Ev Blog Səhifə 3210

Azərbaycan qaz ixracını 13%-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə qaz satışı 4,6 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur.

Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6% çox, yəni 3,5 mlrd. kubmetr qaz ixrac edilib.Məlumata əsasən, hesabat dövrü Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. kubmetr olub.

“Tokio-2020″ gələn il keçirilməsə, ləğv ediləcək”

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları 2021-ci ilin yayında keçirilməyəcəyi təqdirdə, ləğv ediləcək.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax BBC-yə açıqlamasında deyib. Funksioner bildirib ki, yarışın vaxtını dəyişmək və Oyunların Təşkilat Komitəsində bir neçə min insanı işə götürmək mümkün deyil.

Bax hər il dünyada beynəlxalq federasiyaların iş qrafikini dəyişməyin mümkünsüz olduğunu söyləyib: “Fərqli ssenarilərə hazır olmalıyıq. Tokio-2020 gələn ilin iyulunda olacaq, lakin təhlükəsiz mühitin təşkili üçün əlavə tədbirlər tələb oluna bilər. İdmançılar və olimpiadanın digər iştirakçıları üçün karantin tələb oluna bilər”.

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul – 8 avqusta keçirilib/Report.

May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

yasamal.tv nazirliyə istinadla xəbər verir ki, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi işləri may ayında da davam etdirilib. Bu ay pensiyalarla yanaşı, müavinət, təqaüd və kompensasiyaların da vaxtından daha əvvəl ödənişi təmin olunub.

Xatırladaq ki, bundan əvvəl, mayın 6-15-dək bu ay üzrə bütün pensiyalar vətəndaşların bank hesablarına köçürülüb.

Ukraynada daha 476 nəfərdə koronavirus aşkarlanıb

Ukraynada daha 476 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 19 706-ya çatıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 579-a yüksəlib.

İndiyədək Ukraynada 6 227 nəfər koronavirusdan sağalıb.

Əbülfəs Qarayev işdən çıxarıldı – Sərəncam

Prezident İlham Əliyev Ə.M.Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

yasamal.tv sərəncamın mətnini təqdim edir:

“Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin”.

“Azəriqaz” bayram günlərində işləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramındakı qeyri-iş günlərində müştəri xidmətlərinin göstərilməsini davam etdirəcək.

“Azəriqaz”dan verilən məlumata görə, may ayının 23-dən sonra “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri bayram həftəsi ərzində işləmədiyi üçün Birlik müştəri xidmətlərini qeyd edilən tarixlərdə (24, 25, 26, 27, 28, 29 və 30 may) Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim edəcək.

Bayram həftəsində abonentlərin aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq:

itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi.

Sabahın hava proqnozu – 22 may

Bakıda və Abşeron yarımadasında mayın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

yasamal.tv bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu rayonlara yeni icra başçısı təyin olundu

Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

yasamal.tv xəbər verir ki, Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.

***

Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rusiya ABŞ-la Çin savaşının ortasında qalıb – Təhlil

Kremlin antiçin kampaniyasına qoşulma cəhdi “Asiya əjdahası”nı qəzəbləndirib.

Andrey Piontkovski

“Obozrevatel”, Ukrayna, 18 may 2020-ci il

SARS-CoV-2 pandemiyasına görə Çinin məsuliyyəti böyükdür. Birincisi, Çinin kommunist rəhbərləri efiopiyalı marksist Qebreisusla birlikdə epidemiyanın miqyasını şüurlu şəkildə gizlədib və dünyanı əmin ediblər ki, koronavirus insandan insana keçmir. Özü epidemiya ilə parlaq şəkildə mübarizə aparan Tayvanın çarəsiz xəbərdarlıqları Qebreisus tərəfindən nəzərə alınmayıb. Onun sinfi şüuruna görə, Tayvan Çinin üsyankar əyaləti olub.

Bundan əlavə, kifayət qədər tezliklə aydın olub ki, “dinc virus”, zamanında Çernobıl AES-in 4-cü blokundan sızan “dinc atom” kimi, 2019-cu ildə xanım Şi Çjenlinin rəhbərlik etdiyi Uhan Virusologiya İnstitutundan yayılıb. Bu, başı öz sınaqlarına qarışmış olan alimlərin peşmançılıq törədən diqqətsizliyidir.

“Smoking gun” (“Tüstülənən pistolet”) – Şi Çjenli və onunla birlikdə Şimali Karolina Universitetində işləyən həmkarlarının məqaləsi (“A SARS-like cluster of circulating bat coronaviruses shows potential for human emergence”) “Nature Меdicine” elmi jurnalının səhifələrində (“Nature Меdicine” 21, 1508–1513, 2015) ortaya çıxdı. Burada müəlliflər peyğəmbərcəsinə bildirmişlər ki, “Biz gələcəkdə təhdid təşkil edə biləcək hibrid virus yaratdıq” (“We generated chimera virus which may pose future threats”).

Şi Çjenlinin həmkarları ilə birlikdə yaratdığı hibrid virus (chimera virus) irsi olaraq, onların bu uğurlarını elmi ictimaiyyətə fəxrlə təqdim etdiyi kimi, özünün hər iki “valideynindən” faydalı xüsusiyyətlər, SARS-dan insanlara yoluxma qabiliyyəti, insanlar üçün zərərsiz olan yarasa koronavirusundan isə SARS-a nisbətən çox böyük olan yayılma sürəti alıb.

Bu qədər təhlükəli olan tədqiqatlar ABŞ-da qadağan edilib və 2015-ci ildə elmi kollektivin bir hissəsi bütün işçi materiallarla birlikdə Uhana gedib. Və onlar burada öz tədqiqatlarını artıq Çin Elmlər Akademiyasının institutunda, Şi Çjenlinin rəhbərlik etdiyi laboratoriyada davam etdiriblər. Təhlükəli hibrid virus da azadlığa bu laboratoriyadan çıxıb.

Bu ilin mart və aprel aylarında ABŞ-ın və digər Qərb dövlətlərinin liderləri pandemiyaya görə Çinin məsuliyyət daşıması məsələsini daha sərt şəkildə qaldırmağa başladılar.

Çinə “böhtan atanlara” yönəlik qəzəbli məzəmmət isə 15 apreldə özünəxas parlaq obrazlı tərzdə RF Xarici işlər naziri Lavrovdan gəldi: “Bu, qətiyyən yolverilməzdir. Hamını özünüz kimi qiymətləndirmək lazım deyil. Qərbli həmkarlarımızın bütün hədləri və ləyaqəti aşan belə düşüncələrindən adamın başında tüklər tikan-tikan olur ”.

Çinin məsuliyyəti haqqında gedən diskussiyalar gözlənilmədən Kremlin təbliğat kanallarına keçdikdən sonra cənab nazirin başındakı tüklərin necə olması haqqında yalnız təxminlər irəli sürmək olar. Cəmi iki gün ərzində orada gedən diskussiyalar bütün hədləri və ləyaqəti aşdı. V. Solovyevin 20 apreldəki proqramı isə apofeoz oldu.

Birincisi, əfsanəvi Şi Çjenlinin “Nature Меdicine” elmi jurnalında nəşr olunan məşhur elmi məqaləsinə istinad edilməklə, ilk dəfə olaraq Rusiyanın geniş tamaşaçı kütləsinə süni koronavirusun (potentialfor humanemergence) 2014-cü ildə yaradılması, bu tədqiqatların ABŞ-da qadağan edilməsi, xanım Şi başda olmaqla, elmi heyətin bir hissəsinin Uhana köçməsi haqqında geniş danışıldı.

Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Aleksey Maslovun çox qiymətli şəhadəti isə bütün gələcək beynəlxalq təhqiqatlar və məhkəmə prosesləri üçün həqiqi sensasiya oldu. Maslov nomenkulaturanın 1 №-li çinşünasıdır, RF Prezidentinin Çin səfərləri zamanı daima nümayəndə heyətinə daxil edilir, Rusiya və Çinin dərin strateji tərəfdaşlığı ideyasını izah və təbliğ edərək, tez-tez televizorda gözə dəyir. Lakin 20 apreldə biz qocaman çinşünasın “Susa bilmərəm!” stilində olan etirazını, onun Çinin ünvanına söylədiyi çoxsaylı ittihamları eşitdik. Bu ittihamlar trampların, consonların bəyanatlarından daha sərt və konkret idi: “Görünən odur ki, sızma Uhan laboratoriyasından baş verib, Çin çoxdandır ki, virusun insanlara aşılanması da daxil olmaqla, orada aparılan təhlükəli təcrübələri maliyyələşdirir. Laboratoriyada ölüm səviyyəsi çox yüksəkdir. Uhanda karantin öncə Şi Çjenlinin laboratoriyasının, sonra bütün Virusologiya İnstitutunun blokadaya alınmasından başlayıb və yalnız ondan sonra şəhərə tətbiq edilib”.

Bu, nə idi? Belə səviyyədə olan bir məmur (Maslov, hər şeydən öncə, məmurdur) informasiya qoşunlarının qruppenfürerinin simvolik verilişində icazəsiz, üstəlik, yuxarıdan birbaşa göstəriş olmadan, bizim Çinlə olan “qardaş münasibətləri”nin kontekstində, küfr olan belə şeyləri dilə gətirə bilməzdi. Əks halda, onların hər ikisi indi güllələnmiş və ya daha pisi, müalicə prosesində Çində istehsal olunmuş süni tənəffüs aparatına qoşulmuş olardı.

Ancaq 20 apreldən sonra Çinin məsuliyyəti məsələsi Rusiyanın rəsmi KİV-lərində bir daha görünmədi. Maslov mütəmadi olaraq ekranda görünür, lakin əvvəllər olduğu kimi, yalnız siyasi baxımdan korrekt olan paradiqma (“Moskva-Pekin, xalqlar birgə irəliləyir, Putin və Şi bizi eşidir, bizi eşidir…”) çərçivəsində danışır.

Aprelin 15-i ilə 20-si arasında və 20-sindən sonra nə baş verdiyini anlamaq üçün Rusiya-Çin münasibətlərinin ümumi kontekstinə diqqət edək.

Rusiyanın postkommunist hakimiyyəti ötən əsrin son çərəyində ardıcıl şəkildə və ürəkdən, birtərəfli qaydada Çinə strateji güzəştə gedib. Bunu dünya tarixinin misilsiz geopsixoloji fenomeni adlandırmaq olar. Çinlilər Soyuq Müharibədə məğlub olmaları, dünya supergücü statusunu itirmələri və imperiyanın dağılması nəticəsində hikkəli rus siyasi “elitası”nda yaranmış olan dərin kompleksdən öz maraqları naminə mükəmməl formada istifadə etdilər.

Hakimiyyət və hakimiyyətətrafı dairələrdə birdən dəb halına gəlmiş olan “avrasiyaçılıq” ideoloji baxımdan ikinci dərəcəli idi, Qərbdən inciklik funksiyası daşıyırdı və Rusiya “elitası” üçün Qərblə münasibətlərin böhranlı günlərində psixoloji döşəkcə rolunu yerinə yetirirdi. Blokun (rus şairi Aleksandr Blok – tərc.) qıyıq və ac gözlü skifləri asiyalı sifətləri ilə döndükləri, onlar üçün əbədi cazibə və nifrət yeri olan Qərbi qorxutmağı və şantaj etməyi çox istəyirdilər. Tədricən maska (yeri gəlmişkən, müasir Asiya ilə heç bir ortaq cəhəti olmayan) artdı və Rusiya “elitası”nın heç bir sifəti qalmadı.

Çinlilər bütün bunların hamısını gözəl başa düşür və rus oyunlarına pessimist, eyni zamanda qaçılmaz dozada iltifatlı və təkəbbürlü ikrahla işgüzar yanaşırdılar.

İllər ötdü. Rus pasiyentin ağır ruhi xəstəliyi əhəmiyyətli dərəcədə şiddətləndi. “Qərbdən inciklik”, “Qərblə qarşıdurma” tədricən böyüyərək pravoslav-oğru cüdoxeriyasının (Putin rejiminə verilən adlardan biri – tərc.) dekadent anqlo-sakson dünyası ilə tammiqyaslı hibrid müharibəsinə çevrildi. Uyğun olaraq, bizim Karpat dağlarından enən, özünün əlavə ruhanilik xromosomunu havada yelləyən aryan tayfamızın Çindən yalnız psixoloji deyil, artıq siyasi və iqtisadi asılılığı da artdı.

24 may 2014-cü ildə ÇXR Sədrinin müavini yoldaş Li Yuançao, Sankt-Peterburq iqtisadi forumunda şimallı barbarların rəhbərinə birbaşa müraciət edərək bəyan etdi: “Sizin əraziniz böyük və zəngindir. Ancaq burada qayda-qanun yoxdur. Əməksevər Çin xalqı gələcək və özünün Səma Nizamını təsis edəcək”.

Pekin hələ ki, RF-nin Yeni Nizam qarşısında formal təslim olması məsələsində təkid etmir, çünki mövcud Rusiya administrasiyası Uzaq Şərq və Sibirdə qalib dövlətlə aktiv, səmimi və məhsuldar əməkdaşlıq edir, Səmalar İmperiyasının “həyati maraqlar zonası”nın planlı şəkildə genişləndirilməsinə şərait yaradır. Çin bu gün Rusiyadan “qabaqcıl iqtisadi inkişaf zonaları”nı həzm etmək üçün ona lazım olan hər şeyi alır.

Proses geridönməz xarakter alır və (Pekin tərəfindən seçilən) hansısa bir anda xammal əlavəsilə metropoliyanın qardaş əməkdaşlığının parametrləri hüquqi baxımdan da sənədləşdiriləcək. 1689-cu ildə imzalanmış Nerçin sazişinə əsasən, Orta Krallığa aid olan torpaqlar, istənilən halda, tarixi Vətənin tərkibinə qayıdacaq. Çinin həyati maraq dairəsinə daxil olan digər ərazilər, bu və ya başqa formada, ona dost olan subyektlər kimi institutlaşdırılacaq.

Rusiya “elitası” Çinin araba karvanından öz arıq yumruğu ilə lovğa pindosları (burada “pindos” ifadəsi Rusiyada amerikanlara verilən aşağılayıcı ad mənasında işlədilir – tərc.) hədələyərək, “Biz böyük Çinlə birlikdə 1,5 milyardıq!” deyərək, özünün doğma Yuan İmperiyası limanına tarixi dönüşünü dərin məmnunluq hissilə qəbul edir.

Məmur Aleksey Maslovun 4 dəqiqəlik həqiqət anları yalnız, eyni zamanda heç o qədər də koronavirusla bağlı deyildi. Bu, Rusiyanın hakimiyyət zirvəsində olan hansısa aktyorların Böyük Qardaşın boğucu qucaqlamasından son anda qurtulmaq üçün çarəsizlikdən etdiyi bir cəhd idi. İstinad edilən videoçarxa mütləq baxın, görün, Maslov bu 4 dəqiqədə necə danışır. Ölkədə Rusiya-Çin münasibətlərinin həqiqi mahiyyəti haqqında ən məlumatlı və bu saxta münasibətlər sistemində çoxdan yer almış olan bu adam çiyinlərini geniş açaraq, sanki hər gün söylədiyi, adiləşmiş yalanların böyük yükünü üzərindən ataraq, ona həvalə edilən mətni emosional yüksəlişdə, açıq görünən məmnunluqla tələffüz edir.

Növbəti gün naməlum nüfuzlu fiqurların RF-nin intiharçı xarici siyasət kursunu dəyişmək üçün etdiyi ötkəm cəhdin qarşısı Pekindən ən yüksək səviyyədə gələn kəskin çımxırıqla qətiyyətlə alındı.

Antimilli, tamamilə korrupsiyalaşmış, dəyərsiz və bayağı, Rusiyanın ləyaqətini təhqir edən Putin rejiminin getməsi üçün minlərlə səbəb vardır. Lakin tək elə birincisi yetərlidir, bu rejim Rusiyanı ləğvetmə komissiyasıdır.

Tərcümə Strateq.az

“Neftin qiyməti 50-55 dollara qalxacaq” – Ekspert

Londonun “ICE Futures” birjasında keçirilən növbəti hərrac zamanı “Brent” markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil edib.

Bildirək ki, bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36 ABŞ dollarından yuxarı olub. Həmin tarixdən sonra qiymətdə kəskin düşüş yaşanıb və nəhayət, may ayının 1-də iyul ayı fyuçersləri bir barel üçün 27.05 dollara qədər yüksəlib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, artım ciddi fundamental faktorlarla bağlı deyil, qısa müddətli artımdır. Çünki bazarın tənzimlənməsi ilə bağlı nəticələr yüksək səviyyədə deyil: “Hələ də dünya enerji bazarlarında neft məhsullarına olan tələbat kəskin şəkildə aşağı düşür. Artıq neft məhsullarında istehlahlakla bağlı ən böyük zərbə reaktiv yanacağa dəyib. 2019-cu ilin statistik göstəricilərinə görə, dünyanın gündəlik reaktiv yanacağa tələbatı 7.5 milyon barrel civarındadır. İndi 35 faizdən çox aşağı düşüb. Analoji fikri eyni zamanda yol nəqliyyatı yanacaq növlərinə də aid etmək olar. Burada söhbət A-93, A-95,A-98 markalı benzin növlərindən gedir. Ümumiyyətlə, tələbat ötən illə müqayisədə xeyli aşağıdır. 2019-cu ildə müxtəlif markalı avtomobil benzinlərinin gündəlik qlobal tələbatı 47 milyon barrel idisə, indi bu 40 milyon barreldən aşağı düşüb”.

Ekspert qlobal neft bazarlarının tənzimlənməsi üçün lazım olan faktorlardan da söz açıb: “Birincisi, tələb-təklif prinsipinin tənzimlənməsi, yəni balansın formalaşmasıdır. İkinci mühim məsələ qlobal neft bazarlarında yüngül və ağır neftin balansının qorunub saxlanmasıdır. Üçüncü isə dünya bazarlarında neft məhsullarının balansının qorunmasıdır. Bu faktorlar düzgün tənzimlənməsə, neftin uzun müddətli sabit qiymətinə və bazarda uzunmüddətli balansın formalaşmasına nail olmaq çox çətin məsələdir. Ona görə də indiki dövrdə qarşıdakı aylarda neftin qiymətində hər hansı bir yüksək artımların mövcud olacağından danışmaq hələ tezdir”.

Zəfər Vəliyev hazırda neftin qiymətinin artmasına səbəb olan amili də diqqətə çatdırıb: “İndi neftin qiymətinin və yaxud hasilat həcmlərinin artmasına təkan verən əsas səbəblərdən biri anbar mərkəzlərində sərbəst güclərin məhdudlaşmasıdır. Ona görə də ilk olaraq anbar mərkəzlərində, daha sonra boru kəmərlərində kifayət qədər sərbəst güclər formalaşmalıdır. Bu prosesdən sonra neftin qiymətində hər hansı artımın müşahidə olunacağından söhbət aparmaq olar. Mövcud artım bir məsələ ilə bağlıdır. Bu məsələ mayın 1-dən başlayaraq OPEC və OPEC kənar dövlətlərin kəsintilərlə bağlı götürdükləri öhdəliklərə əməl etmələridir. İkinici dəstəkverici amil isə Vyana sazişindən kənar dövlətlərdə təbii azalmaların müşahidə edilməsidir. Məsələn, ABŞ-da 2019-cu ilin sonunda və 2020-ci ilin yanvarında sutkalıq neft hasilatı 13.2-13.3 milyon barrel idisə, indi 1.8 milyon barrel azalma müşahidə olunur. Eyni zamanda ABŞ-da son iki ayda ilk dəfədir ki, kommersiya təyinatlı neft ehtiyatlarında 5 milyon civarında azalma müşahidə olunur. Amma bu azalma gərək neftin qiymətinə təsir etməyəydi. Çünki ABŞ-da kommersiya təyinatlı neft ehtiyatları idxal həcmləri hesabına formalaşır, nəinki ölkə daxilindəki hasilat həcmləri hesabına… Ona görə də ABŞ-da kommersiya təyinatlı neft ehtiyatlarında azalma müşahidə olunur. Lakin həm benzin ehtiyatları, həm də ağır və orta ağır distillat ehtiyatlarında hardasa 6 milyon barrelə yaxın artma müşahidə olunur. Dünyada ən böyük neft istehlakçısı ABŞ-dır. Əgər bu ölkədə ağır və orta ağır distillatların artımı müşahidə olunursa, deməli, neftə olan tələbat bu ölkədə hələ də yüksək səviyyədə deyil. Ağır və orta ağır distillatlara müxtəlif markalı mazut və dizel yanacağı aiddir. Üstəlik, ABŞ-da mövcud neft emalı güclərinin gündəlik xammalla yüklənməsi 2019-cu ilin sonu və 2020-ci ilin əvvəli ilə müqayisədə təxminən 40 faizdən aşağıdır. Bu faktorlar neftin qiymətinin qısa müddətdə sıçrayışlarla qalxmasına əngəl törədir”.

