Avropa İttifaqı (Aİ) İrandakı etirazlara münasibət bildirib.
yasamal.tv xəbər verir ki, Aİ-nin diplomatik strukturunun rəhbəri Josef Borrell özünün Tvitter hesabında İranda etirazçılara qarşı zorakılığı pisləyib. Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr üçün İranda Məhsa Əmini adlı qızın ölümü ilə bağlı etirazlara çıxan insanlara qarşı güc tətbiq olunması qəbuledilməzdir.
Josef Borrellin tvitində vurğulanır ki, Məhsa Əmininin ölümündən sonra iranlı qadınlar və kişilər aksiya keçirmək, sərbəst toplaşmaq və etiraz etmək kimi fundamental hüquqlarından istifadə ediblər. Lakin təmkinli olmaq çağırışlarına baxmayan İran hakimiyyəti qeyri-mütənasib güc tətbiq edib, nəticədə insan tələfatı baş verib, yaralananlar var. Bəyanatda bildirilir ki, İran hakimiyyətinin fikir bildirmək hüququnu kobud şəkildə pozan internet və məlumat mübadiləsi platformalarına çıxışı kəskin şəkildə məhdudlaşdırmaq qərarına gəlməsi narahatedicidir.
Borel, həmçinin yazıb ki, Aİ İran tərəfindən qurbanların və həbs olunanların sayını dəqiqləşdirməsini, zorakılıq olmadan etiraz aksiyası keçirdiklərinə görə həbsdə olanların hamısının azad edilməsini gözləyir. Aİ ümid edir ki, Məhsa Əmininin ölüm faktı araşdırılacaq və bütün günahkarlar cəzalarını alacaqlar.
İrandakı etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb. Onlarla yaralanan, yüzlərlə həbs olunanların olduğu bildirilir.
Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.