Lirənin ucuzlaşması Azərbaycana necə təsir edir?

14

Rəsmilərlə ekspertlərin rəyi bir məsələdə üst-üstə düşür…

Son günlər qardaş Türkiyədə milli valyutanın kəskin ucuzlaşmasının Azərbaycana təsirləri ilə bağlı müzakirələr aktuallaşıb. Türkiyə lirəsinin dəyər itirməsinin ölkəmizə təsirlərini rəsmilər və ekspertlər müxtəlif yöndən qiymətləndirirlər. Belə ki, türk lirəsi Azərbaycan manatına münasibətdə də dəyərsizləşməkdədir: martın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, rəhbərlik etdiyi qurum partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən prosesləri daim diqqət mərkəzində saxlayır: “Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir”.

Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, Türkiyədə lirənin ABŞ dollarına münasibətdə ucuzlaşması Azərbaycan manatına heç bir şəkildə təsir göstərə bilməz: “Bəli, Türkiyə bizim ən öndə gedən ticarət tərəfdaşımızdır. Ancaq xatırladım ki, Rusiya da belədir. Sual edirəm, Rusiyada rublun ucuzlaşması Azərbaycanda manata təsir edibmi ?! Xeyr. Türkiyə lirəsi də o cümlədən… Azərbaycan manatının gücü neftə bağlıdır. Və ölkəmizdə valyuta bazarında vəziyyəti neftimizin dünya bazarlarında satış qiyməti müəyyən edir. Əslinə qalsa, manatın arxasında nə Rusiya rublunda olduğu kimi, nə Türkiyə lirəsində olduğu kimi, qeyri-neft və qaz məhsulları dayanmır. Reallıqda rus rublu da, türk lirəsi də manatdan güclü pul vahidləridir. Hər şeyi qoyuram kənara, adlarını çəkdiyim pul vahidlərinin ABŞ dollarına münasibətdə məzənnəsi bizdəki kimi inzibati (Mərkəzi Bankın diqtəsiylə) deyil, sərbəst şəkildə, azad üzən məzənnə mexanizmi əsasında tənzimlənir və müəyyən olunur. Ona görə də məsələn, Türkiyədə Mərkəzi Bankın rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, lirənin ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb və olmayacaq da. Çünki sözügedən ölkədə sərbəst bazar iqtisadiyyatı hökm sürür. Yəni rəqabət var, tələb və təklif nisbəti işləyir, iqtisadiyyatları kifayət qədər şaxələndirilmiş vəziyyətdədir və sair”.

Ekspert hesab edir ki, Türkiyədə lirənin ucuzlaşması, əksinə, bizim, yəni Azərbaycanın daxili istehlak bazarının xeyrinədir: “Belə ki, sözügedən ölkədən idxal stimullaşır. Daha çox çeşiddə, həcmdə və ucuz qiymətdə mal alıb gətirmək mümkün olur. Ancaq burada da bir nüans var. O da bundan ibarətdir ki, bizdə idxalda da rəqabət mövcud olmadığından, bu, alıcılarımızın deyil, sahibkarların xeyrinə işləməli olur. Belə ki, heç nə dəyişmir, lirənin dəyərsizləşməsinə görə əvvəlkindən fərqli olaraq, sadəcə, sahibkarlar artıq gəlir götürür. Vəssalam… Manatın məzənnəsinə gəldikdə isə neftin hazırkı dünya bazar qiymətlərinə görə əslində o, ABŞ dollarına nisbətdə bahalaşmağa meyillidir. Sadəcə olaraq, hökumət qoymur”.

Vüqar Bayramov vergi güzəştlərinin sahibkarlara hansı imkanlar yaradacağını  açıqlayıb

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Mərkəzi Bank rəhbərinin açıqlamasından aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq: “Aydındır ki, regionun aparıcı ölkələrində milli valyutalarının ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var. Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi, neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır.

Bununla yanaşı, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır. Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərinin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.

Millət vəkili bildirir ki, lirə yalnız son bir ayda 13 faiz ucuzlaşıb. Digər tərəfdən, qardaş ölkədə inflyasiya səviyyəsi 15.6 faiz yüksəlib. Lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir: “Bütün bunlara rəğmən, son illər lirənin ucuzlaşması fonunda Türkiyənin ümumi ixracatının artması qeydə alınıb. Ötən il Türkiyənin ixracatı 169.5 milyard dollar olub. Son 4 ildə qonşu ölkənin ixracatı 18.8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib. Lirənin ucuzlaşması Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir etməsə də, güman olunur ki, bu, qonşu ölkədən idxalı artıra bilər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır.

Bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir. Bununla yanaşı, lirə dəyər itirməkdə davam edərsə və qardaş ölkədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, o zaman Azərbaycanda da türk malları ucuzlaşa bilər”.

Rövşən Ağayev: "Yardım alanların siyahısı açıqlanmalıdır" - AzToday

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli etməsinə dair fikirlər nəzəri olaraq doğru yanaşmadır: “Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşməsi ilə inflyasiya da az qala paralel surətdə davam edir. Ötən ilin yekunlarına görə, Türkiyədə 20 faizdən bir qədər yüksək inflyasiya qeydə alındı. Bu ilin 2 ayının nəticələrinə görə, əvvəlki ilin eyni dövrünə nisbətən 16 faizə yaxın olub. Alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edirlər.

Bu isə o deməkdir ki, Türkiyə məhsul və xidmətlərinin rəqabətqabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi avantajın əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir. Məsələn, lirə nominal olaraq manat qarşısında 15 faiz ucuzlaşıbsa, amma oradakı inflyasiya isə Azərbaycanın göstəricisindən 12 faiz yüksək olubsa, bu halda bizimlə ticarətdə lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3 faiz təşkil edir. Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Türkiyədə 20.5 faiz inflyasiya olub, amma son bir ildə lirənin dəyəri itirməsi heç 20 faizə çatmır”.

Qeyd edək ki, Azərbaycanla Türkiyə qarşılıqlı ticarət dövriyyəsinin həcminin 15 milyard dollara qədər artırılmasını hədəfləyib. Bu ilin fevralında ölkələr arasında Preferensial Ticarət Sazişi imzalanıb. Martın 1-dən qüvvəyə minən saziş 15 qrup məhsulun idxalına güzəştlərin tətbiqini nəzərdə tutur. Azərbaycan tərəfindən artıq Türkiyəyə bu saziş çərçivəsində məhsul ixracı başlanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycanla Türkiyə hökumətləri arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunan mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb: “Artıq sahibkarlıq subyektinin xidmətə elektron qaydada daxil olan müraciətinə əsasən, 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”.(musavat.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin