Ev Blog Səhifə 5

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksəktəzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə mayın 8-də saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Rusiyada qanunsuz miqrantların uşaqlarının bağçalara buraxılmaması təklif olunur

Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov qanunsuz miqrantların uşaqlarının Rusiyada uşaq bağçalarına buraxılmaması təşəbbüsü ilə çıxış edib.

Bu barədə Ura.ru nəşri deputata istinadən məlumat verib.

Onun sözlərinə görə, miqrantların uşaqlarına çox vaxt lazımi peyvəndlər edilmir və onlar tibbi müayinədən keçmirlər.

Siyasətçinin fikrincə, belə uşaqların məktəbəqədər təhsil müəssisələrinə gəlməsi digər uşaqlar üçün risklər yaradır.

ChatGPT beynimizlə bərabər, dünyanın su ehtiyatlarını da məhv edirmiş

ChatGPT beynimizlə bərabər, dünyanın su ehtiyatlarını da məhv edirmiş.

Bu fikir son vaxtlar bəzi mütəxəssislər tərəfindən səsləndirilir və narahatlıq doğurur. Süni intellektin beynimizi “məhv etməsi” dedikdə, daha çox insanın düşünmə qabiliyyətinin zəifləməsi, diqqət dağınıqlığı və intellektual tənbəlliyin artması nəzərdə tutulur. Çünki insanlar getdikcə daha çox süni intellektə güvənir və öz analiz, qərarvermə bacarıqlarını az istifadə edir.

Su ehtiyatlarına gəldikdə isə, bu, texnologiyanın arxa plandakı sərfiyyatı ilə bağlıdır. Süni intellekti işlətmək üçün böyük server mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlər həm çoxlu enerji, həm də soyutma üçün tonlarla su sərf edir. Xüsusən quraq bölgələrdə bu, su qıtlığını daha da ağırlaşdıra bilər.

Süni intellektin yayılması ilə bağlı aparılan bəzi psixoloji araşdırmalar göstərib ki, insanlar artıq məlumat axtarmaqda, qərar verməkdə və problem həll etməkdə daha az zəhmət çəkməyə başlayıb. Çünki süni intellekt alətləri (məsələn, ChatGPT, Google Bard, avtomatik tərcümə proqramları) bunları bizim yerimizə edir. Nəticədə insan beyni bu bacarıqları məşq etmədikcə zəifləyir. Buna “rəqəmsal tənbəllik” və ya “kognitiv atrofiyaya doğru getmək” deyilir. Yəni beyin əzələ kimi, işlətmədikcə zəifləyir. Bəzi alimlər xüsusilə gənclərdə diqqət dağınıqlığının, oxuma vərdişinin azalmasının və dərindən düşünmə bacarığının geriləməsinin süni intellekt alətlərinin hədsiz istifadəsi ilə əlaqəli olduğunu deyirlər.

Süni intellekt modelləri, məsələn, OpenAI-nin ChatGPT-si və Google-un Gemini-si kimi böyük dil modelləri işləyərkən yüz minlərlə server fasiləsiz işləyir. Bu server mərkəzlərini soyutmaq üçün çoxlu miqdarda su istifadə olunur. Məsələn, 2023-cü ildə açıqlanan hesabatlara görə, yalnız Microsoft və OpenAI-nin süni intellekt layihələri Çində yerləşən serverlərdə bir il ərzində milyonlarla litr su sərf edib. Konkret desək, bir böyük süni intellekt modeli ildə 700 min ilə 1 milyon arasında insanın içməli su ehtiyacına bərabər miqdarda su istifadə edir. ABŞ-nin Arizona və Ayova ştatlarında belə server mərkəzlərinin çoxluğu səbəbindən yerli su ehtiyatlarında azalma qeydə alınıb. Bu, xüsusilə iqlim dəyişiklikləri fonunda quraqlıq yaşayan bölgələr üçün təhlükədir.

8 saatdan çox işləyənlərin maaşları artacaq

Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur: saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi artıq rəsmi səviyyədə gündəmdədir.

Bu dəyişiklik Əmək Məcəlləsinə nəzərdə tutulan bir sıra islahatlardan biridir və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Lakin bu təşəbbüs hələ qəbul edilmədən geniş ictimai və ekspert müzakirələrinə səbəb olub. Bu sistemin tətbiqi əmək bazarını necə dəyişəcək, vətəndaşlara və işəgötürənlərə hansı imkanları qazandıracaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qanunvericiliyinə iki yüzə yaxın dəyişiklik paketi hazırlanıb:

“Onlardan biri də məhz saatlıq əməkhaqqı sisteminə keçidlə bağlıdır. Bu sistem bir sıra aspektlərdən vətəndaşların xeyrinə hesab olunur və əmək münasibətlərində daha çevik, şəffaf və rəqabətədavamlı bir mühitin formalaşmasına töhfə verə bilər.

İlk növbədə, saatlıq əməkhaqqı sistemi insanlara eyni anda bir neçə iş yerində çalışma imkanı yaradacaq. Beləliklə, bir şəxs müxtəlif saatlarda fərqli müəssisələrdə rəsmi əmək müqaviləsi ilə işləyə və bu yolla əlavə gəlir əldə edə biləcək. Bu da öz növbəsində ümumi əməkhaqqının artımı ilə nəticələnə bilər.

Digər mühüm üstünlük isə əmək hüquqlarının daha güclü qorunması ilə bağlıdır. Hazırkı sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda bu əməyə görə əlavə ödəniş almırlar. Saatlıq əməkhaqqı sistemi isə görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçinin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov əlavə edib ki, bu sistem qeyri-rəsmi məşğulluğun azaldılmasında mühüm rol oynaya bilər: “Xüsusilə özəl sektorda bəzi işəgötürənlər əmək müqaviləsi bağlamadan işçi çalışdırmağa üstünlük verirlər. Lakin saatlıq əməkhaqqı sistemində əmək saatına əsaslanan qiymətləndirmə işəgötürəni hər bir işçi ilə müqavilə bağlamağa təşviq edəcək. Bu da əmək bazarında şəffaflığın və dövlət nəzarətinin güclənməsinə yol açacaq.

Növbəti mərhələdə bu sistemin hüquqi bazasının daha da təkmilləşdirilməsi və əmək qanunvericiliyinin uyğunlaşdırılması gözlənilir. Saatlıq əməkhaqqı sistemi yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də çevik və optimal kadr idarəetməsi baxımından yeni imkanlar vəd edir”.

Bank kartları necə talanır? – Ciddi XƏBƏRDARLIQ

Azərbaycanda son dövrlərdə bank kartlarından kütləvi şəkildə vəsaitlərin oğurlanması və vətəndaşların adından qanunsuz onlayn kreditlərin götürülməsi halları artmaqdadır. Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşım edib.

Osman Gündüz bildirib ki, bu sahədə artan vətəndaş müraciətləri bank sektorunda problemlərin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur:

This image has an empty alt attribute; its file name is osman_gunduz_4.jpg

“Son günlər bank kartlarından edilən kütləvi oğurluqlar və bankların məsuliyyəti ilə bağlı paylaşımımızdan sonra bizə çoxsaylı müraciətlər daxil olub. İnsanlar onların xəbəri olmadan adlarına kredit götürüldüyünü bildirirlər və araşdırmalar nəticəsində vəziyyətin həqiqətən də kritik olduğu görünür”.

Ekspertin sözlərinə görə, hazırda ölkədə demək olar ki, bütün banklar onlayn kredit xidmətləri təqdim edir. Bu xidmətlər geniş yayılsa da, ciddi riskləri də özü ilə gətirir. Kiberfırıldaqçılar vətəndaşların adından saxta üsullarla kredit götürə bilirlər və vətəndaşlar bu əməliyyatlardan yalnız günlər sonra xəbər tutur. Banklar isə məsuliyyəti üzərlərinə götürmək əvəzinə, “siz təsdiqləmisiniz” cavabı ilə kifayətlənirlər.

Osman Gündüz qeyd edib ki, bankların onlayn kredit prosesində identifikasiya sistemləri zəifdir:

“Qısa araşdırma ilə məlum oldu ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemindən istifadə edir. Digər banklar isə adi üsullarla və ya ən yaxşı halda videozəng vasitəsilə identifikasiya aparırlar. Hətta bəzi böyük banklar öz daxili biometrik sistemlərini yaradıblar, lakin qanunvericiliyə uyğun lisenziyaları yoxdur”.

Ekspert həmçinin Mərkəzi Bankın bu məsələyə qarşı ciddi tədbirlər görmədiyini də vurğulayıb. Onun fikrincə, artıq videozənglə identifikasiya sistemi öz aktuallığını itirib, dünya praktikasında isə üstünlük biometrik identifikasiya üsullarına verilir.

“Azərbaycanda da qanunvericilik təkmilləşdirilməli və onlayn kredit üçün yalnız biometrik identifikasiya məcburi olmalıdır. Yalnız lisenziyalı biometrik imzalama vasitələrinə icazə verilməlidir”.

Bundan başqa, rəqəmsal savadlılığı zəif olan və bir neçə bank kartı olan vətəndaşlar da risk altındadır. Osman Gündüz bu kateqoriyadan olan şəxslərə bank tətbiqlərində müəyyən təhlükəsizlik imkanlarının – məsələn, onlayn kreditə tam məhdudiyyət qoyma seçimlərinin verilməsini təklif edir.

Sonda o, bankların məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb:

“Mərkəzi Bank bu sahədə banklara qarşı yeni yanaşma ortaya qoymalıdır. Banklar vətəndaşlara “özünüz təsdiqləmisiniz” deyib məsuliyyətdən yayınmamalıdır. Əgər məsuliyyət artırılmasa, bu problemin həlli çox çətin olacaq”.

