Ev Blog Səhifə 3216

Atəşkəs rejimi 23 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

“Kəpənəklər üçün eyni çiçəkdə oturmaq cansıxıcı olur”


Məşhur ulduz Meqan Foks ilə Brayn Austin Qrinin ayrılması haqda yayılan xəbərlər hələ də dünya mediasının gündəmindədir.

Axşam.az xəbər verir ki, karantin günlərini ərindən ayrı keçirən Foksun indi də “Machine Gun Kelly” ləqəbi ilə tanınan repçi Kolson Beyker ilə münasibətdə olduğu deyilir.

Bir neçə gün əvvəl aktrisa Kolsonla birlikdə onun evinin yaxınlığında avtomobildə görüntülənmişdi.

Sosial şəbəkələrdə arvadının şəkillərini görən Brayan bu məsələyə belə münasibət bildirib:

“Kəpənəklər üçün gec, ya tez eyni çiçəkdə oturmaq cansıxıcı olur. Onlar boğulmağa başlayırlar. Böyük və kəşfedilməmiş dünyanı öyrənmək istəyirlər.”

Aktyor ötən gün verdiyi açıqlamada isə ayrılıq qərarı aldıqlarını təsdiq edib.

Qeyd edək ki, bir neçə həftə əvvəl paparatsilərin hədəfinə tuş gələn Brayn barmağında nişan üzüyünün olmaması ilə diqqət çəkmişdi. 2010-cu ildə ailə həyatı quran cütlüyün 3 övladı var.

“Suğra və oğulları” filminin təqdimatı keçirildi – Video

Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib.

Mərkəzdən “Report”a verilən məlumata görə, çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətlərilə yaxından əməkdaşlıq edilən filmdə İkinci Dünya müharibəsi dövrü Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.

Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri İkinci Dünya müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.

Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan “Suğra və oğulları” filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb. Filmin quruluşcu operatoru Avropa Kino Akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya), filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboadır (Niderland).

Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak ediblər.

İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin yaxın vaxtlarda geniş auditoriyaya təqdim olunması ilə yanaşı, beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

yasamal.tv xəbər verir ki, sərəncama əsasən, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi aşağıdakı kimi olub:

Komissiyanın sədri

Əli Əhmədov ̶ Azərbaycan Respublikası Baş Nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.

Restoranların xidmət personalına bəxşişlər bu cür ödəniləcək!

Dünəndən etibarən paytaxtımızda bir çox ictimai iaşə məkanları fəaliyyətini bərpa etdi.

Restoran və kafelər də qapılarını karantin günlərində bu məkanlar üçün darıxmış müştərilərin üzünə açdı. Beləliklə, həm sahibkarların, həm də müştərilərin Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk olaraq tətbiq etdiyi maraqlı bir xidmətə ehtiyacları artdı. Bu, Bankın hələ fevraldan müştərilərin istifadəsinə verdiyi “BƏXŞİŞ” xidmətidir.

“Report” banka istinadən xəbər verir ki, sahibkarlar bu xidmətə qoşulmaqla müştərilərinin işini asanlaşdıra bilərlər. Belə ki, bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.

Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan xidmət personalına sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılmış ənənədir. Amma əksər hallarda ölkəmizdə müştərilər restoranlarda bəxşiş verməkdən ötrü nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı isə yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən bəzi xidmət məkanlarında (“Mangal Steak House”, “Nar&Sharab”, “Mozzarella”, “Argentina Steak House”, “St. Nizami 62”) bu funksiya artıq işləkdir. Xidmətdən yararlanmaq istəyən digər ictimai iaşə məkanlarının sahibləri də bu xidmətin üstünlüklərindən faydalanmaq üçün Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.

“BƏXŞİŞ” xidmətindən istifadə belə baş verir: müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS-terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik müştəri məmnuniyyəti yaradır və nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən yaxşı döyüşçülərin reytinqi açıqlandı

ESPN çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı döyüşçülərin yenilənmiş reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, sıralamaya yenə Həbib Nurməhəmmədov başçılıq edir. Yarım-ağır çəkidə UFC çempionu Con Cons ikinci, iki divizion üzrə kəmər sahibi Henri Sexudo isə üçüncüdür.

Yüngül çəkidə müvəqqəti UFC çempionu Castin Qetji ilk dəfə reytinqdə özünə yer tapıb. Amerikalı idmançı 10-cudu.

Tacikistan COVID-19 üzrə regional ölüm rekordu vurub

Vrusun geniş yayılması prezidentin varis planını təhdid edir.

