Ev Blog Səhifə 3308

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İsraili təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi ( XİN) İsraili Müstəqillik günü münasibətilə təbrik edib.

yasamal.tv xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“İsrail dövlətinə Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost İsrail xalqına sağlamlıq, bütün səylərində uğurlar, uzunmüddətli sülh və çiçəklənmə diləyirik”, – deyə təbrikdə bildirilib.

Hərbi Dəniz Qüvvələrinin təlimi başa çatıb – Video

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilmiş siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırolma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib. İkinci mərhələdə siqnala əsasən sualtı diversiya əleyhinə qüvvələrin əməliyyat rayonlarında açılması və sualtı diversiya əleyhinə müdafiə tapşırıqları, həmçinin neft-qaz infrastrukturunun mühafizəsi əməliyyatları yerinə yetirilib. Üçüncü mərhələdə döyüş atışları icra olunduqdan sonra gəmilər dislokasiya məntəqələrinə qayıdıb.

Təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.

Əli Əsədov qərarda dəyişiklik etdi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara dəyişiklik edib.

yasamal.tv xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Sənədlə dəyişiklik həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə – “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”nda öz əksini tapıb.

Belə ki, qərara əsasən işin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Azərbaycan Respublikasının ali-III kateqoriyalı kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılacaq.

Eyni zamanda, fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.

Həmçinin həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə olan “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) müəyyənləşib.

Belə ki, siyahıya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də əlavə olunub.

Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir

Azərbaycanın Vergi Məcəlləsinə bağlı yeni fəsilin əlavə edilməsi təklif edilir.

yasamal.tv-ın xəbərinə görə, Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə olunur.

Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.(Report)

Bu gün bürcünüz sizə nələr vəd edir? – 29 aprel

“Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – Praktiki məsələlərin həlli üçün münasib gündür, eksperimentlərdən çəkinmək, cari işlərlə məşğul olmaq daha məsləhətlidir. Həm şəxsi, həm işgüzar məsələlərdə köhnə dostlarınıza etibar edin.
Alış-veriş etmək, əyləncəyə və yalnız əhvalı yüksəltmək üçün nəzərdə tutulan əşyalara pul xərcləmək olar. Həm flirt, həm də ciddi eşq macərası boş bir şeydən başlaya bilər, münasibətlərin inkişafı isə ildırım sürətli olacaq.

Buğa – gözləmədyiniz yerdən pul ala bilərsiniz. Bəxti gətirən Buğalar ev problemini həll edə, yaxud hansısa bahalı əmlak sahibi ola bilərlər. Mağazaları gəzə bilərsiniz. Evinizin yaxınlığında deyil, bir qədər uzaq rayonlarda edəcəyiniz alış-veriş daha uğurlu olacaq.

Əkizlər – köçmək, şəraiti dəyişmək məsləhət deyil. Öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edirsiniz. Şəxsi problemlərin həlli üçün yaxşı gündür, sevdiyiniz şəxslə uzun müddət aranızda fikir ayrılıqları vardısa, bu gün onları asanlıqla aradan qaldıra bilərsiniz.

Xərçəng – yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.

Şir – adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.

Qız – elə bir dəyişiklik gətirməsə də, bu gün qarşınızda yeni imkanlar açır. Hər şey sizin bu imkanlardan yararlana bilib-bilməyəcəyinizdən asılıdır. İşdə təşəbbüskar olun. Danışıqlarda sərt mövqe tutun, sizin üçün prinsipial cəhətdən vacib olan hər şeyə nail ola bilərsiniz.

Tərəzi – işləmək istəmirsiniz, bu səbəbdən işləriniz də axsayır, heç bir nəticə də əldə etmirsiniz. Yalnız bir qrup Tərəzilər təşəbbüskarlıq edərək bütün planlarını gerçsəkləşdirə biləcəklər. Hətta bədxahları da onların işlərinə pəl vura bilməyəcəklər.
Maliyyə vəziyyətiniz yaxşıdır.

Əqrəb – Pul xərcləməyiniz məsləhət deyil. Xüsusilə əyləncələrə, gəzintilərə və bu kimi işlərə pul verməyə dəyməz. Yeni eşq macərasının başlanması mümkündür, amma o, sizə sevinc gətirmək əvəzinə, qayğılarınızı artıracaq. Enerjiniz azdır, yorğunluğunuz səhhətinizə pis təsir edə bilər.

