Ev Blog Səhifə 2

Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində konkret iş üzrə qəbul etdiyi qərarında aşağı instansiya məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilə biləcəyi halları açıqlayıb. 

Ali Məhkəmənin Cinayət kollegiyası hesab edib ki, şəxsə onun təqsirli bilindiyi maddənin və ya maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza təyin edən məhkəmə yekun məhkəmə aktında CPM-in 139.0.5-ci (cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) maddəsinin tələbinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan və baxdığı iş üzrə təqsirləndirilən şəxsin törətdiyi əməllərə və onun şəxsiyyətinə və ailə vəziyyətinə münasibətdə müstəsna xarakter daşıyan halları müəyyən edərək onlara, habelə CM-in 62-ci maddəsinə istinad etməli və bu nəticəni qanuna müvafiq qaydada əsaslandırmalıdır. 

Bunu həm cinayət qanunvericiliyin yuxarıda göstərilən normaları və CM-in 62-ci maddəsinin müddəaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqeləri tələb edir. Belə ki, CM-in 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.CM-in 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həmdə bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir:

-cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, 

-cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;

– cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;

– iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. 

Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. 

CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. 

Həmçinin məhkəmə kollegiyası qeyd edib ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə  şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər.

Buna görə də məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. 

Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. 

Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir.

18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü elan olunur

18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunur. Bu gün münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə də “Açıq qapı” günü təşkil olunub. Kompleksin mətbuat katibi Abutalib Turabov bildirib ki, gələn yerli və xarici ziyarətçilərə kompleksin əməkdaşları tərəfindən bu günün tarixi, 1918-ci il hadisələri haqqında ətraflı məlumatlar verilib. Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Prezidentin Avropa Zirvəsi – Bakı-Brüssel xəttində yeni mərhələ başlayır

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcı, daha dəqiq desək, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın qaldığı yerdən davam etməsi hesab oluna bilər. Bakı-Brüssel xəttində münasibətlərin səviyyəsi həmişə yüksək olması ilə seçilib, lakin son dövrlər, xüsusilə Qarabağda suverenliyimizin bərpa edilməsi prosesində Aİ rəhbərliyində təmsil olunanların Azərbaycana qarşı ədalətsiz yanaşmalar sərgiləməsi problemlərin yaranmasına səbəb olmuşdu. Bu problemlər iki amildən qaynaqlanırdı.

Birincisi, Ermənistan regionda Aİ ilə münasibətləri inhisara almağa, Bakı-Brüssel xəttində çatlar yaratmağa çalışırdı.
İkincisi, Aİ-nin əvvəlki administrasiyası bu siyasətə dəstək verirdi, misal üçün, xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel anti-Azərbaycan siaysətində erməni diasporu/lobbisinin aparıcı fiquruna çevrilmişdi.

Aİ rəhbərliyi Cənubi Qafqazda Ermənistana birtərəfli dəstək verməklə yanlış “ata oynayır”, hesab edirdilər ki, təzyiq-təhdid strategiyası ilə Azərbaycanı geri addım atmağa, “idarəolunan ölkə” rolunu qəbul etməyə məcbur edə biləcəklər. Misal üçün, Aİ-nin əvvəlki rəhbərliyində təmsil olunanlar Azərbaycandan Qarabağdakı qondarma “rejimi” qəbul etməyi, eyni zamanda, Ermənistanla sülh danışıqlarının ermənilərin maraqlarına uyğun şəkildə aparılmasını istəyir, hətta bunun üçün rəsmi Bakıya təzyiqlər də edirdilər. Lakin İlham Əliyev faktorunu, məsələ milli maraqları olanda Azərbaycan liderinin qətiyyətli mövqeyini heç bir gücün dəyişdirmək iqtidarında olmadığını unutmuşdular.

This image has an empty alt attribute; its file name is iceri--.jpg

Prezident İlham Əliyev Aİ rəhbərliyində erməni lobbisinə yaxın şəxslərdən qaynaqlanan bu siyasət qarşısında oyundəyişdirici gedişlər etdi.

a) Cənubi Qafqazda proseslərə nəzarəti gücləndirməklə Azərbaycan-Ermənistan danışıqları üzərindən bölgəyə müdaxilə cəhdlərinin qarşısını aldı: Bakı-İrəvan xəttində ikitərəfli formatın yaradılması burada əsas amillərdəndir;
b) Aİ-nin regionun siyasətində təsir rıçaqlarını sıradan çıxarmaqla Brüsselin yanlış siyasətinin öz maraqlarına zərbə vurduğunu göstərdi:
c) Şərq və Asiya istiqamətində çoxvektorlu siyasət qurmaqla Azərbaycanın strateji qiymətini daha da yüksəltdi: Çinlə münasibətlərin inkişafı, Mərkəzi Asiya və Yaxın Şərqdə Bakının aktiv rol alması bu strategiyada əsas həmlələrdəndir;

Milli maraqların müdafiəsində qətiyyətli mövqeyindən geri çəkilməyən Prezident İlham Əliyev göstərdi ki, təkcə Cənubi Qafqazda yox, həm də bütövlükdə Asiya coğrafiyasında təmsil olunmağın yolu Azərbaycanla hesablaşmadan keçir. Bu, Brüsseldə erməniyönümlü siyasətə üstünlük verənlərin bütün oyunlarının pozulması demək idi və nəticədə Aİ-nin yeni administrasiyasında onlar üçün yer olmadı. Çünki regionda ayırıcı xətlər üzərindən siyasət aparmaq və Azərbaycan kimi həlledici gücü nəzərə almamaq Aİ-nin geosiyasi mövqelərini zəiflədir.

Bu ilin başlanğıcından etibarən Aİ-nin Azərbaycana qarşı ədalətsiz yanaşmadan imtina etməsi, Brüssel-Bakı xəttində münasibətlərinin normallaşma istiqamətində addımların atılması müşahidə edilir. Yanvar ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng etdi. Telefon söhbətində ikitərəfli münasibətlər, o cümlədən, Aİ və Azərbaycan arasında nəqliyyat, Orta dəhliz marşrutu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu müzakirə edilib.

This image has an empty alt attribute; its file name is kallas-eliyev-baki.jpg

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın aprel ayında Azərbaycana səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də Bakı-Brüssel xəttində əvvəlki administrasiyanın zamanında süni şəkildə yaradılmış problemlərin həlli baxımından önəmli idi.

Son proseslər fonunda Brüsseldə Bakının əhəmiyyətini anladıqları görünür: Azərbaycanla münasibətlər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, o cümlədən, Aİ-nin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq siyasətində həlledici faktordur. Və Bakıya qarşı haqsız mövqedən qaynaqlanan soyuq münasibətlər Avropa üçün təkcə enerji təhlükəsizliyinə risklər yaratmır, həm də Brüsselin Avrasiyada mövqelərini zəiflədir.

This image has an empty alt attribute; its file name is eliyev-temas.jpg

Aİ-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərdəki problemləri aradan qaldırmaq istiqamətində atdığı addımlar da bundan qaynaqlanır. Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı isə Azərbaycan-Aİ xəttində siyasi münasibətlərin tamamilə bərpa olunduğu və normal məcraya qayıtdığı deməkdir. Azərbaycan liderinin Tiranada yüksək səviyyədə qarşılanması, keçirdiyi ikitərəfli görüşlər və kulislərdə diqqət mərkəzində olması da bu kontekstdə diqqətəlayiq idi.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak edirdi. Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirdi, xüsusilə Avropanın enerji ehtiyacının ödənilməsində göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrdə və Orta dəhlizdə oynadığı aparıcı rola diqqət çəkildi.

This image has an empty alt attribute; its file name is eliyev-ursula-kosta.jpg

Ümumilikdə Azərbaycanın Aİ üçün etibarlı tətərfdaş olduğu vurğulandı. Prezident İlham Əliyevlə görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen birlikdə iştirak etməsi Azərbaycana verilən əhəmiyyətin real nümunəsi idi.

Zirvə toplantısının kulis təmaslarında Azərbaycan liderinin diqqət mərkəzində olması və müxtəlif ölkə liderlərinin onunla görüşə xüsusi maraq göstərməsi, hətta Fransa prezidenti Emanuel Makronun Prezident İlham Əliyevlə münasibətləri bərpa etmək cəhdləri Azərbaycanın Avropadakı yerinin və nüfuzunun göstəricisi idi.

This image has an empty alt attribute; its file name is eliyev-makro.jpg

Bütün bunlar Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın oyundəyişdirici rolunun güclənməsinin, həmçinin, dövlət başçısının milli maraqların müdafiəsində sərgilədiyi qətiyyətli mövqeyinin nəticəsidir. Bu gün Azərbaycan Uzaq Şərqdən (Çin) Uzaq Qərbə (Amerika Birləşmiş Ştatları) uzanan coğrafiyada həlledici oyunçu və etibarlı tərəfdaş kimi qəbul edilən ölkədir. Qlobal siyasətin aktiv oyunçuları Azərbaycan kimi orta güc faktorunu nəzərə almamağın yanlış gediş olduğunu anlayır, buna görə rəsmi Bakı ilə münasibətlərə xüsusilə diqqət yetirirlər. Avropa İttifaqının əvvəlki rəhbərliyi dövründə buraxılmış səhvlərin yeni administrasiya tərəfindən düzəldilməsi – Azərbaycanla münasibətlərin bərpa edilməsi və yeni mərhələnin başlanması da ölkəmizin geosiyasi əhəmiyyətindən, həm də Prezident İlham Əliyevin uğurlu stratregiyasından irəli gəlir.

Düşənbədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mayın 19-22-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin 23 may tarixində Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.

2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib.

Xəbərdə deyilir: “Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir”.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu – Fotolar

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 16-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiqinə başlanılıb.

Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.

Bildirilib ki, “Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır” sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib”.

Məqalədə, həmçinin qeyd edilir: “Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar ( azərbaycanlılar – red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların əslində beş nəfər olduğu məlum oldu.

Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.

Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı onlara (erməniləri – red.) Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu”.

Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.

Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristofeerin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra “İzvestiya” qəzetinin 1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında işıq üzü görən məqalə tədqiq olunub.

Yazıda deyilir: “Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”.

Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib.

Sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub.

Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub.

Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər.

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb.

Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb.

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.

Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb.

Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və video materiallar təqdim olunub.

Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub.

İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və video görüntülər nümayiş etdirilib.

Ardınca ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olunub.

Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevirilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

“WhatsApp”a yeni düymə əlavə edildi

“WhatsApp” statuslarla bağlı yenilik üzərində işləyir.

Yeni funksiya statusları paylaşmağa imkan verəcək. Məlumata görə, yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Bildirilir ki, istifadəçinin paylaşdığı statusu onun kontaktları yenidən paylaşa və ya yenidən yönləndirə bilər. Yeniliyə əsasən platformada status paylaşılanda istifadəçinin digər insanların onun məzmununu paylaşmasına icazə vermək və ya rədd etmək üçün düyməni seçmək imkanı olacaq. Məlumata görə, bu paylaşma seçimi tamamilə istəyə bağlı olacaq və istifadəçilər statuslarının necə paylaşılacağına tam nəzarət edəcəklər.

İstifadəçilər digər istifadəçinin statusunu paylaşandan müəllifin telefon nömrəsi yenidən paylaşılan məzmunda müşahidə edilməyəcək. Bu məxfilik tədbiri, statusun platformada neçə dəfə paylaşılmasından asılı olmayaraq tətbiq ediləcək. Bu paylaşma seçiminin tətbiqi “WhatsApp” statuslarının trend olmasına səbəb olacaq.

Qızıl satanlar cərimə oluna bilər

Müştərilər qızıl alanda nə qəbz tələb edirlər, nə də onlara çek verilir.  

Bəs niyə qızıl alarkən qəbz verilmir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib:

“İstər nəğd, istərsə də POS-terminaldan ödəniş zamanı mütləq şəkildə alıcıya qəbz təqdim edilməlidir. Əgər nəğd şəkildə ödəniş qəbul edilirsə, bu zaman nəzarət kassa aparatından çıxarılmış qəbz olmalıdır. Əgər POS-terminaldan qəbul edirsə, POS-terminaldan çıxarılmış ödənişi təsdiq edən sənəd olmalıdır. Ödənişi POS-terminaldan qəbul etməyib, çek təqdim etmirsə, bu sahibkar üçün problem yarada bilər”. 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.

Agentlikdən “Son zəng”də şagirdlərin geyim forması ilə bağlı xəbərdarlıq

Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

Ərdoğan şad xəbəri ELAN ETDİ – Qara dənizdə nə tapılıb?

Qara dənizdə ehtiyatları 75 milyard kubmetr olan qaz yatağı kəşf edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Türkiyə lideri vurğulayıb ki, söhbət 49 günlük qazma və sınaqdan sonra qeyd olunan qazın tapıldığı “Göktəpə-3” yatağından gedir.

Ərdoğanın sözlərinə görə, bu yataq üç il yarım ərzində bütün Türkiyə ərazisində mənzillərin qazla təmin edilməsinə kifayət edəcək.

O qeyd edib ki, yataqdakı ehtiyatların dəyəri 30 milyard dollar qiymətləndirilir.

O, həmçinin bildirib ki, Qara dənizdəki qaz yataqlarında olan 9,5 milyard kubmetr qaz hesabına ölkədə dörd milyon mənzili mavi yanacaqıa təmin edilir. Türkiyə liderinin sözlərinə görə, 2028-ci ilə qədər bu rəqəmin 4 dəfə artırılması planlaşdırılır.

Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz

Əmək münasibətlərinin düzgün tənzimlənməsinə nəzarət məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan 30 səyyar yoxlama nəticəsində ümumilikdə 1002 nəfər işçidən 57-nin əmək və ya mülki-hüquqi xarakterli müqavilə olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Bu faktlarla bağlı 12 hüquqi və fiziki şəxsə qarşı ümumi məbləği 105 000 manat olan inzibati cərimə tətbiq olunub.

Bu barədə Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatı zamanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.

O əlavə edib ki, vətəndaşların müraciətləri əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilmiş yoxlamalar zamanı 676 nəfərin əmək müqaviləsi bağlamadan işlədiyi üzə çıxıb. Bu hallarla bağlı müvafiq işəgötürənlərə ümumilikdə 2 milyon 643 min manat dəyərində cərimə tətbiq edilib. Həmçinin, 7 ayrı-ayrı halda işçilərin əmək vəzifələrinə daxil olmayan fəaliyyətləri yerinə yetirməyə məcbur edilməsi səbəbilə aidiyyəti vəzifəli şəxslərə 8000 manat cərimə kəsilib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?