Ev Blog Səhifə 3

“Google” istifadəçilərinə təcili XƏBƏRDARLIQ – Saniyələr ərzində bütün məlumatlar silinə bilər

“Google” bütün istifadəçilərinə vacib xəbərdarlıq edib – bəzi qiymətli məlumatlar bir neçə saat ərzində silinə bilər. Xüsusilə “Google Xəritə (Maps)” istifadəçiləri üçün bu dəyişiklik böyük əhəmiyyət daşıyır.

Texnologiya nəhəngi “Google” öz platformasında ciddi dəyişikliklərə başlayır. Şirkətin yaydığı məlumatda bildirilir ki, “Timeline” funksiyası artıq məlumatları buludda deyil, istifadəçilərin cihazında saxlayacaq. Bu isə o deməkdir ki, vaxtında tədbir görülməsə, keçmişə dair yerləşmə tarixçəsi silinə bilər.

Timeline istifadəçilərin keçmişdə getdiyi yerlərin qeydini saxlayır. Bu, illər əvvəl tətildə olduğunuz şəhərləri, partnyorla ilk dəfə görüşdüyünüz məkanı və ya çox bəyəndiyiniz restoranı xatırlamaq üçün faydalıdır.

Google xəbərdarlıq edir ki, bu dəyişikliklərə görə istifadəçilər 18 may, bazar gününə qədər cihazlarında yeni parametrləri aktiv etməlidirlər. Əks halda, Timeline məlumatları avtomatik olaraq silinə bilər.

Google tərəfindən istifadəçilərə göndərilən e-poçt bildirişində deyilir:

“Bu, Timeline-nin dəyişdiyini xatırladır. Bu dəyişikliklərə görə, Timeline məlumatlarını itirməmək üçün yeni parametrlər seçməlisiniz.”

İstifadəçilərə tövsiyə olunur ki, Google hesablarına daxil olaraq bu parametrləri dərhal yoxlasın və lazımi dəyişiklikləri etsinlər ki, qiymətli xatirələr itirilməsin.

Bu tarixdən hava yenidən korlanacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bu həkimlər 9000 manat cərimələnəcək

Milli Məclis sağlamlıq sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Yeni qaydalara əsasən, tibb işçilərinin vicdansız və ya laqeyd davranışı nəticəsində sağlamlığa yüngül zərər vurulduqda fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 7000-9000 manat arası cərimə olunacaq.

Qanun layihəsi vətəndaşların sağlamlıq hüquqlarının daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır.

Pensiya alanların nəzərinə – Dəyişiklik edilir

Azərbaycanda erkən pensiya hüququ olan şəxslərin pensiya təminatı dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, uşaqlara görə və ya digər güzəştli əsaslarla erkən pensiya hüququ qazanan şəxslərin pensiya ödənişləri üçün tələb olunan vəsait dövlət büdcəsindən ayrılacaq.

Dəyişikliklərə əsasən, liliputlar, fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər, 81-100 faiz funksional pozuntuya malik əlillər, ahıllar (70 yaşdan yuxarı şəxslər) və ya 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edənlərin pensiya kapitalı güzəştli şəkildə hesablanacaq. Yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Onlar ölkədən çıxa bilməyəcək

Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə informasiya sistemindən” “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürüləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir. Bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat veriləcək, o cümlədən borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil ediləcək və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürüləcək. Həmin məlumat-axtarış sistemində tətbiq edilmiş məhdudiyyət götürüləcək və bununla bağlı borclunun mobil telefon nömrəsinə SMS göndəriləcək.

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Taksilərdə yeni tələblər – Dəyişikliklər var

Taksilərdə müştərilərin nəğdsiz ödəniş edə bilməsi üçün postterminal,videomüşahidə kamerası və tütün məlumatlarından istifadə edilməsinin qadağan olunması ilə bağlı məlumatların quraşdırılması və müəyyən edilən tələblər var. Məqsəd sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsidir. 

Taksi sahəsində aparılan müəyyən islahatlardan sonra dəyişikliklər öz sözünü deyir. Xüsusilə taksi parkının yenilənməsi, mühitin mühafizəsinə töhfə verən elektrik və hibrid tipli nəqliyyat vasitələrinin xidmətə cəlb edilməsi təmin olunub. 

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, bu dövr ərzində əsas məqsədlərdən biri taksi parkının yenilənməsi idi ki, burda müsbət nəticələr əldə olunub:

“32%-ə qədər buraxılış ili bir ilə qədər olan nəqliyyat vasitələrinə icazələr verilib. Həmçinin, rəng məsələlərində müəyyən nəticələr əldə olunub. Eyni zamanda sərnişin daşıma xidmətinə nəzarətin gücləndirilməsi xidmət keyfiyyətinin artırılması məqsədi ilə e-taksi alt sistemi istifadəyə verilib. Növbəti mərhələdə isə mövcud normativ hüququ aktların tələblərinə uyğun olaraq taksi minik avtomobillərinin daxili tərtibatının qaydalara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə hər bir taksi nəqliyyat vasitəsində ödənişlərin rəqəmsal şəkildə aparılmasını təmin edən postterminal, sürücü və daşıyıcı şirkət barəsində məlumatlar, sürücünün fotoşəkli, videomüşahidə kamerası və tütün məlumatlarından istifadə qadağan olunması ilə bağlı məlumatların quraşdırılması nəzərdə tutulur”. 

Qeyd edək ki, hazırda bu istiqamətdə işlər davam etdirilir. 

Kartdan pul çəkənlər daha tez tapılacaq – Yeni qayda

Milli Məclisin plenar iclasında bank kartlarından pul oğurluğu ilə bağlı istintaq hərəkətlərinin gecikmədən aparılması barədə dəyişikliklər müzakirə olunub və birinci oxunuşda qəbul edilib.

Qanun layihəsinə əsasən, müasir informasiya texnologiyalarından istifadə edilərək bank hesablarından vəsaitlərin talanması hallarının istintaqı daha operativ şəkildə aparılacaq.

Hazırda şəxsi və kommersiya sirri hesab edilən məlumatların əldə olunması məhkəmə qərarı tələb edir. Yeni dəyişikliyə görə, belə istintaq hərəkətləri təxirəsalınmaz olduqda, müstəntiqin əsaslandırdığı vəsatət 24 saat ərzində məhkəmə tərəfindən baxılacaq.

Bu dəyişikliklərlə bank kartı oğurluğu cinayətlərinin araşdırılması sürətləndiriləcək.

“Gizli səs yazısının aparılması, yayılması qanunsuzdur və yolverilməzdir”.

“Gizli səs yazısının aparılması, yayılması qanunsuzdur və yolverilməzdir”. Hüquqi məsuliyyəti yaradır.
Son zamanlar müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qeyri-hüquqi addımların atılmasına gətirib çıxarır ki, bunun da fəsadları daim ağır olmuşdur. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Qanunun tələblərini pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
Gizli səs yazılması və ya video çəkilməsi ilə bağlı məsələlər “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir və əməliyyat-istintaq orqanlarının səlahiyyətinə aid məsələdir”
Qanunvericilik bu məsələni çox geniş bir şəkildə tənzimləmişdir. Əsas qanun sayılan Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qeyd edildiyi kimi dövlət ali hüquqi sənəddə öz üzərinə belə bir öhdəlik müəyyən etmişdir. Bundan əlavə qeyd edə bilərik ki, bu növ münasibətlər “İnsan hüquq və əsas azadlıqları haqqında” konvensiyada da öz əksini tapmışdır. Belə ki, (1945-ci il 12 dekabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur.
Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur və bu əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.1-ci maddəsində Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məcəllənin 156.1-ci maddəsinə görə isə Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır.
Həmçinin telefon danışıqlarının, səs yazılarının məhkəmə tərəfindən sübut kimi qəbulu ilə bağlı olaraq da qeyd edə bilərik. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
Mülki Prosessual Məcəllədən də bəllidir ki, səs və ya video yazıları təqdim edən şəxs bunun hansı şəraitdə yazılmasını, bu yazıdan digər şəxsin xəbərdar olub-olmamasını, həmçinin yazıda şəxsi xarakterli məlumatın mövcudluğu məsələsini bildirməyə məcburdur. Hər bir halda səs yazısını qeyd edən şəxs bu yazıya görə mütləq qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikası “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər.
Həmin şəxslər isə bu tədbirləri (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirir. Həmin qanunun 13-cü maddəsinə görə isə Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.
Göstərilən şəxslər isə bu tədbirləri tətbiq etdikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134-cü maddəsinə əsasən protokol qaydasında göstərilənləri əks etdirir və sonradan məhkəməyə sübut kimi təqdim edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü , Bakı şəhər 20 saylı Vəkil Bürosunun
Vəkili Rövşən Qasımov.

Bakı ilə İrəvan arasında gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək

Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək.

B
u iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib.

O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.

“Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”, – erməni siyasətçi deyib.

İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı olduğu deyilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan 17 maddəlik sülh sazişi mətnini razılaşdırdıqdan sonra Prezident İlham Əliyev daha iki tələbi – Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğv edilməsi – irəli sürüb.

“ChatGPT” dünyada ən çox ziyarət edilən saytlardan biri oldu

“Similarweb” şirkətinin tərtib etdiyi siyahıya əsasən “ChatGPT” dünyada ən çox ziyarət olunan saytlar arasında beşinci yeri tutub.

Istifadəçilərin “ChatGPT” saytında keçirdiyi orta vaxt 7 dəqiqə 15 saniyə təşkil edir. Bir ziyarət zamanı onlar adətən təxminən 4,15 səhifəyə baxış keçirirlər. Saytı yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 29,59-dur.

Reytinqin ilk pilləsində “Google” axtarış sistemi qərarlaşıb. Burada istifadəçilər orta hesabla 10 dəqiqə 31 saniyə vaxt keçirirlər və bir ziyarət zamanı 8,91 səhifəyə baxırlar. “Google” saytını yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 26,57-dir.

Populyarlığa görə ikinci yerdə “YouTube” yer alıb. Platformada bir sessiyanın orta müddəti 20 dəqiqə 18 saniyə təşkil edir və istifadəçilər orta hesabla 13,15 səhifəyə baxış keçirirlər. Saytı bir səhifədən sonra tərk edənlərin faizi isə 20,49-dur.

Ən populyar üç sosial şəbəkə arasında “Facebook” və “Instagram” da var.

“Facebook”da istifadəçilər orta hesabla 10 dəqiqə 42 saniyə vaxt keçirirlər və 13,53 səhifəyə baxırlar. Bu göstəricilər “Instagram” üçün 8 dəqiqə 37 saniyə və 13,38 səhifədir. “Facebook”da bir səhifəyə baxdıqdan sonra saytı tərk edənlərin faizi 29,78, “Instagram”da isə 33,12-dir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?