Azərbaycanın orta məktəblərində keçirilən dərslərə və dərsliklərə nəzər salsaq, əksər dünyəvi elmlərin tədris olunduğunu görə bilərik.
Təkcə riyaziyyat elminə bağlı çox sayda dərslər var ki, onların hər biri əlavə dərslik kimi keçirilir. Bu isə hər bir şagirdin müəyyən qədər müxtəlif elmlərdən məlumatlı və savadlı olması deməkdir. Azərbaycan ilk onluqda olan ölkələrdən biridir ki, ölkəmizdə təhsilsiz insan yox səviyyədədir. Faiz nisbəti ilə götürsək, tam ali təhsilli insanlarımızın sayı daha çoxdur.
Təəssüf ki, insanlarımızın savadlı və elmli olmasına baxmayaraq əksər hallarda müxtəlif sahələr üzrə onların hüquqlarının pozulması halları ilə üzləşirlər. Bu cür hallarla üzləşən şəxslərə HƏR KƏS ÖZ HÜQUQUNU BİLMƏLİDİR məsləhəti verilir. Çünki istənilən ətəndaşın, hətta hər bir orta məktəb şagirdinin də öz hüquqlarını bilməsi vacibdir. Ölkəmizdə 11 illik orta təhsil dövründə bütün sahələr üzrə elmlər öyrədilsə də, hüquq sahəsi tədris olunmur.
Artıq uzun illərdir ki, Azərbaycan öz müstəqilliyini qazanaraq demokrat ölkə statusu alıb. İqtisadiyyatımız, ordumuz və digər sahələr bu müstəqillik dövründə yetəri qədər formalaşaraq inkişaf edib. Bu inkişafın əsas fonunda dayanan öz hüquqlarını bilən, formalaşmış insan amilidir. Təəsüf ki, ölkəmizdə hüquqlarını tam bilən insan mütləq şəkildə ya hüquqşünas, ya da bu sahənin həvəskarı olur. Yaxşı olardı ki, aşağı siniflərdən başlayaraq 11-ci sinifə qədər bütün orta təhsil müəssisələrində hüquq dərsləri tədris olunsun. Uşaq hüquqlarından tutmuş konstitusiya və qanunvericiliyimizə qədər şagirdlərə əlavə dərs saatları ayrılaraq keçirilməlidir. Bu günə qədər baş vermiş minlərlə cinayət hadisələri, hüquq pozuntuları, korrupsiya və cinayətkarlığa sövq edən və digər xoşagəlməz hadisələr sırf vətəndaşların öz hüquqlarını yetərincə bilməməsindən yaranır.
Əgər bir vətəndaş törədəcəyi işin cinayət halı olduğunu bilərsə və bu fonda onu hansı cəzanın gözlədiyini anlayarsa, cinayət tərkibli hər hansısa addımı atmaqdan uzaqlaşar. Bu gün orta məktəbi bitirən bir şagird bioloq olmaq qərarına gəlibsə, ona 11 il cəbr, həndəsə və sair dərslər vacib dərs kimi keçirilir. Halbuki tədris olunan digər fənnlər bir ömür boyu ona heç lazım olmaya bilər. Hər bir vətəndaşın bir ömür boyu öz hüquqlarını bilməsi isə vacibdir.
yasamal.tv saytının baş redaktoru, araşdırmaçı jurnalist Elnur Fərzəliyev
DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:
055-212-35-55 WHATSAPP