“Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)”

10

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda onlayn formatda ustad dərsi keçirilmişdir. Kompleksin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, maarifləndirilmə məqsədilə təşkil olunmuş vebinarda çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində Şuşanın özünəməxsus yeri və rolu vardır. Ulu əcdadlarımız olan türk tayfaları tərəfindən əsası qoyulan Şuşa ən mürəkkəb tarixi şəraitdə belə özünün varlığını qoruyub saxlayıb, türk-müsəlman şəhəri kimi mədəni irsimizə böyük töhfələr vermişdir. Daha sonra çıxış edən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, İnstitutun Gənc Alimlər və Mütəxəssislər şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verərək, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb. Sonda mövzu ilə bağlı yaranmış suallar ətrafında fikir mübadiləsi aparılmışdır.