Viktoriya Panfilova

“Nezavisimaya qazeta”, 18.05.2020

Tacikistan COVID-19 qurbanlarının sayına görə Orta Asiyada birinci olub. Təkcə son sutka ərzində respublikada 202 yeni yoluxma qeydə alınıb, 3 nəfər ölüb. Səlahiyyətlilər, ölkədə epidemiyanı, nəhayət, tanıdıqdan sonra 30 apreldən bəri 1524 hadisə qeydə alınıb, 39 xəstə ölüb. Alternativ siyahıda isə 250-dən çox ölüm halı var.

Sayının günbəgün artmasına və bu gün də orta hesabla 200 nəfərin yoluxmasına baxmayaraq, Tacikistan qonşu ölkələrdə görülən sərt tədbirləri tətbiq etməkdən çəkinir. Səlahiyyətlilər əhalinin əksəriyyətinin özünütəcrid olunmasının tərəfdarı olduqlarını söyləyirlər.

Buna görə də, karantinə girməyə ehtiyac yoxdur, xüsusilə də koronavirus artıq ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

Məktəblilər və tələbələr üçün istisna edilib. Avqustun sonuna qədər onlar tətilə buraxılıblar. Uşaq bağçaları bağlanıb. Mayın 12-dən etibarən gözəllik salonları, telefon satış nöqtələri və avtomobil yuyucuları qapadılıb. Bununla yanaşı, “Asia Plus” informasiya portalının bildirdiyinə görə, taciklər normal həyat sürürlər: Düşənbədə ictimai nəqliyyatda sıxlıqdır, insanlar hələ də istənilən vaxt evlərini tərk edirlər. Bu, virusun nəzarətsiz yayılması təhdidini qüvvədə saxlayır.

Səhiyyə və Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, respublikada koronavirus üçün test edə bilən yalnız bir laboratoriya var. Onun potensialı gündəlik 250 testə qədərdir. Bu sürətlə əhalinin ən azı 1%-inin yoxlaması təxminən 400 gün çəkəcək.

Artıq respublikadakı bütün xəstəxanalarda sıxlıqdır. Sosial şəbəkələrdə insanlar əhvalatlar paylaşır, rüşvətə görə xəstəxanada yer tapa bilməyəcəklərimi söyləyirlər.

Bu yaxınlarda Tacikistan parlamentinin aşağı palatasının spikeri və baş prokuror xəstəxanalardan buraxılıb. Koronavirus Tacikistanın Xalq Demokratik Partiyası sədrinin müavini Xayriniso Yusifi də yaxalayıb. Xəstə olanlar arasında Dövlət Milli Təhlükəsizlik Komitəsinin yüksək vəzifəli 14 işçisi var.

Mayın 17-də baş nazirin keçmiş müavini, Təhlükəsizlik Şurasının keçmiş katibi və Tacikistan Sərhəd Qoşunlarının keçmiş komandiri general-leytenant Abdurrahmon Əzimov vəfat edib. O, COVID-19-dan vəfat edən üçüncü general olub.

Tacikistan elmi əvəzolunmaz itkilərə məruz qalıb: Pənckənt şəhəri təhsil şöbəsinin keçmiş müdiri, Danqarin Dövlət Universitetinin prorektoru və Milli Universitetin professoru, məşhur dilçi Bəhriddin Kamoliddinov, filologiya elmləri doktoru, professor Fərhod Hüseynzoda ölüblər.

Ölümlərin alternativ siyahısına pnevmoniya və koronavirus xəstələrini müalicə edən 40 həkim də daxildir.

Xatırladaq ki, ölkə hakimiyyəti Tacikistanda koronavirusun olmadığını israr edir və yalnız mövsümi sətəlcəmin (SARS) varlığı iddia olunur. Buna görə də, həkimlərin xüsusi qoruyucu vasitələri yoxdur, maskalar və xüsusi geyimləri özləri alırlar.

Bu arada, dost ölkələrdən gələn humanitar yardım anbarlarda toz yığır. Yalnız indi bunu prezident Emoməli Rəhmon və onun ətrafı adından yaymağa başlayıblar. Rejimin tənqidçiləri hökuməti siyasi divident üçün pandemiyadan istifadə etməkdə ittiham edirlər.

“Radio Ozodi”-nin (“Azadlıq Radiosu”nun Tacikistan xidməti) verdiyi məlumata görə, hər gün televiziyada həkimlər üçün fərdi qoruyucu vasitələr və lazımi dərmanlar şəklində xəstəxanalara humanitaryardım göndərən “Millət Liderinin Xeyriyyə Təşəbbüsünün (MLXT)” müxtəlif kampaniyaları göstərilir.

Bundan əvvəl dövlət televiziyası, prezidentin həkimlərə və koronavirus xəstələrinə dəstək olmaq üçün MLXT-nin 45 humanitar yardım maşını göndərdiyini bildirilmişdi.

