Son illərdə Azərbaycanın Avropada yerləşən müxtəlif ölkələrdəki diaspora təşkilatlarının fəaliyyətləri daha da genişlənməkdədir.
yasamal.tv xəbər verir ki, bunun bariz nümunəsi kimi Niderland krallığının Haaqa şəhərində yerləşən “Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi”nin son zamanlar gördüyü işləri misal göstərmək olar. Xatırladaq ki, adı çəkilən təşkilatın təşəbbüsü və təşkilatçılığı, həmçinin orada yaşayan Azərbaycan-türk toplumunun maliyyə yardımı ilə 2007-ci ildə Haaqa şəhərinin Nieuw Eykenduynen məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Haaqa şəhərinin Avropanın ən böyük siyasi mərkəzlərindən biri olduğunu nəzərə alsaq, abidənin məhz həmin şəhərdə olmasının əhəmiyyəti daha da aydın olar. Hər il fevral ayının 28-də orada yaşayan soydaşlarımız abidənin ətrafına toplaşaraq ermənilərin törətdiyi soyqırım qurbanlarının xatirəsini yad edir, Xocalı gerçəkliklərini bir daha bütün dünyaya bəyan edirlər.
Dərnəyin şəhər bələdiyyəsi ilə apardığı danışıqların nəticəsi olaraq, bu ilin iyul-avqust aylarında həmin abidə üçün daha geniş yer alınıb, abidə həmin yeni əraziyə köçürülərək, ətrafı tamamilə abadlaşdırılıb. İndi orada daha çox ziyarətçinin eyni vaxta toplanması və müəyyən tədbirlərin keçirilməsi üçün hər cür müasir şərait yaradılıb. Bundan başqa üzərində baş vermiş hadisənin qısa izahatı olan lövhə həm Azərbaycan, həm də holland dilində ziyarətçilərə məlumat verir. Həmçinin yeni ərazi gəliş-gediş baxımından da insanlar üçün çox münasib bir yerdədir. Bu işdə maliyyə baxımından zəhmət keçən Azərbaycan və Türk toplumuna təşəkkür edirik.
yasamal.tv