Ev Blog Səhifə 3236

Yaşıl lobyanın sağlamlığımıza faydaları

Ən faydalı tərəvəzlərdən biri olan lobya orqanizmə güclü müalicəvi və profilaktik təsir edir.

yasamal.tv yaşıl lobyanın faydaları təqdim edir:

– Qidalı liflərlə zəngin olan lobya orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlikləri, infarkt və insultun riskini azaldır.

– Həmçinin lobya qidalı liflərin sayəsində qəbizliyin qarşısını alır. Həll olunmayan qidalı liflər bağırsaqlarda özünə mayeni hopduraraq şişir və bu da bağırsaqların daha tez və rahat boşalmasını təmin edir.

– Qidalı liflər izoflavon maddələri ilə birlikdə bağırsaqların mikroflorasını daha sağlam edir və bununla həm həzm proseslərini yaxşılaşdırır, həm də immun sistemini möhkəmləndirir.

– Lobya arterial təzyiqi salmağa kömək edir. Bunun səbəbi lobyada olan kalium və maqnezium maddələridir.

– Fol turşusu ilə zəngin olan lobya qanazlığı zamanı da faydalıdır.

– Lobyanın istehlakı orqanizmdə kollagen zülallarının istehsalını artırır. Kollagen dərini daha cavn və dartılmış edir.

– Lobya arıqlamağa yardım edir. Bu səbəbdən bir çox diyetoloqlar bişmiş lobyanı pəhrizlərə daxil edirlər.

– Lobya orqanizmi təbii olaraq ziyanlı maddələrdən, selikdən, toksinlərdən təmizləyir.

BMT koronavirusla bağlı yeni tövsiyələrini açıqladı

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj 15 may – Beynəlxalq Ailə Günü münasibətilə pandemiya dövründə yaşlıların hüquqlarının qorunması və rifahının təmin edilməsi ilə bağlı müraciət yayıb.

Fonddan verilən məlumata görə, müraciətdə pandemiya şəraitində yaşlı insanların hüquqlarının və rifahının qorunmalı olduğuna diqqət çəkilib.

Qeyd olunub ki, Avropanın hər yerində, İspaniyadan Serbiyayadək yaşlı insanlar üçün qayğı evləri COVID-19 infeksiyasının tüğyan etdiyi qaynar nöqtələrə çevrilib:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Avropada koronavirus xəstəliyindən ölüm hallarının yarısı məhz uzunmüddətli qayğı müəssisələrinin sakinlərinin payına düşür. Yaşlı insanlar pandemiyanın öz ilə gətirdiyi fəsadlara daha çox məruz qalır. Onların koronavirusun səbəb ola biləcəyi ağır gedişatlı xəstəliyə tutulma riski daha yüksəkdir və bu xəstəlikdən ölüm hallarının təqribən 95%-i 60 və yuxarı yaşlı insanlar arasında qeydə alınır. Qocalar evində yaşayan yaşlı insanlar həssas təbəqəyə aid olan əhali qrupuna daxildir. Son vaxtlar biz pandemiya üzündən həddən artıq yüklənmiş sosial xidmət təminatçıları tərəfindən göstərilə bilən minimal qayğının əhatəsində və çox vaxt ətrafında sevdikləri belə olmadan dünyasını dəyişən insanların ürəkağrıdan hekayələrini eşitməkdəyik. Eyni zamanda, bu ağır günlərdə bir çox yaşlı insanlar laqeydlik, yoxsulluq və sosial kənarlaşma şəraitində yaşamağa məcburdur və yəqin ki bundan daha da məyusedicisi əksər hallarda onlara qarşı lazımsız bir yükə çevrilmələri ilə bağlı mənfi və həqiqətdən uzaq olan stereotip münasibətin təzahürü olardı.

Hazırda Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından – artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur – oradakı cəmiyyətlər yaşlanan insanların sağlam olması və öz icmaları daxilində fəal həyat tərzi keçirə bilmələri istiqamətində səylər göstərir. Ümid edirəm ki, bu böhran və onun gətirdiyi fəsadlar cəmiyyətlərin yaşlı insanlara qarşı mövqeyində və davranışlarında olan mənfi ünsürlərin aradan qaldırılmasında dönüş nöqtəsi olacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu olaraq biz hökumətlər və vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızla pandemiya zamanı yaşlı insanlara dəstək olmaq üçün çalışırıq və bu, həm yaşlıların hüquqlarının qorunmasını, həm də onların yaşadıqları cəmiyyətlərə iklüzivliyinin təmin olunmasını ehtiva edir.

Hazırda bir çox ölkələr pandemiya böhranını imkana çevirməyin yollarını arayır. Hökumətlərin buna nail olmaq üçün ata biləcəyi 4 başlıca addım sadalanıb:

– COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirmək. Buraya cəmiyyətə yaşlı insanların bərabər hüquq və imkanlara malik olmasını ehtiva edən mesajların ötürülməsini və bu yöndə öhdəliklərin sadəcə sözlərdən ibarət olmamasını bildirən qətiyyətli və cəsarətli mövqenin nümayiş etdirilməsini aid etmək olar. Xidmətlərin davamlılığının təmin edilməsi, qayğı göstərənlərə dəstək, təcrid vəziyyətində olan insanlara çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə böhranın təsirlərinin azaldılması istiqamətində atıla biləcək addımlardan sadəcə bir neçəsi ola bilər.

– Yaşlı insanların səsini dinləmək. Böhranla mübarizə apararkən və gələcək üçün siyasi çərçivələr hazırlayarkən, biz həm də yaşlı insanların söylədiklərinə qulaq verməliyik. Hər hansı qərəzli yanaşmadan yayınmaq və həqiqi ehtiyaclara cavab verən həll yolları ərsəyə gətirmək üçün icma nümayəndələri ilə ünsiyyət olduqca mühüm əhəmiyyət kəsb edir.

– İctimai fikirdə və təcrübədə yaşa görə ayrıseçkilik fenomeni ilə mübarizə. Hazırkı böhran dövründə daha da bariz şəkildə özünü göstərən yaşa görə ayrıseçkilik və yaşlanma ilə bağlı arzuolunmaz stereotiplər cəmiyyətdə heç bir vəchlə qəbul edilməməlidir. İctimai rəydə nəsillərarası bağlılığa və yaşlı insanların verdiyi dəyərli töhfələrə söykənən ümumi dəst-xəttin təşviqi sosial norma və münasibətlərin dəyişdirilməsi üçün əsas ola bilər.

– Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış. Artıq hökumətlər üçün böhrandan sonrakı dövrə baxmağın və yaşlanan əhalinin hüquqlarını və rifahını təmin edərkən sürətli demoqrafik dəyişikliklərin nəticələri ilə ayaqlaşa bilmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə zəruri olan təkmilləşdirmələri nəzərdən keçirməyin zamanı yetişib.

“Avropa koronavirusun ikinci dalğasına hazır olmalıdır” – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanı arxayınlaşmamağa və payızda koronavirusun ikinci dalğasına hazır olmağa çağırıb.

“İnterfaks” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Xans Klyuqe bildirib.

Klyuqe Avropa ölkələrinə epidemiyaya görə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvi məsələsində ehtiyatlılıq nümayiş etdirməyi məsləhət görüb.

“Mən ikiqat dalğadan çox narahatam: bizdə payızda COVID-19-un ikinci dalğası və mövsümi qrip və ya qızılcalar ola bilər”, – o əlavə edib. ÜST nümayəndəsi həmçinin xatırladıb ki, pandemiya hələ qurtarmayıb. Onun sözlərinə görə, 43 Avropa ölkəsindən 32-si karantin təbdirlərini zəiflədir. O, bunu tədricən və dəqiq etməyə çağırıb.

“İnsanlar düşünürlər ki, təcridetmə başa çatıb. Heç nə dəyişmədi. Xəstəliklərə nəzarət üzrə tədbirlərin tam həcmi qüvvədə qalmalıdır. Bu əsas şüardır”, – Klyuqe qeyd edib.

Xans Klyuqe bildirib ki, vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid etməyə və ən pisə hazırlaşmağa dəyər.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)

Türkiyə iqtisadiyyatını canlandıracaq iqtisadi dəhliz – Təhlil

Türk Şurasına üzv ökələrin inteqrasiyası sürətləndirilməlidir.

Kürşad Zorlu

“Haberturk.com”, Türkiyə, 09 may 2020-ci il

Türkiyə xarici siyasətinin önəmli problemlərindən biri də bu sahədə məqsədəuyğun vasitələrin təkmilləşdirilməməsidir. Bu baxımdan, başda iqtisadi vasitələr olmaqla, səhiyyə, təhsil, mədəniyyət, media, informasiya kimi fərqli anlayışların xarici siyasət cığırında istifadə qaydaları böyük əhəmiyyət kəsb edir. Çünki qlobal hadisələr və rəqəmsallığa keçid bu anlayışlarla paralel olaraq inkişaf edir.

Burada önəmli olan məsələ adıçəkilən anlayışlar arasındakı əlaqəni daha da gücləndirə bilməkdir. Məsələn, Çin və Rusiya ilə ticarət xarici siyasətimizdə birtərəfli asılılıq görüntüsü hərəkət manevrimizi, istər-istəməz, məhdudlaşdırır.

Xatırlayın, 1990-cı ilin sonlarında Türkmənistanın dövlət başçısının dediyini: “Biz qazı 45 dollardan ruslara satırıq, onlar da sizə 110 dollardan verirlər. Nə üçün qazı birbaşa bizdən almırsınız?”...

Həmin zamanlarda bu məsələ yetərincə anlaşılmırdı. İndi isə Bakı-Tbilisi-Xəzər xəttindən türkmən qazının gələ bilmə ehtimalı yenidən tumurcuqlanır.

Türk dünyası əməkdaşlığının xüsusilə iqtisadi baxımdan üzv ölkələrin xeyrinə dəqiq addımlara çevrilməsi, sadəcə Türkiyə yox,  Orta Asiya və Avrasiya bölgəsini də təsiri altına alacaq məzmuna sahibdir. Ancaq indidən ABŞ-Rusiya-Çin rəqabətinin önəmli işarələrini bu bölgədə görməyə başlamışıq.

Bu gün koronavirus pandemiyası Türk dünyasını təhdid edir. Enerji sektorundakı iqtisadi çöküş bu ölkələrin ehtiyat mənbələrinə də güclü təsir göstərir.

Artıq vaxt itirməyin heç bir mənası yoxdur. Gələcəyi yaxşılaşdırmaq üçün iqtisadi layihələrin hazırlanmasına başlanılmalıdır. Bunun təməli isə 2010-cu ildə əsası qoyulan Türk Şurasının üzv ölkələridir. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və rəsmi üzv sayılmasa da, Türkmənistan…  Türkmənistan və KKTC  də (Şimali Kipr Türk Cümhuriyyəti) mütləq burda yer tutmalıdır.

Dünən Şuranın Baş katibi Bağdad Amrayevlə danışarkən, hər həftə bir neçə rəqəmsal zirvə toplantısının olduğunu öyrəndim.  Amrayev qısa müddət ərzində önəmli qərarların alındığını bildirdi. Aprelin 30-da Nəqliyyat nazirlərinin konfransı olmuşdu. Bir neçə gün öncə isə adıçəkilən ölkələrin İqtisadiyyat nazirləri videokonfrans keçirdilər. Hal-hazırkı bu müddət isə dünyadakı bənzəri ittifaqlar içərisində Türk Şurasını daha da ön cərgələrə aparacaq.

İlkin mərhələ üçün aşağıdakı məsələlər ələ alınıb:

– Üzv ölkələr arasındakı ticarətdə milli valyutadan istifadə edilməsinə təşviqatın başlanması (Əslində, bunun bir bənzəri də 2018-ci ildə D8 ölkələri arasında başlamışdı. Hətta bu zaman malayziyalı bir firma bununla bağlı ortaq ödəniş sistemi də yaratdı. Türk Şurasının səlahiyyətli nümayəndələri buna bənzər  növbəti bir proqram sisteminin özləri tərəfindən qurula biləcəyini açıqladılar).

– Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması;

– Ölkələr arasında yeni dövrdə rəqəmsal iqtisadiyyat və onlayn ticarət sahəsində işbirliyinin sürətləndirilməsi;

– Bu məsələdə ortaq bir sistemin yaradılması;

– Gömrükdən keçid qaydalarının sürətləndirilməsi və idxal vergilərinin aşağı salınması istiqamətində mexanizmin inkişaf etdirilməsi;

–  Ölkələrin Mərkəzi bankları arasında mübadilə razılaşmalarının qurulması;

 – Bunlarla yanaşı, bir də tədarük zəncirinin qurulması;

Tibbi ləvazimat çatışmazlığının üzv ölkələr arasında aradan qaldırılması məsələsi də bu  prosesə daxil edilib.

Bunların hamısı çox önəmli başlıqlardır. Bu məqsədə uyğun olaraq, üzv ölkələr arasında iqtisadiyyatı sürətləndirmək üçün 4 nazirliyin nazir müavinlərindən ibarət bir komitə yaradılacaq.

Ancaq Amrayev açıqlamasında bu məsələdə mənim də hər dəfə vurğuladığım Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəhliz rolu oynamasına diqqət çəkdi. İranda yaranan məlum problemlər səbəbindən Türkmənistan-İran sərhədi bağlanıb. Bu hadisə isə adını çəkdiyimiz dəhlizi daha önəmli hala gətirib.

Bunun mərkəzində də Türk dünyası dayanır. Xəzərdən keçən mal və bənzəri xidmət transferlərinin canlandırılması, Ro-Ro tranzit haqlarının azaldılması, sərhəd-keçid məntəqələrində və gömrüklərdə yük və digər xidmətlərin keçidlərinin asanlaşdırılması, ticarət dəhlizlərinin yaradılması…

Üzv ölkələrin milli qazancı 1,3 trilyon dollar çatır və xarici ticarəti dünya ticarətinin 1.4%-nə uyğun gəlir.

Türkiyə bu ölkələrlə 8 milyard dollar həcmində bir ticarət həyata keçirir. Yəni ki, çox az! Bu məsələnin əhatə dairəsi nəzərə alınsa, Türk dünyasının xarici ticarət-enerji-nəqliyyat sistemlərinin Türkiyə iqtisadiyyatına qatacağı dinamika daha da güclü olmalıdır. Xüsusilə də, danışdığım bəzi ekspertlər Türkiyə baxımından 10-15 milyard dollar həcmində yeni bir aktivliyin sürpriz kimi ortaya çıxacağını elə də gözləmirlər.

Elə isə heç gözləmədən bütün qurumlara çağırış edirəm – bu dəhlizin belə böhranlarda yox, hər zaman canlı qalması, önümüzdəki dövr üçün həyati əhəmiyyət kəsb edir.

Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran sosial şəbəkədə bir video paylaşıb. Türkiyənin 57 ölkəyə tibbi yardım ləvazimatı göndərdiyini anladan bu videonun sonunda bu ifadələr səslənir: “Ümidsizliyin ardında nə ümidlər var! Qaranlığın altında nə günəşlər var…”

Bu ifadələr Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” adlı əsərindəndir.  Ümidlənmək bu günlərdə ən çox ehtiyacımız olan duyğudur…

Keçən həftə Özbəkistan-Qırğızıstan sərhədində Solda bəndinin dağılması ilə yaranan fəlakətin ardınca Özbəkistan Prezidenti bu duyğusal ifadələri işlətdi: “Qardaş Qazaxıstan xalqı ilə hər zaman bir yerdə yaşadıq, bir bulağın suyunu içdik. Qohum qədər yaxınıq bir-birimizə. Xoşbəxt günlərdə də, kədərli günlərdə də hər zaman bir-birimizə dəstək olduq, çətinliklərlə birgə mübarizə apardıq”.

Bu ifadələr Orta Asiya Dövlətlər Birliyinin təməli idi. Təəssüf ki, ümidlə gözlədiyimiz bir hadisə isə reallaşmadı. Bir neçə gün öncə bu barədə bildirmişdik. Türkmənlərə İraq Nazirlər Şurasında yer verilmədi. Əhalisi 2 milyonu keçsə də, milli azlıq belə sayılmadılar. Deyiləcək və nəticə çıxarılacaq çox şey var!

Tərcümə Strateq.az

“Azərpoçt”dan 55 min manat yoxa çıxdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi baş verib.

Hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb.

Belə ki, poçtda daxili yoxlama aparılan zaman 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı məlum olub.

Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır. (report)

Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirildi -VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri təlim-metodiki toplantıya cəlb ediliblər.

Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrində məşğələlərin vahid metodika üzrə keçirilməsinə nail olmaq üçün təşkil olunan toplantıda zabitlərə taktiki sıra üsulu ilə vacib fənlərdən məşğələlər keçirilib.

Zabitlər döyüş sahəsində bölmələrin, şəxsi heyətin və atəşin idarə edilməsi üzrə göstərici və nümunəvi təlimlərin vacib epizodlarını izləyiblər.

Təlimlər zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında komandirlərin roluna xüsusi diqqət yetirilib.

“KTMT ilə NATO arasında birbaşa müharibə təhlükəsi yoxdur”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə NATO arasında böyük beynəlxalq problemlərin həllinə fərqli yanaşmaların olmasına baxmayaraq, birbaşa müharibə təhlükəsi yoxdur”.

yasamal.tv xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

“NATO ilə birbaşa hərbi münaqişə təhlükəsi yoxdur. Hətta böyük beynəlxalq problemlərin və çağırışların həllinə yanaşmalarda fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, münaqişə üçün əsas görünmür. Üstəlik, biz ümid edirik ki, NATO dövlətlərinin siyasi elitası və ictimaiyyəti bizdə olduğu kimi, bu cür münaqişənin qlobal fəlakətli olduğunu dərk edir”, – deyə KTMT-nin baş katibi vurğulayıb.

 

O qeyd edib ki, bütün vəziyyətlər izlənilir və diqqətlə analiz olunur: “KTMT sərhədləri yaxınlığında NATO-nun hərbi gücünü və hərbi infrastrukturunu möhkəmləndirməsi (hər il 40-a qədər böyük hərbi təlimlər keçirilir), birgə manevrlərin intensivliyi və miqyaslılığı narahatlıq doğurmaya bilməz. Bütün bunlar KTMT-nin adekvat reaksiyasını və mümkün böhranlı vəziyyətə cavab verməyə hər zaman hazır olmasını obyektivcəsinə tələb edir. Bununla əlaqədar siyasi-diplomatik tədbirlər hazırlanır, KTMT-nin kollektiv qüvvələrinin döyüş imkanlarının yüksəldilməsi ilə bağlı daimi iş aparılır. Bütün bu tədbirlər istisnasız olaraq kollektiv təhlükəsizliyin, KTMT-yə üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına istiqamətlənib”. (apa)

Kərimovların var-dövlətini sələfi ələ keçirir

Özbəkistanda milyardlarla sərvətin taleyi necə olur?

