“Evdə müalicə səhiyyənin ən yaralı yeridir” – Həkim-infeksionist

12

“Evdə müalicə bu gün səhiyyənin ən yaralı nöqtələrindəndir. İnsanların böyük əskəriyyəti evdə müalicə olur, çünki onların xəstəxanaya getməsi üçün zərurət yoxdur. Yüngül, orta xəstələr evdə, ağır xəstələr, oksigendən asılı olanlar xəstəxanaya getməlidir. Evdə müalicənin prinsipləri düzgün qurulmalıdır ki, sonradan xəstələr ağırlaşıb, xəstəxanaya getməsin”.

yasamal.tv xəbər verir ki, bunu azvision.az-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, xəstələr ilk növbədə qeydiyyatda olduğu poliklinikanın sahə həkiminə müraciət etməlidir.

“Həkimlər xəstəni müayinə edib baxmalıdırlar. İnsanlar eyni zamanda dərmanların təyin olunması üçün hər hansı infeksionistə də müraciət edə bilərlər. Koronavirus infeksion xəstəlik olduğu üçün həmin xəstə ilə infeksionist işləməlidir. Amma bu gün təəssüflər olsun ki, koronavirusun müalicəsi ilə ayrı-ayrı sahələrin həkimləri məşğul olur. Bəzən görürük ki, göz, diş həkimləri, cərrahlar, həkim-fizoterapevtlər bununla məşğul olur. Sonda ağırlaşan xəstə xəstəxanaya gəlir. Burada xəstəyə düzgün yanaşma olmadığı müəyyən edilir və xəstə artıq ağırlaşır”.

Həkim-infeksionistin sözlərinə görə, evdə müalicə olunan xəstə həkimə müraciət etməklə yanaşı, rejimə riayət etməlidir.

“Xəstə evdə qalıb, ev şəraitində müalicə olunmalıdır. Əgər xəstə temperaturla küçədə gəzirsə, bu, onun ağırlaşmasına səbəb olacaq. Həkim onun ağırlıq dərəcəsi, yanaşı xəstəliklərini nəzərə alaraq müalicələr aparmalıdır. Bu gün insanlar həkimdən çox tibb bacılarına müraciət edir və ya özbaşına sistemlər qoşurlar, cürbəcür antibotiklər qəbul edirlər. Digər tərəfdən həmkarlarımız da xəstəyə yerli-yersiz antiviral preparatlar yazırlar. Antibiotik ehtiyacı olmayan xəstəyə 3-4 dərman yazılır, ehtiyacı olana isə düzgün antibiotik seçilə bilmir. Qeyri-rasional müalicələr təyin olunur və xəstənin ağırlaşmasına gətirib çıxarır. Ağırlaşmış xəstə xəstəxanaya gələndə dünyasını dəyişir və insanlar arasında fikir formalaşır ki, xəstəxanada pasiyentə baxmırlar və onlar ölür. Ağırlaşmış formada xəstəxanaya gətirilən xəstə müalicə olunanda həkimin əlində sehrli çubuq olmur ki, onu sağaltsın”.

V.Cavadzadə qeyd edib ki, evdə müalicəyə ciddi yanaşmaq lazımdır: “Evdə ağırlaşmalar COVID-19-dan ölənlərin sayına təsir edir. Hamısını buna bağlamazdım. Çünki insanın yanaşı xəstəlikləri varsa, qısa zamanda ağırlaşmaya səbəb olur və aparılan müalicə effekt vermir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin