Hüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir. Hüququn ümumbəşəri prinsiplərinə hörmət etmək hüquq dövləti olmağın tələbidir. Əldə edilmiş hüquqlara hörmət prinsipi də hüququn ümumi prinsiplərinə və qanunun aliliyi anlayışına daxildir. Bu prinsipin əsas məqsədi şəxsin hüquqi təhlükəsizliyini təmin etməkdir. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).
Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
Azərbaycan Respublikası Konstitusiyası vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərmişdir ki, vəsiyyətdən kənar vərəsəlik və yaxın qohumlar arasında sərəncam məsələləri ailə həyatı ilə sıx bağlıdır. Ailə həyatı təkcə sosial, əxlaqi və ya mədəni əlaqələri əhatə etmir (məsələn, uşaqların təhsili sahəsində), buraya həmçinin, digər məsələlərlə yanaşı, alimentlə bağlı öhdəliklər və Razılığa gələn Dövlətlərin əksəriyyətinin daxili hüquq sistemlərində nəzərdə tutulmuş mirasın qorunan hissəsi kimi maddi xarakterli təminat və maraqlar da daxildir.
Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar və Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.
Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə, ölmüş şəxsin hüquq və vəzifələrinin vərəsəlik hüquq normaları əsasında vərəsələrə keçməsi başa düşülür. Ancaq əksəriyyət ölümdən sonra topladığı sərvətin, əmlakın aqibəti barədə düşünür və düşünməlidir də. Buna görə də, vərəsəlik, yəni mirasın bölüşdürülməsi məsələsi ilə tez-tez qarşılaşırıq.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasda məcburi pay anlayışına müxtəlif yanaşmalar olmuş və fikrimizcə bu yanaşma istər “mülkiyyət hüququ”nun mahiyyətinə münasibətdə, istərsə də məhkəmə təcrübəsində problemlər yaradılmasına və hakimlər üçün rüşvət mənbəyinə çevrilməsinə münasibətdə mənfi istiqamətə doğru inkişaf etdirilmişdir.
Azərbaycan SSR-nin 16 iyun 1923-cü il tarixli Mülki Məcəlləsinin 492-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarını və əməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz”.
Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən, “Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır”.
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, “Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.
Bu maddələrin məzmunundan göründüyü kimi, sonuncu, yəni bu gün qüvvədə olan 28 dekabr 1999-cu il tarixli Məcəlləyə qədər, qanunverici mirasda məcburi pay hüququnu həmin payı qəbul edəcək vərəsələrin “həddi-buluğa çatmamaları (tam yaşa dolmamaları), əmək qabiliyyəti olmamaları (əməyə bacarığı olmaması) və himayədə olmaları” ilə əlaqələndirmişdir. Fikrimizcə, bu tamamilə düzgün bir mövqedir. Təəssüflər ki, 28 dekabr 1999-cu il tarixli yeni mülki məcəllə qəbul ediləndə mirasdan məcburi pay almanın zəruri əsasları aradan qaldırılmış və hər bir qanuni vərəsə üçün istənilən halda “vərəsəlik zamanı onlara çatası payın yarısı” qədər olsa da, vərəsəlik hüququ tanınmışdır. Bununla da, əslində, vəsiyyət etmə hüququ haqsız olaraq məhdudlaşdırılmış, mülkiyyətçinin – miras qoyanın mülkiyyət hüquqları əsassız olaraq pozulmuşdur.
Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə, o öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığıa götürülənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hətta nikahdankənar doğulmuş uşaqlar da ölmüş atanın vərəsəsi sayılırlar. Bir şərtlə ki, atalıq qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş olsun. Birinci növbəli vərəsələr olmadıqda digər qohumlar vərəsə kimi tanına bilərlər. Lakin birinci növbəli vərəsələrdən birinin olması digər qohumların vərəsə kimi tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumiyyətlə, ər və arvad nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyətçisi sayıldığına görə onlardan biri vəfat edərkən yalnız vəfat edənin payına düşən əmlak miras kimi bölüşdürülə bilər.
Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür. Vəsiyyətnamə sadə yazılı formada və notarial təsdiq edilmiş formada tərtib edilə bilər. Əgər şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, bu zaman notarial formada təsdiq edilmiş etibarnaməyə üstünlük verilir.
Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.
Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət edərək mirası qəbul edə və ya mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qismən qəbul edilməsinə, və ya qismən ondan imtina edilməsinə yol verilmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş şəxsə mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi verilir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd edilmiş şəxsin əldə etdiyi hüquqları göstərilir. Şəhadətnamədə bütün övladlar yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı (ayrı yaşayır deyə) göstərmirsə, bu, qanunsuzluqdur. Bu hal digər övlada sonradan məhkəmə mübahisəsi açmağa haqq verir.
Qeyd edək ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil. Bu halda bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır.
Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.
Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İkinci növbədə ər-arvad, valdeynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər.
Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir“.
Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin: “Onlar bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, yəni onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar.
Qanunvericiliyə görə, miras iki formada əldə edilə bilər: miras açıq elan edildikdən sonra notariat kontoruna ərizə ilə müraciət etməklə və mirası faktiki idarə etməklə. Vərəsə həmin iki haldan biri ilə mirası qəbul etmirsə, ona pay çatmır. Baxmayaraq ki, o qanuni vərəsə hesab olunur.
Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.
Hüquqda vərəsəliyin iki növü mövcuddur: Qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik. Qanun üzrə vərəsəlik odur ki, bu növ vərəsəlik zamanı ölən şəxsin əmlakının, hüquq və vəzifələrinin keçdiyi şəxslərin dairəsi qanunun özü ilə müəyyənləşir və Yəni, ölən şəxsin heç bir arzu və niyyəti məlum deyilsə, bu zaman qanun üzrə vərəsəlik tətbiq edilir. Vəsiyyət üzrə vərəsəlik isə odur ki, bu vərəsəlik zamanı ölən şəxsin əmlakı, hüquq və vəzifələri onun hələ sağlığında etdiyi vəsiyyətdə göstərilən şəxslərə keçir. Ancaq hüquqda məcburi pay anlayışı da vardır ki, ölən şəxsin vəsiyyətinin olub-olmamasından asılı olmayaraq, mirasdan qanun əsasında pay alacaq şəxslər vardır. Ümumiyyətlə, məcburi pay dedikdə, mirasın elə bir hissəsi başa düşülür ki, məcburi vərəsələr vəsiyyətnamənin vasitəsi ilə bu paydan məhrum edilə bilməz və əgər vəsiyyətnamə ilə məcburi vərəsələr məcburi pay almaq hüququndan məhrum edilərsə, onda vəsiyyətnamənin həmin hissəsi etibarsız sayılacaqdır. Məcburi vərəsələr də 5 dərəcəyə bölünür.
Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir.
Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.
Məcburi payı tələb hüququ kimi qiymətləndirən hüquq tətbiq edənlərin öz mövqelərini əsaslandırdığı Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
Bununla bağlı nəzərə alınmalıdır ki, mirasın açılması ilə miras əmlakı təşkil edən maddi dəyərlər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçsə də, yəni həmin əmlak üzərində vərəsələrin, həmçinin məcburi pay sahibi vərəsələrin hüquqları yaransa da, bu hələ payların müəyyən edilməsini, mirasın bölüşdürülməsini, payların ayrılıb vərəsələrə verilməsini ifadə etmir.
Məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir.
Bununla yanaşı, qanunvericiliyin məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələrin birgə borclu kimi çıxış etməsinə dair müddəası ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, həmin maddədəki “birgə borclu” anlayışı Mülki Məcəllənin 500-cü maddəsi ilə tənzimlənən birgə borcluluğu özündə ehtiva etmir. Belə ki, Mülki Məcəllənin həmin maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Məcburi pay sahibi vərəsələr öz paylarının bütövlükdə və ya pozulmuş hissəsini hər hansı vərəsədən təkbaşına deyil, digər vərəsələrdən hər birinin payına mütənasib hissədə tələb edə bilər.
Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda isə notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat ofisinin vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun.
Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı).
Mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair qəraı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş , Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir..
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Mirasın ədalətsiz bölgüsü ilə rastlaşmamaq üçün, eləcə də mirasın varislərin adına istisnasız olaraq rəsmiləşdirilməsi üçün bu sahədə xüsusi bilik və təcrübəyə malik vəkilə müraciət edin.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü , Bakı Şəhər 20 saylı Vəkil Bürosunun
Vəkili Rövşən Qasımov.
Vərəsəlik münasibətləri və tənzimlənmə. Hüquqlar, vəzifələr, öhdəliklər
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir
Hərbi xidmətə çağırış dövrü olmasa da gündəmə gələn bu məsələ, sosial şəbəkələrdə geniş müzakirə olunur.
Məsələ burasındadır ki, həmin bildirişlər həqiqətən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilib. Bunu xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov da təsdiqləyib.
Lakin, Pərviz Sədrəddinov bildirib ki, bu bildiriş yalnız “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilən vətəndaşlara göndərilib. Ona görə ki…
Qərbi qorxudan araşdırma: Rusiya bir ildə bu raketdən görün nə qədər istehsal edib
Rusiya 2025-ci ildə X-101 qanadlı raketinin istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu da, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub.
Mövzuyla bağlı araşdırmanı “Kanal 24” aparıb. Aydın olub ki, Kreml 2025-ci ildə 633, 2026-cı ildə isə daha 223 ədəd X-101 raketi istehsal etmək niyyətindədir.
Məlumdur ki, Rusiya sanksiyalara görə elektron hissələrin çatışmazlığı ilə üzləşir, lakin Çin və Belarus da daxil olmaqla, fəal şəkildə alternativ tədarük yolları axtarır.
Məlumata görə, X-101 istehsalı 2021-ci ildə ildə 56 ədəddən 2025-ci ildə ayda 50 ədədə yüksəlib. Bu, üç növbədə işləyən fabriklər və qaçaq hissələrin istifadəsi sayəsində mümkün olub. Eyni zamanda, raketlərin bəziləri nasaz ola və ya Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar zamanı məhv edilə bilər.
Ekspertlər vurğulayıblar ki, bu cür hasilat göstəriciləri Rusiyanın müharibənin yeni mərhələlərinə, o cümlədən NATO-nun üzvü olan Baltikyanı ölkələrə mümkün zərbələrə hazırlığından xəbər verə bilər.
Qeyd olunur ki, bu baxımdan Qərb ölkələrinin Kremlin kritik silah komponentlərinə çıxışını məhdudlaşdırmaq üçün sanksiyaları daha da sərtləşdirməsi gözlənilir.
Ər-arvadın birgə nikah dövründə əldə edilmişümumi əmlakının bölünməsi ilə bağlı mübahisələr və həlli yolları
Uzun illlər məhkəmlərdə mübahisələrə səbə olan və demək olar ki , bütün məhkəmə insatnasiyalarını keçən ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli Qərarı çıxarılmışdır.
Məhkəmə baxışları zamanı əmlakın əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır.
Belə ki , əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Birgə nigah dövründə yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin. Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
Birgə nikah dövründə ərin – arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi nəzərə alınır.
Birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.
Həmçin birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər.
Belə ki , birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, sərf olunmuş vəsaitin ailənin ümumi təsərrüfatından xərcləndiyi barədə prezumpsiyanın qüvvədə olması baxımından belə fəaliyyət nəticəsində əldə edilmiş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.
Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Lakin tərəflərdən biri özbaşına tikitiyə sərf edilən xərcin dəyərinin yarısını ayrıca icraat qaydasında qarşı tərəfdən tələb edə bilər.
Qeyd etmək lazımdır ki , birgə nikah dövründə ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Həmçinin , mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur.
Çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
Qeyd edilənlərlə yanaşı, çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə dair bağlanmış müqavilələr mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin.
Qeyd etmək lazımdır ki , birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz.
Bi halı nəzərə almaq lazımdır ki , valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
Bir hala diqqət etmək lazımdır ki , ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, bayram günləri hədiyələri .toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və ümumi əmlaka daxil deyildir.
Həmçinin birgə nikah dövründə ərin (arvadın) ümumi və ya ayrıca əmlakı arvadın (ərin) sahibliyinə verməsi və ya adına rəsmiləşdirməsi faktı özü-özlüyündə həmin əmlakın (və ya özünə məxsus olan payın) bağışlanması kimi qəbul edilməməlidir. Birgə nikah dövründə əldə edilmiş əmlaklar dairəsinə daxil edilə bilər.
Birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq, mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır.
Birgə nikah döbründə əldə edilmiş daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2-ci maddəsi), rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara və danışmaz əşyalara münasibətdə dövlət reyestrindəki qeydə düzəlişin aparılması (“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 4.2-ci bəndi, Mülki Məcəllənin 141-ci maddəsi) təşkil edəcəkdir.
Belə ki , ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir.
Məhkəmə çəkişmələri zamanı paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır.
Məhkəmə zamanı bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir, buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir.
Məhkəmə çəkişmələri zamanı tərəflər arasında razılıq olmadıqda isə bölgü ər-arvaddan hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir.
Məhəmələr konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər.
Diqqət etmək lazımdır ki , tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə, ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə ər-arvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər.
Banklardan və sair kredit vermək səlahiyyəti olan orqanlarla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Həmçinin tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməlidir.
Birgə nika dövründə ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər və cavabdehlik daçıyırlar. Ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır
Birgə nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır.
Həmçinin ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir.
Belə ki , mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər- arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
Nikah müqaviləsi nikahadək bağlanmışsa, onun qüvvəyə minməsi nikahın dövlət qeydiyyatına alınmasından asılıdır və şərtlərə cavab verməyən nikah müqaviləsi Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən etibarsız (əhəmiyyətsiz) olduğu üçün ər- arvadın ümumi əmlakının bölünməsi zamanı hüquqi əsas kimi çıxış edə bilməz.
Tərələr arasında nikah etibarsız sayıldıqda ər və arvad arasında bağlanmış nikah müqaviləsi də etibarsız sayılır
- Ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.
Həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi barədə öz aralarında bağladıqları sazişdən, habelə mediasiya prosesində əldə edilmiş barışıq sazişindən irəli gələn öhdəliklərin icrasına məcburetmə barədə, eləcə də həmin sazişlərin ləğv edilməsi və ya etibarsız sayılması barədə iddialar ailə hüququna deyil, müqavilə hüququna əsaslandığı üçün belə mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb edilmir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda ər-arvadın (onlardan birinin) tələbi ilə birgə mülkiyyətdə olan əmlakın bölgüsünün aparılması nikah pozularkən məhkəmənin həll etməli olduğu məsələlər sırasında olduğu üçün əmlak bölgüsü tələbi nikahın pozulması tələbi ilə birləşdirildikdə iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla (bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə) məhkələr tərəfindən geri qaytarıla bilməz və icraata qəbul edilərək baxılmalıdır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Üzvü, Bakı şəhər 20 saylı Vəkil bürosunun
Vəkili Rövşən Qasımov
Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib – FOTO
Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.
Həmin tanklar və texnikalar Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və parad meydanından keçib.
Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.


Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib – FOTO
Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.
Həmin tanklar və texnikalar Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və parad meydanından keçib.
Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.


İkinci Dünya müharibəsi illərində Azərbaycanda 50 min kVt elektrik enerjisi istifadəyə verilib
İkinci Dünya müharibəsi illərində neft məhsullarının etibarlı istehsalını təmin etmək üçün Azərbaycanda 50 min kVt-a yaxın yeni elektrik enerjisi gücü istifadəyə verilib.
Bu barədə “RİA Novosti”yə Rusiya Energetika Nazirliyindən məlumat verilib.
“Bakıda neft məhsullarının istehsalı çox böyük enerji resursları tələb edirdi. Ona görə də müharibənin lap əvvəlindən respublikada intensiv elektrik stansiyalarının tikintisi aparılırdı. Artıq 1941-ci ildə “Sumqayıt-1″ İstilik Elektrik Stansiyası yaradıldı, gücü 24 min kVt olan kondensasiya turbini və 25 min kVt gücündə kogenerasiya qurğusu istifadəyə verildi” – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, müharibə illərində “Krasnaya Zvezda-Zığ” və “Zığ-Qala” 110 kV-luq Dövlət Rayon Elektrik Stansiyasının elektrik ötürücü xətləri tikilib istifadəyə verilib, Abşeronun baş neft trestlərinin enerji təchizatının etibarlılığı xeyli yüksəlib, “Azərenerji”nin 110 kV-luq əsas yarımstansiyalarının ikitərəfli elektrik təchizatı yaradılıb.
Rusiya Energetika Nazirliyindən bildirilib ki, sadalanılanlardan əlavə, 110 kV-luq yeni “Zığ” yarımstansiyası istismara verilib və Artyom (Pirallahı) adası da daxil olmaqla bütün Əzizbəyov şəbəkə rayonu 35 kV-luq gərginliyə keçirilib.
5 il sonra bu şəxslər işsiz qalacaq
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Xüsusilə süni intellekt (SI) həyatın bir çox sahələrinə nüfuz edir və bir çox peşələri kökündən dəyişməyə başlayıb. Hələlik insanlar üçün alternativ olmayan sahələr olsa da, bəzi peşələr yaxın 5 ildə SI tərəfindən tam və ya qismən əvəz edilə bilər.
Müştəri xidməti operatorları
Hazırda çatbotlar və avtomatlaşdırılmış cavab sistemləri bir çox şirkətlərin müştəri xidmətini əvəz edir. 5 ilə bu sistemlər daha da təkmilləşəcək, emosiya tanıma və səsli cavab imkanları ilə real insanla danışırmış kimi təəssürat yaradacaq. Beləcə operatorların sayı azalacaq və zamanla ümumiyyətlə lazım olmayacaqlar.
Kassirlər
Artıq bəzi supermarket və mağazada özünüidarəetmə kassaları istifadəyə verilib. Sİ əsaslı tanıma sistemləri, ödəniş və təhlükəsizlik alqoritmləri bu sahədə insan resursuna olan tələbatı azaldacaq. Məsələn, böyük marketlərdə 20, bəzən 30 kassa olur. Burada növbəli sistemdə 40 və ya 60 kassir çalışır. Amma özünüidarəetmə kassaları artdıqca insan əməyi lazım olmayacaq. Bir neçə kassir çalışacaq, geri qalanlar Sİ idarə olunacaq. Bu da kütləvi işsizlik deməkdir. Çoxlarının son iş yeri sırasına marketlər şəbəkəsi də daxildir.
Tərcüməçilər
“Google Translate”, “DeepL” və digər platformalar son illərdə ciddi inkişaf edib. Süni intellekt yaxın illərdə konteksti daha yaxşı anlayaraq dəqiq və təbii tərcümə edə biləcək. Xüsusən sənədlərin, vebsaytların və texniki mətnlərin tərcüməsində tərcüməçilərin yerini almaq çətin olmayacaq. Sİ sahəsi hər gün yenilənir və artıq mətnləri insan kimi yazmağa başlayıblar. İnsan üçün işi, həyatı asanlaşdırıb, özlərinə sərf etmələri üçün daha çox vaxt qazandırsa da, Sİ həm də ciddi işsizlik yaradacaq.
Data analizatorları və statistiklər
Süni intellekt böyük məlumat bazaları ilə işləməkdə insandan daha sürətli və səhvsizdir. İrəliləyən dövrdə şirkətlər məlumat analizini Sİ sistemlərinə həvalə edəcək. İnsan sadəcə nəticələrin təhlili və qərarvermə hissəsində iştirak edəcək.
Qrafik dizaynerlər
Canva kimi platformalar artıq dizayn prosesini qeyri-peşəkarlar üçün də əlçatan edib. Sİ əsaslı dizayn alətləri sadəcə bir neçə cümləlik təsvirlə afişa, logo və sosial media postları hazırlaya bilir. Bu, əsasən başlanğıc səviyyəli dizaynerlərin əvəzlənməsinə səbəb olacaq. Canva bu yaxınlarda istifadəyə verməyə hazırlaşdığı yeni Sİ özəlliyi ilə istifadəçilərinə ciddi kod bilgisi olmadan kodlamada kömək edəcək.
Jurnalistlərin bir hissəsi
Xəbər agentlikləri artıq sadə, statistik məlumatlara əsaslanan xəbərləri süni intellektlə yazmağa başlayıb. İdman nəticələri, valyuta kursları, hava durumu kimi informasiyaları insan müdaxiləsi olmadan hazırlamaq mümkündür. Ancaq araşdırma və müsahibəyə əsaslanan reportajlar hələ ki, jurnalistlərin nəzarətində qalacaq. Kiçik xəbərlər hazırlayan, tərcümələr edən müxbirlər zamanla gərəksiz olacaq. Bir nəfər onların gördüyü işi Sİ vasitəsi ilə tam icra edə biləcək.
