“Yaxın bir-iki gün ərzində Ukrayna Silahlı qüvvələrinin əks-hücum həyata keçirdiyi Rusiya işğalçılarının zəbt etdiyi Kiyev vilayətindəki istiqamətlərdən çox-çox yaxşı xəbərlər olacaq”.
yasamal.tv xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları Qərargahının komandan müavini Aleksandr Qruzeviç Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Qruzeviç deyib ki, artıq Vışqorod şəhəri Ukrayna tərəfinin nəzarətinə keçib: “Yaxın vaxtda bizi xoş xəbərlər gözləyir. İnanın ki, onlar olacaq. Mən bilirəm ki, Buça və Vışqoroda görə hamı narahatdır. Vışqorod artıq bizimdir, nəzarətimizdədir”.
Briqada generalı bildirib ki, artıq bir neçə istiqamətdə Ukrayna Ordusunun uğurları var. Bununla yanaşı, Qruzeviç deyib ki, rus ordusunun Kiyev ətrafından öz istəyilə çıxacağına dair illüziyalara qapılmaq doğru deyil. Çünki Kiyev ətrafında işğalçının hələ paytaxta zərbə endirəcək miqdarda hərbi qüvvəsi var.
General deyib ki, düşmən Kiyevdə heç nəyə nail ola bilməyəcək: “Hava Hücumundan Müdafiə Qüvvələrimiz hazırdır, raketlərin əksəriyyətini vururuq. Hər kəsi əmin etmək istəyirəm ki, düşmən Kiyevdə olmayacaq. Ən azından sağ olmayacaq”.