Ev Blog Səhifə 3256

NASA-nın helikopteri Marsda istifadə olunacaq

NASA Marsın tədqiqi üçün nəzərdə tutulmuş uçuş aparatını rəsmi olaraq təqdim edib.

yasamal.tv ted.az-a istinadən bildirir ki, “Ingenuity” (“İxtiraçılıq”) adlandırılan mini-helikopter bu ilin iyulunda başlayacaq “Mars 2020” missiyasının tərkib hissəsi olacaq.

Sınaqlar təxminən 2021-ci ilin yazında keçirilməsi nəzərdə tutulan 30 günlük eksperimental pəncərədə baş tutacaq.

“Ingenuity” Marsda gəzən robot “Perseverance” (“İnadkarlıq”) ilə birlikdə işləyəcək. Helikopter Marsın çətinliklə gedilə bilən sahələrini havadan tədqiq edəcək. Robot isə “Qırmızı planet”in səthində məlumatları toplamaq və onları Yer kürəsinə göndərmək missiyasını yerinə yetirəcək.

NASA rəsmilərinin planlarına görə, Marsda missiya 17 iyul – 5 avqust 2020-ci il tarixləri arasında başlayacaq.

Vertolyotun planetə 2021-ci ilin fevralında enməsi nəzərdə tutulur.

Ramazan ayını niyə “Təthir ayı” adlandırırlar?

Ramazan ayını bəzən “Təthir ayı” adlandırırlar.

Yəni, paklanmaq, təmizlənmək. Ona görə ki, bu ayda edilən tövbə geri qayıtmaz və insanı paklayar, saflaşdırar. Ramazan ayı zülal suyu kimi insan ruhunu bütün pisliklər və günahlardan pak edər və təmizləyər.

İnsan əgər bu ayı dərk edə bilsə, qəlbi istiğfar və tövbə ilə saflaşar və öz qəsavətini aradan aparar. Ramazan ayı –

Allaha qayıtdığımız aydır.

Ramazan ayı zülal suyu ilə insanı nəinki paklayar, həm də xalisləşdirər. Etdiyi əməllər ancaq Allah üçün olar və xülus əldə edər.Əgər ruhunda gizli şirk vardırsa ondan belə təmizlənər.

Ramazan ayı qiyam ayıdır. İnsan dünya nemətləri süfrəsindən qalxar və şəhvətini tərbiyə edər. Bu ayda etdiyi bütün saleh əməllərin savabı daha çoxdur. Aldığınız nəfəs belə ibadət sayılır.

Ramazan ayı elə bir aydır ki, insanı cəhənnəm atəşindən qoruyar. Ancaq orucumuz həqiqi olarsa. O zaman Allah bizi əbədi nemətləri olan behiştə daxil edər.

Ramazan ayı ancaq bədənə aid deyildir. Yəni, insana yeməyi və içməyi qadağan etdiyi kimi, ruha da bəzi qadağalar qoymuşdur. O cümlədən, gözünü harama bağlamaq, qulağını harama bağlamaq, dilini qeybətə və başqa günahlara bağlamaq kimi.

Oruc tutan insan şəhvət kimi heyvani istəklərinin cilovunu əlinə alar və başqa nəfsani istəklərinə “yox” deməyi öyrənir. Necə ki, hədislərin birində oxuyuruq: “Əgər oruc tutursunuzsa ətin, gözlərin, bədəninin tükləri və dəriniz belə oruc tutmalıdır”.

Bu İlahi ziyafətin hər anından bəhrələnməyə çalışaq və oruc ancaq biz insanlara fayda verir, Allah bizim orucumuza möhtac deyildir.Oruc tutmaqla və nəfsimizlə böyük cihadla İlahi imtahandan yaxşı qiymət almağa çalışaq.

Bu müqəddəs ay sayəsində onun zülal suyunda paklaşaq və təmizlənək. Ancaq pak halda Allaha yaxınlaşmaq olar, çünki Allah Özü də pakların ən pakıdır.(milli.az)

DTX-nin saxladığı idarə rəisi sərbəst buraxılıb

Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərdən biri sərbəst buraxılıb.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov ilkin dindirmədən sonra dünən axşam evə yola salınlb.

Onunla eyni vaxtda saxlanılan Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov isə məhkəmənin qərarı ilə həbs olunublar.

İki küçənin qaz problemi həll edilib

Nizami rayonunun tez-tez qaz sızmaları qeydə alınan və bu səbəbdən qaz təchizatında fasilələr yaranan 2 küçəsində təcili tədbirlər görülüb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, 8-ci km qəsəbəsi, Məhsəti və R.Rüstəmov küçələrinin bir hissəsində yerləşən 1200-dən çox qaz istehlakçısı Məhsəti küçəsindən keçən 159 mm diametrində yeraltı orta təzyiqli qaz kəməri vasitəsilə təbii qazla təmin olunur.

Qeyd olunan qaz kəmərinin korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşdüyünü və tez-tez qaz sızmalarının baş verdiyini nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi ərazidə əsaslı təmir işləri aparıb. Mövcud kəmərin 300 metrlik hissəsi 225 mm diametrində olan polietilen kəmərlə əvəz olunub və 5 yerdə müxtəlif diametrli çıxışlar verilməklə qoşmalar aparılıb.

