Ev Blog Səhifə 3309

“S&P”: Gələn il Azərbaycan iqtisadiyyatı 2,6% artacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM-in 6,6% azalacağını, 2021-ci ildə isə iqtisadiyyatın bərpa olaraq 2,6% artacağını proqnozlaşdırır.

APA-Economics”in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, hazırda ölkənin bank sektorunda Azərbaycan bankları öz bizneslərinin böyüməsi və qazanc perspektivləri ilə bağlı artan problemlərlə üzləşirlər ki, bu da xarici təsirlərə həssaslıqla yanaşı, bankların kapital buferlərinə, aktivlərin keyfiyyətinə və maliyyələşmə sabitliyinə əvvəlcədən gözləniləndən də ağır zərbə vura bilər.

“S&P” qeyd edir ki, iqtisadiyyatın bərpa sürəti iqtisadi dislokasiyanı azaltmaq və ev təsərrüfatlarına dəstək yönündə görülən tədbirlərin səmərəliliyindən asılı olacaq.

“Türk Hava Yolları” uçuşların dayandırılma müddətini uzatdı

Türk Hava Yolları yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aviareyslərin təxirə salınması müddətini 28 maya qədər uzadıb.

yasamal.tv xəbər verir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi açıqlama verib:

“Pandemiya ilə mübarizədə uğur qazanmaq üçün biraz daha səbir etməliyik. Buna görə də, ölkədaxili və ölkəxarici uçuşları 28 maya qədər təxirə salmaq məcburiyyətindəyik”, – deyə Bilal Ekşi bildirib.

Atəşkəs 24 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Eynşteynin bu cümləsi 1,56 milyon dollara satılıb

Albert Einstein, Princeton University 1948, by Yousuf Karsh

Albert Eynşteynin 1922-ci ildə xoşbəxtlik haqqında yazdığı cümlə auksionda 1.56 milyon dollara satılıb.

yasamal.tv xəbər verir ki, Albert Eynşteyn 1922-ci ildə Nobel mükafatına layiq görülən zaman Yaponiyada səfərdə olub və orada leksiya oxuyub. Bu ali mükafata layiq olduğu xəbərini də orada eşidib.

Eynşteyn yemək üçün qaldığı otağa yemək sifariş verir. Kuryer qaldığı otaqda ona yeməyi gətirəndə Eynşteynin üzərində ona bəxşiş (çayevoy) verməyə pulu olmur. Bunun əvəzində isə Eynşteyn kuryerə “Imperial Hotel Tokyo” otelinin loqotipi olan bloknotun bir vərəqində  alman dilində yazdığı bu cümləni ofisianta təqdim edir:

“Ciddi və sakit həyat daima narahatçılığa və uğura can atmaqdan daha böyük məmnunluq gətirir”.

Eynşteyn bunu deməkdə niyyəti ondan ibarət olub ki, çoxdan gözlənilən bir məqsədə çatmaq xoşbəxtliyə zəmanət vermir.

Eynşteynin bir cümləlik əlyazmasını auksiona həmin kuryerin qardaşı oğlu təqdim edib. Eynşteynin xoşbəxt həyat barəsindəki bir cümləlik resepti 2017-ci ildə Yerusəlimdəki  “Vinners” auksionunda satışa çıxarılıb və 1.560.000 dollara satılıb.

Eynşteynin həmin dövrdə yazdığı digər bir yazı (“Harada iradə varsa, orada bir çıxış yolu var”) 240 min dollara satılıb. (ölkə.az)

“Brent” markalı neftin qiyməti artıb

“Brent” markalı neftin iyun fryuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 05:37 üçün 3,52 faiz artaraq 23,54 dollar/barrel təşkil edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, “WTI” markalı neftin fyuçerslərinin qiyməti 13,87 dollar/barrel səviyyəsinə yüksəlib (+12,8 faiz).

UEFA federasiyalara 25 maya kimi vaxt verdi

UEFA İcraiyyə Komitəsi daxili çempionatlarda mövsümün bərpası ilə bağlı plan hazırlanması üçün dedlayn müəyyənləşdirib.
 
Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, 25 may tarixinə kimi quruma üzv assosiasiyalar çempionatların bərpa tarixi və formatı ilə bağlı plan təqdim etməlidilər. Həmçinin, UEFA mövsümüm vaxtından əvvəl bitdiyi ölkələrin federasiyalarından qərarın səbəbini əsaslandırmalarını istəyib.
UEFA-nın növbəti iclası 27 mayda keçiriləcək. İclasda avrokubokların taleyi ilə bağlı yekun qərarın qəbul olunacağı gözlənilir.

Deputat: “Ehtiyatda olan hərbçilər Ermənistanın əlində alət olmamalıdır”

“Əgər kimsə Azərbaycan Ordusunun nüfuzuna ziyan vurmağa cəhd göstərsə, həmin şəxsə layiqli cavab veriləcək və heç kəsin keçmiş xidmətlərinə baxılmayacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, ordu haqqında yalan məlumatlar yayan ehtiyatda olan hərbçiləri Ermənistanın əlində alətə olmamağa çağırıb: “Təkcə müharibə dövründə yox, istənilən dövrdə ordu ilə bağlı həddindən artıq məsuliyyətlə danışmaq lazımdır. Ordu müstəqilliyimizin qarantıdır. Onun haqqında dövlət sirri olan məlumatları yaymaq, dəqiq olmayan informasiyanı danışmaq ölkənin müdafiə qabiliyyətinə ciddi mənfi təsir edən amillərdir. Bunu edənlər həm ordu ilə birbaşa əlaqədə olanlar, həm də sadəcə ordu haqqında fikir bildirmək istəyən vətəndaşlardır. Mən çox istərdim ki, xüsusilə ehtiyatda olan hərbçilər ordu ilə bağlı material yaydıqda diqqətli olsunlar”.

A.Mirzəzadə vurğulayıb ki, düşmən sosial şəbəkələri və Azərbaycan mətbuatını daim izləyir, məqsədli şəkildə azərbaycanlı adı ilə hesablar açırlar: “Həmin profillər vasitəsilə Azərbaycan haqqında nahaqq, yalan məlumatlar paylaşırlar. Yalan məlumatlar yayan ehtiyatda olan hərbçilər düşmən tərəfin əlində alətə çevrilirlər. Buna yol vermək olmaz. Bəzən ordu ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılır, bunlar qəbuledilməzdir.

Ən əsası, ordu ilə bağlı informasiya yayanda ancaq rəsmi mənbələrə istinad etmək lazımdır. Digər məlumatların verilməsi istər-istəməz ordu ilə bağlı düzgün olmayan xəbərlərin paylaşılmasına səbəb olur. Bu istiqamətdə bizim qabaqlayıcı qanunlarımız var. Mən istərdim ki, ordu ilə məlumat yayanlar həmin məlumatların məsuliyyətini dərk etsinlər”.

Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra hovsan.mida.gov.az səhifəsində “Mənzillər” bölməsi aktivləşdiriləcək.

İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

ABŞ bununla bütün qaydaları pozur – Ruhani

 

“ABŞ-ın koronavirus pandemiyası zamanı İrana qarşı tətbiq etdiyi sərt sanksiyalar beynəlxalq normalara ziddir”.

yasamal.tv xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani CAR Prezidenti Siril Ramaposla telefon danışığı zamanı deyib.

“Bütün dünyada koronavirus yayılır və ölkələr öz aralarındakı münasibətlərə dəyişiklik edir, amma ABŞ İran xalqına qarşı sanksiyaları sərtləşdirir. Vaşinqton nəinki beynəlxalq hüquq normalarını, həm də İrana dərman ləvazimatları göndərilməsinin qarşısını almaqla beynəlxalq tibbi-sanitar qaydalarını da pozur”, – Ruhani bildirib. (axar.az)

Koronavirus xəbərlərini izləməyin – Zərərləri

“Özünütəcrid zamanı koronavirus mövzusunda məlumatların sosial mediadan xaotik şəkildə izlənilməsi təlaşlı vəziyyətin əsas əlamətlərindən biridir”.

yasamal.tv xəbər verir ki, bunu Rusiya Təcili Psixoloji Yardım Mərkəzinin mütəxəssisləri bildiriblər.

Onların sözlərinə görə, məlumatın olmaması və ya çox olması, müxtəlif yönlülüyü və ziddiyyətliliyi kimi amillər həyəcan və narahatlığa səbəb ola bilər.

Mütəxəssislər bildiriblər ki, müəyyən vəziyyətlərdə təlaş insanın özünü toplamasına kömək etsə də, bu hiss həddini aşdıqda narahatlıq yaradır.

Bənzər vəziyyət, həmçinin güclü ürək döyüntüsü, sürətli və ya çətin nəfəs alma, sinədə ağırlıq hissi, titrəyən əllər, əzələ gərginliyi və s. kimi fiziki simptomlara da səbəb ola bilər.

Bu problemin qarşısını almaq üçün axtarış məlumatlarını rəsmi üç-beş saytdan götürməklə məhdudlaşdırmaq, şübhəli mənbələri olan resurslara baxmamaq tövsiyə olunur. Mümkün olduqca ev şəraitində əylənmək və nəfəs məşqləri də daxil olmaqla, fiziki fəaliyyəti unutmamaq faydalıdır. Bundan əlavə, hər hansı bir çətinlik olarsa, qohumlardan və mütəxəssislərdən kömək istəmək məsləhətdir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?