Ev Blog Səhifə 3260

Tibbi maska taxanlar telefonu üzü vasitəsilə aça biləcək

Apple iOS 13.5 yenilənməsinə maska taxanların da FaceID ilə telefon açmasına icazə verən xüsusiyyət gəlib.

yasamal.tv ted.az-a istinadən bildirir ki, bu xüsusiyyət üzdən istifadə edərək telefon kilidini açmağa imkan verəcək. Şirkəti bu addımı atmağa koronavirus pandemiyasından sonra əksər insanların maska taxması və Face ID-dən imtina etməsi vadar edib. Artıq maskalı şəxslər də telefon kilidini asanlıqla aça biləcəklər.

Yeni funksiya istifadəçinin maska taxıb-taxmadığını müəyyənləşdirəcək. Maskasız şəxslər telefon kilidini üz vasitəsilə aça biləcəklər. Maska taxanlar üçün isə xüsusi parol veriləcək və həmin şifrəni daxil edərək kilidi açmaq mümkün olacaq.

Yerə ən yaxın qara dəlik tapılıb

Astronomlar göy sferinin cənub yarımkürəsində adi gözlə görünən, üçqat ulduz sisteminə daxil olan qara dəlik tapıblar.

yasamal.tv  xəbər verir ki, bu barədə “Astronomy and Astrophysics” jurnalında elmi məqalə dərc olunub.

Son vaxtlara qədər Yerə ən yaxın məlum olan qara dəlik Təkbuynuz bürcündə, bizdən üç min işıq ili məsafəsində yerləşən, rentgen mənbəyi olan qoşa A0620-00 ulduz sisteminin komponentlərindən biri hesab olunurdu. Lakin Avropa Cənub Rəsədxanasından Tomas Riviniusun rəhbərlik etdiyi astronomlar qrupu Günəşdən min işıq ili məsafəsində olan HR 6819 üçqat ulduz sistemində bizə daha yaxın qara dəlik tapıldığı haqqında məlumat veriblər. Bu ulduz sistemi aydın aysız gecədə göyün cənub yarımkürəsində yerləşən Teleskop bürcündə adi gözlə görünür.

Bu kəşf Çilidəki La Silla Rəsədxanasında 2,2 metrlik teleskopunda quraşdırılmış FEROS spektroqrafı vasitəsilə HR 6819 ulduz sistemini tədqiqi zamanı edilib. HR 6819 ulduz sistemi B3 III spektral sinfinə mənsub ulduzdan və onun ətrafında dairəvi orbit boyunca hərəkət edən görünməyən komponentdən ibarət sıx qoşa sistemdir. Sıx qoşa sistemin periodu 40 gündür. Şüa sürəti əyrisinin yarımamplitudunun 61.3 km/san olduğunu bilərək, görünən komponentin kütləsinin minimal qiyməti üçün 6.3 günəş kütləsi, görünməyən komponentin kütləsi üçün isə 4.2 günəş kütləsi alınmışdır. Görünməyən komponentin kütləsi üçün alınmış 4.2 günəş kütləsi qara dəliklər üçün xarakterik olduğu üçün bu komponentin qara dəlik olduğu hesab edilir.

Leyla Əliyevanın təşəbbüsü ilə su bioresurslarının mühafizəsi üzrə yeni layihəyə start verildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş yeni genişmiqyaslı layihənin icrasına başlanılıb.

İDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçiriləcək “Zəngin hövzələr” layihəsi ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, o cümlədən ölkədə fəaliyyət göstərən özəl və dövlət balıqartırma zavodlarında yetişdirilən yüz minlərlə müxtəlif növ balıq körpəsinin suya buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Zəngin hövzələr” layihəsi çərçivəsində keçirilən ilk tədbir zamanı İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Qəbələ rayonundakı Nohurqışlaq gölünə 10 000 ədəd 50-70 qramlıq forel körpələri buraxılıb.

Layihə çərçivəsində keçiriləcək növbəti tədbir isə yerli gənc könüllülərin iştirakı ilə Kür çayının deltasının qadağan olunmuş ov vasitələrindən təmizlənməsi aksiyasından ibarət olacaq. Aksiya zamanı Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizlənməsi nəzərdə tutulur.

