Qan Turalı yazır…
Azərbaycanda hər kəsin iki peşəsi var. Biri öz peşəsidir, ikinci təhsil eksperti. Hamı təhsildən narazılıq edir. İstisnasız, hamı. Ancaq bu kütləvi şikayətlərin cüzi istisnalarını çıxmaqla məişət səviyyəsində olduğu da aşkardır. Mövcud dünya düzəni və gedişatı təhsili bütün dünya ölkələri üçün ən əhəmiyyətli mövqeyə çıxarır. Niyə sadədir? Dünyada 1245-ci illə 1595-ci il arasından bir neçə əsr keçsə belə çox az şey dəyişilmişdi. Çörək yenə eyni cür bişirilir, həkimlər eyni qaydada xəstəyə baxır, arabalar eyni üsulla düzəldilir, yollar eyni cür salınırdı. Ancaq müasir dünyada yüz illərlə baş verməyən dəyişikliklər cəmi bir neçə ildə baş verir. Misal üçün, onlayn dərs keçiriləcəyini kim xəyal edə bilərdi? Doğrudur, pandemiya şərtləri bizi buna məcbur etdi, ancaq iyirmi il qabaq pandemiya olsaydı onlayn dərs üçün zəruri texniki vasitələrimiz olacaqdımı? Əlbəttə ki, yox.
Təhsilin ən böyük problemi də budur. Biz bir il sonra nəyin, necə olacağını bilmirik. Ancaq bu gün anadan olan uşağa əvvəl məktəbəqədərki, sonra isə məktəb təhsili verməyə başlayırıq. O əmək bazarına 21 yaşında, 2042-ci ildə atılacaq. Bəs 2042-ci il necə olacaq? Bəs bizim bu gün planlaşdırıb verəcəyimiz təhsil 2042-ci ildə onun işinə yarayacaqmı? Müasir həyatın təhsil qarşısında qoyduğu əsas problem budur.
Cəmiyyətdə təhsil ehkamlarından biri də Sovet təhsil sisteminin ideal olması ilə bağlıdır. Halbuki bu təhsil sistemi almanların XIX əsrdə dominant olan təhsil sistemindən götürülmüşdü. Sovet təhsili bu cür verirkən almanlar çoxdan öz sistemlərini dəyişmişdilər. Və SSRİ-nin ABŞ qarşısındakı aşkar məğlubiyyətinin bir səbəbi də elə bu təhsil sistemi deyildimi? Fakt budur ki, ABŞ-ın xüsusilə elektronika sahəsindəki yüksəlişi fonunda SSRİ sadəcə olaraq seyrçi mövqedə qaldı. Bu gün ABŞ-ın dünyaya hökmranlıq edən, faktiki olaraq yeni dünyanı yaradan sosial şəbəkələr, eləcə də əməliyyat sistemləri elektronika dövrünün uğurudur. Rusiya da gördüyünüz kimi bu prosesə öz hakerləri ilə “töhfə” verir.
Sovetlə bağlı məsələ aydındır, bəs Almaniya kimi Avropa nəhəngi, ya da Yaponiya kimi yüksək texnologiya ölkəsi niyə “Google”, “Amazon”, “Facebook” kimi şirkətləri yarada bilmədi? Axı onlar SSRİ-dən fərqli olaraq elektronika sahəsində güclü idilər. Əlbəttə ki, bu və bu kimi sualların bir cavabı yoxdur. Ancaq istər bu, istərsə də digər ölkələrin ABŞ qədər praktik düşünə bilmək qabiliyyətinə malik olmadığı, ləng qərarlar qəbul etdiyi, ənənəvi idarəetmə sistemlərindən qopa bilmədiyi kimi məqamlar önə çıxarılır. Bu ölkələr davamlı cihazlar, yüksək mühəndislik məhsulu olan qurğular istehsal etməyi indi də gözəl bacarırlar. Alman maşınlarını, ya da yapon notbuklarını xatırlayaq.
Ancaq “Uber” kimi arxasında heç bir ənənəvi mühəndislik durmayan və sadəcə sürücü ilə müştərini əlaqələndirmək proqramı ilə milyardlarla dollar qazanan şirkətləri yaratmaq bu ölkələrə xas deyildi. Pandemiya dövründə Almaniyanın səhiyyə naziri çıxış edərək bildirdi ki, test nəticələrinin faksla mərkəzə göndərilməsinə son qoymaq lazımdır. Təsəvvür edin ki, Avropanın supergücü olan Almaniya hələ də faksdan istifadə edir. Bu və bu kimi ölkələrdə ənənələr işə mane olur. Ancaq çevik təfəkkürlü amerikalılar bu sahədə böyük uğurlar qazana bilirlər. “Mercedes-Benz” şirkətinin qiyməti 49 milyarddır, “Apple” isə 2 trilyon. 40 dəfədən böyük fərq… Demək, ABŞ təhsili daha çevik metodlarla çalışaraq zamanın nəbzini tuta bilir. Almanlar prosesdən geri qalır, bizim taksi sürücüləri isə təhsil sistemimizi qınayırlar.
Təhsillə bağlı məsələlər isə bir sualdan başlamalıdır! Təhsilin məqsədi nədir? Hər il minlərlə uşaq iqtisadiyyat fakültələrinə daxil olur. Və dörd illik təhsildən sonra bankda əməliyyatçı kimi orta məktəbi normal bitirmiş bir şagirdin də asanlıqla icra edə biləcəyi işlə məşğul olurlar. Bəs belə olan halda dörd illik ali təhsil üçün nəyə görə dövlət büdcəsindən bu qədər pul xərclənir?
Ən əhəmiyyətli sual budur: Ali təhsil nəyə xidmət edir? Sovet dövründən qalmış yanlış meyillərdən biri də təhsilin iş bazarı üçün kadr yetişdirməsidir. Halbuki universitet, adından da göründüyü kimi, universal vətəndaş yetişdirir. Diplomun işə girmək üçün tramplindən çox daha böyük funksiyaları var. Ya da olmalıdır. Meyar diplom olduqda isə universitetlərin sayı artır, tələbələrin sayı artır, ancaq ölkənin ümumi mədəni səviyyəsi yerində addımlayır. Bu, qlobal tendensiyadır və tendensiyanın qloballığı xoş aqibət vəd etmir.
Təhsil barəsindəki çıxılmazlıq da bundadır. Bir tərəfdən ali təhsil müəssisələrinin məzunları heç də yüksək ixtisas tələb etməyən işlərdə çalışır, digər tərəfdən isə zamanın ruhu nəzərdən qaçırılır. Ali təhsil diplomu formal bir şeyə çevrilir, nəticədə isə milyonlarla insanın əməyi və zamanı göyə sovrulur. Əlbəttə ki, dövlətin vəsaiti də…
Bu fonda ən acınacaqlı məqam isə gözlərimiz qarşısında olan bu mənzərəyə gözlərimizi yummağımızdır. (oxu.az)