Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev yazır…
Tikinti sektoru ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən biridir. Bu sahənin inkişafı tikinti üzrə əlaqəsi olan bütün istehsal müəssisələrini və satış mərkəzlərini işlək vəziyyətə gətirir. Tikinti sektorunu inkişaf etdirmək və bu sahədəki müəyyən problemləri aradan qaldırmaqla, ölkə iqtisadiyyatının çox böyük bir hissəsini inkişaf etdirmək olar. Son 20 ildə sürətlə inkişaf edən bu sahə demək olar ki, özəl sektorlardakı iş adamlarının sayəsində ayaqda qala bilir.
Təəssüf ki, yalnız şəxsi vəsait ilə maliyyələşən bu sahə kiçik bir böhranlarla üzləşən zaman iflasa uğrama təhlükəsi ilə üz-üzə qalır. Bir çox yeni tikili binaların tikintisinin yarımçıq qalmasının və oradan mənzil alan vətəndaşların fəryad etməsinin də səbəbi budur. Çünki böhrana səbəb olan hallar yaşandıqda tikintini aparan şirkətin maliyyə vəsaiti tükənmiş olur. Digər tərəfdən isə istər tikintilərə icazələrdə, istərsə də böyük tikintilər bitdikdən sonra onların sənədləşdirilərək özəlləşdirilməsi məsələsində ciddi maneələr mövcuddur.
Özəl sektoru, xüsusən də tikinti və daşınmaz əmlak sektorunu inkişaf etdirməyin ən başlıca yollarından biri bu sahəyə az faizli kreditlərin ayrılmasıdır. Tikinti sahəsinə qoyulan pullar çox böyük həcmlə geri dönüş edərək, iqtisadiyyatı saat mexanizmi kimi işlək vəziyyətdə saxlayır. Əksər tikinti şirkətləri ilkin mərhələdə öz maddi resursları ilə tikintiyə başlayır və daha sonra bütün planlar və inşaatın davamı mənzil alıcılarının ümidinə qalır. Ona görə də 2 ilə təhvil verilməli olam çoxmənzilli binaların tikintisi bəzən 3-4 il gecikir. Buna səbəb alıcı qıtlığının olmasıdır. Bu cür halların qarşısını almaq üçün dövlət tikinti şirkətlərinə az faizli kreditlər ayırmaqla, həm sözügedən sahəyə ciddi maliyyə dəstəyi göstərmiş olar, həm də tikinti şirkətləri öz öhdəliklərini zamanında yerinə yetirə bilərlər.
Tikinti sahəsinə ayrılan kreditləri ən zəmanətli kredit kimi dəyərləndirmək olar. İnkişaf etmiş ölkələrin bu sahədəki bəzi praktikalarına nəzər salsaq, həmin ölkələrdə əksər hallarda banklar və tikinti şirkətləri müştərək fəaliyyət göstərdiklərini və ortaqlıq etdiklərini görə bilərik. Bundan başqa, banklar həmin binalardakı mənzilləri kreditlə satmaqla, faizlərdən çox böyük gəlirlər əldə edirlər.
yasamal.tv