“Mehriban Əliyevanın bu addımı hərbçilərə böyük ruh yüksəkliyi verir” – Professor

15


YAP Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor Vaqif Abdullayev yazır…

Məlum olduğu kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşüblər. Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Mehriban Əliyevanın birbaşa tapşırığı ilə daimi olaraq şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları ziyarət edilir, onların problemləri öyrənilir və hansısa çəttinlikləri varsa dərhal həll olunur.
Bu hadisə Mehriban Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısının nümunəsidir. Onun xarakterindəki insanpərvərlik fəaliyyətinin ən mühüm məqamını təşkil edir. Mehriban xanımın şəhid ailələrinin üzvləri ilə görüşləri ənənə halını alıb. Bu, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsinə dərin ehtiramın bariz ifadəsidir.

Mehriban Əliyeva igid və cəsur Vətən övladlarımızı özünün ən yaxın doğması hesab edir, dərin hörmətlə onları öz qardaşı adlandırır, şəhid ailələrinin acı kədərinə şərik olduğunu bildirir. “Mən o qadınların – anaların, xanımların, bacıların, ailə üzvlərinin qarşısında baş əyirəm. Çünki onlar elə övladlar böyüdüblər ki, bütün xalq onların ismini söyləyir, onlarla fəxr edir”, fikri ilə əsl ana kimi qəlbinin dərin çırpıntılarını ifadə edir.

2019- cu il yanvarın 28-də Prezident Sarayında Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın şəhid ailələri ilə keçirilən görüşü şəhid övladlarımızın əziz xatirəsinə dərin ehtiramın, onların ailə üzvlərinə dogma münasibətin bir daha təsdiqi idi. Bu cür görüşlər cəmiyyətdə nümunəvi addım olmaqla yanaşı, səmimi ovqat, xoş ünsiyyətin göstəricisi kimi rəğbət və məmnunluqla qarşılanır.

Mehriban Əliyevanın ötən ilin avqustunda II Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət etməsi unudulmaz Vətən oğullarına olan sonsuz ehtiramın növbəti nümunəsi hesab edilə bilər. Birinci vitse-prezident bu nümunəvi addımı ilə həm də Azərbaycan hərbçilərinə böyük ruh yüksəkliyi, döyüş əzmkarlığı və Vətən eşqi aşılayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bu görüşlərdə qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığını, müqəddəs arzuları olan torpaqlarımızın işğaldan azad olunmasının tezliklə həllini tapacağı təskinliyi verir.

Onun “Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq”, fikirləri hər kəsdə coşğu və dərin inam, ümid hissləri ilə qarşılanır.

yasamal.tv

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin