Araşdırmaçı tarixçi Paşa Cəbrayılov yazır…
El arasında Narğin adası kimi tanınan Böyük Zirə adasının çox maraqlı və tükürpədici tarixçəsi var. Minlərlə türk əsgərinin, yüzlərlə Azərbaycan ziyalısının, sadə Bakı əhlinin nahaq qanı axıdılan bu ada Bakı dəniz sahilindən 10,5 km məsafədə yerləşir. Adanın uzunluğu 3,1 km, eni 900 metr təşkil edir. Böyük Zirə adasının adı Azərbaycan dilində “böyük” və ərəb mənşəli “cəzirə” (azərb. ada) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adaların əksər adlarını dəyişmişdilər. Rus imperiyası dövründə, əsasəndə rusların az yaşadıqları ərazilərdə məkan və yer adları rus adları ilə dəyişdirilirdi. Bu siyasət əsasən Orta Asiya, Qafqaz və tatarlar və başqırdlar yaşayan ərazilərdə həyata keçirilirdi. Bu minvalla Bakı şəhəri daxil olmaqla, Azərbaycanın müxtəlif regionlarında tarixi məkanlarımız bizə yad olan adlarla əvəz edildi. Buna misal olaraq Narğin, Razin, Montin, Artyom, Bayılova, Vorovskiy, Xutor, Papanin və sairə kimi yerləri misal çəkmək olar.
Böyuk Zirə adasına 1719-cu ildə Rusiya İmperatoru I Pyotrun dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən Nargin (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlanıldı.Qədim dövrlərdə Xəzər dənizinin səviyyəsi çox aşağı olduğundan ada quru ilə birləşirdi. Bu barədə ilk dəfə vaxtilə adada sirli daş yolları aşkar edən dahi Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanov yazmışdı. 1884-cü ildən başlayaraq, burada hər şey dəyişdi. Bakının sənaye yüksəlişi, ilk neft yataqlarının qazılması fonunda Bakı limanının yükü kəskin artdı. Gəmilər, əsasən tankerlər gecələr də sahilə yan almağa başladılar, buna görə də adada mayak inşa edildi və Böyük Zirə tədricən əvvəlki yaxşı adını qaytarmağa başladı.
XX əsrin əvvəllərindən isə bu ada rus imperiyası tərəfindən “ÖLÜM ADASINA” çevrildi. 1914-1917-ci illərdə Qafqaz cəbhəsində ruslara qarşı vuruşub əsir düşən 10 minlərlə türk əsgərləri Nargin adasında inşa edilmiş baraklarda saxlanılırdı. Onlar sadəcə olaraq öz ölümlərini gözləyirdilər.N.Nərimanovun 28 noyabr 1917-cil HÜMMƏT qəzetində cap etdirdiyi “Göz yaşı tökülən çəzirə” məqaləsində oradakı məhbusların ağır şəraitdə yaşamaqlarından ürək ağrısı ilə bəhs edirdi.Nargin adasındakı türk əsgərlərinin, günahsız yerə həbs edilən azərbaycanlıların faciəli taleləri Bakı xeyriyyə cəmiyyətinin üzvləri olan Bakı milyonçularını da biganə qoya bilməzdi. H.Z.Tağıyev, M.Muxtarov, Ş.Əsədullayev və başqa milyonçular gizli yollarla orada saxlanılan məhbuslara yardımlar göndərirdilər. Bakı xeyriyyə cəmiyyətinin gizli tapşırığına əsasən, həmişə öz kişiliyi, mərdliyi ilə ad çıxarmış Bakı qoçuları (Qocu Nəcəfqulu, Teymur bəy Aşurbəyov, Kəblə Abdulla Zərbəliyev və başqaları) gecə saatlarında Nargin adasına basqınlar edib, oradakı türk əsirlərini qaçırıb müxtəlif yerlərdə gizlədirdilər. Oradakı əsirlərin ağır şəraitdə yaşamaları dahi Azərbaycan messenatı olan Hacı Zeynalabdin Tağıyevi də narahat edirdi. Hacı dəfələrlə bu barədə Bakı dumasında öz etirazını bildirmişdi. Hətta oradakı məhbusların qohumlarının H.Z.Tağıyevə müraciətindən sonra, Hacı indiki Z.Əhmədbəyov kücəsində ( köhnə Qubanov və Kubinka ) inşa etdirdiyi yeni dəyirmanın bir hissəsini düzəltdirib, Nargin adasındakı çoxlu məhbusların ora köçürülməsinə nail olmuşdu.
Böyük Zirə adasının acı taleyi 1920-ci ildən sonra da davam etməyə başladı. ADR-in süqutundan sonra bolşevik rejimi bu adanı yenidən ölüm adasına çevirdi. ADR dövründə hər hansı bir yüksək vəzifədə çalışmış vətən sevdalılarımız Əleydər Qarayev, Cingiz İldırım, Həmid Sultanov, Ayna Sultanova və başqaları vətən xainləri tərəfindən təqib edilib, həbsə alınaraq Nargin adasına göndərilir və orada güllələnirdilər. Sonda onların özləri də itləri olduqları rejim tərəfindən həbs edilərək o adaya göndərildilər. Represiya dönəmində Azərbaycanın neçə-neçə ziyalısının həyat eşqi, yaşamaq həvəsi bu adada söndü.
Bəzi mənbələrin yazdığına görə, Mikayıl Müşfiq, Əhməd Cavad, Abbas Mirzə Şərifzadə, Salman Mümtaz kimi aydınlarımız da Nargin adasında güllələnmişdilər.Sovetlər dönəminin ağır senzuralarına baxmayaraq, bir necə yazıçılarımızın əsərlərində Nargin adasındakı faciələrdən bəhs edilmişdir. Buna misal olaraq Nəriman Nərimanov, xalq yazıçısı Qılman İlkin (Musayev), Manaf Süleymanlı, Şirməmməd Hüseynovu göstərmək olar.Kecən əsrin 50-ci illərindən sonra Böyük Zirə adasında Sovet ordusunun radiolokasiya qurğuları fəaliyyət qöstərirdi.1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşandan sonra Nargin adasının adı dəyişdirilib, Böyük Zirə adlandırıldı.
Təəssüf ki, indinin özündə belə adları dəyişdirilib rus adları ilə əvəz edilən ərazilərimiz köhnə adlarıyla çağırılır və ya yazılır. Həmçinin orada güllələnən hərbçi, ziyalı və bizə qardaş olan türk əsgərlərinin şərəfinə memorial kompleks inşa edilərsə, o ada həm o qanlı tarixi yaşadar, həm də böyük bir turizm mənbəyinə çevrilə bilər. Adaya gəmilər vasitəsilə tarixi turların təşkili həmçinin xarici ölkə vətəndaşlarının da marağına səbəb olmaqla ölkəyə turist axınına səbəb ola bilər. Bu ada Azərbaycan tarixinin ən acı xatirələrini özündə yaşadır.