Ev Blog Səhifə 3265

“Bir il ərzində tibbi maskadan istifadə edilməlidir” – Ramin Bayramlı

Sosial məsafə və tibbi maskadan istifadə bizim yaxın bir il ərzində gündəmimizdə olmalıdır.

yasamal.tv xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, tətbiq olunan qaydalara əməl etməyən vətəndaşlarımız var.

“İnsanların qaydalara əməl etməsi vacibdir ki, lokal olaraq infeksiya ocaqlarını söndürə bilək. Beləliklə, koronavirus xəstəliyinin burada yayılmasının və buradan da digər bölgələrə yayılmasının qarşısını alaq”, – deyə TƏBİB sədri vurğulayıb.

Sarayda hərəkət məhdudlaşdırılır

Bu gündən başlayaraq aparılan təmir-tikinti işləri ilə əlaqədar Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Qurum sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.

Sumqayıtda avtobus qəzası – 14 yaralı

Sumqayıtda iki avtobusun iştirakı ilə baş vermiş qəzada 14 nəfər xəsarət alıb.

yasamal.tv-ın məlumatına görə, şəhərin sülh prospektində baş verən qəzaya səbəb ara məsafəsinin saxlanılmaması olub. Baş vermiş hadisədə 14 nəfər xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərdən 12-sinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə yola salınıblar, 2 nəfər isə stasionar müalicə olunurlar.

“Şuşa 28 ildir bizim qanayan yaramızdır” – Hüseyin Altınalan

“Bu yaranı sağaltmaq öz əlimizdə, birliyimizdə və bərabərliyimizdədir”.

Bunu yenicag.az-a Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Hüseyin Altınalan deyib.

O əlavə edib ki, ancaq bu yaranı sağaltmaq öz əlimizdə, birliyimizdə və bərabərliyimizdədir:

“1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb, Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. 58 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Həmçinin 24 mindən çox qardaşımız yurdlarından didərgin düşüb. İşğal nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Ermənilər Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini dağıdıb. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Şuşa, işğaldan bəri, yəni 28 ildir bizim qanayan yaramızdır. Ancaq bu yaranı sağaltmaq öz əlimizdə, birliyimizdə və bərabərliyimizdədir. Detallara əhəmiyyət vermədən, xırdalıqlara fikir vermədən əl-ələ verib, güc birliyi yaratsaq, hadisələrə “birimizin dərdi, hamımızın dərdidir” anlayışı ilə yanaşsaq, bu torpaqları işğaldan xilas edə bilərik. Yetər ki, gücümüzün fərqinə varaq, ayrı düşməyək”.

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft kəskin bahalaşıb.

yasamal.tv xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,79 ABŞ dolları və ya 6% artaraq 31,33 dollar təşkil edib.

Alimentin alınma qaydaları

Vəkil Rövşən Qasımov yazır…

“Aliment” latın sözü olub, qida, yemək deməkdir. İzdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərc mənasında işlədilir. Aliment valideynlər arasında bağlanan saziş əsasında və ya məhkəmə qətnaməsi əsasında ödənilə bilər.
Aliment həm atadan, həm anadan tutula bilər. Adətən azyaşlı uşaqlar ananın yanında qalsa da, bu, məcburi deyil. Yəni, məhkəmə valideynin həyat tərzini, maddi vəziyyətini, uşağın maraqlarını əsas götürərək uşağın atanın yanında qalmasını müəyyən edə bilər. Bu halda atanın tələbi ilə anadan alimentin alınması da müəyyən oluna bilər.

Alimentin məbləği aşağıdakı qaydada müəyyən edilir

Əgər valideynin rəsmi iş yeri və sabit gəliri varsa, o zaman aliment uşaqların sayından asılı olaraq aşağıdakı qaydada tutulur:

1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bəzən aliment sabit pul məbləğində də tutula bilər. Belə ki, valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud qazancı yoxdursa, həmçinin alimentin valideynin gəlirindən müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda aliment məhkəmə qaydasında sabit pul məbləğində tutula bilər.
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Ər-arvad bir-birinə maddi cəhətdən kömək etməlidir.

Aşağıdakı hallarda ər-arvad aliment alınmasını tələb edə bilər:

– Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
– Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
– Sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad – uşaq 18 yaşına çatanadək;
– 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ya ehtiyacı olan ər və ya arvad.

Eyni zamanda nikaha xitam verildikdən sonra keçmiş ər və ya arvad da aliment ödənilməsini tələb edə bilər:

– Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
– Sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
– Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
– Ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Bu halda alimentin miqdarı sabit pul məbləğində müəyyən olunur. Keçmiş ər(arvad) yeni nikaha daxil olarsa, o zaman aliment öhdəliklərinə xitam verilir. Əgər maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirərsə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda, nikah çox çəkmədikdə məhkəmə tərəfləri aliment öhdəliklərindən azad edə bilər.

Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Əgər aliment ödəməli şəxs xarici ölkəyə gedirsə, o zaman aliment alan şəxs məhkəməyə müraciət edib aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilər.

