Ev Blog Səhifə 3390

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – gün gözlənilməzliklər gətirir – hərdən xoş, hərdən də dərdə salan. Bilirsiniz ki, baş verənləri götür-qoy etmək lazımdır, ancaq heç cür sakitləşə bilmirsiniz. Üstəlik, heç düşünməyə vaxtınız da yoxdur. Yaxşı olar ki, kənardan verilən məsləhətlərə deyil, intuisiyanın səsinə qulaq asasınız.

Buğa – bu gün şəxsi işləriniz arxa plana keçir. Sizin üçün qiymətli olan insanlara kömək etməli olacaqsınız. Müştərək işlər, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əla gündür. İdeya və təklifləriniz dəstəklənir, ətrafınızdakılar sizin məsləhətlərinizi dinləyirlər.

Əkizlər -sakit və xoş gündür. Ürəyiniz istəyən işlə məşğul ola bilərsiniz. Əlavə problem yaranmayacaq. Köhnə dostlarınızla ünsiyyət xoş keçəcək. Sizi qonaqlığa və yaxud ziyafətə dəvət etsələr, imtina etməyin.

Xərçəng – nəinki, özünüzün, həmçinin başqlarının da problemlərinin öhdəsindən gəlirsiniz. Ancaq ehtiyatlı olun! Sizin mərhəmətinizdən sui-istifadə edə bilərlər. Tez-tez özünüzə xatırladın ki, bəzi xahişlərə “yox” demək lazımdır.

Şir – uğurlu gündür, ciddi problemlər gözlənilmir. Enerjiniz çoxdur, xeyli işləməli olsanız da, yorulmaq bilmirsiniz. Tikinti ilə məşğul ola, köçməyə hazırlaşa bilərsiniz.

Qız – bu gün aktiv fəaliyyətdən daha çox düşüncəyə dalmaq daha məsləhətli olacaq. Verdiyiniz qərarları dərhal həyata keçirməyə çalışmayın. Yüz ölçüb, bir biçin. Maraqlı görüşlər mümkündür, amma xoş tanışlığın tezliklə romantik məcrada davam edəcəyinə ümid etməyin.

Tərəzi – Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin. Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.

Əqrəb – şəxsi məsələlərə aid qərar verməyə tələsməyin. İndi hər şeyi sakitcə düşünüb, götür-qoy etmək lazımdır. Müdrik qadınların məsləhətləri işinizə yarayacaq. Xırda alış-veriş edə, qarderobunuzu yeniləyə, imicinizdə dəyişiklik edə bilərsiniz. Romantik tanışlıq mümkündür.

Oxatan – xırda, amma gözlənilməz hadisələr çoxluq təşkil edəcək. Bunlar planlarınızı korlaya bilər. Amma sözün düzü, bu, sizi elə də kədərləndirməyəcək – nəinki yeni şəraitə alışacaq, həmçinin ondan öz mənafeyiniz üçün istifadə edə biləcəksiniz. Pul ala bilərsiniz. Eyni zamanda aldığınız pulu yaxşıca yerbəyer də edə biləcəksiniz.

Oğlaq – günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.

Dolça – ciddi və məsuliyyətli iş görmək üçün elə də münasib olmayan, çətin gündür. Günün ilk yarısı diqqətinizi toplaya bilməyəcəksiniz. Heç nə alınmır, böyük səhvlər edir və bu səbəbdən əsəbləşirsiniz. Üstəlik, Buğalar vacib qərarları təkbaşına verə bilmirlər, yaranmış şəraitlə bağlı yaxşı məsləhət verə biləcək insanlar isə yaxınlıqda gözə dəymir.

Balıqlar – evdə özünüzü daha rahat hiss edirsiniz. Uzaq səfərlərə getmək, ekzotik əyləncə mərkəzlərində yeni təəssüratlar axtarmaq məsləhət deyil. İnsanların çox olduğu yerlərə getməyin, kütlə qarşısında çıxışlardan çəkinin.(milli.az)

Həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqqının ödənilməsi barədə QƏRAR

APA-nın məlumatına görə, qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

1.1. ünvanlı Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar verib.

dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilir. Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarda nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etməlidir.

 

 

Elektrik enerjisindən güzəştli istifadə limiti artırıldı – QƏRAR

Nazirlər Kabineti əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edilib.

Qeyd olunub ki, bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsi ilə edilən dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

 

Yeni OPEC+ sövdələşməsi Rusiyanın qələbəsidirmi? – Təhlil

Moskvada bədbin rəylər səslənir.

Maksim Suçkov

“Əl-Monitor”, 12.04.2020

Aprelin 10-da OPEC, Rusiya və digər ölkələr neft hasilatını müvəqqəti azaltmaq üçün yeni bir razılığa gələ bilib. Müqavilə əsas neft istehsal edən ölkələrin enerji nazirlərinin keçirdiyi təxminən 9 saatlıq video konfransdan sonra əldə olunub.

Yeni saziş may və iyun aylarında gündəlik neft hasilatını 9,7 milyon barel, yəni 23 iştirakçı ölkədən 22-nin 2018-ci ilin oktyabrındakı hasilat səviyyəsi ilə müqayisədə, hasilatı 23% azaltmağı nəzərdə tutur. Rusiya və Səudiyyə Ərəbistanının azaldacağı hasilat gündəlik 11 milyon bareldən 8.5 milyon barelə qədərdir. Meksika isə hasilatı 400.000 barel azaltmaqdan imtina edib və yalnız 100.000 barelə razılaşıb.

Aprelin 12-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman bin Əbdüləziz Ali-Səudu təbrik etmək üçün üçtərəfli danışıq aparıb. Putin və Tramp daha sonra ayrıca söhbət ediblər.

Bundan başqa, razılıq əldə edilməmişdən əvvəl Səudiyyə Ərəbistanı kralı Salman, Tramp və Putin arasında təxminən saat yarım davam edən üçtərəfli telefon danışığı reallaşıb. “Tərəflər qlobal neft ticarətindəki vəziyyətin sabitləşdirilməsi və neft qiymətlərinin dəyişkənliyinin qlobal iqtisadiyyata mənfi təsirinin minimuma endirilməsinə dair fəaliyyətlərin əlaqələndirilməsinə sadiq olduqlarını təsdiq ediblər”, – deyə Kremlin qısa press-relizində bildirilib.

İlkin OPEC + sazişindən sonra Tramp rusiyalı vəzifədaşı ilə danışıb. “Prezidentlər qlobal neft bazarındakı cari inkişaflar, o cümlədən neftin qiymətinin sabitləşməsi məqsədilə hasilatın həcminin azaldılması barədə ilkin OPEC + sazişi barədə fikir mübadiləsi aparıblar. Donald Tramp bir neçə neft hasil edən ölkənin liderləri ilə təmasları haqqında məlumat verib. Prezidentlər bu məsələ ilə bağlı Rusiya-Amerika məsləhətləşmələrini davam etdirməyə razı olublar”, – deyən Kreml iki liderin COVID-19 pandemiyası və kosmosdakı əməkdaşlığa da toxunduğunu açıqlayıb.

Putin daha sonra Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon əlaqəsi yaradaraq Rusiya-Səudiyyə əlaqələrinin təfərrüatlarını – Moskva ilə Ər-Riyad arasında neft qiymətləri müharibəsi başlayandan bəri ilk müzakirə aparıb.

“Xam neftin azaldılmasının müəyyən parametrləri üzrə 23-dən 22-nin konsensusu OPEC + nazirlərinin səylərinin qeyd-şərtsiz uğuru olub. Onlar müəyyən öhdəliklər götürüb və bu öhdəliklər haqqında razılıq əldə ediblər”, – deyə Putinin sözçüsü Dmitri Peskov müqavilə barədə danışıb.

O əlavə edib: “Sənədin özü çox müsbətdir və qlobal bazarların tələbatıdır. İnanırıq ki, mütəxəssislər Meksika ilə konsensusu rəsmiləşdirib yekunlaşdırmağa müvəffəq olacaqlar”.

Əvvəlcə Rusiyanın OPEK-lə ayrılması fikrini tənqid edənlərin arasında olan “Lukoil” vitse-prezidenti Leonid Fedun jurnalistlərə açıqlamasında yeni razılaşma olmazsa, qlobal neft anbarının 40-45 gündə dolacağını söyləyib. Bu halda Rusiya öz neft yataqlarını “dondurmalı” və bir barelini 15-20 dollara satmalı idi.

Yeni sövdələşmədə, neft maqnatının sözlərinə görə, qiymətləri bir barel üçün 30-40 dollar həddində saxlayacağı razılaşmanı məqbul edir. Bununla belə, Moskvanın hasilatın gündəlik 2,5 milyon barel azaltması Fedunu qane etmir: “Mən bunu 1918-ci ildə Brest müqaviləsi ilə müqayisə edərdim. Bolşeviklərin Almaniya ilə alçaldıcı müqaviləni imzalamasına”.

Brest-Litovsk müqaviləsi 3 mart 1918-ci ildə Rusiyanın yeni bolşevik hökuməti tərəfindən imzalanmış və Rusiyanın Birinci Dünya müharibəsində iştirakına son verib, nəticədə, Baltikyanı ölkələr üzərindəki Almaniyanın hegemonluğu tanınıb. Üstəlik, Ukraynanın müstəqilliyi. Rusiyanın Cənubi Qafqazdakı ərazisi və Qars vilayəti Osmanlı İmperiyasına verilib.

Bəziləri 10 aprel müqaviləsini Trampın qələbisi kimi yozublar. Rusiyanın məşhur sağçı nəşri “Svobodnaya Pressa”nın yazarı Aleksey İlyaşeviş qeyd edib: “Yeni müqavilənin əsas qalibi Donald Trampdır. Aparıcı neft ixrac edən ölkələrin zirvə görüşü onun ssenarisinə uyğun keçirilib. Putin və vəliəhd şahzadə MBS-in danışıqlar masasına qayıtması və güzəştə getməyə hazır olduqlarını ifadə edən ABŞ prezidenti idi. Mart ayında Rusiya hasilatın gündəlik 1,5 milyon barel həcmində azaldılmasını nəzərdə tutan müqaviləni uzatmaqdan imtina edib. İndi gündəlik 2,5 milyondan 2,8 milyon barelə qədər azaltmaq məcburiyyətindədir. OPEC + ilə daha böyük bir öhdəlik götürməyə dəyərmi? Moskva və Ər-Riyad milyonlarla bareli bazardan çıxarmalı olacaq, Vaşinqton isə yüz minlərlə. Deməli, ABŞ qiymət dəyişikliyinə daha çevik reaksiya verə biləcək bir oyunçudur. O, imtiyazlı bir vəziyyətdə qalır”.

Bəzi Rusiya neft bazarı analitikləri yeni razılaşmaya dair daha pessimistdirlər. Rusiya və postsovet məkanlarında neft və qaz sənayesinin monitorinqi və təhlili üzrə ixtisaslaşmış “RusEnergy” şirkətinin ortağı Mixail Krutixin yeni razılaşmanın Rusiya iqtisadiyyatı üçün uzunmüddətli nəticələrə səbəb olacağını söyləyib.

O deyib: “Rusiyada 180 minə yaxın neft quyusu var. Hasilatı 23% azaltmaq üçün təxminən 14000 quyu bağlanmalıdır. Orta hesabla bir quyudan gündəlik 9,5 ton neft hasil olunur. Müqayisə üçün, Səudiyyə Ərəbistanında bir quyu gündəlik 1000-2000 ton istehsal edir. Bu, Rusiyanın 16 dəfə çox quyu bağlaması deməkdir.

İndi quyuların bağlanmaması üçün şirkətlər neft quyularına elektrik enerjisini və su ötürülməsini kəsməlidir. Texniki cəhətdən bu, çox çətin deyil, lakin sonradan bu quyularda hasilatı bərpa etmək çətin olacaq. Quyular təqribən 2 ay işləmirsə, təmizlənməli olan parafin və stearin yataqları meydana gələcək. Şimalda (əksər Rusiya neft yataqlarının olduğu) quyular da buzlanır, karbohidrogen qazlarının hidratları əmələ gəlir və bir həlledicidən istifadə etməli, nasos texnikasını təmizləməlidir və s. Bu, bahalı bir işdir”.

Krutixin əlavə edib: “Bu ehtiyatların bir hissəsi istehsal fəaliyyətlərini bərpa etmək mümkün olsa da, yeni ehtiyatların açılması üçün vəsait olmayacaq. Gəlir çatışmazlığı olacaq və daxili istehlakı təmin etmək üçün ixracı azaltmaq məcburiyyəti yaranacaq. Bu o deməkdir ki, yeni OPEC + sazişində neftin qiyməti bir qədər artsa da, ixracın azaldılması səbəbindən yenə də [dövlət] büdcəsinə gəlir az olacaq. Bu, maddi bir fəlakətdir. Sıravi insanlar üçün fəsadlar dəhşətli olacaq”.

Bəlkə də, bu ağır nəticələrin qarşısını almaq üçün Rusiya Energetika Nazirliyi razılaşmanın ilkin olduğunu və düzəliş edilə biləcəyini vurğulayıb. “Razılaşdıq ki, müqavilənin müddəti iki ildir. Bu, bazar üçün vəziyyətin bərpası, tələb və təklif tarazlığının bərpası üçün tədbirlərin görülməsi üçün ən təsirli müddətdir”, – deyə energetika naziri Aleksandr Novak danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, bazar vəziyyəti gözləniləndən daha tez yaxşılaşsa, istehsal qərarları dəyişdirilə bilər.

Novak deyib ki, Rusiya şirkətlərinin istehsalın azaldılmasına hazırdır və hökumət “neft şirkətlərinin rəhbərləri ilə əlaqə qurub.

Tərcümə: Strateq.az

Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

yasamal.tv xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Aprelin 14-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 18-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu informasiyalar həqiqəti uyğun deyil:

“Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, – səfirlikdən qeyd olunub.

Xərçəngdən qorunmaq üçün alma yeyin! – Faydalı məsləhətlər

Günümüzün ən qorxulu xəstəliklərindən biri də xərçəngdir.

Lakin bu xəstəliyə tutulmamaq üçün bir çox faydalı məsləhətlər mövcuddur.

yasamal.tv həmin məsləhətlərdən bir neçəsini təqdim edir:

1. Hər bir rəngdə olan meyvə və tərəvəzdən gündə ən az 3-5 dənə yeyin.

2. Həftədə 2 dəfə qırmızı ət yeyin, balıqla qidalanın.

3. Kələm, kahı kimi yeməklərin ilk dörd qabığı zibilə atılmalıdır. İstədiyiniz qədər yusanız da, üst qabıqlarda olan pestisidlər təmizlənmir. Çarəsi yalnız üst qabıqlardan xilas olmaqdır.

4. Qızartma üçün ən uyğun yağ bitki yağıdır. Bundan başqa variant zeytun yağıdır. Fındıq yağı da seçim edə bilərsiniz.

5. Uşaqlar fast-food növlü yeməkləri 15 gündə bir yeməlidirlər. Amma həftədə 3 dəfə yedikləri təqdirdə beyin şişləri, lemfoma və qan xərçəngi riski 3 dəfə artır.

6. Ən faydalı qidalardan biri qozdur. Daha sonra fındıq və badamdır. Çiy günəbaxan tumunu özünüz qovurub yeyin. Amma fındıq, qoz kimi qidaları qabıqlı alın. Gündə bir ovuc mütləq yeyin.

7. Mütləq alma yeyin. Meyvələrin üstünün parlaq görünməsi üçün şam sürtülür. Bu cür almaları təmiz-təmiz yuduqdan sonra sirkəli sudan keçirin, ya da alma sirkəsi ilə ovun. Meyvəni qabığıyla yemək şərtilə.

8. Tərəvəzlər mövsümündə dondurulub saxlanılmalıdır. Yalnız ilk dəfə açdıqda onu mütləq bişirin.

9. Yuyucu vasitələr işlədərkən əlcək geyinin. Plastik əlcək istifadə etməyin, içi pambıq olan əlcək geyinin. Çünki tozlara qarşı allergikdir və kiçik dozalarda alındığı təqdirdə xroniki olaraq xərçəngi riski yaradır.

10. Davamlı olaraq zeytun yağı və dəfnə sabununa üstünlük verin. Əllərinizi, bədəninizi həqiqi zeytun yağı, dəfnə və ya fıstıq yağından hazırlanan həqiqi sabunlarla yuyun.

Azərbaycanda 50 min ictimai iş yeri yaradılır

Bu gündən əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

Komitə “Ailədən ailəyə” adlı dəstək kampaniyasına başladı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində keçirdiyi müvafiq fəaliyyətlərin davamı olaraq, sosial təcrid vəziyyətində həssas təbəqədən olan ailələrə kömək məqsədi ilə “Ailədən ailəyə” dəstək kampaniyasına başlayıb.

yasamal.tv xəbər verir ki, ictimai həmrəyliyin, mərhəmətin və xeyirxahlıq ənənələrinin təzahürü olan “Ailədən ailəyə” aksiyası icmada insanlar arasında münasibətlərin, bir-birilərinə diqqət və qayğı kimi müsbət davranışların möhkəmləndirilməsinə xidmət edir.

Kampaniya Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin yerləşdiyi rayonlar (Bakı şəhəri üzrə, Ağdam, Göygöl, Goranboy, Qəbələ, İsmayıllı, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab və Zaqatala) və onlara yaxın bölgələrdə keçirilir. Bir neçə gün ərzində yardımsevər ailələrin və könüllülərin dəstəyi ilə layihə çərçivəsində qeyd olunan və ətraf rayonlarda ehtiyacı olan ailələrə ərzaq yardımı edilib, eləcə də dərman preparatları paylanılıb.

Koronavirus pandemiyasının dünyada sürətlə yayılaraq qlobal təhlükə halını aldığı çətin bir vaxtda ölkəmizdə sosial-psixoloji atmosferin tənzimlənməsi, maddi və mənəvi rifahın qorunması sahəsində Azərbaycan ailələrinin hər zaman mövcud olan ən gözəl adətlərimizə,o cümlədən milli, mənəvi dəyərlərimizə sadiqliyi və bu gün nümayiş etdirdiyi hər kəsə örnək ola biləcək həmrəyliyi böyük rol oynamışdır.

Əziz həmvətənlərimiz, hörmətli bacılar və qardaşlar!

Bu gün gücləri birləşdirmək və birlikdə addımlamaq zamanıdır. Siz də öz ailəniz adından başqa bir ailəyə yardım əli uzatmaqla bu kampaniyaya qoşula, ehtiyacı olan insanlara dəstək göstərə bilərsiniz.

Siqaret depressiyaya səbəb olur?

İsrail və Serbia alimləri tütünün psixi sağlamlığa təsiri ilə əlaqədar iki min könüllü ilə araşdırma aparıblar.

yasamal.tv xəbər verir ki, siqaret çəkənlır arasında klinik depressiya əlamətlərinə pis vərdişdən uzaq olanlardan iki-üç dəfə artıq rast gəlinir.

Nəticələr siqaretin depressiyanın səbəb olduğunu açıq şəkildə bildirməyə imkan vermir, çünki eyni məlumatları fərqli şərh etmək olar. Məsələn, əvvəlcə depressiyaya meylli insanlar tez-tez siqaret çəkirlər və ya bu cəhətlərin ikisi də üçüncü bir amilin nəticəsidir.

Buna baxmayaraq, alimlər bununla siqaretin bir çox cəhətdən, nisbətən qeyri-aşkar olanlar da daxil olmaqla, insan üçün zərərli olduğunu sübut edən yeni bir məlumat əldə ediblər.

Qeyd edək ki, siqaretin depressiyaya səbəb olduğu barədə bundan əvvəl də araşdırmalar aparılıb. (milli.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?