Ev Blog Səhifə 3269

“Qəbir qazma üsulu” nümayiş olunacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrında Argentina yazıçısı A.B.Kasaresin hekayəsi əsasında hazırlanmış “Qəbir qazma üsulu” tamaşası mayın 21-də onlayn nümayiş ediləcək.

yasamal.tv xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış yeni tamaşanın quruluşçu rejissoru və tərcümə edəni Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir.

Tamaşanın əsas ideyası ondan ibarətdir ki, mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərərsə, o, məhvə məhkumdur.

Argentina yazıçısı A.B.Kasaresin fikrincə, cinayətlər törətmiş insanlar bir-birini sevən iki gənc olduğundan, onlar günahlar içində ailəni qoruyub saxlaya bilməyəcək, ailənin dağılması ilə ölümlərinə, sevgilərinin məhvinə səbəb olacaqlar. Yazıçının polisemantik fikri teatrının poetikası üçün çox səmərəlidir. Əsərdə fikirləri birmənalı şəkildə deyil, hər tərəfə yozmaq mümkündür.(axsam.az)

Rus siyasətçi cinayətə görə saxlanıldı – Video

Rusiyada nüfuzlu iş adamları Aleksandr Naumov və Kirill Voytenkonun qətlində şübhəli bilinən tanınmış biznesmen və siyasətçi Anatoli Bıkov saxlanılıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, qətlin təşkilində iştirak etdiyinə görə 13 il azadlıqdan məhrum edilmiş “Tatarin” ləqəbli Vladimir Tatarenkov Bıkova qarşı ifadə verərək onun cinayətin təşkilatçılarından biri olduğunu bildirib.

İfadələr və istintaq tərəfindən toplanmış digər dəlillər əsasında iş adamı xüsusi əməliyyat çərçivəsində saxlanılıb.

Adil Əliyevdən icra başçılarının həbsinə – reaksiya

“Təhsil, səhiyyə və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkiblər”.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Bu islahatlar xalqın rifahının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və ölkəmizin inkişafına hesablanıb. İslahatlar yalnız sosial-iqtisadi sahələri əhatə etmir, eyni zamanda struktur dəyişikliklərini də qaçılmaz edir. Nəticə etibarı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar aparıldı və həmin islahatların məntiqi davamı olaraq Milli Məclisdə analoji islahatlara başlandı”.

yasamal.tv xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, Prezident islahatlarla yanaşı korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin anonsunu verdi və ilkin olaraq bütün vəzifəli şəxslərin bu əməllərdən çəkinməsini tələb etdi:

“Belə deyə bilərik ki, ilk növbədə humanist qərar qəbul edildi və xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması tapşırıldı. Lakin bəzi məmurlar, xüsusilə yerli icra hakimiyyətinin başçıları bu tənqidlərdən nəticə çıxarmayaraq, rəhbərlik etdikləri rayonların paytaxtdan uzaq olduğunu düşünərək yerli əhalini incitməkdən çəkinmədilər. Ölkə başçısı daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar. Amma bəzi sabiq icra hakimiyyəti başçıları bu tövsiyədən nəticə çıxarmadılar və təbii ki, belə olan halda dövlət başçısı tərəfindən qətiyyətli mövqe nümayiş etdirildi. İlkin olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin və Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçılarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çox uğurlu əməliyyatlar həyata keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçildi.

Növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu üç rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu. Onların törətdikləri digər cinayətlərə baxanda, həvalə edilmiş vəzifəyə qarşı kobud münasibətləri aşkar görünür. Belə ki, hazırda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə aztəminatlı ailələrə yardımlar ayrılıb və yerlərdə həmin yardımların ehtiyacı olan vətəndaşlarımıza çatdırılması həyata keçirilir. Lakin yerlərdəki icra hakimiyyətlərində işləyən bəzi məmurların törətdikləri digər cinayətlər azmış kimi, əlavə olaraq göndərilən bu cür yardımlara da göz dikmələri həqiqətən çox utancverici haldır. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına qoşularaq “gözəgörünməz düşmənə” – koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda təəssüf ki, acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər”.

A.Əliyev deyib ki, sabiq yerli icra hakimiyyəti başçıları yalnız sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək haqqı kartlarını mənimsəməklə kifayətlənməmiş, yerlərdə kiçik bir “rüşvət” şəbəkəsi quraraq, rayonda olan təhsil, səhiyyə və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkib və nəticədə cəzalanıblar: “Təbii ki, bu cəhdlər səmərəsizdir və heç bir nəticəsi olmayacaqdır. Bu bir həqiqətdir ki, vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməz, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı təbəqə üçün ictimai iş yerlərinin yaradılması məqsədilə ayrılmış pula göz dikməz, pandemiya dövründəki bu çətin vəziyyətdə kasıb təbəqəyə çatacaq ərzağı öz qohumlarına göndərməz, habelə aztəminatlı ailələrin adına maddi yardımlar yazaraq onu özü mənimsəməz! Əlbəttə, bu cür neqativ əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir və qanun qarşısında mühakimə olunur, ictimaiyyətə də ətraflı məlumat verilir.Diqqətəlayiq haldır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə hazırda həm institusional yolla, həm də inzibati yolla aparılır, bütün məsələlər ətraflı araşdırılır və sonda vahid qərar qəbul edilir. Onu da qeyd etmək istəyirəm ki, yerli icra hakimiyyətlərindəki bu sayaq neqativ tendensiyaların azalması çox xoşagələn haldır, yoxsa bəzi sabiq məmurlar özlərini yerlərdə böyük vəzifə sahibi sanaraq hətta vətəndaşlara məxsus olan torpaq sahələrini mənimsəməkdən belə çəkinmirdilər. Bu cür özbaşınalıqlar əsaslı olaraq yerli əhalinin narazılığına səbəb olur, nəticədə vətəndaşlar yuxarı instansiyalara müraciət edirlər. Təbii ki, həmin müraciətlər diqqətlə araşdırılır və obyektiv qərarlar qəbul edilir”.

“Bu günlərdə Prezident Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin: “Dövlətimizin başçısının bu çıxışını əsas tutaraq, bütün vəzifəli şəxsləri cənab Prezidentin apardığı islahatlara dəstək verməyə, üzərlərinə qoyulmuş vəzifələri dərk etməyə, öz işlərində qanunu və qanunçuluğu əsas tutmağa, neqativ tendensiyalara imkan verməməyə, rüşvət və korrupsiyadan uzaq durmağa dəvət edirəm”, – deyə vitse-spiker qeyd edib. (report.az)

Mehriban Əliyeva: “Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir”


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib.

M.Əliyevanın rəsmi saytında yer alan müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm.

Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb. Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll edirdilər. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirilir.

Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi.

Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun!

Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər.

Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə təşəkkür edirəm. Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır!

Əziz dostlar!

Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb. Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.

Əziz həmvətənlər!

Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”. (report.az)

“Dərin Amerika”nın Rotşildlərlə savaşının düyünü Londonda çözüləcək


Müharibəsiz aparılan müharibə – Araşdırma

Ərgün Dilər“Takvim”, Türkiyə, 06 may 2020-ci il

Gəlin, bu gün həyatımızın tam ortasına çökən koronavirus epidemiyasının arxasındakı iqtisadi müharibəyə detallı baxaq. Doğrusu, uzun müddətdir ki, bunun bir maliyyə müharibəsi olduğunu sizlərə çatdırıram.

ABŞ-ın durumu heç də parlaq deyil. Ya silahların danışdığı, dünyanı yıxan bir müharibə olmalıydı, ya da hər kəsə təsir edən, amma nəticədə sistemi dəyişdirən bir həmlə edilməliydi. Yəni, fabrik, xəstəxana, məktəb, yol, körpü və evlərin zərər görmədiyi bir müharibə olmalıydı. Bu da koronavirus pandemiyası oldu.

İndi gedən bu müharibənin detallarını açaq. Açaq ki, ABŞ-ın son həmləsini anlaya bilək.

ABŞ davamlı artan borc yükü və işsizlik arasında sıxışıb qalmışdı. Bu durumun davam etdirilməsinin qeyri- mümkün olduğunu gördü.

Eyni zamanda, yeni dünya nizamı ondan uzaq düşməyə başlamışdı. Avropa Birliyi (AB) bəzi ailələrin də dəstəyiylə, Vaşinqtonu çətin duruma salmışdı. Bu, sirr də deyildi. Pulun hərəkətini izləyənlər bunu görürdü.

“Dərin Amerika” da yeni bir yol izləməyə qərar verdi. Donald Tramp, çox böyük ehtimal verilməsə də, prezident seçkilərində qalib gəldi. “Dərin Amerika” çox da etibar etmədiyi Trampı əhatələmək üçün “Rusiya kozırı”ndan istifadə etdi. Yalnız bir neçə hərbi sistemi və neftə dayanan iqtisadiyyatı olan bir ölkənin ABŞ seçkilərinin nəticələrini müəyyən edə bilməsinə ehtimal verirsinizmi? Ağlı başında olan hər kəs buna gülüb keçdi. Ancaq ABŞ sistemi o qədər güclüdür ki, bu komik iddiaya belə, Amerika xalqını və Avropanı inandırdı.

“Dərin Amerika” Trampa güvənməməkdə haqlı idi. Çünki Trampın Rusiya ilə olan əlaqələri önəmli idi. Və bunlar məlum idi. Bu səbəblə, araşdırmalar ard-arda gəldi. İstefalar bir-birini izlədi.

Tramp “Dərin Amerika”nı yalnız Rusiya məsələsiylə bağlı olaraq çətin vəziyyətdə qoymurdu. O, AB, Türkiyə, Şimali Koreya və İran məsələlərində də “Dərin Amerika”nın istəyi xaricinə çıxırdı. Rəsmən münaqişə yaranmışdı. Buna yüzlərlə nümunə də göstərmək olar. Vaxtında hamısı haqqında yazdıq. Məsələn, bir dövr AB-ni tərifləyən Tramp gördük. “Dərin Amerika”nın dağıtmaq istədiyi AB-yə dəstək verən bir prezident var idi. Sonra Tramp bu məsələdə də geri addım atdı.

Türkiyəyə qarşı çox öncədən başladılması planlaşdırılan ciddi embarqo da məhz Tramp sayəsində əngəlləndi. Ancaq Tramp bunu müəyyən bir yerə qədər bacara bildi. Sonra əhatələndi. Türkiyə kimi inanılmaz önəmə sahib olan bir ölkəyə yanlış kodla yaxınlaşmaq istəməsə də, gücü məhdudlaşdırılırdı. Səhvə düz demirdi, ancaq gücü budanırdı. “Dərin Amerika” üstələyirdi. İşin mahiyyəti bu idi. Prezident Ərdoğan da Trampın xoşniyyətli mövqeyinə yaxından bələd idi.

Eyni durum Şimali Koreya və İran üçün də keçərli idi.

İndi ABŞ-ın böyük strategiyaya ehtiyacı var. Bu, şərtdir. Çünki 09 aprel 2020-ci ildən etibarən, ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 24 trilyon dolları aşdı. Koronavirusla birlikdə artan işsizlik səviyyəsi isə 20%-ə çatdı.

Bunların hamısı planın içində olan detallar idi. Ancaq rəqəmlər qorxunc idi. Hər şey ortadaydı. Daşınması mümkün olan yük deyildi.

ABŞ yeni bir pulla, yeni bir sistemlə borcunu sıfırlayacaq. Koronavirus epidemiyası başlayandan bunu yazıram. Həm də təkrar-təkrar yazıram. Nə üçün? Cavab bəsitdir. Çünki aktivləri idarə edən London mərkəzli 12 qurum 104 trilyon dolları idarə edir.

“Dərin Amerika” Londonun təsirli olduğu bu qurumları hədəfə alacaq. “BlackRock”, “Vanguard”, “State Street Group”, “JP Morgan”, “Goldman Sachs”, “Fidelity Investment”, “BNY Mellon”, “Pasific Investment Management”, “Capital Group” və “Prudential Financial” öncəlikli hədəflərdir. Çünki aktivləri idarə edən bu qrupların hamısı Londondan idarə olunur və amerikan sisteminin dərinliklərinədək sızıblar. Yəni, “Dərin Amerika” üçün düşmən evin içində idi. Məsələyə belə baxırdılar. Haqlı idilər. Lakin bütün bunların hamısı gözlərinin önündə oldu. Hətta Trampın vəzifəyə gəlməsindən qısa müddət sonra mən yazdım ki, “ABŞ ya dolları dövriyyədən çıxaracaq, ya da borclarını sıfırlayacaq”. Başqa çarələri yoxdur. Bunun üçün də Tramp kimi, qüsurları çox olan bir adam lazım idi.

“Dərin Amerika” dolların bu rolu ilə mövcud sistemi çökdürməyin çətin olduğunu bilir. Çünki dolları aktivləri idarə edən bu qruplar idarə edir, istədiyi şəkildə yönləndirir. Bu gün dünyanın böyük bir xaosa sürükləndiyi halda, cəmi 3 il ərzində 3 trilyon dollar əlavə borc yükü altına girən ABŞ, sizcə, kimə borclu düşür? Böyük əksəriyyəti müxtəlif ölkələr kimi görünsə də, məhz bu qruplara borclu düşür. Əslində, ABŞ Londondakı Rotşild ailəsinə borclu olur. Gedən müharibənin fokus nöqtəsi də budur.

Ailə, yəni, Rotşildlər pulla, tarixin ən böyük əməliyyatı ilə ABŞ-ı bitirmək istəyir. “Dərin Amerika” da bunu bilir və görür. Bu səbəblə, Çin üçün başladılan “Wuhangate” sonrası trilyon dollarlıq təzminat iddialarının qaldırılması prosesi sürətləndirildi. Bir hesabata görə, hər ölən amerikalı üçün 10,7 milyon dollarlıq təzminat tələb edilməsi nəzərdə tutulur. İnfeksiyaya yoluxan hər bir amerikalı üçün 100 min dollarlıq təzminat düşünülür. Çini küncə sıxışdırmaq çox asandır. Çin vasitəsilə ailə, yəni, Rotşildlər hədəfə alınacaq.

Aktivləri idarə edən amerikan qrupları kimi görünən “BlackRock”, “Vanguard”, “State Street Group”, “JP Morgan” və “Goldman Sachs” Çini böyüdən şirkətlərdir. Çin vasitəsilə bu şirkətlərə qarşı da maliyyə əməliyyatlarının keçirilməsi artıq ciddi şəkildə “Dərin Amerika”nın planlarına daxil edilib. Başqa çarələri də yoxdur. Hətta onların varlıqlarına öncə blok, ardınca da əl qoymaq seçimi masadadır. Sadəcə hüquqi infrastrukturun hazırlanması qalıb. Son toxunuşlar edilir. Təbii, bu, dolların rəqəmsal pula çevrilməsinin mümkün olmadığı halda istifadə olunacaq bir seçimdir.

Dolların rəqəmsal pula çevrilməsinin mümkün olduğu halda, sadəcə FES-ə əl qoymaq yetərli olacaq. Bir anda FES-lə birlikdə idarəçilik “Dərin Amerika”ya keçəcəkdir. Çünki aktivləri idarə edən şirkətlər FES-də alınan qərarları həyata keçirirlər.

Təbii, planlar daima uğurla başa çatmır. Bu planlardan sonra necə addımların atılacağı da önəmlidir. “Dərin Amerika” bir neçə fərqli plan üzərində işləyir. Rotşild ailəsinin təsirli olduğu ölkələrdəki iqtisadi böhranın uzun müddət davam etməsini planlaşdırır.

BVF-nin Afrikaya yönəlik atdığı addımlar daima insanı heyrətləndirir. Afrikada nə var? Sual budur. ABŞ orada nə görüb? Nə tapıb? Mübarizənin mərkəzlərindən biri də buradır.

Rotşild ailəsi 2025-ci ildən sonra Afrika vasitəsilə bir çox ölkənin faydalı qazıntılara olan ehtiyacının idarəçiliyini öz əlinə alacaq. “Dərin Amerika” bu plana mane olmaq üçün BVF vasitəsilə ciddi addımlar atdı. Təbii, bunun olması üçün koronavirus kimi bir infeksiyanın bütün dünyaya yayılması lazım idi. Bu gün ABŞ böyük bir xaosun içindədir. Bu olmalıydı ki, “Dərin Amerika” öz addımlarını güclü şəkildə ata bilsin. Çinə qarşı trilyon dollarlıq təzminat iddiaları qaldırmaq üçün başqa necə bir səbəb tapıla bilər? Vaşinqton yalnız vergi vasitəsilə təzyiq edə bilirdi. Onu etdi, lakin təsiri olmadı. Tramp hər gün vergi məsələsini gündəliyə gətirdi, amma alınmadı. Nəticə vermədi.

Vaşinqtonun borc yükü çox idi. Dünyanın ən çox borcu olan ölkəsi ən güclü ölkə kimi irəliləmək istəyirdi. Bu da tarixdə ilk dəfə olurdu. Virus epidemiyası son seçim idi və istifadə edildi. Bu seçimin dünyada necə təsirli olduğunu gördük. Bundan sonra “Dərin Amerika” bir neçə virusla dünyaya nəzarəti ələ ala bilər. Bunu gördülər. Yenilərinin də laboratoriyada hazır olduğunu söyləmək heç də xəyal məhsulu olmaz.

Görünən odur ki, “viruslu günlər” insanlara dərin təsir edəcək, sistemlərin dəyişilməsini, keçidini isə sürətləndirəcək. Baş verən hadisənin mahiyyəti budur. Baxaq, görək, Rotşildlər və onlarla bir olan ailələr necə cavab verəcək? Düyün yenə Londonda açılacaq…

Tərcümə Strateq.az

Fəxrəddin Qoca: “Türkiyə COVİD-19-la mübarizənin ilk mərhələsi uğurla tamamladı”

“Türkiyə COVİD-19-la mübarizəsinin ilk mərhələsini uğurla tamamladı”.

Militribuna.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə bildirib.

Nazir deyib ki, hazırda Türkiyə COVİD-19-la mübarizənin ikinci mərhələsinə – nəzarətli sosial həyat mərhələsinə keçib. Bu mərhələdə maska ilə küçəyə çıxmaq, sosial məsafəni gözləmək və gigyenik tələblərə əməl etmək şərtləriniə daha geniş sahədə nəzərər alınmalıdır: “Bu həftə ilk dəfə sağalan xəstə sayımız mövcud xəstə sayını aşdı. Hazırda yeni mərhələnin ilk günlərindəyik. Uğurlarımız yenə də tədbirlərə və qaydalara düzgün əməl etməyimizdən asılıdır. Virus hazırda aramızda dolaşmağa davam edir, hər yerdə qarşımıza çıxa bilər. Odur ki, eyni tədbirləri daha geniş bir sahədə tətbiq etmə mərhələsinə keçirik”.

Nazir deyib ki, pandemiya sonrası cəmiyyət əvvəlki normal həyata dönməyəcək, əksinə, yeni həyatın normalarına hazırlıq mərhələlərinə keçid olacaq: “Pandemiya xəstəliyi qarşısında qazandığımız təcrübəni unutmamalıyıq. COVID-19 ikinci dünya savaşından sonra bütün dünya üçün problemə çevrilən ilk hadisədir. Bərbərxanaya gedəcəyik, amma orda qaydalara düzgün əməl edib-edilməyəcəyinə baxacağıq, eləcə də ticarət mərkəzlərinə və digər ehtiyacımız olan yerlərə”.(apa)

İlham Əliyev “MİR”ə müsahibə verdi – Tam Mətn

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib.

yasamal.tv Azərtac-a istinadla həmin müsahibəni təqdim edir:

Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik.

– Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi?

Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır.

– Azərbaycan pandemiya ilə necə bacarır?

– Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq.

– Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi?

– Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək.

– Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi?

– Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı.

– Biz Sizinlə ümumi bayramımız – Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz?

– Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan Sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, Sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz Sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib.

– Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən Müharibəsi veteranlarına hansı kömək göstərilir?

– Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır.

– Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun?

– Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq.

– Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz?

– Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq.

– Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz?

– Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun.

– Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.

Maska taxmayanlar metroya buraxılmayacaq

“Tibbi maska taxmayanlar metropolitenin stansiyalarına buraxılmayacaq”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanan metodiki göstərişlərə tam riayət ediləcək:

“Metropolitendə sərnişinlərin sosial məsafə gözləməsi, tibbi maska taxması vacibdir. Əks halda sərnişinlər metroya buraxılmayacaq. Hər bir fərd bu qaydalara riayət edərsə, görülən tədbirlər də effektli olar”.

Metropoliten rəsmisinin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tövsiyələrin veriləcəyi də gözlənilir. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərdə bildirilib ki, sərnişinlərdən bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə – metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır.
Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində – yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

Heydər Əliyev Fondu Naftalana ərzaq yardımı göndərib

 

Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Naftalanda sağlamlıq imkanları məhdud uşaqlar üçün ərzaq yardımları göstərilib.

Millitirbuna.az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində Naftalan şəhərində sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün 40 ailəyə ərzaq sovqatları paylanılıb.

Sovqatların “bizbirlikdegucluyuk.az” portalına və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında ünvanlara çatdırılması təmin edilib.

Sovqat alan ailələr hər zaman olduğu kimi, bu çətin anda da onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak ediblər

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib.

Bildirildi ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşüblər.

X X X

Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması aparılır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.(report.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?