Neçə illərdir ABŞ dollarının valyuta bazarındakı üstün mövqeyini itirəcəyinə dair xəbərlər maliyyə dünyasını vaxtaşırı olaraq silkələyir.
ABŞ-da növbəti hökumət dəyişikliyi dünyanın başlıca pul vahidlərinin gələcəyinə dair mübahisələrə və proqnozlara da rəvac verdi.
Hazırda Avropanın iqtisadi dairələri ciddi-cəhdlə avronun mövqeyini gücləndirmək əzmindədir. Ekspertlərin qənaətincə, bununla region maliyyə risklərindən və itkilərindən sığortalana biləcək. Bununla yanaşı, dünya iqtisadiyyatını əsaslı şəkildə sarsıtmış pandemiyanın coğrafi baxımdan ocağı olan Çin inamlı duruşu ilə diqqət çəkir, hazırda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımdan ABŞ-dan üstündür. Bunu nəzərə alan ekspertlərin bir qismi gələcəkdə Çin yuanının dolları sıxışdıracağı qənaətindədir.
Bununla yanaşı, Rusiya, Türkiyə kimi bir sıra ölkələr də öz valyutaları ilə ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair müxtəlif proqramlar açıqlayır. Həmçinin MDB, türk dünyası vahid valyuta bazarı qurulması ilə bağlı fikirlər vaxtaşırı ortaya atılır.
Bununla belə ekspertlərə görə, dollar üçün ən böyük mənfi hal kütləvi peyvəndləmə nəticəsində pandemiyadan daha çox zərər çəkmiş başqa ölkələrin ABŞ-dan daha sürətlə dirçəlməsi ola bilər.(strateq.az)