kimi qəbul edir. Müstəqil dövlətlər və beynəlxalq birliyin məsuliyyətli üzvləri məhz bu yolu seçirlər.

Təəssüf ki, Ermənistan öz formal müstəqilliyini hələ də suverenliyə çevirməyib. Hərbi və iqtisadi sahələrdə xaricdən asılı olan bu dövlət özünütəcrid nəticəsində regionun əsas regional inteqrasiya təşəbbüslərindən kənarda qalır. Ermənistan Azərbaycan torpaqlarının işğalının əsirinə çevrilib.

Yazıda vurğulanır ki, monoetnik cəmiyyətə malik olan, antisemitizmin yüksək səviyyəsinin müşahidə edildiyi və tarixində nasist tərəfdaşlarının olduğu Ermənistan üçün qonşulara inanmamaq ən sadə seçim görünə bilər. Lakin belə bir seçim erməni xalqının gələcəyinə, ölkənin isə davamlı inkişafına maneə yaradır.

Davamlı sülhə nail olunması və qonşularla birgə yaşamaq, güclü iqtisadi əlaqələr qurmaq, regionun əsas təşəbbüslərində iştirak etmək, əslində, sülhü təmin etmək üçün ən səmərəli yollardır. Bəs bunun alternativi nədir?

Səfir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışan zaman bütün əziyyətlərə və məcburi didərgin salınmalarına baxmayaraq, bir çox məcburi köçkündən ermənistanlı qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitdiyini bildirir və bunun dəfələrlə Dağlıq Qarabağın azərbaycanlı icması tərəfindən də səsləndirildiyini diqqətə çatdırır. Diplomat erməni liderlərin bu xoş məramdan imtina etməkdənsə, sülh barədə düşünməli olduqlarını vurğulayır.

Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsindədir – VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhə bölgəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra Müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanan Müdafiə naziri onlarla çay süfrəsi arxasında söhbət aparıb.

Poroşenkoya qarşı cinayət işi açılıb

Ukraynanın sabiq prezidenti Petro Poroşenkoya qarşı “Dövlətə xəyanət” və “Hakimiyyətdən və ya xidməti vəzifədən sui-istifadə” maddələri üzrə cinayət işi açılıb.

Trend-in “REN TV”yə istinadən verdiy məlumata görə, bu barədə “Ukrainskaya pravda” nəşrinə Baş prokurorun ofisindən bildiriblər.

Bildirilir ki, istintaq P.Poroşenkoya, ABŞ prezidenti vəzifəsinə namizəd Co Baydenə və ABŞ-ın sabiq dövlət katibi Con Kerriyə aid olduğu ehtimal edilən səs yazısının yayılmasından sonra başlayıb.

Qeyd edilir ki, səs yazısında guya C.Bayden “Burisma” işinə görə P.Poroşenkoya baş prokuror Viktor Şokini işdən çıxarmağı tövsiyə edir.

Türkiyə ilə Azərbaycan arasında bir neçə sənəd müzakirə ediləcək

Bu gün – mayın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası olacaq.

Milli Məclisdən verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə məsələlərə baxılacaq.

Gündəlikdəki bu dörd qanun layihəsinə dair deputatların rəy və təklifləri dinləniləcək. Sonra komitə üzvləri cari məsələlərlə əlaqədar fikir mübadiləsi aparacaqlar.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?