Maliyyə Nazirliyi ilə Qiymətləndiricilər Palatası arasında görüş keçirilib


 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında görüş keçirilib, əməkdaşlıq münasibətləri çərçivəsində önəmli məsələlər müzakirə olunub. Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi ilə maliyyə nazirinin müavini Azər Bayramovun iştirakı ilə baş tutan görüşdə qurumun fəaliyyətində dayanıqlığın və inkişafın təmin olunması üçün vacib olan məqamlar müzakirə olunub.
Görüşdə Palatanın illik əsasda dövlət büdcəsindən maliyyələşdirilməsi, Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına (IVSC) üzvlük haqqının dövlət tərəfindən qarşılanması, dövlət qurumlarının sifarişi ilə aparılan qiymətləndirmə işlərinə görə xidmət haqlarının maliyyələşdirilməsi üçün mexanizmin yaradılması, elektron portalın hazırlanması və rəqəmsal transformasiyanın həyata keçirilməsi əsas müzakirə mövzuları olub
Xüsusilə qeyd olunub ki, elektron portal qiymətləndirmə sahəsində vahid informasiya bazasının yaradılmasına, sənəd dövriyyəsinin elektronlaşdırılmasına və şəffaflıqla yanaşı, operativliyin artırılmasına imkan verəcək. Bu təşəbbüs həm də ölkənin rəqəmsallaşma siyasəti ilə tam uzlaşır və ciddi maliyyə-texniki dəstək tələb edir.
Görüş qarşılıqlı anlaşma şəraitində keçib və razılaşdırılıb ki, Palata üçün mühüm olan məsələlər layihə formasında hazırlanaraq Maliyyə Nazirliyi təqdim olunsun.



