Ev Blog Səhifə 11

Qəbul imtahanının 2-ci mərhələsinin qeydiyyat tarixi…

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub.

Bu barədə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, sözügedən imtahanda iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Sabah 23 kənd QAZSIZ QALACAQ

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tehrandan Bakıya “vasitəçilik” mesajı – İran əslində nə istəyir?

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə prezident Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb.

Tehranın vasitəçilik istəyinin iki hədəfi var.

– Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

– İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması – qəbul etdirmək;

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür.

1. Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır;
2. Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir;
3. Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması, dəyişməyib;
4. İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdircək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir;

Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.

İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.

-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfəri edəcək. Siz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın indiki vəziyyətini necə qiymətləndirirsiniz?

– Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Mənim 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

Xarici İşlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.

Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur.

Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.

Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.

Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.

Ölkələrimiz arasında mədəni əlaqələrdən söz düşmüşkən qeyd etmək istərdim ki, onlar müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi.

Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.

-İkitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılması kontekstində Vyetnam Liderinin Azərbaycana qarşıdakı səfəri nə kimi əhəmiyyətə malikdir?

-Məlum olduğu kimi, cənab Lamın qarşıdakı səfəri onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.

Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək.

Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.

İnanıram ki, cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

-Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişafı üçün hansı perspektivlər və potensial mövcuddur?

-Hesab edirəm ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.

Əlbəttə, təhsil sahəsi. Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər.

Vatikan Papaya məxsus hakimiyyət simvollarını LƏĞV ETDİ

Vatikan Roma Papası Fransiskə məxsus iki hakimiyyət simvolunu ləğv etmək üçün prosedur həyata keçirib.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni brifinqdə məlumat verib.

Söhbət qurğuşun möhürdən və “Balıqçı üzüyü” adlanan simvollardan gedir. Ənənəvi olaraq, pontifik apostol məktublarını imzalayarkən onlardan istifadə edirdi.

“Onlara simvolik olaraq xaç işarəsi qoyulur”, – Bruni deyib.

Papa hakimiyyətinin iki simvolunun ləğvi mayın 6-da kardinalların sonuncu ümumi yığıncağında baş tutub. Bu prosedur Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsindən əvvəl baş verib.

Papa Fransisk Pasxa bayramından bir gün sonra, aprelin 21-də səhər saatlarında vəfat edib. Onun 88 yaşı var idi. Son zamanlar papanın səhhətində ciddi problemlər yaranıb. O , aprelin 26-da Vatikanda dəfn edilib .

Kardinalların konklavı yeni Roma Papasını seçmək üçün mayın 7-də toplanacaq. Dünyanın hər yerindən yaşı 80-dən aşağı olan təxminən 135 kardinal iştirak etmək hüququna malikdir.

Mask dünyanın necə yox olacağını açıqladı – Başqa planetə köçməliyik

İlon Mask dünyanın necə məhv olacağını açıqlayıb

 SpaceX və Tesla-nın CEO-su İlon Mask dünyanın sonu ilə bağlı xəbərdarlıq edib.

Mask Günəşin getdikcə böyüyən quruluşunun Yer üzündəki həyatı qaçınılmaz şəkildə sona çatdıracağına diqqət çəkib və insanların başqa planetlərə köçürülməsinin vacib olduğunu bildirib.

O, Günəşin böyüməsinin və Yer üzündə həyatın sona çatmasının “qaçınılmaz” olduğunu qeyd edib. O, bu vəziyyətin qarşısını almaq üçün gələcəkdə insanların planetlər arasında hərəkət etməsinin əsas hədəf olması gərəkdiyini vurğulayıb.

“Dünya bir gün yanıb kül olacaq,” deyə Mask bildirib və əlavə edib ki, insanlar başqa planetlərə köç etməyi bir seçim deyil, artıq bir məcburiyyət olaraq görməlidir. Marsın bu sahədə önəmli yer tutduğunu ifadə edən Mask bu istiqamətdə atılacaq addımların təxirə salınmamalı olduğunu söyləyib.

SpaceX şirkəti bu cür planların reallaşması üçün ciddi hazırlıqlar aparır və Marsa insan göndərmə layihəsini irəlilətməkdədir. Maskın dediklərinə görə, digər planetlərə köç etmək bəşəriyyətin davamlılığı üçün həyati əhəmiyyət daşıyır.

Əhaliyə xəbərdarlıq: Mayın 5-dən 6-na keçən gecə…

Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında isə müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bu müqavilə ləğv ediləcək, Ermənistan Qərbi Azərbaycan olacaq – ŞOK İDDİA

“Aleksandrapol (Gümrü) müqaviləsi ləğv olunacaq və Ermənistan Qərbi Azərbaycan adlandırılacaq”.

Bu iddia ilə Ermənistanın Polşadakı keçmiş səfiri, Edqar Qazaryan çıxış edib.

Qazaryan bildirib ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasından əlavə, ikinci hərbi varlıq da var: “Bu, Rusiya FSB-sinin sərhəd qoşunlarıdır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğu müqavilələrlə tənzimlənir. Artıq rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarıblar, yaxın vaxtlarda Mehridən, daha sonra Ermənistan-Türkiyə sərhədindən də çıxaracaqlar”.

Onun iddiasına görə, bu proses tamamlandıqdan sonra Rusiya sərhəd xidməti ilə müqavilə ləğv ediləcək.

“Sonda Türkiyə Aleksandrapol müqaviləsini dərhal geri götürəcək. Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı artıq verilib”, – Qazaryan bildirib.

Leyla və Arzu Əliyevaların təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında turnir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-12 və 13-15 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında “Dostluq Kuboku” minifutbol turniri keçirilib.

Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

AFFA-nın təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı Uşaq evlərinin komandaları güclərini sınayıblar.

Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də oyunu izləyənlərin böyük coşqu və sevinc yaşadığı diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri tədbirə şəxsən qatılan və oyunları izləyən Leyla Əliyeva və Arzu Əliyevanın bütün komandaları dəstəkləməsi, uşaqlarla səmimi söhbət etməsi və onlarla şəkillər çəkdirməsi olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunublar. Eyni zamanda, ikinci və üçüncü yeri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turnirinin təşkilində əsas məqsəd uşaq evlərində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin onların həyatına müsbət təsir etdiyini bildirərək, bu cür sosial-idman layihələrinin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.

“70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu

Kredit götürmək istədi, dələduzluğun qurbanı oldu.

Biləsuvar sakini Dürdanə Baxışova deyir ki, 5 min manat məbləğində kredit götürmək istəyib. “Tiktok” sosial şəbəkəsində də banklardan birinə məxsus olduğunu düşündüyü telefon nömrəsi əldə edib və o nömrə ilə əlaqə saxlayıb.

Dürdanə Baxışova deyir ki, bu zaman dələduzlar onun nöməsini “qara siyahı”ya atıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşlar sosial şəbəkə üzərindən təklif edilən belə şirnikləndirici vədlərə inanmasınlar.

O da bildirildi ki, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməmək, tanımadığınız şəxslərə onlayn qaydada ödəniş etməmək tövsiyə  olunur.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?