
Ukraynada müharibənin 19-cu günüdür. Təəssüf ki, bu müddət ərzində qanlı döyüşlər zamanı həlak olanlar və yaralananlar arasında yerli vətəndaşlarla yanaşı, azərbaycanlılar da var.
Modern.az müharibə nəticəsində həyatını itirən azərbaycanlıların siyahısını hazırlayıb.
yasamal.tv onlarla bağlı əldə edilən məlumatları təqdim edir:
Odessa vilayətindən təxliyə olunaraq Moldova sərhədinə yaxınlaşanda maşınların atəşə tutulması nəticəsində həlak olan həmyerlilərimiz:
– 1976-cı il təvəllüdlü Nemət İsmayılov
– 1966-cı il təvəllüdlü Rəhim İsmayılov
– 1995-ci il təvəllüdlü Qabil İsmayılov
– 1997-ci il təvəllüdlü Camal Salmanov
Həlan olan şəxslər əslən Azərbaycanın Kəlbəcər rayonundan olublar.
Ukraynadakı müharibənin digər qurbanları
– 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov – Xarkovda küçədə aldığı güllə yarasından ölüb,
– 1978-ci il təvəllüdlü Elnur Əmrahov – Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayışın qurbanı olub.
– 1984-cü il təvəllüdlü Arzu Süleymanov – Çerniqov şəhərində maşının üstünə raket düşməsi nəticəsində həlak olub.
Xarkov vilayətinin Çirkun kəndinə atılan raket üç həmyerlimizin həyatına son qoyub. Azərbaycanlı Emin Mahmudov, onun həyat yoldaşı və qayınanası hadisə yerindəcə keçiniblər.
Martın 11-də Donetsk vilayətinin Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayper gülləsinə tuş gələrək həlak olub, əslən Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb. Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.
Ukraynada həlak olan həmyerlilərimiz arasında müharibənin acı nəticələrindən əziyyət çəkən 40 günlük körpə də olub. Xarkovda dünyaya gələn azərbaycanlı Əmir Rusiya bombardmanının başlaması ilə əlaqədar digər uşaqlarla birlikdə zirzəmiyə yerləşdirilib. 40 günlük körpə orada sətəlcəm xəstəliyinə tutulub, ailə Xarkovdan təxliyə edilərkən Əmir vəfat edib.
Müharibənin ilk günlərində əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva, qızı Sabina və oğlu Zaur Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişiblər. Onların hər üçü Ukrayna vətəndaşları olub.