Müstəqil Azərbaycan dövlətçiliyinin banisi:xilaskarlıq və quruculuq missiyası

Müasir tarix bir çox hallarda lider fenomeninin cəmiyyətlərin taleyində həlledici rol oynadığını sübut etmişdir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətləri fonunda qlobal siyasi və iqtisadi meyilləri dəqiq qiymətləndirməyi bacaran, onları xalqının və dövlətinin mənafeyi naminə mahir şəkildə yönləndirən şəxsiyyətlər dövlətçilik tarixində silinməz iz buraxırlar. Belə liderlər zamanın çağırışlarını dərindən dərk edir, xalqlarını mürəkkəb sınaqlardan uğurla çıxarır, sabitlik və inkişaf üçün etibarlı yol xəritəsi formalaşdırırlar. Azərbaycan tarixində bu fenomen şəxsiyyətin adı ümummilli lider Heydər Əliyevlə bağlıdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı, onun ideya əsaslarını və institusional təməlini yaradan, dövlətçiliyimizi zamanın çətin sınaqlarından çıxarıb gələcəyə daşıyan nadir tarixi şəxsiyyət kimi millət yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük siyasi lider, dünya miqyasında tanınan dövlət xadimi olan ulu öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Müstəqillik dövrünün bütün mühüm mərhələləri məhz onun adı ilə bağlıdır. Onun rəhbərliyi ilə müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası ağır tarixi sınaqlardan keçmiş, lakin düzgün idarəçilik və strateji baxış nəticəsində sabitliyə, inkişaf və beynəlxalq nüfuza qovuşmuşdur.
Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası, sosial-iqtisadi inkişaf modeli, hüquqi və dünyəvi dövlət quruculuğu ənənələri bəxş etmişdir. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra varlığı real təhlükə altında olan bir dövlətdən regionun lider dövlətinə çevrilmişdir. Əldə olunmuş sabitlik, davamlı iqtisadi artım və beynəlxalq nüfuzun yüksəlişi məhz ümummilli liderin təməlini qoyduğu dövlət idarəçiliyi fəlsəfəsinin təzahürüdür.
Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-nin rəhbəri kimi fəaliyyət göstərdiyi illərdə respublikamızın hərtərəfli inkişafına xidmət edən genişmiqyaslı və uzaqgörən islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi altında ölkənin sosial-iqtisadi potensialının artırılması, elmi-texniki irəliləyişin təşviq olunması və mədəni quruculuğun dərinləşdirilməsi sahəsində misilsiz işlər görülmüş, bu istiqamətlər üzrə keyfiyyətcə yeni mərhələyə keçid təmin edilmişdir. Həmin dövrdə Azərbaycan sənayeləşmə prosesinə fəal şəkildə qoşulmuş, ağır və yüngül sənaye sahələrində onlarca yeni müəssisə və zavod istifadəyə verilmiş, kənd təsərrüfatı və energetika sahələrində əsaslı yenidənqurmalar aparılmışdır. Bu təşəbbüslər nəticəsində Azərbaycan SSR ittifaq miqyasında qabaqcıl və dinamik inkişaf edən respublikalardan birinə çevrilmiş, milli iqtisadiyyatın strukturu zənginləşdirilmiş və onun dayanıqlı inkişafı üçün əsaslı zəmin yaradılmışdır. Eyni zamanda, ümummilli lider Heydər Əliyev təhsilin inkişafını və yüksək ixtisaslı milli kadrların hazırlanmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdi. Onun təşəbbüsü və bilavasitə nəzarəti ilə Azərbaycanda məktəb və ali təhsil müəssisələrinin sayı artırılmış, texniki peşə təhsili gücləndirilmiş, qabaqcıl təhsil proqramları tətbiq olunmuş və ixtisaslı müəllim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Ən mühüm addımlardan biri də Heydər Əliyevin göstərişi ilə Azərbaycanın müxtəlif regionlarından olan gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi olmuşdur. Bu gənclər mühəndislik, idarəetmə, hərb, tibb, iqtisadiyyat və digər strateji sahələr üzrə təhsil alaraq respublikaya qayıtdıqdan sonra milli kadr potensialının formalaşmasında mühüm rol oynamışlar. Bununla yanaşı, Heydər Əliyev milli özünüdərkin, milli şüurun və dövlətçilik ideyalarının təşəkkül tapmasına və güclənməsinə xüsusi önəm verirdi. Onun rəhbərliyi ilə Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin təbliği və öyrənilməsi geniş vüsət aldı, milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün kompleks tədbirlər görüldü. Azərbaycanın tarixi şəxsiyyətlərinin, görkəmli elm və mədəniyyət xadimlərinin irsinin araşdırılması, yeni elmi mərkəzlərin yaradılması və müxtəlif yubileylərin keçirilməsi milli kimlik və qürur hissinin yüksəlməsinə təkan verdi. Ümummilli lider Heydər Əliyevin həmin illərdə yaratdığı ideoloji, kadr və iqtisadi baza sonrakı müstəqillik dövründə ölkənin idarə olunmasında, strateji qərarların qəbulunda və dövlətçiliyin möhkəmləndirilməsində həyati əhəmiyyət kəsb etdi. Sovet dönəmində formalaşan bu kadrlar müstəqillik illərində Azərbaycanın idarəetmə sistemində, siyasi və iqtisadi institutların təşəkkülündə fəal iştirak etdilər və ölkənin müasir inkişaf modelinin qurulmasında aparıcı mövqelər tutdular. Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli təfəkkürün formalaşması, kadr potensialının yaradılması və müstəqil dövlətçiliyin təməl prinsiplərinin təşəkkülü baxımından strateji əhəmiyyət daşıyır. Bu irs bu gün də Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas dayaqlarından biri olaraq qalmaqdadır.
XX əsrin sonlarında beynəlxalq münasibətlər sistemində dərin struktur dəyişiklikləri baş verdi və dünya yeni bir geosiyasi düzənə qədəm qoydu. Soyuq müharibənin başa çatması və ideoloji blokların çökməsi nəticəsində yaranan bu yeni dövrdə bir sıra imperiyalar parçalandı, onların tərkibindəki xalqlar müstəqil dövlət quruculuğu istiqamətində hərəkətə keçdilər. Bu prosesin ən mühüm mərhələlərindən biri də Sovet İttifaqının dağılması və bunun fonunda milli azadlıq hərəkatlarının geniş vüsət alması idi. Azərbaycan xalqı da bu tarixi fürsəti dəyərləndirərək uzun illər arzuladığı istiqlaliyyətini reallaşdırmaq üçün mübarizəyə qalxdı. 1988-ci ildən etibarən ölkədə milli özünüdərk, azadlıq idealları və dövlət müstəqilliyi uğrunda mübarizə geniş vüsət aldı. Lakin bu mübarizə asan və maneəsiz olmadı, əksinə, son dərəcə mürəkkəb, faciəli və ağrılı bir mərhələdən keçdi.
1990-cı ilin 20 Yanvar faciəsi bu mübarizənin ən dəhşətli səhifələrindən biri oldu. SSRİ rəhbərliyi tərəfindən Bakıya yeridilən hərbi hissələr yüzlərlə günahsız insanı qətlə yetirdi, xalqın azadlıq arzusu və müstəqillik iradəsi qan içində boğulmağa çalışıldı. Lakin bu hadisə əksinə olaraq Azərbaycan xalqının milli birliyini daha da gücləndirdi və müstəqillik ideyalarına olan inamı artırdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin alovlanması, bir milyondan artıq soydaşımızın doğma torpaqlarından didərgin düşməsi müstəqillik yolunda ölkəmizin qarşısında ciddi maneələr yaratdı. Üstəlik, bu dövrdə ölkə daxilində baş verən siyasi gərginliklər, hakimiyyət böhranları, silahlı qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı bir dövlət kimi tam çökmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
1991-ci ildə yenidən bərpa olunan müstəqillik ilk mərhələdə formal xarakter daşıyırdı, çünki ölkədə real siyasi və iqtisadi idarəetmə mexanizmləri iflic vəziyyətinə düşmüşdü. Dövlət institutları zəifləmiş, milli ordu formalaşmamış, siyasi hakimiyyətin legitimliyi isə xalq tərəfindən qəbul olunmurdu. Xarici siyasətdə ardıcıl və aydın xətt mövcud deyildi, ölkə beynəlxalq arenada demək olar ki, təcrid vəziyyətində idi. Belə bir xaos və anarxiya şəraitində Azərbaycanın mövcudluğu sual altına düşmüş, müstəqillik ideyaları reallaşmaq əvəzinə tənəzzülə uğramağa başlamışdı.

Məhz belə bir böhranlı və çıxılmaz şəraitdə Azərbaycan xalqı tarixə mühüm istiqamət verən qərar qəbul edərək ümummilli lider Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. Xalqın təkidli tələbi və çağırışı ilə 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyev ölkə rəhbərliyini üzərinə götürərək dövlətçiliyin xilaskarı rolunu oynadı. Onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və qətiyyətli qərarları sayəsində Azərbaycanda vətəndaş qarşıdurmalarının qarşısı alındı, konstitusion quruluş bərpa edildi, dövlət institutlarının fəaliyyəti canlandırıldı və sabitlik təmin olundu. Ən mühüm məsələlərdən biri də odur ki, Heydər Əliyev ölkədə milli həmrəyliyin və hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdıraraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Ulu öndər qısa müddət ərzində həm daxili idarəetmə sahəsində sabitlik yaratdı, həm də xarici siyasətdə balanslı və praqmatik kurs müəyyənləşdirdi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya dövlətləri və nüfuzlu təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bir tərəfdən Ermənistanın işğalçı siyasətinə qarşı beynəlxalq hüquq normalarına əsaslanan mövqe sərgiləndi, digər tərəfdən isə xarici sərmayələrin cəlb olunması ilə neft strategiyası əsasında iqtisadi inkişafın təməlləri qoyuldu. Ulu öndərin rəhbərliyi ilə ölkəmiz təkcə regional deyil, həm də qlobal miqyasda sabit və etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Beləliklə, XX əsrin sonunda Azərbaycanın müstəqilliyi real məzmun və keyfiyyət qazandı, dövlətçiliyin əsas prinsipləri təsbit edildi və gələcək inkişafın strateji xətti müəyyənləşdirildi. Bütün bu nailiyyətlərin mərkəzində isə ümummilli lider Heydər Əliyevin xilaskar missiyası, müdrikliyi və yenilməz liderlik keyfiyyətləri dayanırdı. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı və müasir dövlət quruculuğunun əsası qoyuldu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi siyasət Azərbaycanın müstəqil dövlət kimi güclənməsinin əsasını təşkil etmişdir. Onun rəhbərliyi ilə Konstitusiyanın qəbul olunması, ordu quruculuğu, neft strategiyasının hazırlanması və həyata keçirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin formalaşdırılması, beynəlxalq münasibətlərin çoxtərəfli əsasda qurulması və regionun sabitlik adasına çevrilməsi müstəqil dövlətçiliyimizin təməl sütunlarını təşkil etmişdir. Ulu Öndərin siyasi təfəkkürü milli dövlətçiliyin əsasını təşkil etmişdir. Onun baxışında müstəqil dövlət ideyası milli kimliklə, xalqın iradəsi ilə və təhlükəsiz sabah anlayışı ilə üzvi surətdə bağlı idi.
Ümummilli Liderin ilk və ən mühüm addımlarından biri ölkədə sabitliyin və konstitusiyaçılığın bərqərar edilməsi oldu. Onun rəhbərliyi ilə qanunsuz silahlı birləşmələr tərksilah edildi, hüquqi dövlətin əsasları qoyuldu, milli ordu formalaşdırıldı və dövlət institutları bərpa edildi. Paralel olaraq, sosial-iqtisadi sahədə köklü islahatlara start verildi. Ulu öndər müasir Azərbaycanın inkişaf yolunun bazar iqtisadiyyatına əsaslanan azad iqtisadi münasibətlərdən keçdiyini bəyan etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan tarixində neft strategiyasının əsasını qoyaraq ölkəmizə böyük həcmdə xarici sərmayənin cəlb edilməsinə və iqtisadi dirçəlişə zəmin yaratdı. “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji bazarına çıxış əldə etdi, beynəlxalq investisiyaların mərkəzinə çevrildi. Bu strategiya yalnız iqtisadi inkişafla məhdudlaşmadı, eyni zamanda Azərbaycanın geosiyasi əhəmiyyətini də artırdı. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində həyata keçirilən bu layihələr Azərbaycanı enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşa çevirdi.
Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı təkcə siyasi dəyişiklik deyildi, bu, milli ruhun dirçəlişi, dövlətçiliyin real əsaslar üzərində qurulması və xalqın gələcəyə olan inamının bərpası idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasında milli dövlətçilik ideyası öz hüquqi əsasını tapdı. Milli dəyərlərin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və tarixi yaddaşın bərpası dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyev öz xilaskarlıq missiyasını böyük quruculuq fəaliyyəti ilə tamamladı. Onun xalqın birliyinə və həmrəyliyinə əsaslanan dövlətçilik modeli bu gün də müasir Azərbaycanın inkişafının əsas dayağı olaraq qalır. Ümummilli liderin “Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir” fikri bu gün hər bir azərbaycanlının inam və qürur mənbəyidir.
Beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyev diplomatiyasının əsas istiqamətlərindən biri olmuşdur. Ulu öndər Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, şəffaf, ardıcıl və müdrik bir kurs müəyyənləşdirmişdir. O, “müvazinətli xarici siyasət” strategiyasını həyata keçirərək ölkəmizin həm qonşu region dövlətləri, həm də dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında münasibətlər qurmasına nail olmuşdur. Bu siyasət təkcə Azərbaycanın beynəlxalq aləmdə tanınmasına deyil, həm də onun müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə yönəlmişdi. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan praqmatik və uzaqgörən diplomatik fəaliyyət nəticəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), MDB və digər beynəlxalq və regional təşkilatlarda fəal və bərabərhüquqlu üzv kimi təmsil olunmağa başladı. Azərbaycanın xarici siyasəti qlobal sabitlik və sülhə töhfə vermək məqsədi daşıyırdı və ulu öndər bu baxımdan balanslaşdırılmış münasibətlərin qurulmasına xüsusi önəm verirdi. Məhz ulu öndərin müəyyən etdiyi xarici siyasət kursu sayəsində Azərbaycan Avropa strukturlarına inteqrasiyanın ilk ciddi addımlarını atdı. Avropa Şurasına üzv qəbul edilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq formatlarının yaranması və “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanması bu siyasətin uğurlarındandır. Bununla yanaşı, ABŞ, Rusiya, Çin, Türkiyə, İran və Avropa dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması da Azərbaycanın geosiyasi çəkisini artırdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti yalnız diplomatik əlaqələrin qurulması ilə məhdudlaşmadı, eyni zamanda iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni mübadilə və regional layihələrdə iştirak kimi sahələri də əhatə etdi. Nəticə etibarilə, ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən diplomatiyası Azərbaycanın dünya birliyində nüfuzlu, etibarlı və təşəbbüskar bir dövlət kimi tanınmasında mühüm rol oynadı. Bu siyasət bu gün də uğurla davam etdirilir və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi ildən-ilə daha da möhkəmlənir.
Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biri də milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin formalaşdırılması və onun dövlət səviyyəsində tətbiqinə nail olunmasıdır. Ulu öndər bu ideologiyanı Azərbaycan xalqının həmrəyliyi, birliyi və ortaq dəyərlər sisteminin əsası kimi təqdim etmiş, bu ideyanın ətrafında cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməyə müvəffəq olmuşdur. Onun rəhbərliyi ilə milli maraqlar ümumbəşəri dəyərlərlə vəhdətdə təqdim edilmiş, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı cəmiyyət modeli azərbaycançılıq ideologiyası çərçivəsində yeni məzmun kəsb etmişdir. Azərbaycançılıq Ümummilli Liderin baxışında yalnız etnik mənsubiyyəti əks etdirən anlayış deyildi; bu, daha geniş bir siyasi-mənəvi platforma idi. O, bu ideologiyanı dövlətin təməl sütunlarından biri kimi formalaşdırdı və ölkədə yaşayan bütün xalqların – azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, ruslar, tatlar və digərlərinin milli, dini və mədəni müxtəlifliyini qoruyaraq, onların hamısını vahid və bərabər hüquqlu vətəndaşlıq prinsipi əsasında bir ideya ətrafında birləşdirdi. Bu yanaşma Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, demokratik dəyərlərin təşəkkül tapmasına və milli həmrəyliyin güclənməsinə mühüm töhfə verdi. Ümummilli Lider azərbaycançılıq ideyasını həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbliğ edərək, bu məfkurəni Azərbaycanın xarici siyasətinin və diaspor fəaliyyətinin əsas ideoloji istiqamətinə çevirdi. Onun təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni birliyinin qorunması və Azərbaycan dövləti ilə əlaqələrinin gücləndirilməsi məqsədilə konseptual yanaşmalar irəli sürüldü. 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bu baxımdan azərbaycançılıq ideyasının zirvəsi və onun beynəlxalq səviyyədə təsdiqi kimi tarixə düşdü. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyevin irəli sürdüyü və möhkəmləndirdiyi azərbaycançılıq ideologiyası müstəqil dövlətin milli ideoloji dayağına çevrildi. Bu ideologiya dövlətin strateji inkişaf konsepsiyalarında, təhsil siyasətində, mədəniyyət proqramlarında, o cümlədən qanunvericilikdə öz əksini tapdı. Azərbaycançılıq bu gün də müasir Azərbaycan Respublikasının ideoloji əsaslarından biri kimi öz aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideya daha da inkişaf etdirilir, milli kimliyin və vətəndaş həmrəyliyinin müasir çağırışlara uyğun formalaşmasında əsas rol oynayır.
Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə verdiyi önəm heç də təsadüfi deyildi. Ulu öndər dəfələrlə vurğulayırdı ki, “Təhsil hər bir xalqın gələcəyidir”. Bu yanaşma onun dövlətçilik fəlsəfəsinin, xüsusilə insan kapitalının formalaşdırılması istiqamətində baxışlarının təməl prinsiplərindən birini təşkil edirdi. Ulu öndərin rəhbərliyi ilə təhsil sahəsi müstəqil Azərbaycanın inkişaf strategiyasında əsas prioritet istiqamətlərdən birinə çevrildi. O, yaxşı anlayırdı ki, savadlı, milli ruhda tərbiyə olunmuş, dünyagörüşü geniş gənclər olmadan müasir dövlət qurmaq mümkün deyil. Bu səbəbdən də təhsilin inkişafı üçün sistemli və ardıcıl islahatlar həyata keçirildi. Ümummilli Liderin təşəbbüsü ilə müstəqillik dövründə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Təhsil sahəsində hüquqi-normativ baza yeniləndi, təhsilin məzmunu və idarəetmə strukturları təkmilləşdirildi. Ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi, müasir laboratoriyalar və informasiya texnologiyaları ilə təminat artırıldı. O, təhsilin keyfiyyətini yüksəltmək üçün dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verirdi. Gənclərin xarici ölkələrdə təhsil almaları üçün imkanların yaradılması da məhz ümummilli liderin strateji baxışlarının bir hissəsi idi. Bu məqsədlə müxtəlif beynəlxalq proqramlara qoşulmaqla yanaşı, dövlət səviyyəsində müvafiq mexanizmlər işə salındı və ilk dəfə sistemli xaricdə təhsil siyasətinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə bu diqqəti, əslində, ölkənin gələcəyinə, milli təhlükəsizliyə, sosial inkişaf və iqtisadi modernləşməyə olan strateji baxışının təzahürü idi. Onun müəyyən etdiyi bu kurs bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan təhsil sistemi dayanıqlı inkişaf yolunda irəliləyir.
Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində apardığı siyasət milli-mənəvi dəyərlərə əsaslanaraq xalqın mənəvi intibahını hədəfləyirdi. O, Azərbaycan mədəniyyətini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ulu öndərin təşəbbüsü ilə musiqi, ədəbiyyat, teatr və təsviri sənət sahələrinə xüsusi diqqət göstərildi. Azərbaycanın zəngin mədəni irsi – muğamı, klassik musiqisi, poeziyası və incəsənəti dünya miqyasında tanıdıldı. Milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm institusional islahatlar həyata keçirildi. Heydər Əliyev azərbaycançılıq ideologiyasını yalnız siyasi doktrina kimi deyil, milli birlik fəlsəfəsi kimi təqdim edirdi. Bu ideya cəmiyyətin bütün təbəqələrini birləşdirən ortaq dəyərə çevrildi. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşların birliyini təmin edən bu fəlsəfə milli dövlətçiliyin ideoloji əsasını təşkil etdi. Ulu öndərin müəyyən etdiyi bu yol bu gün də davam etdirilir. Azərbaycançılıq ideyası hələ də milli həmrəyliyimizin əsas sütunu kimi öz aktuallığını saxlayır.
Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi onun həyatının bütün mərhələlərində özünü göstərmişdir. Bu müdrikliyin ən bariz təzahürlərindən biri isə Azərbaycan dövlətçiliyinin davamlılığını təmin edəcək liderin – Prezident cənab İlham Əliyevin siyasi varisliyini vaxtında və strateji uzaqgörənliklə müəyyən etməsi oldu. Ulu öndər çox yaxşı bilirdi ki, dövlətin gələcəyi, milli maraqların qorunması və xalqın rifahı yalnız davamlı, ardıcıl və prinsipial siyasi kursla mümkün ola bilər. Məhz bu baxış bucağından Heydər Əliyev özündən sonra Azərbaycan xalqını etibarlı əllərə əmanət etdi. O, İlham Əliyevin intellektinə, siyasi hazırlığına, beynəlxalq təcrübəsinə və vətənpərvərliyinə dərindən bələd idi və əmin idi ki, bu lider onun ideyalarını yaşadacaq, onları yeni dövrün tələblərinə uyğun inkişaf etdirəcək. 2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Bu kursun əsas mahiyyəti xalqın maraqlarına söykənən müstəqil daxili və xarici siyasət, güclü dövlət və modern iqtisadiyyatın qurulması, xalq-iqtidar birliyinin qorunması və milli maraqların hər şeydən üstün tutulmasıdır. Son 21 ildə Azərbaycan regionun aparıcı siyasi güclərindən birinə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi baxımdan dinamik inkişaf etmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, sosial rifah yüksəlmiş və hərbi güc baxımından regionun lider dövlətinə çevrilmişdir. Eyni zamanda, diplomatik sahədə balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət yürüdülmüş, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan xalqı bu gün də ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Müasir dövrün çağırışlarına cavab verən, milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən bu siyasi kursun nəticəsində Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifəsini – Vətən müharibəsində əldə olunan Zəfəri yazdı. Məhz bu uzaqgörən liderlik irsi, illərlə təməli qoyulan güclü dövlət idarəçiliyi, milli ruh, xalq-iqtidar birliyi və möhkəm ordu quruculuğu nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə Xankəndi də daxil olmaqla ölkənin tam suverenliyinin bərpası ulu öndərin ideyalarının praktik nəticəsidir. Bu Zəfərin təməlində Heydər Əliyev siyasəti – milli maraqlara söykənən, müstəqilliyi əbədi və dönməz edən uzaqgörən strateji yanaşma dayanır. Azərbaycanın bu tarixi yüksəlişi təsadüf deyil, düşünülmüş, ardıcıl və xalqın iradəsinə əsaslanan milli liderliyin təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi yol daha da möhkəmlənir, yeni hədəflər müəyyən olunur və ölkəmiz qarşıdakı dövrlərdə daha böyük uğurlara imza atmağa hazır vəziyyətdədir. Bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda söz sahibi olan bir dövlətdir və bu uğurların kökündə ulu öndərin qoyduğu möhkəm təməl dayanır.
Nəticə etibarilə, müasir Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin siyasi iradəsinin, intellektual potensialının və xalqına olan sonsuz sevgisinin bəhrəsidir. Onun həyat yolu, dövlətçilik təfəkkürü və xidmətləri yalnız Azərbaycanın deyil, bütün regionun tarixində dərin iz buraxmışdır. Bu gün müstəqil Azərbaycan dövləti onun yaratdığı siyasi, hüquqi və ideoloji platforma üzərində inkişaf edir və gələcəyə inamla irəliləyir. Ulu Öndər Heydər Əliyev təkcə bir dövrün lideri deyil, zamanlar üstü bir şəxsiyyət, Azərbaycan dövlətçiliyinin əbədi rəmzidir. Bu gün Azərbaycan dünya miqyasında sabit, güclü və müstəqil dövlət kimi qəbul edilirsə, bu, ilk növbədə ümummilli liderin uzaqgörən siyasəti, xalqına və dövlətinə sonsuz sevgisi sayəsində mümkün olmuşdur. Onun irsi yaşayır, yaşadılır və yeni nəsillərə örnək kimi təqdim olunur.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Kiberdələduzların qurbanı olmamaq üçün nə etmək lazımdır?