Prosesin tez bir zamanda yekunlaşdırılması üçün adları çəkilən küçəyə qayakəsən, ekskavator, özüboşaldan maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. İki gün ərzində xəndək qazılıb, 3 yerdə avtomobil yolu keçilib, qaynaq edilən yeni borular xəndəyə qoyulub və daha sonra qazılmış yerlərdə doldurma işləri aparılıb.

Təmir işləri tamamlanıb. Artıq Məhsəti və R.Rüstəmov küçələrinin sakinləri qazı yeni kəmərlə qəbul edirlər.

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

Fransa parlamenti koronavirusla bağlı vəziyyətə görə səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin 10 iyula qədər uzadılması haqqında qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin “Twitter”dəki səhifəsində bildirilir.

“Qarışıq paritet komissiyasında deputatlar və senatorlar arasında hazırlanmış razılaşmadan sonra Milli Məclis (parlament aşağı palatası) səhiyyə sahəsində fövqəladə vəziyyəti uzadan qanun layihəsini qəbul etdi”, – Milli Məclisin “Twitter” səhifəsində qeyd edilir.

Fövqəladə sanitar vəziyyət haqqında qanun martın 24-də qüvvəyə minib. Bu rejim iki ay müddətinə – 24 maya qədər tətbiq olunmuşdu.

Qanun layihəsi bundan əvvəl Fransa Senatında bəyənilib.

Son məlumatlara görə, Fransada koronavirus qurbanlarının sayı 26,3 min nəfəri ötüb. Hazırda xəstəxanalarda koronavirusa yoluxmuş 22 614 insan müalicə edilir, onlardan 2 812 nəfəri reanimasiya şöbələrinə yerləşdirilib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

yasamal.tv xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

27 mart 1997-ci il – Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib.

13 aprel 1999-cu il – Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı – “Atatürk Sülh Mükafatına” layiq görülüb.

20 yanvar 2001-ci il – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib.

3 aprel 2003-cü il – Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb.

10 may 2003-cü il – Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb.

Sürücülərə şad xəbər – Texniki baxışa görə cərimə yazılmayacaq

Karantin rejimi müddətində də nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilir.

Texniki baxışa gələn sürücülər müayinə məntəqəsinə gələrək ara məsafəsini gözləməklə, avtomobillərini texniki baxışdan keçirə bilərlər.

yasamal.tv xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Kamran Əliyev – Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Bütün Respublika üzrə Dövlət yol polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər hansı nəqliyyat vasitəsinin sahibinin hərəkət etmək icazəsi varsa, istər icazə portalında onun haqqında məlumatın yerləşdirilməsi, istrərsə də, digər xidməti fəaliyyəti ilə bağlı hərəkətinə icazə verilirsə, həmin şəxslərin nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti karantin rejimi dövrünə təsadüf edirsə, onlar rahatlıqla gedib, texniki baxışdan keçə bilərlər. Eləcə də digər rayonlarda da, sərbəst hərəkətlə bağlı məhdudiyyət qaldırılmış ərazilərdə də yaşayan nəqliyyat vasitələrinin sürücüləri də rahatlıqla nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər”.

Yəni görülən tədbirlər onu deməyə əsas verir ki, sürücülərin texniki baxışdan keçə bilməmək üçün hansısa bir səbəb gətirməsinə gərək qalmır. Mövcud vəziyyətdə texniki baxış üçün şərait yaradılıb.

Kamran Əliyev – Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Lakin karantin rejimi ilə əlaqədar hərəkətə xüsusi icazə alınmalı olan ərazilərdə, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonlarında yaşayan şəxslərin nəqliyyat vasitələrini texniki baxşıdan keçirmələri üçün, onlar nəzərə almalıdırlar ki, bu ərazidə yerləşən qeydiyyat, imtahan və texniki baxış şöbələri faəliyyət göstərir. Və bir avtomobilin həmin proseduru keçməsi üçün maksimum 15-20 dəqiqə tələb olunur. Yəni istənilən şəxs bu müddəti nəzərə almaqla, avtomobilini texniki baxışdan keçirə bilər”.

Bu müddət ərzində texniki baxışın keçirilməməsinə görə, sürücülərin inzibati məsuliyyətə cəlb edilməməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş verilib və karantin rejiminin sonunadək texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin idarə edilməsinə görə, heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək. Hətta karantin rejimi bitdikdən sonra da, sürücülərə müəyyən müddət veriləcək ki, onlar texniki baxışdan keçə bilsinlər.(milli.az)

MTRŞ AzTV-ni məhkəməyə verdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda 5 may 2020-ci il tarixində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

Mayın 5-də “Space” televiziya kanalının efirində yayımlanan “Böyük boss” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, “Azərbaycan Televiziyası” (AzTV) kanalının İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

Pomidor ağciyərə faydalıdır

Amerikalı alimlər pomidorun daha bir faydalı xüsusiyyətini açıqlayıblar.

yasamal.tv xəbər verir ki, araşdırmalar nəticəsində bu tərəvəzin ağciyərin itməkdə olan funksiyasını bərpa etdiyi də məlum olub.

Mütəxəssislərin sözlərinə görə, pomidor həm də davamlı siqaret çəkən insanların da ağciyərinə müsbət təsir göstərir.

Bunun üçün gün ərzində ən azı iki pomidor yemək kifayətdir.(axsam.az)

Sabah yağış yağacaq – 10 may

Mayın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa qədər yüksələcək, nisbi rütubət 80-90% təşkil edəcək.

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 8-13, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz  7-11 dərəcə isti olacaq.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?