Oxatan – Möhtəşəm və mürəkkəb layihənin həllinə girişməyin, yaxşı olar ki, əziyyətsiz yola verməyə alışdığınız işlərlə məşğul olasınız. Sizdə təşəbbüskarlıq çatmır, bu səbəbdən bir çox planlarınızın gerçəkləşdirilməsi qeyri-müəyyən bir vaxta qədər təxirə düşə bilər. Yeri gəlmişkən, belə olmağı daha yaxşıdır, tezliklə özünüz də əmin olacaqsınız.

Oğlaq – müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik, sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Oğlaqlar yeni, əla işçilər tapacaqlar.

Dolça – Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.

Balıqlar – özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Balıqlar üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.
Həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin.(Milli.Az)

Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olundu

Səhiyyə Nazirliyi sertifikasiya imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib.

Müraciətdə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 4-dək uzadıldığı əsas gətirilərək həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğv olunduğu qeyd olunub.

Yeni imtahan cədvəli hazırlandıqdan sonra, imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.

Əlavə məlumat almaq üçün (012) 433-08-93 nömrəli şəhər və (099) 8915000 nömrəli mobil telefonları ilə əlaqə saxlaya bilərsiniz.

Elman Rüstəmov: “Atabank” və “Amrah Bank”ın problemləri yeni deyil

“Bu gün Azərbaycanın bank sektorunda köhnəlmiş, bizə miras qalmış problemlər var və həmin problemlər sektorun aktivlərinin cəmi 3-4%-ni əhatə edir, yəni sistem əhəmiyyətli problemlər deyil”.

Virtualaz.org xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Bildiyiniz kimi, ötən gün biz 4 banka inzibatçı təyin etdik, bu gün isə onlardan 2-nin lisenziyasını ləğv etdik. Onlardan birində – “Atabank”da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi. Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Digər bank isə “Amrah Bank”dır. Təbii ki, bu bankların problemləri bu gün yaranmayıb, yeni deyil və koronavirus (COVID-19) pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və AMB-yə müəyyən tövsiyələr verildi, həmin tövsiyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər”, – o qeyd edib.

“Bu bankların əmanətçilərinin vəsaitlərinin qaytarılması dövlət büdcəsi hesabına olmayacaq. Hər iki bank Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun üzvüdür. Vəsaitlərin qaytarılması ödənilən üzvlük haqqı hesabına olacaq. Bu problem bankların konsalidasiya edilmiş öhdəliyidir. Qanunla fondda vəsait olmasa, kredit almaq üçün AMB-yə müraciət edəcəklər. Biz onlara müvəqqəti kredit verəcəyik. Bağlanmış bankların aktivlərinin reallaşmasından əldə edilmiş vəsaitlər hesabına kreditləri geri ödəyəcəklər. 4-5 il ərzində verilmiş kreditlərin geri qaytarılması imkanı var”, – E.Rüstəmov əlavə edib.

Koronavirus xəstələri necə daşınmalıdır? – Qaydalar

“COVID-19-un törətdiyi yeni koronavirus infeksiyasına yoluxan və ya yoluxmaya şübhəli xəstələrin tibbi evakuasiyası dərhal xüsusi nəqliyyatda əksepidemik rejimə ciddi riayət edilməklə həyata keçirilməlidir”.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusun profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı müvəqqəti metodiki göstərişlərdə bildirilib.

Qeyd olunub ki, xəstələrə tibbi yardım müalicə müəssisələrində təcili, ilkin sanitar-tibbi, ixtisaslaşdırılmış tibbi yardım formalarında həyata keçirilir. İnfeksiyaya yoluxmuş və ya yoluxmaya şübhəli xəstənin hospitalizasiyası tərkibində melser boksları olan, yaxud xəstə aşkar olunan administrativ ərazidə yerləşən və ixtisaslaşdırılmış tibb müəssisəsinə çevrilmiş tibb təşkilatlarında aparılır. İnfeksion xəstəliyi olan pasiyentlərin transportlaşdırılması çox vaxt təcridedici nəqliyyat boksunda aparılır.

Pasiyentin tibbi evakuasiyası üçün 1 həkim-mütəxəssis, 1 feldşer, 1 sanitar, 1 sürücü olur. Tibb işçiləri və sürücü mühafizə geyimində və əlavə olaraq müşənbə önlükdə olmalıdır. Pasiyenti nəqliyyatın daxilində horizontal vəziyyətdə, arxası üstdə yerləşdirib remenlərlə fiksasiya etməlidirlər. Təcridedici nəqliyyat tibbi yardım göstərmək üçün lazımi vəsaitlər və dərmanlarla təchiz edilməlidir. Fitrlərin etibarlılığı yoxlanılmalı, filtrventilyasion qurğu mənfi təzyiq rejimində işlədilməlidir.

Bildirilib ki, COVID-19 infeksiyasına yoluxan və ya yoluxmaya şübhəli xəstələrlə təmasda olan bütün şəxslərə qeyri-spesifik dərman profilaktikası aparılmalıdır.

Koronavirus infeksiyasının dərman profilaktikası xəstə ilə təmasdan sonra ilk 48 saat ərzində aparılmalıdır. Koronavirus infeksiyasının dərman profilaktikasının təyin olunma müddəti infeksiya mənbəyi ilə son təmas vaxtından ehtimal olunan inkubasiya dövrü həddində təyin olunur.

Profilaktika məqsədilə dərman preparatlarının təyin olunması həkimin göstərişi və ciddi nəzarəti altında aparılmalıdır.

Azərbaycanda əsgərlərə yeməyə okean və dəniz balıqları verilir

Bakıda xidmət edən hərbi qulluqçulara ərzaq payı natura şəklində verilir.

“Koronavirusla qlobal miqyasda mübarizə aparılır. Pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamları müstəsna əhəmiyyətlidir. Bu sərəncamların tələbləri müvafiq olaraq Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə orduda da icra olunmağa başladı. Müdafiə nazirinin göstərişi ilə ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırıldı. İndi bu məsələləri karantin rejiminin tələblərinə uyğun olaraq daha ciddi nəzarətdə saxlayırıq”.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı deyib.

O söyləyib ki, hərbi hissələrə daxil olan bütün hərbi avtomobillər, həmçinin təminedici şirkətlərin yük avtomobilləri dezinfeksiya edildikdən sonra anbarlara buraxılır: “Eləcə də anbarlara daxil olan hər bir şəxsin temperaturu ölçülür, onlara əlcək və maska verilir. Həmçinin hərbi qulluqçuların ictimaiyyət arasına tez-tez çıxmaması, yoluxma hallarının qarşısının alınması məqsədi ilə bir sıra digər zəruri addımlar atılır. Bununla əlaqədar ərzaq məhsullarının natura halında verilməsi prosesi genişləndirilib. Bakı qarnizonunda xidmət edən hərbi qulluqçulara ərzaq payı natura şəklində verilir ki, bu da onların istər özlərinin, istərsə də ailə üzvlərinin virusa yoluxma ehtimalını kifayət qədər azaldır”.

E.Yəhyayev bildirib ki, ərzaq məhsullarının paylanması prosesində gigiyenaya və təmizliyə xüsusi diqqət yetirilir: “Təminedici şirkətlərdən xüsusi vasitələr əldə edilərək qablaşdırma prosesi steril şəraitdə aparılır. Hazırda qida rasionunda əsas təminatda nəzərdə tutulan mal ətindən əlavə, toyuq əti, ət konservi, müxtəlif növ okean və dəniz balıqları var. Çoxçeşidliliyə diqqət yetirməklə yanaşı, ərzağın istifadə intensivliyinə də diqqət edirik ki, bu da tərəvəz məhsullarının verilməsi zamanı həyata keçirilir. Biz Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapan əvəzetmə normalarına uyğun olaraq bəzi az istifadə olunan tərəvəz məhsullarını müvafiq mütənasiblik gözlənilməklə daha çox işlədilən ərzaqlarla əvəzləmişik. Onu da bildirim ki, ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, anbarlarımızda uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var”.

Xidmət rəisi bü gün əsgərlərin gündəlik qida rasionunda dəyişikliklərdən də danışıb: “Bildiyiniz kimi, immuniteti zəif olan insanlar koronavirus infeksiyasına daha tez yoluxurlar. Müdafiə nazirinin xüsusi göstərişinə əsasən, vitaminləşdirmə gücləndirilir, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər daxil edilir. Təzə alma, sarımsaq, soğan, kələm və çuğundurdan istifadəyə xüsusi diqqət edirik. Nahar və şam yeməklərində təzə tərəvəzlərdən hazırlanmış salatlar da verilir. Sonda vətəndaşlarımıza müraciət edərək bütün şəxsi heyət adından demək istəyirəm ki, biz onlar üçün Vətənin keşiyində dayanmışıq. Onlar da bizim üçün sağlamlıqlarının keşiyində dayansınlar”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?