Hüquq məsləhətçiləri (aşağı səviyyəli)
Bəzi hüquqi məsələlər – cərimələr, müqavilə nümunələri, vəsiyyətnamələr və digər standart sənədlər – artıq online platformalarda təqdim edilir. Süni intellekt hüquqi sənəd hazırlama və ilkin məsləhət sahəsində ciddi irəliləyişə nail olacaq. Lazımlı sənədlərin sümunəsi, siyahısı, hətta hazırlanması… Sİ inkişaf etdikcə hüquqi məsləhət alanların sayı azalacaq.
Mühasiblər
Avtomatlaşdırılmış vergi hesablaması, xərclərin izlənməsi və hesabat hazırlama sistemləri artıq bir çox şirkətdə istifadə olunur. Gələcəkdə Sİ sistemləri bu prosesi tam idarə edəcək. Ancaq kompleks audit və strategiya üçün hələ də insan bilik və təcrübəsi vacibdir.
Telefon satışçıları və reklam zəngləri edənlər
Süni intellektlə işləyən səs generatorları artıq insan səsinə bənzəyən zənglər həyata keçirir. Avtomatik satış sistemləri, reklam zəngləri və sorğu aparılması kimi sahələrdə yaxın 5 ildə insanlara ehtiyac minimuma enəcək.
Sadə proqramlaşdırma işləri
Kod yazmaq sahəsində süni intellektin istifadə dairəsi genişlənməkdədir. Sadə vebsaytların və tətbiqlərin hazırlanmasında ChatGPT, Copilot və digər alətlər artıq proqramçılara yardım edir. Yaxın dövrdə “junior” səviyyəli proqramlaşdırma işləri Sİ tərəfindən icra oluna bilər, hətta artıq olunur. 30 günə hazırlanan vebsaytı artıq Sİ köməkliyi ilə 10 günə hazırlamaq mümkündür. Birdən çox dildə fəaliyyət göstərən saytın tərcüməsi, xətalarının düzəldilməsində Sİ əvəzsiz rol oynayır. “Görəsən harada xəta etmişəm” deyərək axtarılan xətaya sərf edilən vaxta bir çay için, kodu göndərin Sİ-ə, sizin əvəzinizə işləsin.
Hansı nəticəyə gəldik? Süni intellektin inkişafı insanları işsiz qoyacaqmı? Bu sual çoxlarını narahat edir. Əslində Sİ bəzi peşələri tamamilə yox etsə də, bəzilərini etməyəcək, sadəcə dəyişdirəcək. İnsanlar daha yaradıcı, strateji və emosional zəkaya əsaslanan işlərə yönəlməli olacaqlar. Sİ yeni iş yerlərinin də yaranmasına səbəb olacaq. Məsələn, süni intellekti də öyrənmək lazımdır. Bu sahə üzrə kurslar, dərslər, müəllimlər yetişəcək. Onlar da bu sahədən pul qazanacaq.
Ən təhlükəsiz peşələr isə emosional intellekt, insani təmas və qeyri-standart qərarlar tələb edən sahələrdə qalacaq – məsələn, psixoloqlar, müəllimlər, sosial işçilər və incəsənət sahəsinin nümayəndələri.
Davamlı dəyişən bu dünyada əsas bacarıq – adaptasiya və öyrənməkdir. Çap mediadan onlayn mediaya keçid, nağd ödənişdən onlayn ödənişə keçid kimi bu sahədə də keçid dövrü var. Uyum sağlayan, inkar etmək əvəzinə öyrənmək, adaptasiya olmaq lazımdır. Uyğunlaşan inkişaf edəcək, uyğunlaşmayan geridə qalacaq və məğlub olacaq.
Daha bir ölkə başçısı Qələbə paradında iştirak etməyəcək – Koronavirusa görə
Laos Prezidenti Thonqlun Sisulit Qələbənin 80-ci ildönümü ilə bağlı tədbirlər üçün Moskvaya getməyəcək.
Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib:
“Laos Prezidenti koronavirusa görə gəlməyəcək. Bizə bunu belə izah etdilər”.
Laos paradda xarici işlər naziri səviyyəsində təmsil olunacaq.
İlham Əliyev Moskvada Qələbə paradına qatılmayacaq
Azərbaycan Prezidenti İlham Əliyev bu il Moskvada keçiriləcək 9 May Qələbə Paradında iştirak etməyəcək.
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Qeyd olunub ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək.