Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri – Şabran abidələri

19

“Çıraqqala-Şabran”DövlətTarix-Mədəniyyət Qoruğu Direktor Müavini Günel Pirquliyeva

Xülasə: “Azərbaycanın Tarixi Yerləri və Mədəni İrs Abidələri”-“Şabran .
Abidələri” başlıqlı məqalə dörd hissədən ibarətdir. Şabran
rayonun beynəlxalq əhəmiyyətli abidələrinin hazırkı vəziyyəti
haqqında qısa və öz məlumat verilir.Restovrasiya işlərindən
bəhs olunur.

Summary: “Historical Places of Azerbaijan and Cultural Heritage Monuments”-
-“Shabran Monuments” headline article consists of four parts.Short
information is given about the current state of monuments of the
international importance of the Shabran region.Restoration work is
discussed.

Abstract: “Azərbaycanın Tarixi Yerləri və Mədəni İrs Abidələri”-“Şabran
Abidələri” məqaləsində Şabranın beynəlxalq və yerli əhəmiyyətli
abidələrinin tarix elminə verdiyi töhvədən bəhs olunur.

1.–Ümummilli lider H.Əliyevin rayon abidələrinə diqqət və qayğısı
2.-Çıraqqala abidəsi
3.-Şabran abidəsi
4.-Digər maddi mədəniyyət abidələri

Məqalə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şabran abidələrinə göstərdiyi diqqət və qayğısı ilə başlamışdır. Müəyyən yarımbaşlıqlarla məqaləyə davam edilmişdir. Çıraqqala abidəsi, Gil-gilçay İstehkamlar kompleksi, Şabran abidəsi, Pir Xəlil Türbəsi haqqında qısa məlumat verilmiş, əhəmiyyəti, tarixiliyi göstərilmişdir.

Abstract: :“Historical Places of Azerbaijan and Cultural Heritage Monuments”-“Shabran Monuments” the article discusses the contribution of Shabran’s monuments of international and local significance to the science of history.

1.Attetion and care of National Leader Heydar Aliyev to the monuments of the region.

  1. Chiraggala monument
  2. Shabran monument
  3. Other material cultural monuments

The article began with the attention and care shown to the Shabran monuments by the Great Leader Heydar Aliyev and Ilham Aliyev. The article was continued with certain sub-chapters.Short information was given about the Chiraggala monument, Gil-Gilchay Fortifications Complex, Shabran monument, Pir Khalil Tomb, its importance, history were shown.

Açar sözlər: abidə, Şabran rayonu, Çıraqqala, “Qədim Şabran şəhəri”
Key words: monument, Shabran district, Chiraggala, “Anicient Shabran city”

Azərbaycan tarixinin dəyərini bilən ümmummilli lider H.Əliyev ölkəmizin tarixi irsinin və Azərbaycan xalqının memarlıq ənənələrinin mühüm nümunələrdən olan Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri, o cümlədən də Çıraqqala və Şabran şəhəri tarixi abidələr komplekslərinə hər zaman diqqət və qayğısını əsirgəməmişdir. Hətta 1983-cü ildə Ulu öndərimiz H.Əliyev Şabran abidəsində olmuş və orada gedən qazıntı işləri ilə yaxından tanış olaraq bu abidə haqqında öz fikirlərini bildirmişdir.(2) Bu tarixi abidələrin gələcək nəsilllər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədi ilə bir sıra sərəncamlar imzalamışdır.Həmin sərəncamlara əsasən, “Çıraqqala” tarixi kompleksi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamına əsasən tarixi qoruq elan edilmişdir.

“Şabran şəhəri” tarix və mədəniyyət abidəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamına əsasən tarixi qoruq elan edilmişdir. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamına əsasən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edildi. (7) İndiki Şabran kiçik şəhər olmasına baxmayaraq özündə bir çox abidələrin tarixini yaşadır. Bu abidələrdən 7-si “Çıraqqala Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə daxildir.Onlardan ikisi memarlıq (Çıraqqala,Gil-Gilçay səddi) biri isə arxeoloji (Qədim Şabran Şəhəri) dünya əhəmiyyətli hesab edilir. Bu üç ən böyük abidədən başqa , yerli əhəmiyyətli abidələr olan Pir Xəlil Türbəsi, Şəhərgah və yeni aşkar olunmuş Çaraqqala, Qədim Qəbirstanlıq kimi abidələri də mövcuddur.
Çıraqqala abidəsi: Şabran rayonu ərazisində yerləşən Çıraqqala qalası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. Böyük İpək Yolunun qorunması məqsədini daşıyan Gilgilçay müdafiə divarlarının ən yüksək nöqtəsi olan, dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən “Çıraqqala” tarixi abidəsi Azərbaycanın ən qədim abidələrindəndir. Təməli V-VI əsrlərdə Sasanilər tərəfindən qoyulmuş bu qala, müdafiə məqsədi güdürdü. Amma qədim mənbələrdə həmin tarixin daha əvvəllərə aid olduğu qeyd edilir. Əsasən müdafiə məqsədi ilə ucaldılmış bu unikal sənət əsəri öz möhtəşəmliyini bu gündə qoruyub saxlaya bilmişdir. Hündürlüyü təxminən 150 metr olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən düzbucaqlı formasında tikilmişdir. Çıraqqala mərkəzi qala daxil olmaqla 17 bürcdən ibarətdir.Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Bütün qala divarı boyu keşikçilərin daldalanması üçün mətəristlər,müdafiə istehkam qurğuları indi də qalmaqdadır. Qalanın özünəməxsus zindan həbsxanası və ərzaq saxlamaq üçün buzxana anbarı qalmaqdadır.

Məşhur Gil-Gilçay səddinin mərkəzi hissəsində yerləşən bu möhtəşəm qala nadir sənət incisidir.Qala qapısından bir az aralı ortalıqda tağbənd örtəmli ovdan-su anbarı yerləşir.Buradakı saxsı borulardan və başqa əlamətlərdən görünür ki, su bu ovdana uzaq dağ çeşmələrindən yığılıb süzülürdü.Mərkəzi qala həm də müşahidə, siqnal və işarə vermək üçün münasib yerdə ucaldılmışdır. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. Burada dayanan əsgərlər bir tərəfi Dəmirqapı Dərbənddən, bir tərəfi Beşbarmaq səddinəcən dəniz sahili boyu 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya bilirmişlər.Zaman keçdikcə Çıraqqala təbiətin şıltaqlıqlarına məruz qalmış, bəhs olunan 17 bürcdən bu günümüzə 3 bürc gəlib çatmışdır.

Mədəniyyət sahəsinə və xüsusilə də tarixi mədəniyyət abidələrinə yüksək diqqət göstərən ölkə prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 № li Sərəncamına əsasən Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi üçün vəsait ayrılmışdır.01 may 2019-cu il tarixdən həmin Sərəncama əsasən Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılmış və hal-hazırda da bərpa-konservasiya işləri müvəffəqiyyətlə davam etməkdədir. Hazırda əvvəlki görünüşünü saxlamaqla qalada xeyli işlər görülmüşdür. Bərpa-konservasiya işləri aparılarkən qala ərazisində torpaq qazma zamanı müxtəlif formalı eksponatlar tapılır.Sonuncu dəfə tapılan eksponatlar təkcə quruluş baxımından deyil, tərkibinə görə də bir-birindən fərqlənir.Bu fərqlilik arxeoloqların da diqqətini cəlb etmişdir.Ən son olaraq təmir-bərpa konservasiya işləri zamanı baş bürcün içərisində yerləşən buzxanadan xəncər, bundan əlavə baş bürcün qarşısında yerləşən 15-16 cı bürclərdə yerləşən otaqlardan müxtəlif ölçülü daş parçaları, saxsı su borusunun hissələri aşkar olunmuşdur.17-ci bürcdən böyük yazılı daş tapılmlışdır.Bu daşlar adi daşlar deyil.Daşların üzərindəki yazılar ərəb əlifbasına oxşasada deyilənlərə görə ərəb dilində yazılmamışdır. Bu yazılar yeqinki nəyinsə göstəricisidir.Ümid edirik ki, yaxın zamanlarda bu tapılan eksponatların dəqiq yaşı və üzərlərində yazılan yazıların mənaları labaratoriyalarda analiz ediləcək və bizə dəqiq dolğun məlumat veriləcək.Bununla da biz öz tarixi keçmişimizi deqiq bilmiş olarıq və özümüzdən sonra gələn nəsillərə abidələrimiz barədə dəqiq dolğun məlumat verərik.

Gil-gilçay İstehkamlar Kompleksi: Erkən feodalizm dövründə Qafqaz Albaniyasında köçərilərin hücumunlarının qarşısını almaq üçün tikilən müdafiə sədlərindən ən möhtəşəmi indiki Siyəzən və Şabran rayonu ərazilərindəki “Gil-gilçay” müdafiə istehkamıdır. Gil-gilçay səddi Dərbənd keçidində tikilmiş “Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Ümumi uzunluğu 120 km, divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. “Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır.Bu sədd dənizdən başlayaraq Çıraqqalaya qədər uzanır. Sədd çiy kərpic və yonulmamış daşlardan hörülmüşdür.

Çin səddindən sonra ikinci olan, Sasani hökmdarı I Qubad tərəfindən əsası qoyulmuş mərkəzi Çıraqqala olmaqla “Abzud-Kavad” (Uzun divarlar) adlanan “Gilgilçay” müdafiə səddi nadir sənət incisidir.
Tədqiqatçı alim Əsgər Əliyev öz araşdırmalarında tarixçi K.V.Treverə əsaslanaraq qeyd edir ki, “Gil-gilçay” müdafiə səddi II Yezdəgirdin vaxtında tikilmişdir. Bəlkə də Şahənşah Firuzun ( 459-484-cü illər ) vaxtında tikilib başa çatdırılmışdır. A.Bakıxanov məşhur “Gülüstani-İrəm” kitabında qeyd edir ki, bu sədd “ dənizdən başlayıb Əlixanlı (Alğonlu) kəndinin üst tərəfindən keçərək Çıraq qalasına bitişir. Oradan da üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaq kəndin üstündən Baba dağına doğru gedir. Fransız rahibi Vilhelm Rubruk ( XII əsr ) “Gil-gilçay” səddi haqqında yazır ki, biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən səddi gördük. Babadağa qədər sədd divarlarının hündürlüyü 5-7 metr, bəzi yerlərdə 7-11 metrə, eni isə 30-35 metrə qədərdir.Bu böyük uzun səddin mərkəzində iki böyük şəhər – qala yeri diqqəti cəlb edir.

“Gil-gilçay” səddi dörd hissədən ibarət olmuşdur. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılmışdır. Səddə ən böyük bürcün hündürlüyü 4,7 metr,eni isə7,2 metrdir.Bürc və divarlar əsasən,yonulmamış daşlardan tikilmişdir. “Gil-gilçay” səddi haqqında məlumatlar və arxeoloji tədqiqatlar göstərir ki, kaspi və alban tayfaları çox böyük miqyaslı belə tikilinin on illər, bəlkə də yüz illər boyunca tikib başa çatdırmışlar. Şabran abidəsi: Şabran əsasi Sasani şahı Xosrov Ənuşirvan tərəfindən qoyulan Azərbaycanın şimal-şərqində yerləşən hərbi-strateji, iqtisadi və mədəni əhəmiyyətə malik bir şəhər olmuşdur.

Şabran şəhəri Azərbaycanın möhtəşəm qədim şəhərlərindən biri olmuşdur. Şamaxı yüksələnədək Şabran şəhəri Şirvanşahlar dövlətinin paytaxtı idi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olmuşdur. 5 əsrə aid olan şəhər Şabran rayonu Şahnəzərli kəndi ərazisində yerləşir.Şəhər Abşeron yarmadasından Dərbənd keçidinə aparan karvan yolu üzərində yerləşir.

Şabran həmin tarixi yerdir ki, adından neçə-neçə görkəmli şəxsiyyətləri, dövrünün səyyah və elçilərin: Əl-Kufi “Kitab əl-Fütuh”, Əl-Bəlazuri “Kitab Fütuh əl-Buldən”, “Əl-İdrisi”, Həmdullah Qəznəvi “Nuzhat əl-muştaq”, İbn-Əl-Əsir “Əl kamil fir-t-tarix”, Yaqut Əl Həmavi “Mucam Əl-Buldan”, Əl –İstəxri “Məmləkətlərin yolları”, Övliya Çələbi “Səyyəhatnamə” və d. əsərlərində bəhs edilmişdir. Şabranın adı bəzi mənbələrdə müxtəlif formalarda Şaburan, Sabiran, Şapuran, Saturan, Saparan formalarında verilməsinə baxmayaraq şəhərin əsil adı Şabran kimi qalmış, həmin Şabran sözünün mənası Şab-gecə qaranlıq, ran-məkan mənasını verir. Sara Aşurbəyli “Şirvanşahlar dövləti” adlı əsərində mənbələrə əsasən Şabran şəhərinin Sasani şahı tərəfindən salındığını, Şabran 1124-cü il gürcü səlnaməsində qeyd olunduğu adı Şəbəran kimi də verilməsindən bu adın mənasının Şapur İran adı ilə uyğunluğundan bəhs edir.(450)
Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.(2)

Şabran şəhər yeri XVII əsrin sonlarına qədər orta əsr Azərbaycan üçün mühüm mədəni-iqtisadi və hərbi-strateji mərkəz rolunu oynamışdır. Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin sonlarında tarix səhnəsindən silinmişdir. Monqol işğalları zamanı həm şəhər, həm də onun ətrafında olan yaşayış yerləri tənəzzül etməyə başlamışdır.Lakin belə strateji mövqedə yerləşən şəhərin hansı səbəbdən tənəzzül etməsi hələ də tam şəkildə aydın deyil.Xatırladaq ki, böyük Azərbaycan şairi Əfzələddin Xaqani (XII əsr) Şirvanşah Əxistanın qəzəbinə düçar olanda Şabran qalasında həbsə atılıb və məşhur həbsiyyə əsərini burada yazmışdır.

Keçən əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən elmi tədqiqatlar və 5000 kvadrat metrdən çox ərazidə aparılan arxeoloji qazıntılar xalqımızın maddi və mənəvi mədəniyyətini əks etdirən zəngin arxeoloji materiallar əldə etməyə imkan vermişdir. Şabran şəhərinin tarixi mənbələrdə göstərilən 12 qalasından ikisi, atəşpərəstlər məbədi, zərbxana, həbsxana, XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq məhəllələri, 3000-ə qədər numizmatika nümunəsi, arxeoloji ədəbiyyatda analoqu əks etdirilməyən yeni arxeoloji tapıntılar üzə çıxarılmışdır.

1980-ci ildə isə AMEA tarix İnstitutunun təşkil etdiyi Şirvan-Şabran stasionar arxeoloji ekspedisiyasının əsas tədqiqat obyekti məhz orta əsr Şabran şəhər yeri olmuşdur.Qazıntılar nəticəsində şəhərin yaşayış evlərinin strukturunu da müəyyən etmək olmuşdur.Belə ki, onların hamısının bünövrəsində lay daşları olmuş və bişmiş kərpicdən tikilmışdir.
Azərbaycanda IX əsrə aid kanalizasiya sistemi ilk dəfə Şabranda açılmışdır. Daş və kərpicdən hörülmüş bu qurğu şəbəkəli və örtülü olmuş, şəhərin mərkəzi məhəlləsi çay ilə birləşmişdir. Şabranlalılar IX-XII əsrlərdə 14 km məsafədən xüsusi tünglər vasitəsilə şəhərə bulaq suyu gətirmişlər. Şirvanşahlar dövlətinin ailə sərdabəsi, zindan həbsxanası və zərbxanaları Şabran şəhərində olmuşdur. Şabran qızılın əyarının müəyyənləşdirilməsində istifadə olunan məhək daşı ilə məşhur olmuşdur. Şəhərin 70 məhəlləsi və hər məhəllənin özünün məscidi olmuşdur.
Aparılan qazıntılar zamanı əldə edilən maddi mədəniyyət nümunələrindən bəlli olur ki, Şabran şəhərində sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdir.Burada şirsiz və şirli saxsı qablar hazırlanırdı.Sənətkarlığın çox mühüm sahələrindən biri şüşə istehsalı da Şabranda inkişaf etmişdir.Şabran öz çörəyi, düyüsü, və digər məhsulları ilə məşhur olmuşdur. Şabran şəhərindən dünya bazarlarında yüksək qiymətləndirilən ipək və yun parçalar, xalçalar, boyaq maddələri ixrac edilirdi.Tədqiqatçılar tərəfindən Şabranda möhtəşəm ictimai bina qalıqları, XI əsrə aid şəhərin küçə və meydanlarının ümumi planı müəyyənləşdirilmişdir. Beləliklə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 14 yanvar 2004-ci il tarixli Sərəncamı ilə “Şabran Şəhəri ” Tarixi Qoruğu qalıqlarının konservasiyasına dair Tədbirlər Planı imzalanmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-cı ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda “Şabran şəhəri” tarixi qoruğunun inzibati binasının işçi layihəsi hazırlanmış, 0,12 ha torpaq sahəsi ayrılmışdır. Hər iki qoruqda bərpa və konservasiya işlərinin aparılması məqsədilə layihələr hazırlanmış və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Pir Xəlil Türbəsi: Bu abidələrdən başqa Şabranda bir neçə yerli əhəmiyyətli abidələr də mövcuddur. Həmin abidələrdən biri Gilgilçay qəsəbəsində təpəlikdə yerləşən Pir Xəlil türbəsidir. XVIII əsr Azərbaycan memarlığının maraqlı nümunələrindəndir. Bu türbədə dəfn edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat azdır. Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVIII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli cammat müxtəlif göz ağrıları səbəbindən bu pirin üstünə gəlir və bu pirin divarlarına əski parçaları bağlayıblar. Tarixçi alim Məşədixanım Nemət 1992-ci ildə Azərnəşirdə çap olunan “Azərbaycanda pirlər” kitabında yazır ki, “ Nadi Əliyyən” duası Qızılburun yarımadasının VII kilometrliyində yerləşən “Pir Xəlil Baba” piri türbəsinin kitabəsində yazılmışdır. ““Nadi Əliyyən” – Bəktaşiyyə” , “Baba Sammit dərvişləri” cəmiyyətləri ilə əlaqələndirilir. Pir Xəlil babada “Bəktaşiyyə” və yaxud “ Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvü imiş. Bu cəmiyyət sufi təşkilatı idi. “ Bəktaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər.

Pir Xəlil baba da bu cəmiyyətlərin ən tanınmış nümayəndələrindən biri idi ki, Şirvan torpağında fəaliyyət göstərmiş və vəfat etdikdən sonra da pirə çevrilmişdir. Yuxarıda adları çəkilən 7 abidədən 2-si Çaraqqala, Qədim qəbristanlıq yeni aşkar olunmuş abidələr olduğundan və bu abidələrdə arxeoloji qazıntılar tamamlanmadığından onlar haqqında dolğun məlumat yoxdur. Bütün bu abidələr və digərləri Şabran rayonun necə qədim yaşayış məskənlərindən, mədəniyyət mərkəzlərindən biri olduğuna sübutdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin