“Bütün cəbhələrdə total müharibə, informasiya savaşı və Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasına nail olmalıyıq”.
Bunu yasamal.tv-a açıqlamasında 12 iyuldan etibarən Tovuz rayonu istiqamətində Ermənistanın silahlı qüvvələrinin həm artilleriya, həm də tank atəşlərindən istifadə etməklə, növbəti dəfə atəşkəsi pozaraq mövqelərimizi atəşə tutmasına münasibət bildirən politoloq İlyas Hüseynov deyib.
İlyas Hüseynov vurğulayıb ki, sözügedən təxribatın baş verməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətindəki nöqsanların nəticəsidir. Minsk Qrupunun Ermənistanın yalnış siyasi gedişatına göz yumması fonunda Azrbaycan tərəfi qətiyyətli addımlar atmalıdır:
“Təəssüf ki, Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində şəhidlərimiz var. Lakin Ermənistan tərəfindən yaralanan və ölənlərin sayı qat-qat çoxdur. Yaranan vəziyyət onu göstərir ki, artıq ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etmək vaxtıdır və atəşkəslə bağlı əldə olunan razılaşmadan çıxmaq qərarı verilməlidir. Bütün cəbhələrdə total müharibə, informasiya savaşı və Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasına nail olmalıyıq. ATƏT-in Minsk Qrupunun fəaliyyəti imitasiya xarakterlidir və əsas mahiyyət üzrə məntiqi nəticəni əks etdirən çalarlar görünmür. Ona görə də Ermənistanın qeyri-konstruktiv mövqeyinə göz yumulur”.