
“Ukrayna özünün böyük hücumuna hazır deyil, lakin başqa seçimi də yoxdur”.
yasamal.tv xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Nəşrə müsahibə verən britaniyalı zabitlər ukraynalı həmkarlarının hücuma əmin olduqlarına şahidlik ediblər: “Onlar buna hazırdırlar və ciddi uğur əldə etmək istəyirlər”.
Bununla yanaşı, nəşr ABŞ kəşfiyyatının mediaya sızdırılan təxminlərinə diqqət çəkir və iddia edir ki, bu hesablamalara əsasən, Ukraynanın əhəmiyyətli ərazi qazancları əldə edəcəyi ehtimalı azdır.
Nəşr yazır ki, mahiyyət etibarilə Kiyevin indiki vəziyyətdə başqa seçimi yoxdur: “Prezident Zelenski Qərbi böyük məharətlə idarə edib, lakin onun dəstəyini saxlamaq üçün o, Vaşinqtondakıların “investisiyaların qaytarılması” adlandırdıqları şeyi nümayiş etdirməlidir”.
“Kiyev istənilən halda hücuma keçməli olacaq. Şübhəsiz ki, Melitopol kimi hansısa böyük məqsəd təyin olunacaq, bunun həm praktiki mənası (Krımla Rusiya arasında quru körpüsünün kəsilməsi), həm də böyük simvolik əhəmiyyəti var. Donetskə hücum da mümkündür – bu, güclü addım olardı, baxmayaraq ki, burada praktiki dəyər azdır”, – Britaniya nəşri yazıb.
“Amma problem ondadır ki, Moskva Ukrayna planının mümkün variantlarından xəbərdardır. Ruslar qazma işləri ilə məşğuldurlar və peyk fotoşəkilləri Ukraynanın cənubdakı ehtimal olunan hücum xətti boyunca artan sayda xəndəklər və istehkamları göstərir. Onlar güclü müdafiəyə hazırlaşırlar və bunun öhdəsindən gəlmək asan olmayacaq”, – deyə “The Times”ın məqaləsində qeyd olunub.