İşğaldan azad olunmuş ərazilərlə bağlı təklif: Milli Brendimiz yaradılmalıdır

11

İşğaldan azad olunmuş ərazilərimizdə Qarabağ və Azərbaycan layihəli binalar tikilməlidir.

Artıq 20 ildən çoxdur ki, tikinti sektoru ölkəmizdə böyük sürətlə inkişaf edir. Bakı və Abşeron ərazisində bu müddət ərzində 2000-ə yaxın çoxmənzilli hündürmərtəbəli yaşayış binaları və  ümumilikdə bir milyona yaxın fərdi həyət evləri, qeyri-yaşayış obyektləri və inzibati binalar tikilib.  Bu rəqəmlər bütün Azərbaycanı deyil, təkcə Bakı və Abşeron yarımadasını əhatə edir. Ölkəmizdə tikinti sahəsinin bu qədər inkişaf etməsinə baxmayaraq,  bugünə qədər Azərbaycanın milli memarlığını özündə və ya adında əks etdirən layihələrimizin tikilib ərsəyə gətirilməməsi təəssüf doğurur.

Bu gün ölkəmizdə yüzlərlə yaşayış binaları var ki,  onlar həm xarici ölkələrin adlarını daşıyır, həm də insan adlarını yaşadır. Buna Xruşov, Stalin, Fransız, Alman, Bolqar, Moskva, Leninqrad və sair layihəli binaları misal göstərmək olar. Nəticədə istənilən binaya verilmiş hər hansısa bir şəhərin və yaxud şəxsin adını çəkməklə,  adları daima yaşadılır.

Məlumdur ki, prezident İlham Əliyevin apardığı uğurlu siyasət və şanlı ordumuzun şücaəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək işğal olunmuş 20 faizdən artıq ərazilərini erməni işğalından azad edib. İşğaldan azad olunmuş ərazilərimizdə görünən mənzərə onu göstərir ki,  erməni vandalları daşı daş üstünə qoymayaraq bütün tikililərimizi məhv ediblər. Ona görə də prezident həmin ərazilərin yenidən bərpa olunması üçün yeni sərəncamlar imzalayıb, ciddi maliyyə vəsaiti ayrılıb, yerli və xarici şirkətlər həmin ərazilərdə yenidənqurma işləri və infrastrukturun qurulması üçün ölkəmizə dəvət olunublar. Artıq yol çəkilişi və digər işlərin başlanmasına start verilib.

 

Düşmən ərazilərimizi işğal etsə də,  həmin ərazilərdə yerləşən qalalarımız və qədimi tikililərimiz mövcudluğu  bu ərazilərin qədimi Azərbaycan torpağı olduğunu bütün dünyaya sübut edib. Həmin ərazilərdə aparılacaq tikinti işləri ilə bağlı artıq müsabiqələrə də start verilib və memarlarımız bu ərazilər üçün müəyyən layihələr işləyib hazırlayırlar.

Təklif edirəm ki, həmin ərazilər üçün Azərbaycan və ya Qarabağ layihəsi də hazırlanır. Tikinti sektorunda yeni Azərbaycan brendi yaradaraq milli memarlıq arnamentləri ilə layihələr hazırlanarsa və bunun üzərindən  tikinti işləri aparılarsa,  yeni brend yaratmış olarıq. Bununla yanaşı, həmin brendin inşası elə Qarabağımızdan başlamış olardı. Milli brendimizlə həmin ərazilərdə binalar inşa etməklə,  gələcəkdə də ermənilərin həmin ərazilərdə torpaq iddiasının qarşısını almış olarıq. Çünki bugünkü tikili 100 ildən sonra tarixi abidə hesab olunur. Tarixi abidələrimizin sayını bütün ölkə üzrə artırarıqsa,  bu, ölkəmizin gələcəyini və tarixini sığortalamaq deməkdir.

yasamal.tv saytının baş redaktoru, əmlak eksperti Elnur Fərzəliyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin