Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Mələklərin fəryadı” adlı qobelen sərgisi yekunlaşıb

5

Martın 29-dan etibarən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Əməkdar rəssam Adil Şıxəliyevin “Mələklərin fəryadı” adlı qobelen sərgisi ziyarətçilərə nümayiş olunub. Kompleksin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, 2 ay ərzində kompleksin muzeyində sərgilənən əsərlərlə yerli, eləcə də dünyanın bir çox ölkələrindən – Türkiyə, Rusiya, İtaliya, Fransa, Hindistan, Pakistan, İsrail, BƏƏ və digər ölkələrdən gələn 8 minə yaxın ziyarətçi yaxından tanış olublar. Bu sərgidə nümayiş olunan qobelen əsərlərdə palaz, kilim, xalça və sumax texnologiyalarından istifadə olunub. Qeyd edək ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tərəfindən birgə təşkil edilib. Sərgidə yer alan əsərlər, xüsusilə ermənilərin 107 il öncə – 1918-ci ildə xalqımıza qarşı törətdiyi kütləvi qırğınlar, o cümlədən Quba soyqırımına həsr olunmuş “Mələklərin fəryadı” adlı qobelen əsəri faciənin dərin təsirini izləyicilərə çatdırır.