Ev Blog Səhifə 3400

8103-ə yalan mesaj yazan 20 nəfər saxlanılıb

Ötən sutka ərzində dəfndə iştirak etmək adı ilə 8103 qısa nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən 20 nəfər polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək saxlanılıb.

yasamal.tv xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, “Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” olan 8103 qısa nömrəsinə dəfndə iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 20 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və onlar 100 manat məbləğində cərimə ediliblər. Bir nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Psossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilir.

Nəzərinizə çatdıraq ki, 8103 nömrəsinə edilən hər bir müraciət ciddi araşdırılır. Odur ki, vətəndaşlardan bu xidmətdən süi-istifadə etməmək tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

İki qardaş metil spirtindən zəhərlənərək ölüb

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

yasamal.tv apa.az-a istinadən məlumat verir ki, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.

İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli Məclis həkimlərə və polislərə dəstək olaraq videoçarx hazırlayıb – Video

Milli Məclis koronavirusla mübarizənin ön cərgələrində olan həkimlərə, polislərə dəstək nümayiş etdirən videoçarx hazırlayıb.

yasamal.tv-ın məlumatına görə, videomaterialda Milli Məclisin Aparatının işçiləri və deputatlar çətin şəraitdə çalışan həkimlərə, polislərə öz dəstəyini ifadə edib.

Həmçinin, videoçarxda parlamentin son iclasında spiker Sahibə Qafarovanın təklifi ilə həkimlərin, hərbçilərin, polislərin deputatlar tərəfində ayaq üstə alqışlandığı görüntülər də yerləşdirilib.

[embedyt] https://www.youtube.com/watch?v=6U96tNY59vU[/embedyt]

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

yasamal.tv Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata istinadən bildirir ki, aprelin 9-da törədilən 14 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Mən niyə evdə qalıram? – Analitika

Tam səmimi etiraf edim ki, fərd olaraq koronavirus (COVID-19) pandemiyasından qorxmuram.

Yəni ən azından fiziki gücümə və bədənimin buna qarşı gələ biləcəyinə inanıram. Yəqin ki, mənim kimi düşünənlər az deyil.

Dünyada yoluxma və ölüm sayına, ölənlərin yaş qrupuna baxanda, eyni zamanda elə Azərbaycanda bu virusdan vəfat edən şəxslərin xəstəliklərinin siyahısına nəzər saldıqdan sonra bir az da əminlik yaranır.

Bəs bütün dünyada niyə sosial izolyasiya tədbirləri həyata keçirilir? Niyə bizə evdə qalmaq tövsiyə olunur? Ən əsası niyə evdə qalmalıyıq?

Statistika göstərir ki, koronovirus pandemiyasına yoluxanların böyük əksəriyyəti heç bu xəstəliyi hiss etmir. Xüsusi müalicə tələb etmədən virus bir müddət sonra aradan gedir. Amma yaşlı, xəstə insanlarda bu özünü daha qabarıq şəkildə büruzə verir. Virusun ən böyük təhlükəsi isə tez yayılması, insandan-insana keçməsidir. Yəni virus daşıyıcısı olan bir şəxs asanlıqla ətrafında olan insanları yoluxdura bilər.

Bəzən insanlar virusu adi bakterioloji xəstəliklərlə qarışıq salır. Virus özü müstəqil canlı orqanizm deyil. Onun yaşaması üçün canlı bir orqanizmdə olması mütləqdir. Ona görə də, əşyalarda koronavirusun uzun müddət qalmadığı bildirilir. Yəni dezinfeksiya işləri də ona görə aparılır ki, virus elə həmin dəqiqə məhv olsun.

Amma…

Bir çox azərbaycanlılar kimi mən də sözümün əvvəlində dolayı yolla “mənə heç nə olmaz” dedim. Amma bu mənim sosial məsuliyyət daşımadığım anlamına gəlmir. Dövlət tərəfindən görülən tədbirlər, müxtəlif işlər təbii ki, vətəndaşlar üçün hesablanıb. İlk növbədə bir vətəndaş olaraq qanunlara tabe olmaq və qaydalara əməl etmək borcumuzdur. İndi deyək ki, bunun məsuliyyətini dərk edə bilmirik. Savadımız bura qədər çatmır. Yaxşı, bəs bir insan olaraq düşünmək qabiliyyətimiz var axı. Niyə ancaq “mən”lə yaşayırıq?! Axı heç kəs olmayan adada deyilik. Yuxarıda qeyd etdiyim kimi virusu daşıyaraq yaya bilərik ki, bundan əzab çəkən insanlar olar.

İndi kimsə qınaya bilər ki, “sənin ağzın isti yerdədir, günəmuzd işləyənlər nə etsin?!” Olsun buna bir söz demirəm. Amma avtobus gələndə basabas salmaq, oturacağın üstündə məsafə saxlamaq barəsində elan olduğu halda oturmaq, işdən çıxanda “hava almaq üçün” küçədə gəzmək kimi hərəkətlərə nə ad verək?

Kimsə zərurətdən maşınla çıxır, başa düşüləndir. Amma “qaqaş, axşam çıxaq şəhərə, yollar bom-boşdur” fikirləşənlərə nə deyək?

Ümumiyyətlə, sosial məsuliyyət anlayışı bizdə bir qədər zəifdir. Acı da olsa, etiraf etmək məcburiyyətində qalıram. Məsələn, şəxsi əmlakımıza cüzi bir zərər dəysə, günlərlə bunun depressiyasını yaşayırıq. Amma ümumi istifadə olan bir əmlakı rahatlıqla sındıra bilirik. Bax hər şey də buradan başlayır.

Yaşlı insanlara “evdə otur” deyəndə, onlar darıxdıqlarını bildirirlər. Amma anlamaq lazımdır ki, qeyd etdiyimiz kimi virusu hiss etmədən daşıyan birisi ona xəstəliyi ötürə bilər. Nəticədə isə onlarla tibb işçisi öz həyatını təhlükəyə ataraq ona xidmət etmək məcburiyyətində qalacaq.

Əzizlərim! Yaman günün ömrü az olar deyiblər. Bu günlərdə bir az səbirli olmaq, birlik nümayiş etdirmək və sosial məsuliyyəti dərk etmək lazımdır.

P.S. Yaponiya koronovirusun yayıldığı ilk ölkələrdən biridir. Hətta ilk ölüm halı da fevral ayında qeydə alınmışdı. Amma bu günə qədər ölkədə karantin belə, elan olunmayıb. Sadəcə, insanlar özləri lazım olan qaydalara əməl edirlər. Polisin küçələrdə tədbir görməsinə, səsucaldıcı ilə xəbərdarlıq etməsinə ehtiyac belə yoxdur…(mediapost.az)

Müalicəvi otlar orqanizmə ziyan vura bilir

El arasında müalicəvi otlar müxtəlif məqsədlərlə istifadə olunur. Dərmanlardan fərqli olaraq onlar “ziyansız” sayılır.

yasamal.tv xəbər verir ki, bu səbəbdən insanlar otlardan istifadə etdikdən əvvə adətən həkimlə məsləhətləşmir. Lakin bu böyük səhvdir.

İlk növbdədə qeyd etmək lazımdır ki, ciddi xroniki böyrək, qaraciyər xəstəlikləri zamanı bir çox otları qəbul etmək olmaz. Bu xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

Çobanyastığı ən tez-tez istifadə olunan müalicəvi otlardan birirdir. Çobanyastığı antiseptik təsir edir, sakitləşdirir, spazmaları azaldır. Lakin çobanyastığı hamilə, uşaq əmizdirən və güclü menstruasiya qanaxmalarından əziyyət çəkən qadınlara ziyan vura bilər.

Həmçinin çobanyastığı dəmirin sovrulmasını ləngidir və müntəzəm qəbulu zamanı qanazlığının inkişafına səbəb ola bilər.

Nanənin tez-tez qəbulu bronxial astma və bradikardiyadan əziyyət çəkənlər üçün ziyanlıdır. Həmçinin bu kişilərdə ereksiyanın pozulmasına səbəb ola bilər.

Yovşan ən faydalı müalicəvi otlardan biri sayılır. Yovşan ağrıları azaldır, həzmi yaxşılaşdırır, xərçəng əleyhinə təsir edir. Lakin yovşanın tez-tez qəbulu qarabasma, nevroloji tutmalara və s. pozulmalara səbəb ola bilər.

Kəklikotu xalq təbabətində çox geniş istifadə olunur. Kəklikotunun köməyi ilə soyuqdəymədən tutmuş, qadın və böyrək problemlərinə qədər bir çox xəstəlikləri müalicə edirlər. Lakin kəklikotunun daim qəbulu başgicəllənməsi, baş ağrıları, mədə-bağırsaq pozulmalarına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq istənilən hətta ən faydalı otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. (saglamolun.az)

Koronavirusa qarşı virus yaradıldı

Amerikalı alimlər laboratoriya şəraitində yeni tip koronavirus əleyhinə peyvənd kimi istifadə edilə bilən virus hazırlayıblar.

Mİllitribuna.az fins.az-a istinadən xəbər verir ki, mütəxəssislər insanlara zərəri olmayan parainfluenza 5 virusu (PIV 5) əsasında, bu infeksiyaya yoluxan hüceyrələrə koronavirusun tikanlarına oxşayan S-qlikoprotein ifraz edən gen əlavə edərək yeni virus yaradıblar.

İndiyə kimi testlər MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARSCoV-2-dən də effektiv olacağını düşünürlər. Amerikalı həkim Paul Makkari hesab edir ki, koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir.

“Azərpoçt”da birdəfəlik ödəmənin verilməsinə başlanıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

yasamal.tv xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Bildirilib ki, qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb. Məlumatlar mütəmadi olaraq yenilənir.

Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

KMDF-nin İctimai Nəzarət Şurası yaradıldı – Sərəncam

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

yasamal.tv xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılsın:

Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru

Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri

Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.

Bakıdakı taksilərdə arakəsmələr quraşdırılır

Koronavirus (COVID-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir.

yasamal.tv xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə Agentlik taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir.

Artıq “Bolt” şirkəti tövsiyələri nəzərə alaraq, taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.

“Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik”, – qurum bəyan edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarxili qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?