Ev Blog Səhifə 3311

Bakıda yanmış kişi meyiti tapılıb

 

Aprelin 27-i saat 19 radələrində Binəqədi rayonu, “DSK yolu” 1-ci mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar olunub.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Bu zaman meyitin yanından “Argo” markalı siqaretin kötüyü, qablaşdırılmış spirt və kibrit aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı meyiti aşkar edilmiş şəxsin ətraf ərazilərdə “butılka” və dəmir yığıb satmaqla məşğul olduğu müəyyən olunub. Meyitin yanmamış hissələrində xəsarət izi aşkarlanmayıb. Daxili müayinə üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir. (qafqazinfo)

Nur Yerlitaşın vəsiyyəti açıqlandı

MODACI NUR YERLITAS (FOTOGRAF: FERHAT ULUDAGLAR)
MODACI NUR YERLITAS (FOTOGRAF: FERHAT ULUDAGLAR)

Məşhur türkiyəli modelyer Nur Yerlitaşın ölümündən sonra vəsiyyəti ortaya çıxıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aylardır xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi iki gün öncə yatağından yıxılaraq ayağını sındırıb.

Dərhal xəstəxanaya aparılan Yerlitaş daha sonra evdə müalicə olunub. Ötən gün isə vəfat edib. Nur vəsiyyət edib ki, 7 il öncə vəfat edən anası Səadət Yerlitaşın yanında dəfn olunsun.

Qeyd edək ki, N.Yerlitaş 64 yaşında idi. O, “İşte benim stilim” yarışmasının münsifi olaraq daha da məşhurlaşmışdı.

İftar süfrəsinə asan hazırlaya bilərsiniz!

İftar süfrəsi üçün dadlı reseptlər təqdim edirik:

Salat “Opera”

Ərzaq:
1 toyuğun döş əti
50 qr kərəviz
30 qr duzlu dil əti
50 qr duzlu xiyar və göbələk
100 qr mayonez
Limon suyu
Duz, istiot

Hazırlanması:

Dil ətini, xiyarı, kərəvizi, toyuğun döş ətini nazik doğrayın. Qaba yığıb, mayonez töküb yavaşca qarışdırın. Zövqə görə duz, istiot, limon şirəsi əlavə edin. Dayaz boşqaba yığıb, salat yarpaqları, cəfəri və qırmızı turp ilə bəzəyin.

Toyuq oladisi

Ərzaq:
500 qr. yumşaq toyuq əti
60 qr. buğda çörəyi
1,5 stəkan süd
2 yumurta
3 qaşıq şit yağ
Duz

Hazırlanması:
Toyuq ətini ətçəkəndən keçirin. Sonra süddə isladılmış buğda çörəyini ətçəkəndən keçirib qatın. Yaxşıca qarışdırıb, kütləyə 2 yumurtanın sarısını əlavə edib, duz və süd qatıb, yenə də qarışdırın. Ayrıca qabda yumurtanın ağını da çalıb, buraya əlavə edin.

Tavaya yağ töküb qızdırın, kütlədən qaşıqla götürüb tavaya tökün, ikitərəfli, qızılı rəng alana kimi bişirin. Süfrəyə ərinmiş şit yağla birlikdə verilir.

Tomat pastalı şorba

Ərzaqlar:
Düyü – 1 xtəkan
Tomat pastası – 2-3 qaşıq
Duzlu xiyar – 1-2 ədəd
Kök – 1 ədəd
5-7 diş sarımsaq
Toyuq əti
Soğan – 1 ədəd
Duz, istiot zövqə görə

Hazırlanması:
Qaynanmış duzlu suya, təmizlənmiş soğanı atıb, qaynadın. Kökü sürtgəcdən keçirin və suya əlavə edin. Orta tikələrə doğranmış toyuq ətini tökün. Sonra xırda doğranılmış sarımsağı və tomat pastasını əlavə edib, qarışdırın. Sonda düyünü, duzu və istiotu töküb, yağ əlavə edin. İstəyən sonda duzlu xiyar da qata bilər.(axsam.az)

Hərbi ekspert: “SpaceX” Rusiyaya qarşı silah hazırlayıb”

“SpaceX” şirkətinin “Starlink” yerətrafı peyk sistemi Pentaqon tərəfindən yüksək dəqiqlikli silahların hədəf təyin etməsi üçün istifadə oluna bilər.

yasamal.tv xəbər verir ki, bu barədə “Zvezda” nəşrinə hərbi ekspert Aleksey Leonkov danışıb.

A.Leonkov əmindir ki, ABŞ tərəfi Rusiyanın hipersonik silahlarına qarşı “Advanced Battle Management and Surveillance” (ABMS) perspektiv hərbi idarəetmə və müşahidə sisteminin işini təmin edəcək minlərlə kiçik peykdən ibarət dəstə yerləşdirəcək.

Hərbi ekspert “SpaceX” şirkətini “Starlink” peykləri vasitəsilə ABMS məlumatlarının ötürülməsinə dəstək verməkdə ittiham edib.

Sahibkarlar üçün sosial sığorta yükü 2-4 dəfəyədək azaldılır

“Sosial sığorta haqqında” qanuna təklif edilən yeni dəyişiklik layihəsində sosial sığorta yükünün ümumilikdə 2-4 dəfəyədək azaldılması nəzərdə tutulur.

yasamal.tv xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Vergi qanunvericiliyinin təkmilləşdirmə şöbəsinin rəisi Elnur Yusifov deyib.

Onun sözlərinə görə, 1 sentyabr 2019-cu il tarixdən etibarən minimum aylıq əməkhaqqı 250 manata qaldırılıb və bu da müəyyən mənada sosial sığorta yükünün artımına səbəb olub. Belə ki, muzdsuz işçi cəlb etmədən fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri üçün sosial sığorta yükü minimum əməkhaqqının müəyyən faizi nisbətində hesablanır. Sığorta yükü ticarət və tikinti sahəsi üzrə 50 faiz, digər sahələrdə 25 faiz müəyyən edilib. Yeni dəyişikliklərdə isə 1 aprel tarixindən 50 faizlik sığorta yükünün 25 faizə, 25 faizlik sığorta yükünün isə 15 faizə endirilməsi təklif olunur.

E.Yusifov əlavə edib ki, sabit qəbz almaqla fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükünün də azaldılması nəzərdə tutulur: “Sabit qəbz almaqla fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektləri – bərbərlər, dərzilər, fərdi qaydada foto, video xidməti göstərən, toylarda, şənliklərdə aparıcılıq edən şəxslərin də sosial sığorta yükünün və inzibatçılıq yükünün azaldılması nəzərdə tutulur. Fərdi qaydada qəbz almaqla fəaliyyət göstərən şəxslər sosial sığorta yükünü yerinə yetirməklə yanaşı, vergi orqanlarına sosial sığorta hesabatları da təqdim edirdilər. Bu şəxslər artıq hesabatın verilməsi öhdəliyindən azad olunublar. Onlar sabit qəbz almaqla həm vergi ödənişlərini, həm də sosial sığorta yükünü həyata keçirəcəklər”.

Şöbə rəisi bildirib ki, iqtisadi fəallığın gücləndirilməsinə yönələn dövlət dəstəyi proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi ilə əlaqədardır: “Ölkədə tətbiq olunan xüsusi karantin rejimi müəyyən sahibkarlıq subyektlərinin fəaliyyətinin tam və qismən məhdudlaşmasına səbəb olmuşdu. Qanun layihəsində fəaliyyətini tam və ya qismən məhdudlaşmış bütün sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarların gəlir və mənfəət vergisindən tam məbləğdə azad olunması nəzərdə tutulur”. (trend)

Sabahın hava proqnozu – 29 aprel

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 29-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər saatlarında duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12° isti, gündüz 15-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxdu, 59 nəfər sağaldı

Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

“Bizi ciddi problemlər gözləyir” – Professor

Adil Qeybulla: ”Bəzi insanlar elə zənn edirlər ki, artıq hər şey başa çatıb”.

Dünyada koronavirus pandemiyasına yoluxma və ölüm sayı artmaqda davam edir. Lakin bununla belə, artıq bir sıra ölkələrdə karantin rejimi yumşaldılıb. Hazırkı statistikaya görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 77 min 7 nəfər. ölənlər isə 211 min 953 nəfərdir.

Lakin alimləri qorxudan budur ki, dünyada koronavirus pandemiyasının ikinci, hətta üçüncü dalğası yarana bilər. Bu cür dalğanın yaranacağını düşünənlər müxtəlif əsaslar irəli sürürlər.

Məsələn, ABŞ Koronavirus Epidemiyası ilə Mübarizə qurumunun direktoru Robert Redfield “Vaşinqton Post” qəzetinə açıqlamasında deyib ki, dünyanı cənginə alan epidemiyanı ciddiyə almaq lazımdır: “İkinci dalğa səhiyyə sistemimizi çətin vəziyyətə salacaq. Ən pis ssenarilərə hazır olmaq lazımdır”.

Robert Redfield, CDC director: Opioid epidemic worse than AIDS …

Belarus prezidenti Aleksandr Lukaşenko da hesab edir ki, ikinci dalğa mütləq baş verəcək. O, bildirib ki, evdə qalmağa məcbur olanlar çölə çıxacaqlar və onların zəifləyən orqanizmləri virusa tutulacaq. Bu isə ikinci dalğanın yaranmasına səbəb olacaq.

