“Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, bu sənəd cənab Prezidentin başlatmış olduğu regional idarəetmə islahatları çərçivəsində həyata keçirilən növbəti addımdır”.
yasamal.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov bu gün keçirilən plenar iclasda deyib.
O, qeyd edib ki, islahatların ən parlaq təzahürü işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndə institutunun yaradılması və tətbiq edilməsidir:
“Artıq bu institut özünü doğrultmaqdadır və hesab edirəm ki, ölkəmizin digər ərazilərdə də tətbiq oluna bilər. Böyük rayonların bölünməsi nəticəsində ərazisi kiçik və əhalisi az olan rayonlar yaradılıb. Hansı ki, həmin rayonlar özlərini belə saxlaya bilmir, idarəetmə səmərəsi azalır. Bu baxımdan bu cür rayonların inzibati-ərazi bölgüsünə yenidən baxılmalıdır və onların birləşməsi məsələsi yenidən nəzərdən keçirilməlidir. Bu tədbirlər dövlət büdcəsində izafi xərclərin azaldılmasına, məmur aparatlarının şişirdilməsinin qarşısının alınmasına, idarəetmənin optimallaşdırılmasına və səmərəsinin artırılmasına xidmət edəcək”.
Deputat qeyd edib ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklər edilməklə yanaşı, məntiqlə müvafiq bələdiyyələr də birləşməli idi:
“Lakin unutmayaq ki, yeni bələdiyyə yaradıldıqda, o yenidən formalaşmalıdır, seçkilər keçirilməlidir. Bu baxımdan da bu bələdiyyələrin inzibati ərazilərdə dəyişikliklərin edilməsi məntiqli görünür. Həmçinin, layihə digər sahənin gücləndirilməsini zəruri edir. Artıq zaman yetişib, bələdiyyə institutunun islahatına başlanılmalıdır. Dünya təcrübəsi də onu göstərir ki, bələdiyyələr birləşməlidir və gücləndirilməlidir. Mətbuatda bələdiyyələrin səlahiyyətlərinin artırılması müzakirə edilir, təkliflər səslənir. Halbuki bələdiyyələrin birləşdirilməsi aparılmalıdır. İqtisadi potensialı, kadr potensialı birləşmiş və güclənmiş olan bələdiyyələr, keyfiyyətcə daha güclü və vətəndaşların tələbatının ödənilməsində mühüm rol oynaya bilərlər”.