Azərbaycan hər növ təbii sərvətləri ilə zəngin olan bir ölkədir. Lakin təbii sərvətlərlə bol olan ərazilərimizin çox böyük hissəsi 28 ildən artıq idi ki, düşmən işğalı altında idi. Nəticədə təbii sərvətlərimiz 28 il ərzində düşmən tərəfindən yetəri qədər istismar olunub. Torpaqlarımızın düşmən işğalından azad olunması nəticəsində həmin ərazilərdəki təbii sərvətlərimiz də özümüzə qaytarıldı.
Həmin ərazilərimiz qızıl, mərmər, qranit, dəmir filiz və s. onlarla adda müxtəlif növ mədənlər və təbii sərvətlərlə zəngindir. Müalicəvi təbii mineral suları ilə zəngin olan həmin ərazilərin gələcəkdə həm müalicəvi sanatoriyalara, həm də turizm sektoruna çevrilməsi çox əlverişlidir. Aran hissələri isə daş, əhəng və digər yataqları ilə zəngindir. Bol suları və meşə zolaqları ilə zəngin olan Qubadlı, Cəbrayıl, Zəngilan və digər ərazilərdə kənd təsərrüfatı, əkin sahələri və heyvandarlığın inkişafı üçün münbit şərait var. Unutmaq olmaz ki, işğaldan əvvəl ölkənin meşəlik sahələrinin 24 faizi həmin ərazilərdə yerləşirdi. İşğaldan azad olan ərazilərin torpaq bölgülərini apararkən ilk növbədə, nəzərə alınmalı bəzi məqamlar var. Torpaqlarda bölgülər təyinatı üzrə aparılmalıdır. Tutaq ki, yaşayış sahələri, əkin sahələri, mədən və istehsal sahələri, turizm və sair…
İlk növbədə həmin əraziləri təyinatı üzrə bölərək sərhədlərini müəyyənləşdirmək vacibdir. Yaşayış sahələrinin sərhədləri istehsal, əkin, mədən, meşə və digər massivlərindən ayrılmalıdır. Bəzi dağlıq ərazilər var ki, həmin ərazilərdə qış və yaz aylarında sel və daşqınlar daha çox olur. Yaşayış massivləri salarkən bu tip təbiət hadisələrinin baş vermədiyi ərazilər seçilməlidir. Torpaq sahələrinin bölgüləri və nəzarəti təyinatı üzrə aidiyyatı qurumlara verilməlidir. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaq Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində, təbii mədənlər olan torpaqlar Təbii Sərvətlər Nazirliyinə, turizm sektoru təyinatlı torpaqlar Mədəniyyət Nazirliyinə verilə bilər. Torpaqları bu qaydada bölməklə, gələcəkdə həmin torpaqların digər təyinatlar üzrə həm istifadəsinin, həm də satılmasının qarşısını almaq olar. Həmçinin bu qaydanı tətbiq etməklə, qeyd olunan torpaqların dövlət balansında qalmasına şərait yaratmaq mümkündür.
Torpaq sahələrinin ayrılması və istifadəsi sərəncamlar və müqavilələr əsasında aparılmalıdır. Bu ərazilərdəki torpaqların özəlləşməsinin qarşısını almaqla, dövlətin ehtiyat torpaq sahələri də genişlənəcək. Həmin ərazilərdə təyinatı üzrə işlər başlanılarsa, bu, ölkəmizdə çox ciddi məhsul bolluğuna, minlərlə yeni iş yerlərinin yaranmasına, iqtisadiyyatımızın inkişafına və qeyri-neft sektorunun güclənməsinə səbəb ola bilər. Nəticədə həmin ərazilərdə məcburi köçkün düşmüş soydaşlarımızla yanaşı, digər bölgələrdən olan insanlarımızda da sözügedən ərazilərdə yaşamaq və işləmək həvəsini daha da artırar.
yasamal.tv saytının baş redaktoru, əmlak eksperti Elnur Fərzəliyev
DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:
055-212-35-55 WHATSAPP