Özbəkistanın Ədliyyə Nazirliyi və Baş Prokurorluğu keçmiş prezidentin qızı Gulnara Kərimovanın Fransadakı 10 milyon dollarlıq aktivlərini ölkəyə qaytara biliblər.

Bu barədə məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb: “Bu vəsait Özbəkistan Respublikasının dövlət büdcəsinə qaytarılıb və ondan ümumi qaydada istifadə olunacaq”.

Hakimiyyət orqanları bildiriblər ki, Karimovanın İsveçrə, ABŞ, Fransa, Rusiya Federasiyası və başqa ölkələrdə olan pul vəsaitlərinin də qaytarılması üçün iş davam etdiriləcək.Keçmiş prezident qızının xarici banklarda 1.3 milyard dollaradək vəsaitinin qaldığı düşünülür.

“CurrentTime” yazır ki, ölkənin birinci prezidenti İslam Kərimov 2016-ci ildə vəfat etdikdən sonra onun böyük qızı Gulnara Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib. O vergidən yayınmada, oğurluqda, reketçilikdə və ofşor şirkətlərə aid sənədləri məhv etməkdə ittiham olunur.

Üç cinayət işi

Özbəkistanda Kərimovaya qarşı cinayət işi Birləşmiş, lakin o 2019-cu ildə ev məhbusluğunun şərtlərini kobud şəkildə pozduğuna görə Daşkənd vilayətindəki həbsxanalardan birinə köçürülüb.

Kərimovanın özü və onun qızı israr edirdilər ki, ev məhbusluğunun şərtləri pozulmayıb.

Bundan sonra Gulnara Kərimovaya qarşı ikinci cinayət işinə başlanıb. Üçüncü cinayət işi üzrə keçmiş prezident qızına 13 il 4 ay iş kəsilib.

Məhkəmə hökmündə deyilirdi ki, o və bir neçə başqa şəxs “qrup halında reket, büdcə vəsaitlərinin oğurlanması və cinayətkar gəlirin xarici ölkələrdə leqallaşdırılması” kimi cinayət törədiblər.

Yenə bank, yenə pul

Bu arada Özbəkistandan verilən başqa bir xəbərdə deyilir ki, Özbəkistanın artıq yeni prezidenti Şavkat Mirziyayevin böyük qızının əri Oybek Tursunov banklararası “Uzcard” ödəniş sisteminin əksər səhmlərinin sahibi olub.

“CurrentTime” yazır ki, Özbəkistan şirkət və təşkilatlarının dövlət reyestrində qeydiyyatda olan “Vahid ümumrespublika prosessinq mərkəzi” MMM-in təsisçisi dəyişib.

Brend adı “Uzcard” olan müəssisənin direktoru Axror Mahmudov şirkət səhmlərinin 75 faizini Tursunova satıb.

“Vahid ümumrespublika prosessinq mərkəzi” 2019-cu ilə olan məlumata görə 17 milyon “Uzcard” bank kartlarına xidmət göstərir.

Şirkətin saytında deyilir ki, Özbəkistanda 29 bank və 40 ödəniş sistemi “Uzcard”-ın xidmətlərindən istifadə edir.

“Fergana” saytı yazır ki, hakimiyyət mayın 20-dən etibarən bütün pensiya ödənişlərini “Xalq Bankın” Humo kartlarından “Uzcard” sisteminin kartlarına köçürülməsinə dair qərar qəbul edib. Bu da deyilir ki, bu dəyişiklik pensiyaçılardan gələn çoxsaylışikayətlərə görə edilib.

Mirziyayevin də iki qızı var

Şavkat Mirziyayev 2016-cı ildə Özbəkistan rəhbəri olandan bəri, demək olar dərhal övladlarını və yaxınlarını yüksək vəzifələrə təyin etməyə başlayıb. O böyük qızı Saidanı İnformasiya və Kütləvi Kommunikasiyalar Dövlət Agentliyinin direktor müavini təyin edib.

Prezidentin kiçik qızı Şaxnoza 2018-ci ildən Məktəbəqədər Təhsil Müəssisləri Nazirliyində uşaq bağçalarına baxan idarənin rəis müavinidir.

Saidanın əri Oybek Tursunov prezident administrasiyası rəhbərinin müavinidir. Mirziyayevin kiçik kürəkəni Otabek Umarov prezidentin təhlükəsizlik xidmətinin rəis müavinidir.

Ötən ili keçmiş və indiki prezidentlərin övladlarını dolayısı ilə “bağlayan” bir xəbər də yayılmışdı. Daşkənd vilayətinin Bostanlık rayonundakı Sijak istirahət zonasında yerləşən və keçmiş prezident İslam Kərimovun qızı Gulnara Kərimovaya məxsus olmuş malikanə 2017-ci ildə müsadirə olunmuşdu. O vaxt xəbər verilirdi ki, sözü gedən malikanəödənişsiz olaraq Özbəkistanın triatlon –üçnövçülük federasiyasına verilməlidir.

Bu federasiyaya 2019-cu ilin martından Özbəkistan prezidenti mühafizə idarəsi rəisinin birinci müavini, Şavkat Mirziyayevin kiçik qızının əri Otabek Umarov rəhbərlik edir. (azadliq.org)

Azərbaycan iqtisadiyyatı 0,2% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 22 400,5 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,7% azalaraq 2 249,7 manat olub.

4 aylıq ÜDM-in 7 870,8 milyon manatlıq hissəsi neft-qaz sektorunun, 14 529,7 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə müvafiq olaraq 1,5% çox və 0,8% azdır.

Hesabat dövründə ölkədə 13 028,1 milyon manatlıq sənaye məhsulu, o cümlədən 3 882 milyon manatlıq qeyri-neft-qaz sənayesi məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3% və 16,8% çoxdur.

ÜDM istehsalının 39,3%-i sənaye, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i tikinti, 3,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 1,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3%-ni təşkil edib.

“Könüllülər ili” ilə əlaqədar bəyannamə qəbul edildi

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, konfransda deputatlar Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Milli Məclis Aparatının bir qrup əməkdaşı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, həmçinin ölkəmizdə fəaliyyət göstərən əksər gənclər və könüllülər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə 2019-cu il 30 dekabr tarixli Sərəncamının mühüm əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu sənəd ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bariz nümunələrindəndir, dövlət başçısının imzaladığı bu qərar gənclərin öz potensiallarına inamlarının artmasına mühüm töhfə verib.

“Könüllülər ili” ilə əlaqədar gənclər və könüllülər təşkilatlarının iştirakıyla keçirilən konfransın yekununda birgə bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

– Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır;

– Könüllülük fəaliyyəti vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir;

– Könüllülər koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər;

– Könüllülər koronavirus pandemiyası ilə mübarizənin ön xəttindədirlər;

2020-ci ilin 9 may tarixində “Könüllülər ili” və gənclər təşkilatlarının fəaliyyəti ilə əlaqədar təşkil olunan konfransda aparılan müzakirələrin nəticəsində könüllülük fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün qanunvericilik təklifləri, o cümlədən, gənclərin şəxsi bilik və bacarıqlarının artırılmasıyla bağlı təkliflər hazırlanacaq, bu sahədə keçiriləcək bütün tədbirlərə hərtərəfli dəstəyin verilməsi təmin ediləcək.

Bəyannaməni aşağıdakı qurumlar imzalayıblar:

1.Yeni Azərbaycan Partiyası Gənclər Birliyi

2.Regional İnkişaf İctimai Birliyi

3.Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası

4.Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı

5.ASAN Könüllüləri

6.Avropa Gənclər Parlamenti

7.Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

8.“Miqrasiya Könüllüləri” İctimai Birliyi

9.“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi

10.“Bir könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyi

11.Böyük İpək Yolu Gənclər Təşkilatı

12.ELSA Azərbaycan.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?