Həmsöhbətimizin sözlərinə görə, qlobal ümumi daxili məhsulun artım tempi aşağı düşüb: Hazırda koronavirusla bağlı həm istehsal, həm də işgüzar aktivlik kəskin aşağı düşüb. Neftə olan tələbat çox aşağıdır. Son dövrlər Çində idxal həcmləri artır, bazar buna müsbət reaksiya verir və qiymətlər yuxarı qalxır, amma bunun da əvvəl –axırı olmalıdır. Çünki indiki qiymətlər fonunda Çin idxal həcmlərini artıracaq. Amma Çin gündəlik idxal həcmlərinin təxminən 20 faizini strateji və kommersiya ehtriyatlarının formalaşmasına yönəldir və əgər belə davam edərsə, ilin sonunda mütəxəssislərin və müstəqil şirkətlərin rəylərinə görə, Çində kommersiya və strateji neft ehtiyatları da sərbəst şəkildə tükənəcək. Belə olan təqdirdə təbii ki, neftin qiyməti təzədən aşağı düşməlidir”.

Ekspert vurğulayıb ki, baş verənlərə baxmayaraq, iyun ayında da bazar düzgün tənzimlənərsə, qiymətlərin ilin sonunadək 35-36 dollar civarında qalması mümkündür: “Neft bazarları üçün ən çətin dövr aprel, may, iyun aylarıdır ki, artıq aprel ayı gedirə qalıb. Son 50-60 ildə neft bazarları ən çətin dövrünü məhz 2020-ci ilin aprel ayında yaşayıb. May ayının 1-dən etibarən isə artıq biraz normal vəziyyət formalaşdı. Bildirim ki, Səudiyyə Ərəbistanı 1 milyon, Küveyt 80 min və BƏƏ 100 min barrel kvotadan əlavə kəsintiyə də gedəcək. İyun ayında da bazar düzgün tənzimlənərsə, onda qiymətlərin ilin sonunadək 35-36 dollar civarında qalması mümkündür. Ola bilər yay aylarında qiymət artımı müşahidə olunsun. Amma artım qısa dövrü əhatə edəcək, çünki ehtiyatlarda kifayət qədər neft həcmləri mövcuddur. İqtisad İnkişaf və Əməkdaşlıq Təşkilatını üzvü olan dövlətlərin aktivlərində hazırda 3 milyard barreldən yuxarı neft ehtiyatları var. Hələ belə bir statistik göstərici son 5 ildə müşahidə edilməyib. Bunlar birinci bazar tərəfindən həzm edilməli, hasilat və ixrac həcmləri tənzimlənməlidir. Uzun müddətli balans formalaşdıqdan sonra qiymət artacaq. Gələn il ola bilər ki, qiymətlər 50-55 dollara qədər qalxsın. Amma indiki dövrdə qiyumətin 40-45 dolları keçməsi biraz ağlabatan deyil”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?