Bəzən ölmüş şəxsin əmlakı üstündə onun övladlarının, yaxud qohum-əqrabaları arasında dava düşdüyünü eşidirik. Əslində isə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
Bəşər tarixi boyunca hüququn ən mühüm və mürəkkəb sahəsi hesab olunan mülki hüquqda vərəsəlik (vərəsə) və miras münasibətləri demək olar ki, birlikdə fəaliyyət göstərərək müəyyən bir inkişaf yolu keçmişlər. Bu inkişaf yolunda sözügedən münasibətlər gah “vərəsəlik hüququ”, gah da “miras hüququ” adı altında fəaliyyət göstərərək sahəvi münasibətləri tənzimləyiblər. Eyni zamanda birlikdə fəaliyyət göstərdikləri zaman müxtəlif səbəblərdən (ailə, adət-ənənə, din və s.) gah vərəsəlik, gah da miras münasibətləri digərinə nisbətdə üstünlüyə malik olub.
Bu gün də mülki hüququn özünəməxsusluğu ilə tamamilə fərqli xüsusiyyətlərə malik olan bu sahəsində mübarizə davam etməkdədir. Belə ki, bəzi xarici ölkələrin mülki hüquq sistemində bu münasibətləri tənzimləyən sistemin adı “vərəsəlik hüququ” kimi (məsələn, Rusiya Federasiyası), bəzilərində isə “miras hüququ” kimi (məsələn, Türkiyə Respublikası) işlənməkdədir. Vərəsəlik hüquq münasibətləri sırf mirasla ilgili olduğu, həmçinin bu münasibətlərin yaranması və tənzimlənməsi üçün mirasın xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu hüquq sahəsinin adının məhz “Miras hüququ”, vərəsənin isə “Mirasçı” adlandırılması daha müvafiqdir.
Azərbaycan Respublikası MM-nə görə vərəsəlik hüququna görə iki qrup vərəsəlik mövcuddur:
- Qanun üzrə vərəsəlik;
- Vəsiyyət üzrə vərəsəlik.
Bu hal, mülki qanunvericiliklə yanaşı elmi-nəzəri mnbələrdə də öz təsdiqini tapmaqdadır. Lakin vərəsəlik hüququnu əhatə edən normaları təhlil etdikdə müəyyən olunur ki, əslində iki deyil, üç qrup vərəsəlik mövcuddur.
Üçüncü qrup təyinat baxımından “məcburi vərəsəlik” adlanır. Bu vərəsəlik qrupuna isə yalnız dövlət daxildir ki, onun vərəsəlikdən imtina hüququnun olmaması (MM-in 1266-cı maddəsi) onu məcburi vərəsə kimi tanıtdırır.
Vərəsəlik hüququ yeganə hüquq sahəsidir ki, özündə ümumi olmadan konkret iddia müddətləri nəzərdə tutur. Belə ki, MM-də vərəsəlik hüquq münasibətlərindən doğan mübahisələr üçün ümumi iddia müddəti yoxdur, lakin konkret olaraq vərəsəlik mübahisələri üçün (məsələn, vərəsənin ləyaqətsiz vərəsə hesab olunması və s.) iddia müddəti nəzərdə tutulmuşdur.
Ümumi iddia müddətinin nəzərdə tutulmaması isə vərəsəlik hüquq münasibətlərindən doğan mübahisələrin tənzimlənməsində təcrübədə müəyyən çətinliklər meydana gətirir. Bu çətinliklrin başlıca səbəbi vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların tarixmizdə olan adət-ənənələr əsasında deyil, gəlmə hüquq və davranış qaydaları əsasında formalaşmasıdır (məsələn, 1751-1752-ci illərdə qəbul edilmiş “Car-Tala Qanunnaməsi”ndə vərəsəlik münasibətlərində daşınar əmlakın varislər arasında bölüşdürülməsi üçün 40 illik iddia müddətinin, daşınmaz əmlaka münasibətdə isə 60 illik iddia müddətinin müəyyən edilməsi nəzərdə tutulurdu).
Mülki mübahisələrə dair məhkəməyə müraciət hüququndan istifadə edilməsi üçün başlıca əhəmiyyət kəsb edən iddia müddəti (hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət) ümumi, xüsusi-ümumi və xüsusi olmaqla üç hissəyə bölünür. Ümumi iddia müddəti MM-in 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik iddia müddətidir. Xüsusi-ümumi iddia müddətləri elə müddətlərdir ki, bu müddətlər konkret sahəyə aid edilsədə, yaranmış mülki hüquq mübahisəsinin həlli məqsədilə bəzən ümumilik daşıyan xüsusiyyətləri özündə cəmləyən ümumi normada göstərilən hallara əməl etmək məcburiyyətində qalan və məhkəməyə müraciət etmə hüququndan yararlanmaq üçün olan zamandır. Xüsusi iddia müddəti isə, istər MM-də, istərsə də digər normativ hüquqi aktlarda konkret mübahisə ilə bağlı şəxsin pozulmuş və pozulmaq təhlükəsi yaşayan hüququnun bərpası və müdafiəsi üçün qanunvericilik tərəfindən konkretləşdirilən və məhdudlaşdırılan zaman anlamıdır.