Son onilliklər ərzində qızılbalıq, nərə və digər nadir balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar, Leyla Əliyevanın rəhbərliyi ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Qeyd edilməlidir ki, “Zəngin hövzələr” layihəsinin başlanğıcı balıqların kürütökmə dövrü ilə əlaqədar bu yaxınlarda elan olunmuş 4 aylıq moratoriuma təsadüf edir. Bununla əlaqədar, layihənin təşkilatçıları sənaye balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır. Eyni zamanda, Azərbaycandakı yerli balıq növləri yetişdirən və layihəni dəstəkləmək istəyən balıqartırma müəssisələrindən [email protected] e-poçt ünvanı və ya 012 497 6316 telefon nömrəsinə müraciət edilməsi xahiş olunur.

Gəlin Azərbaycanın nadir və dəyərli su bioresurslarını, həssas ekosistemlərini birlikdə bərpa edək və qoruyaq.

Ayxan Abbasov: “Avropa Liqasına getməyimizə başqa cür baxılmamalıdır”

“Bu vəziyyəti görəndən sonra yaxşı şeylərin qədrini bilməliyik”.

yasamal.tv “Sumqayıt” futbol klubunun baş məşqçisi Ayxan Abbasovun “Report”a müsahibəsini təqdim edir:

– Mayın 23-də Premyer Liqanın bərpa olunacağı gözlənilsə də, karantin müddəti uzadıldı. Bu qərar sizi məyus etmədi?

– Hamımız ümidli idik ki, karantin götürüləcək, məşqlərə başlayacağıq. Həqiqətən xəbəri eşidəndə üzüldük. Amma bu, insanların sağlamlığı üçün atılan addımdır. Yəqin, təhlükə var. Risk etməyə dəyməz. Hələ ki gözləyirik.

– Bu gün Avropada elə ölkələr var ki, orada həm yoluxma halı, həm də ölüm faizi Azərbaycanla müqayisədə xeyli yuxarıdır. Buna baxmayaraq, həmin ölkələr artıq futbolun bərpası ilə bağlı ilkin addım atıblar. Bizdə də ən azından futbolçuların kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilə bilməz?

– Birincisi, həmin ölkələr öz nüfuzuna görə bizdən irəlidədirlər. İkincisi, onlarda pandemiya bizdən daha əvvəl başlayıb və indi yoluxma azalan qrafiklə gedir. Düzdür, federasiyalar qərar veriblər, amma hələ çempionatların başlayacağı dəqiq deyil. Dövlətimiz digər ölkələrlə müqayisədə daha tez tədbirlər gördü. Bu gün yoluxmanın az olması həmin tədbirlərin nəticəsidir. İnanıram ki, Operativ Qərargah risk görməsə, futbolçuların da məşqlərə başlamasına icazə veriləcək.

– Bu gün mövsümün mümkün bərpası ilə yanaşı, ləğvi də gündəmdədir. Çempionatı davam etdirmək mümkün olmasa, avrokuboklara vəsiqə turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək. Bu isə “Zirə”nin haqlı narazılığına səbəb ola bilər. Çünki “Sumqayıt”la eyni xala malikdir və kubokda mübarizəni davam etdirirlər. Necə düşünürsünüz, mövsümün ləğvi idman prinsiplərinin pozulmasına səbəb olmayacaq?

– Hər kəs istəyir ki, çempionat bərpa olunsun. Amma bir məqam var ki, karantin qaydaları yüngülləşdiriləndən yoluxma sayında artım müşahidə olunur. Halbuki əvvəllər gündə 35-40 nəfər olurdusa, son günlər say 70-i keçir. Bu isə təhlükəlidir. Futbol naminə oyunçuların taleyi ilə oynaya bilmərik. Əlbəttə, çempionatın davamını istəyirik. Amma bir avrokubok vəsiqəsinə görə bu qədər futbolçunu riskə ata bilmərik. Çünki onların da ailələri var, evlərinə gedirlər. Bunların hamısı nəzərə alınır. Məncə, idman prinsipi pozulacaq deyə idmançıların taleyi ilə oynamaq olmaz. İnanıram ki, düzgün qərar olacaq. Təhlükə olmasa, hamı çempionatın keçirilməsinin tərəfdarıdır. Biz hər zaman öz mübarizəmizi aparacağıq. Avrokuboklara getsək də, getməsək də, qarşımıza başqa məqsədlər qoymuşduq. Getməmək heç nə bizi həvəsdən salmayacaq. Digər tərəfdən, bu gün reqlamentə görə, biz 4-cü pillədəyik. Məncə, mövüm ləğv olunsa və “Sumqayıt” Avropa Liqasına getsə, kimsə buna başqa cür baxmamalıdır. Çünki faktiki olaraq komandamız 4-cü yerdədir.

– Çempionatın bərpasına, yoxsa mövsümün ləğvinə inamınız daha böyükdür?

– Mayın 15-dək məşqləri bərpa edə bilsək, çempionatı rahat keçirə bilərik. Çünki 1,5 ay vaxtımız qalacaq. Türkiyə Futbol Federasiyası klublara 1 aydan çox vaxt verdi. Bunlar hamısı götəricilərdir. Fikirləşirlər ki, futbolçular 2 aydır məşq etmirlər, oyunçuların fiziki göstəriciləri çox aşağı düşüb. Amma karantin müddəti uzadılsa, çempionatı bərpa etmək çətin olacaq. Çünki 2,5 aylıq məcburi istirahətdən sonra futbolçuları isti havada meydana çıxarsaq, onları təhlükəyə ata bilərik. İnsanların sağlamlığı hər şeydən önəmlidir. Bunu da düşünmək lazımdır.

– Avropa ölkələrində çempionatın bərpası ərəfəsində bütün klubların futbolçuları, məşqçiləri, əməkdaşları koronavirus testindən keçirilirlər. Premyer Liqa yenidən başlasa, bizdə də belə bir yoxlamaya ehtiyac varmı?

– Əlbəttə, keçirmək olar. Belə bir şey olsa, həmin şəxslər karantinə alınmalı, evlərinə getməməlidirlər. Digər insanlarla ünsiyyətdə olmalı deyillər. Çünki analizdən sonra sabah başqa bir yerə gedə və virusa yoluxa bilər. Azarkeşsiz belə keçirilsə, oyun vaxtı stadionda ən azı 150-200 adam olmalıdır. Ona görə də test götürülərsə, bütün komandalar karantində olmalıdırlar.

– Əmir Ağayev bir neçə gün öncə İsrail mətbuatına açıqlamasında deyib ki, mövsümün sonunda azad futbolçu olacaq. Deyəsən, komandanı tərk etmək istəyir…

– Bizdə bəzi futbolçuların müqavilələri mayın 31-də başa çatır. Əmir də suala cavab verib ki, həmin tarixdən sonra azad agent oluram. Amma hələ heç nə bəlli deyil. Çempionat dayandırılıb, hamı gözləyir. Futbolçular hər dəfə karantin müddətinin uzadılmasından psixoloji olaraq mənfi təsir alırlar. Biz də onlara cavab verməliyik. Müqaviləi mayın sonunda bitən futbolçulara deməliyik ki, çempionat davam edəcək, ya yox. Bu kimi məsələlər bizi narahat edir. Amma bununla bağlı hələ heç bir oyunçu ilə danışmamışıq. Çünki qeyri-müəyyənlikdir.

– Ümumiyyətlə, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyini özünüzdə müəyyənləşdirmisiniz?

– Biz seleksiya işləri aparanda komandanı 1 illik qurmamışdıq. Onların hamısı ilə bir neçə il birlikdə olmaq istəyirik. Amma burada maliyyə məsələsi daha çox ön plana çıxır. Hazırda bizi qane etməyən futbolçumuz yoxdur. Əksinə, istərdik ki, yeni futbolçular cəlb edib daha da güclənək. Ona görə də hansısa oyunçu barədə qəti fikirləşməmişik.

– Karantin dövründə nə ilə məşğul olursunuz, vaxtınızı necə keçirirsiniz?

– Həqiqətən çətindir. İlk vaxtlar öyrəşəmək üçün daha çox əziyyət çəkdim. İndi bir az uyğunlaşmışam. Daha çox evdə uşaqlarla oluram. Digər tərəfdən, 3 saatdan maksimum istifadə etməyə çalışırıq (gülür). Həm səmərəli, hərdən isə darıxdırıcı olur. Bu vəziyyəti görəndən sonra yaxşı şeylərin qədrini bilməliyik. Yaşamaq nə qədər gözəldirsə, dünyanın nemətləri də bir o qədər yaxşıdır. Amma görürük ki, bu gün nemətlərdən istifadə edə bilmirik. Hər şey qaydasına düşəndən sonra inanıram ki, bu günləri fikirləşib çox şeyin qədrini biləcəyik.

