18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.
yasamal.tv xəbər verir ki, C divizionunda mübarizə aparacaq yığmamız B qrupunda Lüksemburq, Moldova, Cəbəllüttariq və Ermənistana rəqib olub.
A qrupunda isə Albaniya, Monako, Malta, San-Marino və Andorra yer alıb. Turnir bu il 24-31 iyul tarixində baş tutacaq. Görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.
Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının da püşkü atılıb. Yarışda altı komanda iki qrupda çıxış edəcək.
Azərbaycan millisi A qrupunda Andorra və Malta ilə qarşılaşacaq. B qrupunda isə Ermənistan, San-Marino və Cəbəllüttariq yer alıb. Yığmamız növbəti mərhələdə bu qrupun komandaları ilə görüşə bilər. Oyunlar bu il 28 iyun – 3 iyul tarixlərində Maltanın Ta Kali şəhərində keçiriləcək.
Xatırladaq ki, 2019-cu ildə kişi basketbol millimiz kiçik ölkələrin Avropa çempionatında Ermənistan, İrlandiya və Andorra ilə bir qrupa düşmüşdü. Lakin 2020-ci ilin 28 iyun – 4 iyul tarixlərində İrlandiyanın Limerik şəhərində keçirilməli qarşılaşmalar pandemiya səbəbindən baş tutmamışdı.