Vərəsəlik hüquq münasibətləri digər mülki hüquq münasibətlərindən bir qədər fərqli xüsusiyyətə və özəlliyə malik olduğundan bu tip mübahisələrin həllində nəzərdə tutulan hər üç iddia müddətinə (ümumi, xüsusi və xüsusi-ümumi) istinad edilməsi faktı danılmazdır. Beləliklə, ümumi iddia müddətinə aid olan vərəsəlik hüququna dair mübahisələr üzrə iddia müddəti MM-in 373.1-ci maddəsində konkret olaraq nəzərdə tutulmuş 10 ildir (məsələn, MM-in 1231.2-ci maddəsində nəzərdə tutulan vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, əmlak sahibinin əmlak tələbi ilə bağlı iddia müddəti MM-in 373.1-ci maddəsində nəzərdə tutulan müddətinin təsiri altına düşür).
Ümumi-xüsusi iddia müddətinin vərəsəlik hüququ mübahisələrə şamil edilməsi ümumi norma kimi MM-in 373.2-ci və 373.3-cü maddələrini, xüsusi norma kimi isə MM-in vərəsəlik hüququ bölməsinə aid olan normalarda nəzərdə tutulan iddia müddətlərini özündə ehtiva edən maddələrini özündə cəmləşdirir (məsələn, MM-in 1312-ci maddəsinin məzmunundan aydın olur ki, kreditorun tələbi icra müddəti çatandan sonra sürülürsə, kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər, yəni, sözügedən xüsusi norma (1312-ci maddə) iddia müddəti üçün ümumi normaya (373.3-cü maddəyə) istinadı nəzərdə tutur).
Vərəsəlik hüququnda xüsusi iddia müddəti aşağıdakı tələblər üzrə nəzərdə tutulmuşdur:
1. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddia üçün müddət – 5 il (MM-in 1143-cü maddəsi);
2. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia üçün müddət – 2 il (MM-in 1231.1-ci maddəsi);
3. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində iddia üçün müddət – 2 ay (MM-in 1272-ci maddəsi);
4. Vəsiyyət tapşırığının icra olunmasını tələb etmək barədə iddia üçün müddət – 3 il (MM-in 1213-cü maddəsi);
5. Məcburi payın tamamlanmasını tələb etmək barədə iddia üçün müddət – 2 il (MM-in 1200-cü maddəsi).
Göstərilən xüsusi iddia müddətlərinin axımının başlanması anı fərqli xüsusiyyətlərə malik olub həmin normalarda konkret olaraq nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası MM-in 1252-ci maddəsinə (“İrsi transmissiya”) əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Qeyd edək ki, bəzi xarici ölkələrin (məsələn, Türkiyə Respublikasının MM-in 580-ci maddəsi) vərəsəlik hüququnda irsi transmissiya qaydasında mirasın qəbulu üçün hər hansı bir müddət nəzərdə tutulmamışdır. Hesab edirik ki, bu doğru yanaşmadır, irsi transmissiya qaydasında mirasın qəbulu üçün xüsusi müddət nəzərdə tutulmamalıdır, çünki bu qayda artıq MM-in 1159-cu maddəsində öz əksini tapmışdır.
Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən, mirasın qəbul edilməsinin 3 yolu var:
1) notariat kontoruna ərizə vermək;
2) miras əmlaka faktiki sahiblik etmək;
3) miras əmlakı faktiki idarə etməyə başlamaq.
Mirasın qəbul edilməsi üçün göstərilən hərəkətlərAzərbaycan Respublikası MM-in 1246-cı və 1247-ci maddələrində nəzərdə tutulan müddət ərzində həyata keçirilməlidir. Göstərilən müddət ərzində yuxarıda göstərilən hərəkətlərin heç birinin edilməməsi mirasdan imtinaya bərabər tutulur ( Azərbaycan RespublikasıMM-in 1273-1-ci maddəsi). Lakin bu imtina vərəsənin məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Əgər vərəsə nəzərdə tutulan müddəti ötürmüşsə və sonradan mirası qəbul etmək niyyətindədirsə o zaman yalnız məhkəməyə müraciət etməlidir. Bu halda iddia predmeti düzgün seçilməlidir. Bu, adətən 2 iddia tələbi ilə həyata keçirilir:
1) Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi;
2) Mirasın qəbul edilməsi üçün vaxtın uzadılması.
Birinci halda iddia müddəti yuxarıda göstərilən ikinci və üçüncü halların mövcudluğunda, ikinci halda isə yuxarıda göstərilən birinci halın qeyri-mövcudluğunda Azərbaycan Respublikası MM-in 1248-ci maddəsinə əsasən, uzadıla bilər (Azərbaycan Respublikası MM-in 1248.1-ci maddəsinin birinci və ikinci cümlələri arasında ziddiyyət yoxdur).Müddətin uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır. Bu isə bir qədər mübahisə yaradan mövzudur (məsələn, üzürlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyədə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s.).
Yuxarıda göstərilən mirasın qəbul edilmə hallarından birincisi dəqiq və aşkar hesab olunsa da, ikinci və üçüncü hal qeyri aşkar ola bilər. Yəni, ikinci və üçüncü hallarda vərəsə özü də bilmədən mirası qəbul edə bilər. Burada incə nüanslar mövcuddur. Buna görə də məhkəməyə iddia ərizə ilə müraciət edəndə bu incə nüansları aşkara çıxrmaq lazımdır. Bəzən hərəkətsizlik özü vərəsəyə istədiyi hüququ qazandırmış olur.
Azərbaycan Respublikası MM-in 1156-cı maddəsinə əsasən, əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Bəs mirasa daxil olmayan əmlakın hüquqi taleyi necə həll edilir?
Həmin əmlak “vəsiyyətnamədən kənarda qalmış əmlak” hesab edilir.
Azərbaycan Respublikası MM-in 1172-ci maddəsinə görə, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
Normanın tələbindən aydın olur ki, həmin əmlak üzrə qanun üzrə vərəsəlik həyata keçirilir və əmlak qanun üzrə vərəsə (lər) tərəfindən qəbul olunur.
Azərbaycan Respublikası MM-in 1133.2-ci maddəsinə əsasən, aanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Bu məsələdə, vəsiyyətnamə var, özüdə o tamamilə və ya qismən etibarsız hesab olunmayıb, lakin bunlara baxmayaraq qanun üzrə vərəsəlik meydana gəlir. Ona görə ki, MM-in 1172-ci maddəsi buna icazə verir.
Azərbaycan Respublikası MM-in 1158.1-ci maddəsinə əsasən, əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.
Bu normada əşyanı tələb etmək müddəti 2 hissəyə bölünür:
1) vərəsə əşyanı hələ qəbul etməmişdir;
2) vərəsə əşyanı qəbul etmişdir.
Vərəsə əşyanı hələ qəbul etməmişsə o zaman əşyanın mülkiyyətçisi Azərbaycan Respublikası MM-in 1226.1-ci maddəsinə uyğun olaraq vəsiyyət sərəncamını etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməlidir. Bu müraciət üçün iddia müddəti ümumi iddia müddəti hesab olunur.
Vərəsə əşyanı qəbul etmişdirsə o zaman əşyanın mülkiyyətçisi əmlakın geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməlidir ki, burada da iddia müddəti ümumi iddia müddəti kimi nəzərdə tutulur.
Vərəsəlik hüququna görə əmlak dedikdə aşağıdakılar başa düşülür:
1) Miras əmlak (Azərbaycan Respublikası MM-in 1151-ci maddəsi);
2) Qeyri əmlak (Azərbaycan Respublikası MM-in 1153-cü maddəsi);
3) Mirasa daxil olmayan əmlak (Azərbaycan Respublikası MM-in 1155.1-ci maddəsi);
4) Ümumi əmlak (Azərbaycan Respublikası MM-in 1155.2-ci maddəsi).
Bəzi müəlliflər “Qeyri əmlak”ı əmlak deyil, əmlak hüququ hesab edirlər ki, bu mövqe ilə razılaşmaq düzgün deyildir.
Azərbaycan Respublikası MM-in 1157-1.1-ci maddəsinin tələbinə görə, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
Bu normada bir anlaşılmamazlıq var. Belə ki, normaya görə idarəçiliklə bağl qərarın qəbulu zamanı əsas götürülən səs vərəsənin payına münasib götürülür. Halbuki, miras bölüşdürlməyibsə, yaxud miras bölüşdürülənə qədər vərəsənin payının dəqiq həcminin müəyyən edilməsi mümkün deyil.
Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə izahına əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsində nəzərdə tutulan “sağ olma” faktiki olaraq mirası qəbul etmək niyyətində olan vərəsənin sağ olmasına dəlalət edir.
Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.
Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir.
Rövşən Qasımov hüquqşünas.