– Virusa yoluxmamaq üçün nə edirsiniz, hansı təhlükəsizlik tədbirlərini görürsünüz?

– Avropa ölkələrində durum acınacaqlıdır. Köməkçilərimdən biri ispaniyalıdır. O danışanda adam təşvişə düşür. İtaliyada da vəziyyət yaxşı deyil. Şükürlər olsun, bizdə hər şey nəzarət altındadır. İlk vaxtlar maskadan istifadə edir, əlimi tez-tez spirtlə dezinfeksiya edirdim. İnsanlarla çox ünsiyyətdə olmamağa, evdə qalmağa çalışırdım.

Tədris mərkəzinin vəzifəli şəxsinə cinayət işi başlanıldı

Ölkəmizdə iqtisadiyyatın uğurlu inkişafının təmin edilməsi məqsədilə qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılması istiqamətində kompleks, siyasi və sosial tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  verilən məlumata görə, bununla belə, bəzi sahibkarların vergi və sosial sığorta ödənişlərindən yayınmaları nəticəsində iqtisadiyyatın inkişafına kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri kimi, “Jalal-İ” tədris mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət yolxlanılıb.

Araşdırmalarla tədris mərkəzinin vergi orqanlarında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamasına, mərkəzin direktoru Cəlal Məhərrəmovun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında dövlət qeydiyyatından keçməklə həmin tədris mərkəzinin fəaliyyətini təşkil etməsinə, 12 repetitor müəllimlə hər birinə 250 manat məbləğində aylıq əməkhaqqı müəyyən edilməklə əmək müqaviləsi bağlamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən mərkəzə məxsus baş ofisdə və filiallarda, habelə C. Məhərrəmovun avtomobilində və yaşayış yerində axtarış aparılıb, mərkəzin fəaliyyəti ilə əlaqədar sənədlər, pul vəsaitlərinin qəbul edilməsi və verilməsi haqqında jurnallar, mühasibatlıq sənədləri və texniki vasitələr aşkar edilərək götürülüb.

Toplanmış materiallarda C.Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul etdiyi müəllimlər və digər işçilərlə əmək müqaviləsi bağlamamasına, tələbələr tərəfindən ödənilən təhsil haqlarını bank vasitəsilə deyil nağd qaydada qəbul edərək vergi və sosial sığorta ödənişlərindən yayındırılmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən ediməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən vətəndaşlara MÜRACİƏT

Məlumat verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Qeyd edilməlidir ki, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir. Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur”, – məlumatda bildirilib.

ABŞ və Avropanın 9 ölkəsi birgə bəyanat yaydı

Dünya birliyi dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət etməyə dəvət edildi.

“Report” xəbər verir ki, bu barədə İkinci Dünya müharibəsinin Avropada başa çatmasının 75 illiyi münasibətilə ABŞ dövlət katibi və Avropanın 9 ölkəsinin xarici işlər nazirlərinin verdikləri birgə bəyanatda bildirilir.

“Beynəlxalq ictimaiyyətə xatırladırıq ki, uzunmüddətli beynəlxalq təhlükəsizlik, sabitlik, sülh üçün bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüquq normalarına həqiqi və davamlı olaraq əməl edilməlidir. İkinci Dünya müharibəsinin amansız dərslərindən ibrət götürərək biz beynəlxalq ictimaiyyəti nüfuz dairələri konseptindən qətiyyətlə imtina etməklə bizə qoşulmağa və bütün suveren millətlərin bərabərliyi prinsipinə sadiq olmağa çağırırıq”, – bəyanatda deyilir.

Qeyd edək ki, ABŞ, Bolqarıstan, Çex Respublikası, Estoniya, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya və Slovakiya xarici işlər nazirlərinin imzaladıqları bu bəyanatda müharibənin sona çatması nəticəsində Avropanın heç də bütün millətlərinin azadlıq əldə etmədikləri, qitənin orta və şərq hissəsinin SSRİ-nin təzyiqi nəticəsində daha 50 il ərzində kommunist rejimləri altında qaldığı, milyonlarla avropalının təməl hüquq və azadlıqlarından məhrum edildiyi qeyd olunur.

