“İşğaldan azad olunan kiçik kəndləri birləşdirərək qəsəbələr və ya böyük kəndlər salmaq olar” – Təklif

13

Əmlak eksperti Elnur Fərzəliyev işğaldan azad olunmuş ərazilərimizlə bağlı yeni təklif irəli sürüb.

28 ildən artıq idi ki, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi erməni vandalları tərəfindən zəbt olunmuşdu. Lakin Ali Baş Komandan, prezident İlham Əliyevin apardığı uğurlu siyasət və şanlı Azərbaycan ordusunun göstərdiyi şücaət nəticəsində işğal altında olan ərazilərimiz azad edildi. Həmin ərazilərdə təmizlənmə işləri aparıldıqdan sonra, dövlətimiz tərəfindən bu ərazilərdə yeni infrastrukturlar qurulacaq, yaşayış massivləri, şəhərlər və yenidənqurma işləri aparılacaq. Məlumdur ki, bu il ölkəmizdə də digər ölkələr kimi koronavirus pandemiyası hökm sürür. Pandemiya elan olunmuş ölkələrin üzləşdiyi əsas problemlərdən biri isə iqtisadiyyatlarının zəifləməsidir. Ölkəmiz çətin bir iqtisadi böhranla üzləşdiyi vaxtda paralel olaraq, düşmənlə də müharibəyə başlayaraq onun ordusunu və bütün hərbi texnikalarını qısa zaman kəsiyində məhv etməyi bacardı. Düşmən və koronavirus pandemiyası ilə eyni anda mübarizə aparılmasını isə iqtisadiyyatımıza dəymiş ağır zərbə kimi qiymətləndirmək olar. Bu baxımdan iqtisadiyyatımızın ayaqda durması və dövlət büdcəsinin möhkəmlənməsi üçün işğaldan azad olunmuş ərazilərimizlə bağlı təkliflərimin az bir hissəsini kiçik bir formada irəli sürmək istərdim.

Birincisi, işğaldan azad olunmuş rayonlarımızdakı kəndlərə nəzər salsaq, işğaldan əvvəl əksər kəndlərdə əhali və mənzil sayı minimal idi. Bəzi kəndlər hətta 30-40 fərdi həyət evlərindən ibarət olub. Həmin kəndlərin hər birini yenidən qurmaq, orada yeni orta məktəb, uşaq bağçası, tibb məntəqəsi tikmək, yeni yolların çəkilməsi, qaz, su, işıq və digər kommunikasiyaların qoşulması büdcədən külli miqdarda pulların ayrılması deməkdir. Bu baxımdan hər 5-6 kiçik kəndləri birləşdirərək qəsəbələr yaxud böyük kəndlər salmaqla, həmin xərcləri minimuma endirmək olar. Böyük qəsəbələr insan sıxlığı deməkdir. Bu isə həmin ərazilərdə ticarət sektorunun inkişafı və müxtəlif sayda yeni iş yerlərinin açılmasına səbəb ola bilər. İrəli sürdüyüm təklif bütün azad olunmuş ərazilərimizdə kütləvi surətdə reallaşarsa, həmin ərazilərin bərpası üçün nəzərə tutulan xərclərə 30 faizə qədər qənaət ediləcək.

İkincisi, həmin kiçik kəndləri birləşdirməklə ölkəmiz başqa sahələrdən də gəlir əldə edə bilər.  Azərbaycanın kənd təsərrüfatı sahəsinə nəzər salsaq, ümumi vəziyyət elə də ürəkaçan deyil. Ölkəmizdə meyvə-tərəvəzlərin, ət və ət məhsullarının qiymətlərinin nisbətən baha olmasının səbəbi bu sahələrin inkişafı üçün faydalı ərazilərin məhdud olmasıdır. Buna görə də sözügedən ərazilərdə heyvandarlığın inkişafı üçün yeni otlaq sahələri və geniş fermer təsərrüfatları salınarsa, bu, otun qiymətinin aşağı düşməsinə və eyni zamanda ətin qiymətinin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Həmçinin digər meyvə-tərəvəz təsərrüfatlarının, taxıl və digər dənli bitkilərin əkin sahələrinin genişləndirilməsi də məhsul bolluğuna və qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər.

Üçüncüsü, həmin ərazilərdəki torpaq sahələrinin bölünməsi ilə bağlı vəziyyət əsas amillərdəndir. Biz zamanla şahidi olduq ki, vətəndaşlara verilmiş torpaq sahələri (əkin və digər kənd təsərrüfatı təyinatlı) digər vətəndaşlara satılaraq fərqli təyinatlar üzrə istifadə olundu. Bu səbəbdən də həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əraziləri kiçilməyə başladı, həm də həmin təyinatlı torpaqları alıb digər məqsədlər üçün istifadə edən vətəndaşlar sənədləşmə proseslərində ciddi problemlərlə üzləşdilər. Artıq uzun illərdir ki, bu sahədəki boşluqlardan dolayı yaranan problemlər öz həllini tapa bilmir. Bu cür problemlərin gələcəkdə də həmin ərazilərdə yaşanmaması üçün işğaldan azad olunan ərazilərdə heç bir halda torpaq sahələrinin satılmasına yol verilməməlidir. Vətəndaşların mənzillərinə mülkiyyət hüququ verilərək çıxarışla təmin olunmalıdırlar. Lakin heç bir halda torpaq sahələrinə mülkiyyət hüquqları verilməməlidir. Bütün torpaqlar dövlətin ehtiyat fonduna keçirilərək vətəndaşlara müvəqqəti istifadə hüququ ilə verilə bilər. Bu qanun halına salınarsa, təkcə yenidən inşa olunacaq ərazilər üçün deyil, həmçinin Xankəndi və ermənilərin yaşaya biləcəkləri digər əraziləri də özündə birləşdirməlidir. O torpaqların dövlət balansında olması gələcəkdə kimlərəsə satılmayacağının qarantisi ola bilər.

Əmlak eksperti, yasamal.tv saytının baş redaktoru Elnur Fərzəliyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin