Ev Blog Səhifə 3235

Azərbaycanda karantin rejimi yumşaldılır

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilmişdir.

yasamal.tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;

Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

Muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

Bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

Toy məclislərinin təşkilinin qadağan olunması;

Bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

Tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

Əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

İdman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

Massaj və hamam xidmətlərinin göstərilməsi;

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Mayın 18-dən etibarən restoran, kafe, çay evləri açılır

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Bu barədə Nazirləır Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Gürcüstanda koronavirusa yoluxanların sayı 671 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 4 yeni yoluxma halı qeydə alınıb.

yasamal.tv xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 671 nəfərə çatıb.

Qeyd olunub ki, 3873 nəfər karantində saxlanılır, 404 nəfər stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 383 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Apreldə Bakının mənzil bazarında qiymətlər artıb

Bu ilin aprel ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov “APA-Economics”ə bildirib ki, aprel ayında daşınmaz əmlak bazarında orta aylıq qiymət əvvəlki aya nisbətən 2,31%, illik isə 6,11% artıb.

“Aprel ayında təkrar mənzil bazarında 1 kv. metrin orta satış qiyməti 1695 manat təşkil dib. Bu da aylıq müqayisədə 2,05%, illik isə 1,13% artım deməkdir. İlkin mənzil bazarında bir kv. metrin orta satış qiyməti 1329 manat təşkil edib. Beləliklə də aylıq müqayisədə 2,76%, illik isə 8,58% artım qeydə alınıb”, – deyə N. İbrahimov bildirib.

Bu il Həcc ziyarəti olacaqmı? – Nazirdən AÇIQLAMA

Bu il Həcc ziyarətinin gerçəkləşməsi sual altındadır.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ümrə işləri üzrə məsul nazirliyi informasiya yayıb.

Ümrə naziri ilə telefon danışığı gerçəkləşdirən Türkiyənin Dini qurumlar üzrə dövlət komitəsinin rəhbəri Əli Ərbaş bildirib ki, Məkkə və Mədinə şəhərlərinin ziyarət üçün uyğun şəraitə gətirilməsinə dair tədbirlər görülür. Lakin ziyarətlərə bu il icazə verilməsi hələ müzakirə mərhələsindədir. Bu mövzuda Səudiyyə Ərəbistanından dəqiq cavab gəlməyib.

Qazaxıstan prezidenti İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

yasamal.tv-ın məlumatına görə, təbrikdə deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan öz dövlətçiliyinin möhkəmləndirilməsində, xalqının rifahının yaxşılaşdırılmasında və beynəlxalq arenada nüfuzunun artırılmasında mühüm tərəqqiyə nail olub. Bununla əlaqədar olaraq, ölkənizə daim inkişaf etməyi və Sizin rəhbərliyinizlə yüksək nailiyyətlərə çatmağı arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycanın ənənəvi dostluq və həmrəylik üzərində qurulan strateji münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm”.

Rusiya çempionatının bərpa ediləcəyi tarix açıqlandı

Futbol üzrə Rusiya Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi qərar qəbul edib.

Çempionatda mübarizə aparan klublara hər qarşılaşmada beş əvəzetmə imkanı veriləcək.

Bundan əlavə, ölkənin birinci və ikinci liqasının isə 17 mart tarixinə olan nəticələrə uyğun şəkildə sonlandırılması qərara alınıb.

Koreya Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümid edirəm ki, ölkələrimiz arasında illər boyu inkişaf edən dostluq və əməkdaşlıq əlaqələri öz gözəl bəhrəsini verəcəkdir. Bunun üçün Sizinlə daha yaxından əməkdaşlıq etməyi arzulayıram.

Zati-alinizə bir daha möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm”.

Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Bu çətin zamanda milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.(report)

Üçqat Azərbaycan çempionu: “İşsizəm, amma yardım gətirsələr də, qəbul etmərəm”

Ötən ay futbol üzrə üçqat Azərbaycan çempionu, ölkə çempionatının bombardiri Rövşən Əhmədovdan müsahibə dərc etmişdik. Onun fəhlə işləməsi, vaxtilə oynadığı Gəncənin “Kəpəz” klubundan artıq dəstək alacağını bildirmişdik.

Oxu.Az bu dəfə Rövşən Əhmədovla eyni vaxtda “Kəpəz”də oynamış, 1995/1996-ci illər mövsümündə 23 qolla bombardir və bu klubla üçqat Azərbaycan çempionu olmuş Fazil Pərvərovdan müsahibə alıb.   

– Nə işlə məşğulsunuz?

– Hazırda evdəyəm, işsizəm. 2015-ci ilədək ticarətlə məşğul idim, dollar qalxdı, tam müflis oldum. İş-güc yoxdur, qalmışam belə.

– Nə ticarəti ilə məşğul idiniz?

– Geyimlə. Özümün idi. Gəncədə ailəmlə işlədirdim.

– O vaxtdan işsizsiniz?

– Bəli.

– Ötən ilin sonlarında sosial şəbəkədə paylaşım etmişdiniz ki, işsizlikdən medallarınızı satırsınız…

– Alan olsa, sataram. Məndə Azərbaycan çempionatının “Kəpəz”lə üç qızıl, “Xəzri” və “Şəmkir”lə gümüş medalları var. Neyləyəcəyəm onları? Çörəkpulu lazım olanda buna məcbursan. Gedib kimləsə dalaşası deyiləm ki, mənə pul ver.

– “Kəpəz” klubu sizinlə əlaqə saxlayır?

– Yox.

– Sizinlə eyni vaxtda “Kəpəz”in bombardiri olmuş Rövşən Əhmədova maddi yardım edilmişdi. Sizə də belə yardım olunub?

– Yox, mən elə şeyləri sevmirəm. Gətirsələr də, qəbul etmərəm. Ümumiyyətlə, “Kəpəz” heç vaxt mənimlə əlaqə saxlamayıb. Elə bil biz başqa ştatda yaşayırıq, heç orada oynamamışıq sanki.

– Rövşən Əhmədov saytımıza müsahibəsində demişdi ki, gəncəli tanınmış veteranlardan Mehman Allahverdiyev, Yunis Hüseynov, Vidadi Rzayev və Mahmud Qurbanov heç vaxt onun durumu ilə maraqlanmayıb. Bəs sizinlə necə?

– Yeri gələndə, mən onların özləri ilə maraqlanıram. Hamısı ilə dostluğum, yoldaşlığım var. Sadəcə olaraq, öz dərd-sərimi kiminsə üstünə qoymağı xoşlamıram. Qarşıma məqsəd qoysam, C kateqoriyası üzrə məşqçilik kursuna pul verib yazıla bilərəm. Yəni işləyənlərdən o qədər düşüncəsizəm ki?!

– Amma bunun üçün 600 manat tələb olunur. İşləməyən adam üçün az pul deyil…

– Olsun. Könlü balıq istəyən özünü dənizə vurar.

– Nə əcəb ticarətlə məşğul olan vaxt bu pulu yığıb, məşqçilik üçün yazılmamısınız?

– Devalvasiyaya qədər iş yaxşı idi. Özümü ticarətdə görürdüm. Həm də belə düşüncəm vardı ki, məşqçi işləsəm, başqasının çörəyinə bais olacağam. Fikirləşirdim ki, onsuz da pulumu qazanıram da. Bir əldə iki qarpız tutmaq olmaz. Həm də indi uşaq futbol məşqçilərini görürəm. Guya onlar nə dəstək görür ki? Forma, top verilmir. Hamısı ilə maraqlanıram. Çoxu gileylənir. Quru çörəkpulu verməklə iş bitmir.

…Çox şey futbolda kağız üzərində gedir. Gəncənin özündə futbol meydançaları azdır. Bir dəfə uşaq məşqçilərini yığmışdılar. Heç keçmişlərində futbolçu olmayan adamlar idi. Arxaya dönüb baxdım ki, heç biri “Kəpəz”də oynamayıb, necə olubsa, uşaq müəllimi işləyirlər.

Futbolda olmayan insanlar futbol müəllimi işləyir. Orada “Kəpəz”də oynayan təkcə mən idim. Gəncədə aidiyyəti olmayan futbol müəllimləri futbolçudan çoxdur.

– Ailədə neçə nəfərsiniz?

– Nəvəmlə bərabər beş nəfər.

– Yəqin? siz işsizsinizsə, evdə başqa işləyən var…

– Oğlum və həyat yoldaşım işləyirlər.

– Rövşən Əhmədovun oğlu da futbolçudur. Sizdən başqa, nəsildə futbolla məşğul olan varmı?

– Özüm oğlumu futbola qoymadım. İstəmədim ki, çəkdiyim əziyyəti o da çəksin. Biz yeri gələndə pulsuz oynayıb çempion olmuşuq, “Neftçi” ilə oyuna kolbasa-çörək yeyib çıxmışıq və rəqibi məğlub etmişik. Biz də elə-belə yerdən Pərvərov olmamışıq ki?! Maaşımız bir şey olmayıb, mükafatımız heç nə…

– Son klubunuz I divizionda Xanların “Gilan” (indiki “Qəbələ”) komandası olub. Necə oldu ki, çempion olsanız da, həmyerliniz olan baş məşqçi Faiq Cabbarov sizlə Rövşən Əhmədovu komandadan uzaqlaşdırdı?

– İnsan nə edirsə, özünə edir. Biz o komandada qollarımızı vurduq. Daha neyləməli idik ki? Çempion edib, ağ günə – Premyer Liqaya çıxardıq komandanı. Halbuki Faiq Cabbarov özü bizə yalvarıb komandaya çağırmışdı.

Yalvarmaq nədir, evizimi az qala yağmalayırdılar ki, gəlin, bizə kömək edin. Rövşənlə qollar vurduq, axırda bizi komandadan çıxardı. Özünü də sonra qovdular, acdan betər oldu. İnsan bir-birinə dəstək olmalıdır.

– Faiq Cabbarov da gəncəlidir. Bir-birinizi şəhərdə görürsünüzmü?

– Görürük. O vaxtdan soyuq münasibətimiz var. “Salam-sağ ol”la kifayətlənirik…

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?