Ev Blog Səhifə 3369

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 948,3 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 23% çoxdur. Bu il aprelin 1-nə ölkədə 146,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin üç ayı ərzində Azərbaycanda 1 193,6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 273% çoxdur. Bu il aprelin 1-nə ölkədə 34,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Karantin bu məhsulları 4-5 dəfə ucuzlaşdırdı

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun Axar.az-a müsahibəsi:

– Vüqar müəllim, ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejimi kənd təsərrüfatı mallarına nə dərəcədə təsir edib?

– Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən tədbirlərin ərzaq məhsullarına və xüsusilə də kənd təsərrüfatı məhsullarına təsiri ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə görə, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkədə kənd təsərrüfatı məhsullarına daxili tələbat 5.1 faiz azalıb. Azalmanın səbəbi mövcud vəziyyətlə əlaqədar toy və yas mərasimlərinə qarağa qoyulması, mərasim evləri, şadlıq sarayları, kafe, restoran, ictimai iaşə obyektləri, otel, mehmanxana və digər turizm obyektlərinin, əyləncə mərkəzlərinin fəaliyyətlərini dayandırmasıdır. Bu obyektlər kənd təsərrüfatı məhsullarının əsas və daimi topdansatış alıcıları sayılır. İndi bu obyektlər fəaliyyətini dayandırdıqları üçün məhsul almırlar. Daxili istehlakın 5,1 faiz azalması bazarda təklif olunan məhsulun eyni həcmdə – 5.1 faiz artması deməkdir.

– Bəs tələbatın azalması məhsulların qiymətinin ucuzlaşmasına səbəb olacaqmı?

– Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Liberal iqtisadiyyatlarda qiymətləri tələb-təklif münasibətləri müəyyən edir. Məhsul təklifi çox, tələb az olduqca qiymətlər düşür, təklif az, tələb çox olduqda isə qiymət artır. Bazarda qiymət bu mexanizm əsasında tənzimlənir. Bu baxımdan həm qeyd etdiyimiz obyektlərin fəaliyyətini dayandırması, həm də aqrar məhsullarımızın əsas ixrac bazarlarında pandemiya ilə əlaqədar tələbatın azalması qiymətlərə təsir edir. Biz hazırda bu tendensiyanı müşahidə edirik. Bu gün bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dəyişikliklər var.

– Kənd təsərrüfatı məhsulları arasında ən çox hansı məhsul ucuzlaşıb?

– Aqrar Tədqiqatlar Mərkəzinin əsas funksiyalarından biri bazar araşdırmaları aparmaq, qiymətlərlə əlaqədar aqrodatalar toplamaqdır. Bu məqsədlə hər gün bazarlarda pərakəndə satış qiymətləri öyrənilir. Müşahidələrimiz göstərir ki, hazırda istixanalarda yerləşdirilən pomidor və xiyarın qiymətində kəskin ucuzlaşma var. Yəni təxminən 10 gün əvvəl pomidorun pərakəndə satış qiyməti 4.5-5.5 manat idisə, artıq bu gün həmin məhsul 1 manat və 1.2 manata satılır. Bu o deməkdir ki, artıq istixana məhsullarının qiymətində 4 dəfəyə yaxın ucuzlaşma var. Bilirsiniz ki, istixanada yetişdirilən tərəvəz məhsulları əsasən xarici bazarlarda realizə olunur. İndiki halda qonşu ölkələrdə karantin rejiminin tətbiqi məhsul ixracını müəyyən qədər səmərəsiz edir. Bu problem nə nəqliyyat, nə də daşınma problemi ilə bağlıdır. Sahibkar xüsusi karantin rejimində belə istənilən məhsulu xarici bazarlara ixrac etməkdə sərbəstdir, bu fəaliyyətə heç bir məhdudiyyət qoyulmayıb. Sadəcə xarici ölkələrdə, xüsusilə də pomidor-xiyarın ixrac edildiyi Rusiyada, Ukraynada bizdə olduğu kimi, ciddi karantin rejimi tətbiq edilir. Bu amil həmin ölkələrdə də bizdə olduğu kimi aqrar məhsulların istehlak həcmini azaldıb.

Bu səbəbdən həmin ölkələrdə qiymətlər ucuzlaşdığı üçün o bazarlar bizim fermer-sahibkarlar üçün cəlbediciliyini itirib. Onlar indiki vəziyyətdə xaricə məhsul göndərməyin sərf etmədiyini bildirirlər. İxracla məşğul olan bəzi sahibkarlar deyir ki, xaricdəki şəriklərimiz satış həcmi azaldığı üçün məhsulu göndərməməyi məsləhət görür. Sahibkarlar da bu keçid dövründə məcburdur ki, istehsal etdikləri məhsulu daxili bazara çıxarsınlar. Bu isə Azərbaycan bazarlarında məhsulun artmasına səbəb olur. Tələb təklif tənzimlənməsinə görə də, istər-istəməz pomidorun və xiyarın qiymətində ciddi ucuzlaşma var. Lakin son günlər Rusiya bazarlarında müəyyən hərəkətlənmə müşahidə olunur və bu amil yenidən kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdırmağa başlayıb.

– Əhalinin ən çox istehlak etdiyi kartof-soğanın qiymətləri necədir? Bu məhsullarda da ucuzlaşma müşahidə ediləcəkmi?

– Hazırda kartof və soğanın da qiymətində xeyli ucuzlaşma var. Hər il aprel ayında konkret bir dövr olur ki, təxminən 1 həftə, maksimum 10 gün ərzində bu məhsulların qiyməti artır. Bu dövr köhnə kartof-soğanın tükəndiyi və təzə məhsulun yığılmağa başladığı aralıq dövrdür. Bu proses arasında 10 gün fasilə olduğuna görə, həmin müddətdə qiymətlər müvəqqəti olaraq artır. Təzə məhsul çıxdıqdan sonra isə qiymətlər ucuzlaşmağa başlayır. Ötən gün Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəlilabadda kartof və çiyələk sahələrində yığım prosesi ilə tanış olub. Biz məhsulun ötən illə müqayisədə həddən artıq bol olduğunu müşahidə etdik. Rusiya bazarlarında müəyyən hərəkətlənmə hiss olunduğuna görə, fermerlər bu bazarlara faraş tərəvəz ixrac etməyə başlayıblar. Fermerlərlə apardığımız söhbətlərdə məlum oldu ki, təkcə ötən gün Cəlilabaddan 17 böyük yük maşını ilə Rusiyaya təzə kartof göndərilib. Həmçinin yerli bazarlara və supermarketlərə də fasiləsiz şəkildə məhsul göndərilir. Bazarlarda kartof və soğanın həcmi artır, bu da qiymətlərə təsir göstərir. İndiki mərhələdə apardığımız müşahidələr göstərir ki, kartof və soğanın pərakəndə satış qiymətində artıq 20-30 qəpik ucuzlaşma var.

Bundan başqa nəzərə almaq lazımdır ki, Cəlilabaddan sonra artıq Şəmkirdə də kartof yığımına başlanılıb. Həmçinin Bərdə və Beyləqanda da faraş soğan yığımı gedir. Bazarda məhsulun bollaşması müşahidə olunur, bazara daha çox məhsul daxil olduqca qiymətlər ucuzlaşacaq. Hətta Bərdədə fermerlər bildirirlər ki, hazırda Polşa, Türkiyə, Rusiya və Ukraynadan Azərbaycandan yüksək qiymətə soğan ixracı ilə bağlı çoxlu sifarişlər var. Bu il ötən illə müqayisədə soğan məhsulu da boldur. Bunun səbəbi ötən il soğanın Türkiyə bazarlarında yüksək qiymətə satılması və fermerlərin əvvəlki illərlə müqayisədə çox gəlir əldə etməsidir. Bu amil Bərdə, Beyləqan və Ağdam rayonlarında soğan əkilməsinə marağı xeyli artırıb. Sahələrdə məhsul həm daxili bazarı təmin edəcək, həm də xarici bazarlara ixrac olunacaq qədər çoxdur. Bu amil daxili bazarlarda qiymətləri ucuzlaşdıracaq, eyni zamanda xaricə soğan satan fermerlər əvvəlki illərdən də çox gəlir əldə edəcəklər.

Ebru Şallının 8 yaşlı oğlu vəfat etdi

Türkiyənin məşhur modeli Ebru Şallının oğlu dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hürriyet qəzeti məlumat yayıb.

Qeyd olunub ki, modelin eks-həyat yoldaşı Harun Tan ilə nikahından dünyaya gələn 8 yaşlı oğlu Pars ötən gün müalicə aldığı xəstəxanada həyatını itirib.

O, bir ildir limfa xərçəngindən əziyyət çəkib.

Dünya çempionu koronavirusdan öldü

İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu olan Norman Hanter koronavirusdan vəfat edib.

Azvision.az xəbər verir ki, 77 yaşlı keçmiş futbolçu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hunterin koronavirus testi aprelin 10-da müsbət çıxıb və o, xəstəxanaya aparılıb.

Qeyd edək ki, Norman Hunter 1962 – 1976-cı illərdə “Lids Yunayted”in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.

Vaqif Əsədov: “Yük avtomobili sürücüləri düşünməsinlər ki,…”

Son günlər karantin postlarında yük avtomobilləri ilə hərəkət edən, ancaq müvafiq sənədləri olmayan sərnişinlər aşkarlanır.

Bu isə o deməkdir ki, yük maşını sürücüləri onlar üçün yaradılmış vəziyyətdən sui-istifadə edirlər.

Avtosfer.az-ın məlumatına görə, onlarla belə fakt aşkarlandığı üçün aidiyyəti dövlət qurumları hərəkətə keçib. Həmin sürücülər karantin rejimini pozduqlarına görə cəzalandırılıb.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, daha ciddi tədbirlər görülməlidir. “Bu cür sürücülər aşkar edildikdə onların icazə məsələsi yenidən müzakirə edilməli və icazələri ləğv edilməlidir. Çünki həmin əməli törədən sürücü bunu yenidən təkrar edəcək”.

Ekspert bildirib ki, karantin rejiminin uzadılması məsələsi hazırda gündəmdə olduğu üçün bu cür sürücülərə qarşı nəzarət gücləndirilməlidir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Avtosfer.az-a bildirib ki, xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, fəaliyyətlərini “Fərqlənmə nişanı” əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatına başlanılıb: “Bu günə olan statistikaya əsasən, artıq 2549 sürücü qeydiyyatdan keçirilib. Ancaq təəssüflər olsun ki, bu müddət ərzində tərəfimizdən aşkarlanan sui-istifadə hallarına da rast gəlinir.

Portalda qeydiyyatdan keçdikdən sonra göndərilən bildirişlərin təyinatı üzrə istifadə olunmaması, yük avtonəqliyyat vasitələri sürücülərinin onlara bu həssas dönəmdə yük daşımaları üçün verilən icazə imkanlarından qeyri-qanuni sərnişin daşımaları üçün istifadə etməsi halları, lüzumsuz yerə (yüksüz) avtonəqliyyat vasitəsindən istifadə edərək yollarda süni sıxlığın yaranmasına şərait yaratdıqları ilə bağlı əməkdaşlarımız və aidiyyəti strukturların əməkdaşları tərəfindən təsbit edilən qanun pozuntuları daha sərt tədbirlərin tətbiqini qaçılmaz edir. Karantin qaydalarına riayət etmək ölkədə həyata keçirilən tədbirlərə dəstəkdir. Bu dəstəyi göstərmək əvəzinə, yaradılan şəraitdən sui-istifadə edənlərə qarşı cəzalar sərtləşdiriləcək”.

Bakı şəhər Dövlət Yol polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, yol polisi DANX-ın həyata keçirdiyi tədbirlərə qoşulur və bunu dəstəkləyir: “Yol polisinin nəzarət postlarında sürücülərlə yanaşı, sərnişinlər də yoxlanılır və müvafiq sənədlər olmadıqda tədbirlər görülür”.

V.Əsədov bildirib ki, sənədləri qaydasında olmayan sərnişinləri daşıyan yük avtomobili sürücüləri ilə bağlı müraciət olunur ki, həmin şəxslərin hərəkəti məhdudlaşdırılsın.

Bölmə rəisi fiziki və hüquqi şəxslərə müraciət edib. Bildirib ki, fiziki şəxslər qanunlara əməl etməli, hüquqi şəxslər isə nəzarəti gücləndirməlidir: “Son zamanlar bu cür sürücülər aşkarlanır. Yük avtomobili sürücüləri düşünməsinlər ki, yol polisini aldadırlar. Əslində, onlar özlərini aldadırlar. Onların aldıqları icazə ləğv oluna bilər”.

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

yasamal.tv xəbər verir ki, təbrikdə fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda yüz illərdir müxtəlif xalqların və dinlərin nümayəndələrinin əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşadıqları qeyd olunur. Vurğulanır ki, dərin tarixi köklərə malik tolerantlıq ənənələrimizin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir.

Tədbirdə daha sonra deyilir: “Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır”.

Builki Pasxa bayramının bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf etdiyini qeyd edən Prezident İlham Əliyev

əminliklə bildirir ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaq.

Dövlətimizin başçısı yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı münasibətilə pravoslav xristian icmasının nümayəndələrinə can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.

Arif Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi – Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

yasamal.tv xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Gürcüstan dəmir yolları ilə yük daşımaları artıb

Yanvar-mart aylarında yük dövriyyəsinin artımı idxal və tranzit yüklərinin hesabına baş verib.

Bu ilin birinci rübündə Gürcüstan dəmir yolları vasitəsilə 2,77 milyon ton yük daşınıb.

yasamal.tv xəbər verir ki, bu barədə “Gücüstan Dəmir Yolları” SC-dən bildirilib.

İllik müqayisədə daşınan yüklərin həcmində 253 min ton artım qeydə alınıb.

Yanvar-mart aylarında yük dövriyyəsinin artımı idxal və tranzit yüklərinin hesabına baş verib. Gürcüstan dəmir yolları ilə 604 min ton yükün idxalı, 1,5 milyon ton yükün isə tranziti həyata keçirilib. (report)

DST: “Koronavirus zamanı spirtli içki içmək təhlükəlidir”

Alkoqol istifadəsi koronavirusa yoluxma riskini artıra bilər.

Strateq.az “The Sun”-a istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) hesabatında məlumat verilir.

Hesabatda deyilir: “Alkoqol immunitet sistemini risk altına alır və sağlamlığa mənfi təsir göstərmək potensialını artırır. Buna görə də, istehlak olunan spirt miqdarı, xüsusən də COVID-19 pandemiyası zamanı minimuma endirilməlidir”.

DST alkoqolun koronavirusu öldürməsi rəyinin mif olduğunu vurğulayıb. “Hər hansı bir alkoqol içmək sağlamlıq üçün təhlükəlidir. Lakin spirt miqdarı yüksək olan içki, xüsusən metil spirt istifadə edilibsə, ölüm də daxil olmaqla, sağlamlığa ciddi zərər verə bilər”.

Sorğulara əsasən, təcrid rejimi insanların alkoqol vərdişlərini dəyişdirir. Belə ki, İngiltərənin hər beşinci sakini məhdudiyyətlər tətbiq olunandan bəri əvvəlkindən daha çox spirt istehlak etməyə başlayıb.

Bununla yanaşı, hər üçüncü respondent, əksinə, alkoqol istehlakını azaltdığını və ya azaltmağa çalışdığını söyləyib.

Respondentlərin 6%-i spirtli içkini tamamilə tərgitdiyini deyib.

“Barselona” Neymardan imtina etdi

PSJ-nin hücumçusu Neymar yay “transfer pəncərəsi”ndə “Barselona”ya qayıtmayacaq.

Fanat.Az “Catalunya Radio”ya istinadən xəbər verir ki, “Barselona” koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan maliyyə böhranı səbəbindən Neymarın transferindən imtina edib. Katalon klubunun əsas transfer hədəfi “İnter”in forvardı Lautaro Martinesdi.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barsa”dan PSJ-yə keçib. Ötən yay braziliyalı futbolçu “blauqrana”ya qayıtmaq istəsə də, klublar maliyyə məsələlərində razılığa gələ bilməmişdilər.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?