Son zamanlarda kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

Informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, kiberdələduzlar artıq çox asanlıqla istənilən saytın klonunu yaratmaqla bu əməli həyata keçirirlər.

Ekspert bu kələyin qurbanı olmamaq üçün şirnikləşdirici təkliflərə aldanmamağı tövsiyyə edib.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edib.

Bu şəxslərin pensiyası həyat yoldaşına VERİLƏCƏK

Ailədə baş verən ölüm hadisəsi həm mənəvi, həm də maddi baxımdan ciddi çətinliklər yarada bilər. Xüsusilə də ailənin əsas gəlir mənbəyi olan şəxsin vəfatı, geridə qalan ailə üzvləri üçün gündəlik xərclərin qarşılanmasında çətinliklər doğura bilər.

Bu səbəbdən bir çox insanın ağlında eyni sual yaranır: rəhmətə gedən həyat yoldaşının aldığı pensiya, ya da pensiya hüququ digər ailə üzvünə, xüsusən də həyat yoldaşına keçə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli açıqlamasında mövcud qanunvericiliyin bu istiqamətdə hansı hüquqları tanıdığını şərh edib:

“Həyat yoldaşını itirən şəxsin onun pensiyasını almaq hüququ var, lakin bu hüquq müəyyən şərtlər çərçivəsində tətbiq olunur. Belə ki, əgər cütlük rəsmi nikahda olubsa və hər iki tərəf pensiya yaşına çatmışdırsa, bu zaman ər və ya arvad öz həyat yoldaşının pensiyasını “ailə başçısını itirməyə görə pensiya” formasında ala bilər. Əgər bu hadisə baş verməzdən əvvəl qadın və kişi ayrılıbsa, bu zaman xanıma həmin pensiyadan heç nə düşmür. Yox əgər hər iki şəxs evlidirsə, kişi və qadın pensiya yaşına çatıbsa və kişi dünyasını dəyişibsə, o şəxsin pensiyası qadına verilə bilər”.

İqtisadçının sözlərinə görə, bu hüquq yalnız qadınlar üçün deyil, kişilər üçün də keçərlidir. Yəni, vəfat edən şəxs qadındırsa, onun pensiyasını da kişi həyat yoldaşı ala bilər.

“Lakin burada vacib bir məqam da var. Əgər vəfat edən şəxsin pensiyası, sağ qalan həyat yoldaşının aldığı pensiyadan yüksəkdirsə, bu zaman onun pensiyasını almaq mümkündür. Əks halda, yəni vəfat etmiş şəxsin pensiyası daha aşağıdırsa, dəyişiklik edilmir və mövcud pensiya ödənişi saxlanılır. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər”.

Akif Nəsirli qeyd edib ki, rəsmi nikahda olan həyat yoldaşları, hər iki tərəf pensiya yaşına çatmış, sağ qalan şəxsin pensiyasından yüksək olan şəxslər bu hüquqdan yararlana bilər. Lakin ayrılmış (boşanmış) şəxslər bu hüquqdan yararlana bilməzlər.

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,mayın 6-dan 7-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı, gündüz isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?