İngiltərənin baş naziri Boris Conson isə deyib ki, pandemiyanın ikinci dalğası yeni ölüm və ya xəstəlik deyil, eyni zamanda, iqtisadi fəlakət anlamına da gəlir.

Musavat.com-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, o da ikinci dalğanın baş verəcəyini düşünənlərdəndir.

Adil Qeybulla: “İnsanlar evdə olduğu müddətdə karantin tətbiqi ilə …

Professor bildirib ki, pandemiyanın ikinci dalğasının gələcəyinə əsas səbəb insanların sosial izolyasiya qaydalarına məhəl qoymamalarıdır:”Mən bu məsələdən çox narahatam. İnsanlar maska taxmırlar, sosial izaolyasına qaydalarını gözləmirlər. Hesab edirlər ki, hər şey artıq geridə qalıb. Bunun özü ciddi narahatlıq doğurur. O baxımdan düşünürəm ki, Azərbaycanda ikinci dalğa yarana bilər. Karantin şərtlərinin yumşaldılmasını bəzi insanlar elə zənn edirlər ki, artıq hər şey başa çatıb. Xeyr, karantin şərtləri ona görə yumşaldılır ki, insanların sosial aktivliyi artsın və digər bu kimi məsələlər düzəlsin. Lakin bu, karantin şərtləri daxilində olmalıdır.

Hazırda kollektiv immunitet də formalaşmayıb. Yəni insanlar evdə qalmaqla özlərini bir növ sığortalayıblar. Kollektiv immunitet formalaşmadığı üçün həmin şəxslərdə yoluxma baş verəcək. Hansılar ki, onlar evdə qalıblar, xəstələnməyiblər. Sosial izolyasiya tətbiqləri ona görə əhəmiyyətlidir ki, virus qurtarana qədər gözlənilsin.

Ona görə də müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyirlər ki, payızda yoluxma arta bilər. Bu, həm də qeyd etdiyimiz məsələ ilə bağlıdır ki, insanlar bu gün çölə çıxırlar və yoluxma ilə üz-üzə qalırlar. Yoluxan isə digərinə yoluxdurur və beləliklə növbəti dalğa gəlir. Evdə qalan adam ona görə çölə çıxan zaman yoluxur ki, onun bu virusa qarşı immuniteti yoxdur. Sadəcə olaraq özünü evdə qalmaqla qoruyub. Virus isə hələ ki, sönməyib. Ona görə də düşünürəm ki, sosial izolyasiya tədbirləri gözlənilməlidir. Əgər belə olmasa, bizi ciddi problemlər gözləyir”.

Dünya Bankı Ukraynaya 135 milyon dollar ayırdı

 

Dünya Bankı Ukraynaya 135 milyon dollar kredit ayrılmasına izn verib.

Axar.az xəbər verir ki, kreditin koronavirusla mübarizədə səhiyyə sisteminin yaxşılaşdırılması üçün ayrıldığı bildirilib.

Bu vəsaitin hesabına 40 təcili tibbi yardım şöbəsinin yenilənəcəyi qeyd olunub. 35 milyon dollar isə koronavirusun yayılmasına qarşı mübarizəyə yönəldiləcək.

Karantin rejiminin yumşaldılması daşınmaz əmlak bazarına təsir etmir

Azərbaycanda aprelin 27-dən etibarən karantin rejiminin yumşaldılmasının daşınmaz əmlak bazarında aktivliyin artmasına təsiri yoxdur.

Bu barədə Trend-ə açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, daşınmaz əmlak bazarının aktiv iştirakçıları rieltor şirkətləridir:

“Onların işləməsinə hələ ki icazə verilmir. Eyni zamanda qiymətləndiricilərin də işləməsinə icazə verilmir. Alıcılar və satıcılara gəlincə isə, bunların da hərəsinə evdən çıxmaq üçün 3 saat vaxt verilir. Bu zaman ərzində evin alqı-satqısını reallaşdırmaq çətindir. Bu baxımdan karantin rejiminin yumşaldılması daşınmaz əmlak bazarına hələ ki təsir etmir”.

Ekspert bildirib ki, bu gün daşınmaz əmlak bazarında aktivlik ən aşağı səviyyədədir:

“Bu səbəbdən qiymətlər barədə nəsə demək çətindir. Daşınmaz əmlak bazarında aktivlik yalnız əsas bazar iştirakçılarına işləməyə icazə verildikdən sonra müşahidə edilə bilər”.

Telegram
Bizim Telegram kanalımıza abunə olun

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?