Türkiyənin mövqeyi açıqdır: “Qarabağ Azərbaycandır”. Rusiyanın bunu bilə-bilə Türkiyəni danışıqlara çağırması, görəsən, nəyə işarə edir?
Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 5 noyabr 2020-ci il
Rusiya Azərbaycan-Ermənistan qarşıdurmasında Azərbaycanın yanında olan Türkiyəni niyə sülh danışıqlarına daxil edir? Hansı ki, Rusiya Ermənistana hücum olacağı təqdirdə onu dəstəkləyəcəyini də deyir.
Putinə heç bir şəkildə etibar etmək olmaz. Bir manevr edəcəyi şübhəsizdir, amma Türkiyənin istəyi də danışıqlarda olmaq deyildimi?
Azərbaycan torpaqları 1990-cı illərin əvvəllərində rusların dəstəyi ilə işğal edildi. Putin dolayı yolla Ermənistanın işğalçı olduğunu etiraf edir: “Müharibə Ermənistan ərazisində deyil”. Yəqin, xatırlayırsınız.
Sovet dövründə Dağlıq Qarabağ muxtar ərazi idi və öz idarəsi var idi. Ermənistanın əsas istədiyi dağlıq hissə idi, ancaq Azərbaycanın orduya və silaha sahib olmadığı vaxtlarda onu ən zəif halda vuraraq dağlıq hissədən daha artığını işğal etdi (Ermənistan desəm də, siz Rusiya başa düşün).
Göründüyü kimi, Rusiya tamamilə Ermənistana dəstək verərək Azərbaycanla, xüsusilə Avrasiyanın ən kritik bölgəsində olan Türkiyə ilə hələlik qarşı-qarşıya qalmaq istəmir. Bəs Putin erməni tərəfinin Azərbaycana hücum etdiyini, torpaqlarını işğal etdiyini və onun üçün bu sahədə müharibənin davam etdiyini etiraf edirsə, niyə öz ağırlığını Ermənistana göstərmir? Niyə görə “Siz onsuz da işğalçısınız, geri çəkilin!” demir? Niyə hər iki tərəfdən insanların ölməsinə icazə verir? Üstəlik, ən çox itki verən də erməni tərəfidir. Azərbaycanın, yəni həm də Türkiyənin Dağlıq Qarabağ meydanına girməsinə lap az qalıb. Şuşaya girməyə cəmi 5 km. qaldığı bildirilib.
“Avrasiya”nın adını çəkmişkən qeyd edək ki, Putin üçün “Avrasiya” anlayışı “iqtisadi birlik”dən bəhs etsə də, əslində, Rusiya hegemoniyasının başqa adıdır.
Putin 3 oktyabr 2011-ci il tarixində “İzvestiya” qəzetində yayımlanan “Avrasiya üçün yeni bir inteqrasiya layihəsi: bu gün doğulan gələcək” başlıqlı məqaləsində “Yeni Avrasiya” konsepsiyasını izah edib. Keçmiş Sovet ölkələri və yaxınlıqdakı dövlətləri istər zorla, istər qonşuluq münasibətləri, istərsə də razılıqla “mənimlə olacaqsınız!” deməyə gətirir.
Adından da göründüyü kimi, Avrasiya deyilən yer Kiçik Asiyanın Avropaya qovuşduğu ərazidir. Rusiya isə qollarını Mərkəzi Asiyanın daxili bölgəsinə uzadır.
3 milyonluq Ermənistanı qoruyan Rusiya Türkiyəni, Azərbaycanı və keçmiş müstəmləkələri olan Mərkəzi Asiyanın türk ölkələrini qarşısına almaq istəməyəcək (digər türk dövlətlərinin rəhbərləri Azərbaycana dəstək verdiklərini bildirmədilər, ancaq xalqın qəlbində kimin olduğunu yaxşı bilirlər və nəticədə, öz tərəflərini müəyyənləşdirəcəklər). Rusiya, açıq şəkildə olmasa da, dərindən Ermənistana “mən səni heç tək qoyaram?” desə də, erməni hücumundan sonra “geniş ərazi siyasəti” aparmaq məcburiyyətində qaldığını hiss etdirib.
Putin Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandırır. Bu sözü ilə “keçmişdəki kimi yayılan təzyiq gücünə sahib olmalıyıq” demək istədiyi çox aydındır. Putinin amansız zehniyyətinə baxsaq, ümumi mənzərəni daha aydın başa düşərik.
Putin əvvəlcə sülh danışıqlarında Türkiyənin də olmasını istədi. Sonra xarici işlər naziri “erməni” Lavrov iki gün əvvəl danışığa başladı və: “Biz Bakı və Yerevanın danışıqlar masasına oturması üçün bölgədəki bütün təsirlərimizdən istifadə etməyə və türk tərəfdaşlarımızla çalışmağa davam edəcəyik”, deyib.
Türkiyənin mövqeyi açıqdır: “Qarabağ Azərbaycandır”. Rusiyanın bunu bilə-bilə Türkiyəni danışıqlara çağırması, görəsən, nəyə işarə edir?
Tərcümə PİA.az