Ev Blog Səhifə 3214

Sinir hüceyrələrinin bərpa üsulu tapıldı

Bir qrup amerikalı biotibb və nevrologiya mütəxəssisi zədələnmiş sinir hüceyrələrinin bərpası üsulunu tapıb.

yasamal.tv-ın məlumatına görə, Kolorado Universitetinin alimləri müəyyən edib ki, regenerasiya prosesini motorika vasitəsilə stimullaşdırmaq mümkündür.

Müşahidələr nəticəsində məlum olub ki, sağlam nevroloji funksiyaları təmin edən oliqodendrosit hüceyrəsi yeni mielin təbəqələri yaratmaqla sinir toxumasını bərpa edə bilir.

Bu, dağınıq sklerozdan əziyyət çəkən siçanlar üzərində təcrübə zamanı təsdiqlənib. Belə ki, siçanlarda bəzi davranış hərəkətlərindən sonra sinir sistemi bərpa olunub.

Alimlər hesab edir ki, bu kəşf müxtəlif zədələrə və insultun ağır nevroloji fəsadları nəticəsində əlil olan şəxslərə kömək edəcək./Trend/

İlham Əliyev fərman imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

yasamal.tv xəbər verir ki, fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580, 1592; 2020, № 2, maddə 109) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İki rayona yeni prokuror təyin edildi

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.

“Məni ATV-yə Röyaya görə buraxdılar”

Müğənni Niyam Salami vaxtilə ATV kanalına buraxılmadığını bildirib.

İfaçı bu barədə sözügedən kanalın efirində yayımlanan “7 canlı” verilişində danışıb.

O, Xalq artisti Röya Ayxanın sayəsində ATV-də verilişlərə çıxdığını bildirib:

“Mən ATV-yə çıxa bilmirdim. Hər yerdə elədir ki, yeni müğənnisənsə, bir az “tərləməlisən”. O zaman da mənim “tərləməyə” halım yox idi. Allah onu var etsin. Nailə Mirməmmədlinin evində tanış olduq. Dedik ki, biz niyə oxumuruq? Şeiri tapanadək çox əziyyət çəkdik. Röya tanınmış ulduz idi, tanınmağımda onun rolu oldu. Onun dinləyicisi mənə, mənim də dinləyicim ona qulaq asdı”.

Qeyd edək ki, müğənnilər bir neçə il öncə “Ay ürək” adlı mahnı ifa ediblər.(axşam.az)

Azərbaycanda işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemində əmək qanunvericiliyi və onun tətbiqi məsələləri ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlər yerləşdirilir.

Nazirlikdən verilən məlumata görə, məqsəd bu sahədə işəgötürənlərin maariflənməsi və əmək qanunvericiliyinin tətbiqi sahəsində onlara köməyin göstərilməsidir.

Bir sıra hallarda işəgötürənlər tərəfindən Nazirliyə və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular sahibkarların bu sahədə məlumatsızlığını göstərir.

Fəaliyyətlərində hər hansı qanun pozuntusu aşkarlandıqda, bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar.

Ona görə də Nazirlik işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemində yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edir.

Bakıda 1200-dən çox yararsız bina sökülüb

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Departamentindən bildirib.

Qeyd olunub ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər:

“Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir. Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirib və bu günə kimi pilot layihə olaraq 1 200-dən çox yaşayış binası sökülərək müasiri ilə əvəz edilib. Hazırda bu işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 20 faiz daha artığına sahib olurlar”.

Departamentdən əlavə olunub ki, bir neçə gün əvvəl Nərimanov rayonunda 1958-ci ilə aid qəzalı vəziyyətdə olan binanın eyvanı uçub. Həmin bina pilot layihəyə düşən ünvanların siyahısındadır və orada yaxın günlərdə söküntü işləri başlayacaq.

“Elnarə özünü hörmətdən salır” – Mətanət İsgəndərli

Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” fikirlərinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan “7 canlı” proqramında danışıb.

O, xanəndənin fikirlərini qəbul etmədiyini söyləyib:

“Sözü iki cür demək olar. O Elnarənin şəxsi fikridir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Biri var sözü alçaldaraq deyirsən, biri də var ki, müğənnilərə hörmətim var, amma istəmərəm gəlinim müğənni olsun. Mən alçaldaraq deməyi qəbul etmirəm. Lap heç müğənni olmasın, həkim olsun və ya hansısa bir digər peşənin sahibi olsun. Hərənin öz dünya görüşü, həyata baxışı var. Elə insanlar tanıyıram, istəyir ki, onun gəlini məşhur olsun və ya bəy istəyir ki, gözəl bir model xanımla evlənsin, ailə qursun. Heç kimi pisləyib, gözdən salmaq olmaz. O da bir ailənin övladıdır, onu da bir ana dünyaya gətirib. İnsanın tərbiyəsi əxlaqı özündən asılıdır. Bu fikirləri hər sahəyə aid etmək olmaz. Görmüsünüz ki, müəllimlər, həkimlər bir-birini pisləsin? Bu sənətdəsənsə, özünə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənin sənətinə hörmət etsinlər. Bu cür fikirlər söyləyən özünü də hörmətdən salır, sənətini də. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?”.

http://

Akademik borcu olmayan tələbə attestasiyadan keçmiş sayılacaq

“Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq”.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq: “Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var ki, tələbə buraxılış işini universitetə təqdim etməlidir. Əgər tələbə buraxılış işini təqdim edib və ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi onu qane etmirsə, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”.

Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı

“Qanunsuz miqrantların saxlanma mərkəzində 42 nəfər var”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mərkəzin nisbətən qapalı olması təmin edilib:

“Həmin 42 nəfərin saxlanma şəraiti yüksək səviyyədədir”.

V.Hüseynov qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizdə qaçqın statusu olan əcnəbilərin müraciətinə baxmaq və statusun verilməsi barədə qərar verməkdir:

“Pandemiya dövründə ölkəmizdə olan bir qrup şəxslərə yardım edilib”.

Fələstin İsrail və ABŞ-la imzaladığı bütün sazişlərdən çıxdı

Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib.

yasamal.tv xəbər verir ki, bu barədə “Al-Cazirə” telekanalının birbaşa yayımında Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas bildirib.

“Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bü gündən ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır”, – Abbas deyib.

Fələstin lideri bü gündən İsraili “Fələstinin işğal edilmiş ərazisindəki işğal qüvvəsi” kimi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımağa çağırıb.(virtualaz.org)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?