“Bu gün biz insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin üstün olduğu güclü və azad Avropanın bərqərar olması üçün birgə çalışırıq. Gələcək tarixi faktlar, totalitar rejimlərdən zərər çəkənlər üçün ədalət üzərində qurulmalıdır. Biz bu prinsiplərə əməl etməyə maraqlı olan hər kəslə dialoqa hazırıq. İkinci dünya müharibəsi, müharibənin fəsadları başda olmaqla tarixi hadisələrlə oynamaq tarixin saxtalaşmasına təəssüfləndirici cəhdlərin əsasını qoyur”, – bəyanatda qeyd olunur.

Başçıların ordenləri hansı halda geri alına bilər?

“Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılan icra başçılarının layiq görüldüyü fəxri adlar və dövlət təltifləri ancaq məhkəmə qərarı ilə alına bilər”.

Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov həbs edilən icra bşçılrının zamanında layiq görüldükləri fəxri adların onların əlindən alınması ilə bağlı səsləndirilən fikirləri aydınlıq gətirərkən deyib.

S.Vəkilov bildirib ki, məhkəmə istintaqı başa çatandan sonra onların təqsiri sübuta yetirilərsə, fəxri adları alına bilər:

“Cəza növlərində biri də fəxri adlardan və dövlət təltiflərindən məhrum edilmədir. Bu, məhkəmənin səlahiyyətinə aiddir. Bütün bunlar gələcək məhkəmə istintaqı zamanı müəyyən olunacaq. Əgər məhkəmə qərara alsa ki, fəxri adlardan və dövlət təltiflərindən müttəhim məhrum edilsin, həmin şəxslərin layiq görüldüyü bütün fəxri adlar və dövlət təltifləri alınacaq”.

Xatırladaq ki, DTX-nın əməliyyatları ilə rüşvətə görə həbs edilən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev “Şöhrət” ordeni, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

“Moody’s”:”ABŞ iqtisadiyyatı bu il 5,7 faiz azalacaq”

“Moody’s” beynəlxalq reytinq agentliyi bu il ABŞ iqtisadiyyatının 5,7%, təkcə cari ilin II rübündə isə 4,8% azalacağını proqnozlaşdırır.

APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, 2021-ci ildə ABŞ iqtisadiyyatı bərpa olacaq və ÜDM-in artım tempi 4,5% səviyyəsinə yüksələcək.

Agentlik qeyd edir ki, COVID-19 pandemiyası səbəbindən ABŞ iqtisadiyyatının əsas sektorları bağlı qaldığı və işdən azadolma faktlarının sayının kəskin çoxaldığı üçün bu rübdə işsizlik səviyyəsinin 2020-ci ildə pik həddə – 15%-ə çatacağı gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ABŞ iqtisadiyyatı illik müqayisədə 4,8% azalıb.

UEFA Millətlər Liqası ilə bağlı yeni qərar verə bilər

UEFA quruma üzv olan milli assosiasiyalarla növbəti videokonfrans keçirəcək.

Tədbir mayın 11-nə planlaşdırılıb.

Bu dəfəkı yığıncağın gündəliyi əsasən milli komandalarla bağlı olacaq. Konfrans iştirakçıları koronavirus pandemiyası üzündən taleyi qaranlıq qalan Millətlər Liqası, həmçinin DÇ-2022-nin seçmə mərhələsi ilə bağlı variantlarla bağlı fikir mübadilələri aparılacaq.

Azərbaycan millisinin C liqasının 1-ci qrupunda Lüksemburq, Monteneqro və Kiprlə mübarizə aparacağı turnirin təxirə salınması, ya da ləğvi ilə bağlı qərarın verilməsi də istisna edilmir.

Çünki Millətlər Liqasında 2020/21 mövsümünün tarixinin dəyişməz qalması mümkünsüz sayılır. Təxirə salınan AVRO-2020 və Millətlər Liqasının final mərhələsinin eyni ilin yayında təşkili real deyil. (Apasport.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?