Rəsmi media “yerli sahibkar” və prezident Rəhmonun kürəkəni Şəmsullo Soxibovun 25 humanitar yardım maşınını Xatlon bölgəsinin xəstəxanalarına və ehtiyacı olan əhaliyə göndərdiyini xəbər verib.

Ekspert Pərviz Mullocanovun fikrincə, “prezidentin və hökumətin xalq naminə yaxşı işlərinin” geniş təbliği böhran dövründə hakimiyyətin imicini qorumaq cəhdidir. “Hökumət etibarlılığı və reytinqini itirmək niyyətində deyil. Xüsusilə, iqtisadi böhran şəraitində ölən və yoluxanların sayının artması ona sərf eləmir. Axı prezident seçkiləri yaxınlaşır”.

Payızda Tacikistanda prezident seçkiləri baş tutmalıdır, hakimiyyətin təhvil verilməsi və ya prezident Emoməli Rəhmonun növbəti dəfə seçilməsi ilə bağlı fərqli şayiələr yayılır.

Tacikistanın “İslahat və İnkişaf Naminə” hərəkatının lideri Şarofiddin Qadoyev deyib: “Hakimiyyət xarici dövlətlərdən kömək alır. Bütün bu COVID-PiaR-ı Rəhmonun niyə təşkil etdiyini anlamaq çətin deyil. 28 illik hakimiyyəti dövründə ölkəni siyasi və iqtisadi bərbad vəziyyətə gətirib. İnsanlardan oğurlanan humanitar yardımlarla dolu bir neçə yük maşını ilə Rəhmon çoxsaylı cinayətləri, geniş yayılmış korrupsiya, qohumbazlıq, oğurluq və Tacikistanda onun günahından baş verən bütün dəhşətləri gizlətməyə çalışır”.

Siyasətçinin fikrincə, Rəhmonun əsas vəzifəsi hakimiyyətin varisi Rüstəm Emoməliyə təhvil verilməsi olaraq qalır. “Bir cüt yük maşını” ilə mərhəmət atasının günahını gizlətmək üçün yetər və onun hakimiyyətə gəlməsinə kölgə salmaz”.

“Tacikistanda koronavirusun yayılması getdikcə güclənir və problemə çevrilir”. Bunu DST-nin COVID-19 ekspert missiyasının rəhbəri, doktor Patrik O`Konnor ölkədəki vəziyyəti araşdırdıqdan sonra deyib.

Düşənbədəki mətbuat konfransında o, vəziyyətin narahatverici olduğunu, təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.

Ondan əvvəl Dünya Bankının mütəxəssisləri Tacikistanda Koronavirus Hallarına Reaksiya Layihəsi çərçivəsində COVID-19-la bağlı vəziyyətin inkişafının mümkün ssenarilərini proqnozlaşdırıblar: 72 mindən 230.500-ə nəfərə qədər ağır xəstə, reanimasiya və intensiv müalicə tələb edən 13.600-dən 43.500-ə qədər kritik hallar və 6.600-dən 21 minə qədər ölüm.

Tərcümə: Strateq.az

“Azərbaycan istehsalı olan çiyələk xarici bazarlarda rəqabətqabiliyyətli deyil”

Bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.

B.Quliyevin sözlərinə görə, çiyələyin həm çeşidlər, həm yetişdirmə texnologiyası üzərində işləmək və məhsulun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsini qaldırmaq lazımdır:

“Lakin hazırda bunu görmürük. Biz sözügedən məhsulu tədarük edib Rusiya bazarlarına göndərmək istəyirdik, lakin həm çeşid baxımından, həm də keyfiyyət baxımından yüksək dərəcədə becərilmədiyini gördük”.

“İnanıram ki, Azərbaycan istehsalı olan çiyələklərin ixrac potensialı artacaq. Bu sahədə ixtisaslaşmış ölkələr var. Azərbaycan pomidor ixracında naliyyətlər əldə etdiyi kimi, bu hal çiyələk ixracında da olacağına inanıram”, – o əlavə edib.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çox ixrac reallaşdırılıb.

Birinci rübdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) I, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) II, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) III olub. (report)

Gürcüstanda koronavirusdan sağalan şəxs yenidən yoluxdu

Gürcüstanda koronavirusdan sağalan şəxsin yenidən yoluxması ilə bağlı ilk fakt qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, Saçxere rayonunda COVID-19-dan müalicə olunaraq sağalan pasiyentdə koronavirus təsdiqlənib.

Həmin şəxs bir neçə həftə öncə xəstəlikdən sağalıb və özünütəcriddə olub. Bu yaxınlarda gənc kişidə yenidən simptomlar yaranıb. Laborator araşdırma zamanı ona təkrarən koronavirus diaqnozu qoyulub.

Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 702 nəfər yoluxub. Onların 456-sı sağalıb, 12-si isə dünyasını dəyişib.

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edib, onlardan 2 198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1 279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240 220 test aparılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?