Aliment öhdəliklərinə xitam verilməsi:

– uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
– aliment ödənilən uşaq övladlığa götürüldükdə;
aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
– aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
– əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Son vaxtlar Azərbaycanda aliment ödəməkdən yayınanlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsinə baxmayaraq, bu sahədə müsbət dəyişiklik müşahidə edilmir. Qanunvericilik bazasının təkmilləşdirilməsindən sonra bir neçə dəfə aliment ödəməkdən imtina edənlərin ölkədən çıxmasının qarşısı alınsa da, bu addımlar effekt verməyib. Düzdür, biz bir müddət vəziyyətin müsbətə doğru dəyişdiyini müşahidə etdik. Lakn hazırda alimentin ödənilməsi məsələsində yenə də ciddi problemlər var. Ya ata tez-tez ünvanını dəyişir, ya da alimenti ödəmək imkanının olmadığı kimi bəhanələr gətirir. Nəticədə isə uşaqların sosial durumu daha da ağırlaşır. Hesab edirəm ki, bu məsələdə həm də düşüncə tərzini dəyişmək lazımdır. Çünki normal insan boşanmış olsa belə, öz övladının maddi təminatını vaxtı-vaxtında ödəməyə borcludur.

Bu gün boşanmış ailələrin ən böyük problemi alimentlə bağlıdır. Çünki adətən məhkəmələrdə aliment məsələsi müzakirə olunarkən çıxarılan qərardan tərəflər narazı qalır. Bəzən isə çıxarılmış qərar hətta yeni bir münaqişənin əsasını qoyur. Ümumiyyətlə isə müvafiq qanunvericiliyə əsasən, əgər keçmiş ərin rəsmi iş yeri varsa, onun aylıq məvacibinin 1/4 hissəsi bir uşaq üçün aliment kəsilməlidir. Məsələn, atanın aylıq məvacibi 200 manatdırsa, onun 50 manatı uşağa ödənilməlidir. Amma burada bir məqam da var ki, bir uşaq üçün nəzərdə tutulan aylıq aliment bir uşaq üçün nəzərdə tutulmuş ehtiyac meyarından, yəni 170 manatdan az olmamalıdır. Bu baxımdan məhkəmələr qərar qəbul edərkən bunu mütləq nəzərə almalıdırlar.

Digər tərəfdən Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilib ki, ata iki uşağa görə aylıq maaşının 1/3, 3 uşağa görə isə yarısını aliment şəkilində ödəməlidir. Qanunvericilikdə o da vurğulanır ki, əgər atanın rəsmi iş yeri yoxdursa, onda onun sabit pul məbləğindən bir uşaq üçün yaşayış minimumu məbləğində aliment kəsilməlidir.

yasamal.tv

Prezidentdən məsuliyyətsiz vətəndaşlara – XƏBƏRDARLIQ

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.

Prezident qeyd edib ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir.

Dövlət həmişə bəyan edib ki, Azərbaycan üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır. Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.

Amma bəzi vətəndaşların məsuliyyətsizliyi səbəbindən karantin rejiminin qaydaları pozulur.

Bu isə infeksiyaya yoluxmanın xəstəlikdən sağalma hallarını üstələməsi ilə nəticələnir.

Buna görə də insanların məsuliyyətsiz davranışı davam edəcəyi təqdirdə, karantin rejimi əvvəlki vəziyyətə gətiriləcək və  sərtləşdiriləcək.

Prezident İlham Əliyev çıxışında bu barədə danışıb:

“Son 2-3 gündə xəstələnənlərin sayının sağalanların sayından çox olması, kəskin artarsa, – mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, – biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq”.

Prezidentin sözlərinə görə, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub.

“Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil”, – deyə Prezident əlavə edib.

Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Maska taxmaq, məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır.

“Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər – yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir”, – deyən Prezident əlavə edib ki, belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək:

“Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün”.(oxu.az)

Bakıda əsgər özünü öldürdü

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

yasamal.tv xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verib.

Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.(apa)

“Vəziyyət ürəkaçan deyil” – Baş infeksionist

“Son günlərdəki yoluxma sayının çoxalması bizi narahat edir”.

yasamal.tv milli.az-a istinadən  bildirir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev İctimai televiziyanın efirində yayımlanan 3D verilişində koronavirusla bağlı hazırki vəziyyəti şərh edərkən söyləyib.

“Vəziyyət ürəkaçan deyil. Son vaxtlar yoluxma hallarının sayı artıb. Amma sağalan insanların sayı xəstələnənlərdən çoxdur. Koronaviruslu xəstələrimizin 70 faizi sağalaraq evə buraxılıb. Son günlərdəki yoluxma sayının çoxalması bizi narahat edir. İnsanların Operativ qərargah tərəfindən verilən tövsiyyələrə əməl etməməsi bizdə narahatlıq oyadır”.

Bu gün Bakının 4 rayonunda pensiyalar ödəniləcək

Bu gün Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?