Ev Blog Səhifə 3213

Pandemiyanın dünyaya vurduğu ziyanın məbləği AÇIQLANDI

Koronavirus pandemiyası dünyaya 9 trilyon dollar həcmində ziyan vurub. 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

Pompeo qeyd edib ki, bu pandemiya 90 min nəfər amerikalının həyatına son qoyub, martdan 36 milyon amerikalı işini itirib. Bütün dünyada isə 300 min nəfər ölüb: “ABŞ-ın qiymətləndirməsinə görə, koronavirus pandemiyası dünyaya  9 trilyon dollar ziyan vurub”.

Trampla Makron pandemiyadan sonrakı dövrü müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla yaxın vaxtlarda “Yeddilər” sammitinin (Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, AFR və Yaponiya) çağırışını müzakirə edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dirin məlumat açıqlayıb.

Məlumata görə, prezidentlər pandemiyadan sonra ABŞ və Fransanın iqtisadiyyatındakı vəziyyəti müzakirə ediblər.

ABŞ prezidenti tezliklə G7 sammitini çağırmaq arzusunu ifadə edib.

Tramp daha əvvəl bildirib ki, Kemp-Deviddə əyani formatda G7 sammitini keçirmək imkanını araşdırır.

“Space TV”nin yayımı 3 saatlıq dayandırılacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Axşam.az xəbər verir ki, iclasda 11-17 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

İclasda qeyd edilib ki, 13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

“Met Gala 2020” bu tarixdə keçirilə bilər

Mayın 4-də Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində təşkil olunması planlaşdırılan “Met Gala” dəb tədbirinin pandemiyaya görə təxirə salındığı bildirilmişdi.

Axşam.az xəbər verir ki, tədbirin redaktorlarından biri Anna Vintur moda dünyasının ən prestijli gecəsi olaraq bilinən “Met Gala 2020”nin avqustun sonunda keçirilməsi haqda planlarının olduğunu açıqlayıb.

O bildirib ki, hazırda təşkilatçılar bununla bağlı fikirləri müzakirə edirlər.

Qeyd edək ki, “Met Gala”nın builki bilet qiymətləri 35 min dollar olaraq təyin edilmişdi.

Rusiyada koronavirusa yoluxanların sayı 300 mini ötüb

Rusiyada son bir gündə daha 8 764 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 308 705 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 135 nəfər artaraq 2 972-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 85 392 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 699.

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 55 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

yasamal.tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2253 nəfər müalicə olunaraq sağalmış, 43 nəfər vəfat etmiş, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılmışdır.

Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Koronavirus pandemiyası ilə əlaqədar olaraq, “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar”, – məlumatda bildirilir.

“Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.

Bakı-Sumqayıt qatarının hərəkət – Cədvəli

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcək.

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın bəzi təşkilatlarına və rəsmi şəxslərinə sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, iranlılara qarşı insan hüquqlarını ciddi pozduqlarına görə, daxili işlər naziri Əbdülrza Rəhmani Fəzliyə, Qanun Mühafizə Qüvvələrinin (LEF) komandiri Hüseyn Əştəri Fərdə, onun müavini Əyyub Süleymaniyə, Müdafiə və Kəşfiyyat Təşkilatının rəhbəri Möhsün Fəthizadəyə və daha üç nəfər vəzifəli şəxsə, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xuzistan ostanındakı bazasının komandiri, briqada generalı Həsən Şəhvərpur Nəcəfabadiyə, “Bünyad Taavon NAJA” koperativ fondunun rəhbər şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Qeyd olunur ki, LEF-in nəzarət etdiyi adıçəkilən fond İranın enerji, inşaat, xidmət, texnologiyalar və bank sektorlarında aktivlərə malikdir.

Yeni qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq

 

Biliyin qiymətləndirilməsi ilə bağlı əyani təhsil alan tələbələr üçün tətbiq olunan qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq.

yasamal.tv-ın məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib.

“Qiyabi təhsil alan tələbələr daha sərbəst şəkildə işləməyə öyrəniblər və onlar yeni qaydaları da bu şəkildə davam etdirə bilərlər”, – deyən Y.Ömərov əlavə edib ki, artıq Nazirlər Kabinetinin yeni qərarlarından irəli gələn məsələlərlə bağlı təlimatlar ali məktəblərə göndərilib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?