Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Rusiya imperiyasının Cənubi Qafqaz ilə bağlı planı burada yaşayan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək və həmin əraziləri mənimsəməklə Rusiyanın tarixi arzusunu həyata keçirmək idi. Məhz bu məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Bundan əlavə bu siyasətin daha uğurla həyata keçirilməsi üçün həmin bölgələrdə ermənilərin sayı süni surətdə çoxaldılır və nəticədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına və erməni-müsəlman qırğınlarının törədilməsinə səbəb olurdu. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, sonralar öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da iki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirdilər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Daha sonra birinci dünya müharibəsi zamanı Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.
Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birmənalı şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlamışlar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları daha da artmış və Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik olan Xocalı bu əməliyyatların hədəfinə çevrilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki şəhər 4 aydan artıq mühasirədə qaldığı və blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmış, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Xocalı sakinləri şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq çöllərə, düzlərə, meşələrə üz tutaraq canlarını qurtarmaq istəmişlər. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan şəhər günahsız insanların al qana boyanmışdır. Cinayətkar ermənilər qoca, qadın, uşaq demədən qarşılarına çıxanı ya vəhşicəsinə öldürmüş, ya da əsir götürülərək olmazın işgəncələr vermişlər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi indi də məlum deyildir.
Bu faciənin dünyada soyqırım kimi tanınması və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan xalqı yorulmadan mübarizə aparır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Lətafət Beybutova.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı.