İsmayıl Feyzullayev yazır…
2020-ci ilin heç şübhəsiz ki, əsas mövzusu koronavirus pandemiyası ilə bağlıdır. Bu pandemiya bizə fərqində olmadığımız bir çox məsələlər barədə əsl dərs verib, sahib olduğumuz bir çox nemətlərin qədrini bilməyə vadar edib. Pandemiya bir reallığı da göstərdi ki, əsgərlərimiz səngərdə bizim gecələr rahat yatmağımızı öz canları və qanları hesabına təmin edərkən, həkimlərimiz də sağlamlığımız, yaşamağımız üçün gecələrini gündüzlərinə qatmaqla, xəstəxana “səngər”lərində bizləri və ailələrimizi qoruyurlar. Bu barədə çox deyilib, çox yazılıb, reklamlar və kliplər çəkilib.
Onda belə bir sual ortaya çıxır: həkimlərimiz bizə bu qədər dəyərli ikən onların da mənzil təminatının yaxşılaşdırılmasına dəstək olmaq məqsədəuyğun olmaz? Bu gün nə güzəştli ipoteka kreditinin şərtlərində, nə də güzəştli mənzillərin şamil olunduğu kateqoriyalarda həkimlərin adına rast gəlinir. Bu kateqoriyaya elm adamları, polislər, hərbçilər, dövlət qulluqçuları və müəllimlər aid edilib. Həkimləri də bu kateqoriyalara əlavə etməklə, onlara kiçik də olsa diqqət və qayğı göstərildiyini nümayiş etdirmək olar. Eyni zamanda bu addım həkimlərə kiçik də olsa, motivasiya verə bilər.
Məlumdur ki, 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb və 2020-ci ildə regionlar üzrə mərhələli şəkildə bütün tibb müəsissələrində icbari tibbi sığortanın tətbiqi planlaşdırılıb. Lakin məlum pandemiya səbəbindən bu proses 2021-ci ilə qədər təxirə salındı. İcbari tibbi sığortanın tətbiqi həkimlərin, eləcə də digər orta və kiçik tibb işçilərinin ixtisaslar üzrə maaş artımlarını da özündə əhatə edir. Belə olan təqdirdə tibb işçilərinin güzəştli kateqoriya üzrə ipoteka krediti, eləcə də güzəştli mənzil alarkən tələb olunan rəsmi gəlir şərtini təmin etmək şansı artır.
Təklif edirəm ki, güzəştli ipoteka kreditini, eləcə də güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər siyahısına həkimlər də daxil edilsin. Bu prosesə müəllimlərə aid olduğu kimi, 3 və ya 5 il dövlət səhiyyə qurumlarında çalışmış həkimlərə şamil etməklə start vermək olar.
yasamal.tv